Məhkəmə qərarları › İş №1(020)-32/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-32/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-32/2024 01.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- X1, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi- Müdafiəçi2 iştirakı ilə xx xxxx 2007-ci ildə Beyləqan rayonu, Günəşli qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Günəşli qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Abbasov X6 rayonu, Günəşli qəsəbəsində yaşayan X2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 25 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində X2 məxsus Beyləqan rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığına gələrək evin həyətyanı sahəsinin ətrafına çəkilmiş qamışdan hörülmüş çəpərin üzərindən aşıb həyətə qanunsuz daxil olmuş, evin arxa tərəfində yerləşən Zərərçəkmiş şəxs yataq otağının pəncərəsinin şüşəsini çıxarıb pəncərədən saxlanc yeri olan evə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs yataq otağında olan yataq dəstinin üzərindəki saxlanc yeri kimi istifadə edilən boxçadan 800 manat, 357 Azərbaycan manatı ekvivalentində 210 ABŞ dolları, bir ədəd 585 əyralı, tərkibində 5,5 qram qızıl və 0,5 qram çəkidə dörd ədəd sadə şüşə qaşlar olan, ümumilikdə altı qram çəkidə 700 manat dəyərində qızıl üzüyünü götürüb evdən çıxdıqdan sonra qızıl üzüyü su kanalına atıb, pulu isə şəxsi ehtiyaclarına sərf etmiş, beləliklə o, saxlanc yeri olan X1 yaşadığı evdən cəmi 1957 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tamamilə təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Gülçöhrə yaşlı olduğundan və tək yaşadığı üçün o, tez-tez Gülçöhrənin yanına gedərək müxtəlif işlərdə köməklik etmişdir. Belə ki, Gülçöhrənin odununu yarmış, toyuqlarının hinini təmizləmiş, suyunu doldurmuş və müxtəlif işlərini görmüşdür. Bir neçə ay əvvəl Gülçöhrənin evində olan televizor xarab olmuş, televizor üçün avadanlıq alıb onun televizorunu təmir etmişdir. Bundan sonra Gülçöhrə zəhmət haqqı vermək üçün öz yataq otağında olan özünə məxsus boxçanı açaraq boxçadan 100 manat çıxarıb ona vermişdir ki, pulu xırdalayıb öz pulunu götürüb, qalan pulu ona qaytarsın. O, həmin vaxt Gülçöhrənin boxçasında xeyli miqdarda pulun olduğunu görmüşdür. Hadisədən bir neçə gün əvvəl onun dostları Beyləqan şəhərinə yeni ili qeyd etmək üçün getməklərini bildirmiş, onun maddi imkanı olmadığı üçün o, dostları ilə getmək istəməmişdir. Lakin, sonradan Gülçöhrənin boxçasında xeyli miqdarda pulun olması yadına düşmüşdür. 25 dekabr 2023-cü ildə, saat 15 radələrində günorta vaxtı o, Gülçöhrənin evindən oğurluq etmək məqsədi ilə onun evinin yaxınlığına getmişdir. O, həmin vaxt Gülçöhrənin evin qarşısında oturduğunu görmüşdür. O, məhlə ilə keçərkən Gülçöhrə onu görüb çağırmışdır. O, guya məhlədə içməli su krantını qoşub onun yanına gələcəyini bildirmişdir. Bundan sonra o, Gülçöhrənin arxa tərəfinə keçib ondan gizlin həyətin kənarına çəkilmiş qamış çəpərin üzərindən aşıb həyətə daxil olmuşdur. Gülçöhrənin yataq otağının kiçik pəncərəsi olmuş, həmin pəncərə evin arxa tərəfində yerləşmişdir. O, həmin pəncərədən evə daxil olmaq üçün ilk öncə pəncərənin şüşəsini çərçivəyə birləşdirən mismarı yerindən çıxardıb şüşəni götürüb kənara qoymuşdur. Daha sonra pəncərəni bağlayan taxta keçəcəyi çəkib pəncərəni açıb otağa daxil olmuşdur. Otağa daxil olduqdan sonra Gülçöhrənin yataq dəstinin üstündə boxça olduğunu görmüşdür. O, dərhal boxçanı götürüb açdıqdan sonra içərisində səkkiz ədəd 100 manatlıq, beş ədəd 20 manatlıq, iki ədəd 100 ABŞ dolları və bir ədəd 10 ABŞ dolları olan pul əskinazlarını və bir ədəd qızıl üzük olduğunu görmüşdür. O, dərhal həmin pulları və üzüyü götürüb cibinə qoymuş, boxçanı yenidən bağlayıb yerinə qoymuşdur. Daha sonra isə pəncərədən həyətə çıxıb pəncərəni açdığı kimi bağlamış, pəncərənin şüşəsini yerinə qoyub mismarlarla yenidən bərkitmişdir. Daha sonra isə Gülçöhrənin yanına getmişdir. Gülçöhrənin yanına gedərkən pulları cibinə qoymuş, lakin üzüyü saxlasa valideylərinin kimə məxsus olacağını biləcəklərindən ehtiyat edib evin yaxınlığından keçən su kanalına atmışdır. Gülçöhrə vedrələri su ilə doldurmasını bildirmiş, daha sonra evə daxil olmuşdur. O, vedrələri su ilə doldurarkən dostu Nihad ona zəng edərək kənd mərkəzinə gəlməsini, siqaret çəkmək istədiyini, lakin onun atasının siqaret çəkdiyini bilməməsini, buna görə də ona siqaret almasını xahiş etmişdir. Buna görə də Gülçöhrənin evindən çıxıb Nihadın yanına getmişdir. Daha sonra isə Beyləqan şəhərinə getmək qərarına gəlmişdir. Kənd taksiləri baha qiymətə onu rayona aparacaqlarını bildirdikləri üçün o, Beyləqan şəhər sakini Vüsal adlı taksi sürücüsünə zəng edərək onu kənddən Beyləqan şəhərinə aparmasını xahiş etmişdir. Bir qədər sonra Vüsal kəndə gəlmiş, həmin vaxt həmkəndlisi Məhəmməd adlı şəxs də Beyləqan şəhərinə getmək istədiyini bildirmişdir. Məhəmməd də onunla birlikdə Vüsalın maşını ilə Beyləqan şəhərinə gəlmişdir. Beyləqan şəhərinə çatıdqdan sonra Məhəməd idman zalına gedəcəyini bildirib çıxıb getmişdir. O, Vüsala 7 manat pul vermiş, daha sonra o, şəhər ərazisində dostları Racu, Haldun, Akif və Rahil ilə görüşüb onlarla birlikdə çayxanaya getmişdir. Həmin gün uşaqlarla birlikdə 100 manta yaxın pul xərcləmişdir. Bundan sonra o, oğurladığı pul ilə siqaret, su digər əşyalar almışdır. 30 dekabr 2023cü il tarixdə o, yenidən Beyləqan şəhərinə gəlib həmin şəxslərlə yenidən görüşmüşdür. Onlar birlikdə “üç qardaş” kafesində oturub orada xəngəl, kabab və digər yeməklər yemişlər. Həmin gün də hesabı, yəni 180 manatı o, ödəmişdir. Daha sonra onlar qəlyan çəkməyə getmişlər, orada isə 24 manat hesab ödəmişdir. 31 dekabr 2023-cü il tarixdə isə o, yenə də Beyləqan şəhərinə gəlib dostu Ziyad və onun yanında olan adını bilmədiyi şəxslə görüşüb Zəfəran adlı çayxanaya getmişlər. Həmin vaxt onun dişi ağrıdığı üçün onlar çayxanada olan zaman o, çayxanadan çıxıb aptekə gələrək dərman almışdır. Daha sonra isə Beyləqan rayon Mərkəzi bazarına gedib özünə ayaqqabı və gödəkcə almışdır. Daha sonra yenidən həmin çayxanaya qayıtmışdır. Həmin vaxt onun cibində 90 manat pul qalmışdır. Çayxanada 30 manat hesabın 10 manatını o, vermişdir. Daha sonra çayxanadan çıxıb rayon ərazisində siqaret, su və digər şeylər almış, nəticədə bütün pulu qurtarmışdır. Daha sonra isə yaşadığı evə qayıtmışdır. Bir neçə gün sonra polis əməkdaşları onun yaşadığı evə gələrək onu rayon polis şöbəsinə dəvət edib gətirmişlər. Polis şöbəsində o, Gülçöhrənin evindən oğurluq etdiyini bildirmiş, etdiyi cinayəti etiraf etmişdir. Hərəktlərindən peşimandır. Zərərçəkmiş şəxs X4 ilə barışmış, dəymiş maddi ziyanı ödəmişdir. Əməlindən səmimi peşman olmasını və yaşını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Günəşli qəsəbəsində yerləşən özünə məxsus evdə tək yaşayır, təqaüdçüdür və işləmir. O,aylıq 325 manat təqaüd alır. Mərhum atası Hüseyn Hacıyev 2009-cu ildə Həcc ziyarətinə getmiş, orada özündə olan Azərbaycan manatı ilə ABŞ dollarını dəyişmiş və evə qayıdarkən qalan 210 dollarını ona vermişdir. Atası Hüseyn vəfat etdiyi üçün o, həmin vaxtdan atasından yadigar kimi həmin dollarları saxlamışdır. Həmin dollarlar 2 ədəd 100 dollarlıq, 1 ədəd isə 10 dollarlıq əskinazlardan ibarət olmuşdur. Bundan başqa qardaşı Şahid1 1996-cı ildə ona qızıl üzük almışdır. Həmin üzük qızılı rəngli, təxminən 6 qram çəkisi, üzərində 4 ədəd sadə qaşı olan 585 əyarlı üzük olmuş, o, həmin üzüyü, dollarları və aldığı təqaüddən yığdığı 900 manat pulu birlikdə özünə məxsus parça boğçada, yaşadığı evin yataq otağında olan öz yatdığı yataq dəstinin yastığının altında saxlamışır. Belə ki, ilk əvvəl həmin boxçada 500 manat pulu olmuşdur. 16 dekabr 2023-cü il tarixdə o, təqaüdünü aldıqdan sonra təqaüdünün 300 manatını həmin pulun üzərinə qoymuş, 25 manatını isə özündə saxlamışdır. 17 dekabr 2023-cü il tarixdə isə onun dörd bacısı övladı yanına gəlmişlər. Onların hər biri ona 20 manat pul vermişlər. Bundan sonra o, özündə olan 25 manatın da 20 manatını götürərək həmin pulun üzərinə qoyub 100 manat edib boçxasında saxladığı pulun üzərinə qoymuşdur. Boxçasında olan 900 manat pulun 800 manatının hər biri 100 manatlıq əskinazlardan, qalan 100 manat isə 5 ədəd 20 manatlıq əskinazlardan ibarət olmuşdur. 27 dekabr 2023-cü il tarixdə səhər saatlarında o, pulundan götürüb özünə dərman aldırmaq istəmişdir. Buna görə də o, həmin boxçanı götürüb açmışdır. Lakin, boxçanı açan zaman boxçanın içərisində olan pulları və üzüyünün olmadığını görmüşdür. Bundan sonra o, həmin pulları və üzüyü özü axtarıb tapmağa çalışmışdır. Lakin, həmin əmlakını tapa bilmədiyi üçün bu barədə 102 xidmətinə məlumat vermişdir. Sonra araşdırma zamanı onun həmkəndlisi Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə onun evinə daxil olaraq ona məxsus 900 Azərbaycan manatını, 210 X5 dollarını və 700 manat dəyərində bir ədəd qızıl üzüyünü oğurlaması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur, ona dəymiş 1957 manat maddi ziyan tam ödənmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır, Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir, onlarla aralarında hər hansı ədavət və ya düşmənlik olmamışdır. 25 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bacısı Gölçöhrə Hacıyevanın yaşadığı evə daxil olaraq Gülçöhrəyə məxsus pul və qızıl üzüyü oğurlamışdır. Həmin üzüyü 1996-cı ildə o, bacım Gülçöhrə üçün almışdır. Üzüyün ümumi çəkisi altı qram olmuş, lakin üzüyün üzərində dörd ədəd sadə qaşı olmuşdur. Üzüyün qaşları qiymətli daşlardan olmamış, üzükdə qızılın təmiz çəkisi 5,5 qram olmuş, 0,5 qram isə şüşə qaş olmuşdur, üzüyün əyarı isə 585 əyar olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, yaşadığı kənd ərazisində Zərərçəkmiş şəxs yaşadığı evdən Təqsirləndirilən şəxs oğurluq etməsi barədə sonradan kənd sakinlərindən eşitmişdir. O, siqaret çəkmir, buna yaşı çatmır. 2023-cü il dekabr ayının sonlarında saat 15-16 radələrində o, Cəsura zəng edib onunla görüşmüşdür. Cəsur onunla görüşən zaman siqaret çəkmək istədiyini, lakin yaşı az olduğu üçün siqaret ala bilmədiyini bildirmiş və ondan siqaret almasını xahiş etmişdir. Çünki o, yaşca Cəsurdan böyükdür. O, Cəsura 18 yaşının tamam olmadığını, buna görə də mağazadan siqaret ala bilməyəcəyini bildirmişdir. Bundan sonra Cəsurla sağollaşmışlar və Cəsur ondan uzaqlaşıb getmişdir. O, sonradan Cəsurun həmin gün Gülçöhrənin evindən oğurluq etdiyini eşitmişdir. Cəsur oğurluq etməsi barədə ona heç bir söz deməmişdir. Onun Cəsurla aralarında bu barədə heç bir söhhbət olmamışdır. O, bu barədə kənd sakinlərindən çox sonradan eşitmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X1 yaşadığı Beyləqan rayonu, Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi qəsəbənin mərkəzində, torpaq yolun kənarında yerləşir. Evin həyətyanı sahəsinin giriş qapısı taxtadandır, həyətə daxil olduqda həyət, həyətin sağ hissəsində isə fərdi yaşayış evi yerləşmiş, ev mişar daşından inşa edilmiş və üzəri köhnə şiferlə örtülmüşdür. Fərdi yaşayış evinin giriş qapısı taxta materialdandır, ağ rəngə boyanmışdır. Ev beş otqalıdır, evə girişdə dəhliz vardır. Dəhlizin baş hissəsində giriş qapısı ilə üzbəüz yataq otağı yerləşmişdir. Yataq otağının qapısı taxta materialdandır, ağ rəngə boyanmışdır. Yataq otağı 4x5 mert ölçüdədir, otağın divarları yaşıl rəngə boyanmışdır. Otağın girişində sağ tərəfdə stullar, ortada qaz sobası, sol tərəfdə masa, girişdən ön tərəfdə isə pəncərə yerləşmişdir. Pəncərə taxta materialdandır və iki gözülüdür. Otağın girişində solda çarpayı vardır. Çarpayı metal materialdandır. Çarpayının üzərində yorğan, döşək, yastıq, çarpayının ayaq hissəsində isə dəsmala bükülmüş əşyalar vardır. Gülçöhrə Hacıyevə həmin dəsmalı təqdim edərək 17 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək olan müddət ərizndə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq boxçanın içərisindən, yəni dəsmala bükülmüş halda olan 900 manat pulu, 210 X5 dollarını və bir ədəd 700 manat dəyərində qızıl üzüyünü oğurladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Baxış və götürmə haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edərək X1 yaşadığı evdən oğurluq etdikdən sonra əldə etdiyi pulla Beyləqan rayon mərkəzi bazarında adsız mağazadan aldığını bildirdiyi bir ədəd qış gödəkçəsi boz rənglidir, üzərində “THE NORTH FACE” sözləri yazılmışdır. Gödəkçənin yuxarı hissəsində gödəkçəyə birləşmiş vəziyyətdə papaq vardır. Papaq zəncirbənd vasitəsilə gödəkçəyə birləşmişdir. Həmin zəncirbənd vasitəsilə papağı gödəkçədən ayırmaq mümkündür. Baxış zamanı gödəkçənin üzərində başqa hər hansı xüsusi əlamət və ya iz aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş 12 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində ADİS məlumat bankına Beyləqan rayon polis şöbəsindən əl izlərindən üç ədədi xx xxxx 2007-ci ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs gizli olaraq talamaq üçün X1 yaşadığı evdən cəmi 1957 manat dəyərində əmlakını oğurlaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2007-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Örənqala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipində n bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmasını CM-nin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X3, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd boz rəngli qış gödəkçəsi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayonu, İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd boz rəngli qış gödəkçəsi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X3, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə isə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar