Məhkəmə qərarları › İş №1(020)-33/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-33/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-33/2024 15.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi işlərlə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonunun İİ Şahsevən kəndində qeydiyyatda olan, Beyləqan şəhəri SMD-4 qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cii il tarixdə, saat 10 radələrində anbardar vəzifəsində işlədiyi Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında işdə olan zaman, həmin mağazanın ikinci mərtəbəsində təmir işləri aparan Zərərçəkmiş şəxs ilə mağazanın ikinci mərtəbəsində olan əşyaların bir kənara yığılması ilə bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncuya xəsarət yetirmək məqsədilə qəsdən orada olan istintaqa məlum olmayan predmetlə Zərərçəkmiş şəxs sol əlinə vuraraq ona sol əlin İV barmağının proksimal falanqasında fraqmentləri yerini dəyişən qapalı sınığı xarakterli həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2023-cii ilin oktyabr ayında Beyləqan şəhəri Magistral küçəsində yerləşən "xxxx" Elektronika mağazasında anbardar işləmişdir. 2023cii ilin oktyabr ayında həmin mağazanın ikinci mərtəbəsində təmir işləri aparılmış, təmir işlərini sonradan tanıdığı Elməddin, Həbib, Samir və Fəqan adlı ustalar görmüşdür. O, 24 oktyabr 2023-cii il tarixdə, saat 08 radələrində "xxxx" Elektronika mağazasına işə getmiş, həmin gün təxminən saat 10 radələrində mağazada olan qalıq malları səliqə ilə sıraya düzmək üçün mağazanın ikinci mərtəbəsinə qalxmışdır. Həmin vaxt mağazanın ikinci mərtəbəsində səliqə ilə sıraya düzdüyü malların orada təmir işlərini görən ustalar Elməddin, Həbib, Samir və Fəqan tərəfindən dağıdılaraq səliqəsiz hala salındığını görmüşdür. Həmin ustalara irad bildirmiş, səliqə ilə sıraya düzdüyü malları nə səbəbə yerini dəyişib dağıtdıqlarını bildirmişdir. Bu zaman Elməddin ilə onun arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı Elmədin onu söyüb təhqir edərək üstünə yerimişdir. O, bu səbəbdən Elməddinin sinəsindən itələmiş və «get işinlə məşğul ol» demiş və uzaqlaşıb getmək istədikdə Elməddin və digər ustalar Həbib, Samir və Fəqan birlikdə onun üstünə yerimişlər. Həmin vaxt Fəqan, Samir və Elməddin onu arxadan qolundan tutmuş, Həbib isə yumruqla onun sağ gözünün altından və qaşının üstündən vurmuşdur. Bundan sonra Həbib, Samir, Fəqan və Elməddin onu yerə yıxaraq dəmir profillə onu vurub döymüşlər. Həmin şəxsləri biri dəmir profillə onun sağ və sol qoluna vurmuşdur. O, bir təhər onların əlindən çıxaraq mağazanın birinci mərtəbəsinə düşmüşdür. Həmin vaxt mağazada müdür işləyən Cəlal ikinci mərtəbəyə çıxaraq Elməddini, Həbibi, Fəqanini və Samiri sakitləşdirmişdir. O, bundan sonra mağazadan çıxıb getmiş və Azərbaycan Respublikasımın Daxili işlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, hadisə zamanı əsasən Həbibibin yumruqla onun sağ qaşının üstündən, sağ gözünün altından və profillə qoluna vurması nəticəsində xəsarət almışdır. Hadisə zamanı yaranmış səs küyə mağazanın müdüri Cəlal ikinci mərtəbəyə qalxmış və onların dalaşdıqlarını görüb onları sakitləşdirmişdir. Həbib, Elməddin, Fəqan və Samirin onunla dalaşmaları, onu vurub döymələri təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə nəticəsində mağazanın iş rejimi pozulmamış, hadisə mağazanın ikinci mərtəbəsində baş verdiyindən və orada təmir işləri aparıldığına görə heç bir alış-veriş getməmiş, alver birinci mərtəbədə getdiyinə görə birinci mərtəbənin iş fəaliyyəti pozulmamışdır. Hadisə zamanı mağazada olan hər hansı bir əşyaya ziyan dəyməmişdir. O, mübahisə zamanı Elməddini xatırlamadığı predmetlə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır, ona yungul cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, tikinti işlərində malyar işlərini bacardığına görə cox şirkətlər onu tanımış və müxtəlif şirkətlərlə rəsmi müqavilə bağlayaraq təmir işləri aparmışdır. O, 10 oktyabr 2023-cü il tarixdə Beyləqan rayonu Magistral küçəsində yerləşən "xxxx" Elektronika mağazasında təmir işləri getdiyi üçün dostu Şahid3 ilə həmin mağazanın təmir işlərini görmüşdür. Həmin vaxt onunla birlikdə Samir və Fəqani adlı ustalar da həmin mağazanın təmir işlərini görmüş, tavana alçipan vurmuşlar. O, 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında işə getmiş, mağazanın ikinci mərtəbəsində Həbib ilə birlikdə malyar işlərini görmüş, Fəqani və Samir isə alcipan vurmaqla məşğul olmuşdular. Həmin vaxt mağazanın ikinci mərtəbəsində işlədikləri yerdə olan əşyalar onların işinə mane olduğuna görə o, mağazanın müdiri Cəlaldan həmin əşyaların onların işinə mane olmasın deyə səliqə səhmana salmalarını xahiş etmişdir. Bundan sonra Cəlal mağazanın ikinci mərtəbəsində olan və onların işinə maneçilik törədən əşyaların başqa yerə yığılmasını mağazada anbardar işləyən Təqsirləndirilən şəxs tapşırmışdır. Həmin vaxt Sənan mağazanın ikinci mərtəbəsinə onların yanına gəlmiş və əşyaları kənara yığacağını, lakin əşyalardan hər hansı biri sınsa onun üstünə yazdıracağını ona bildirmişdir. O, bu zaman Təqsirləndirilən şəxs «mən öz işimə cavabdehəm kiminsə qırılan mallarına cavabdeh deyiləm» demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə onun arasında sözlə mübahisə yaranmışdır. O, həmin vaxt Cəlalın gəlib Sənanı başa salması üçün Fəqaniyə mağazanın birinci mərtəbəsinə düşməyi və Cəlal müəllimi çağırmağını demişdir. Bundan sonra Fəqani aşağı birinci mərtəbəyə düşmüş və Cəlalı çağırmışdır. Sənan isə onunla mübahisə etməyə davam etmişdir. Mübahisə zamanı Sənan nalayiq sözlərlə onu təhqir etdiyinə görə o, cavab qaytarmışdır. Bu zaman Sənan yerdə olan dəmir profil parçasını əlinə götürüb onun çiyin nahiyəsinə bir zərbə vurmuş, daha sonra həmin dəmir parçası profillə onun baş nahiyəsinə vurmaq istədikdə o, sol əlini dəmir parçasının qarşısına vermiş və dəmir parçası onun sol əlinin barmağına dəyərək barmağını sındırmışdır. O, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxılandan sonra da Sənan dəmir parçası ilə yenidən onu vurmaq istədikdə orada olan Həbib və Samir Sənanı tutub kənara çəkərək sakitləşdirməyə çalışmışlar. Sənan həmin vaxt onun və digər iş yoldaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də iş yoldaşı Həbib yumruqla Sənanın sağ göz nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman birinci mərtəbədən Cəlal gəlmiş, Fəqani və Samir ilə birlikdə Sənanı sakitləşdirib birinci mərtəbəyə aparmışdır. Sənan onu dəmir parçası ilə çiyin nahiyəsinə və əlinə vurması nəticəsində xəsarət almışdır. Hadisə yerində Samir, Həbib, Fəqani və Cəlal olmuş, başqa heç kim olmamışdır. Sənanın onunla mübahisə edib dalaşması və onu vurub döyməsi təxminən 3-4 dəqiqə davam etmişdir. Baş vermiş hadisə nəticəsində mağazanın iş rejiminin pozulmamış, mağazada olan əşyalara ziyan dəyməmişdir. Baş vermiş hadisə zamanı Sənan onu nalayiq sözlərlə söydüyünə görə o, Sənanı söymüş və əli ilə kənara itələmişdir. Hadisə zamanı Həbib yumruqla bir dəfə Sənanı vurmuş, Samir, Fəqani və o, Sənanı vurmamışlar. Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirdiyi həmin dəmir parçası Elit Optimal elektronika mağazasının ikinci mərtəbəsində qalmış, lakin sonradan həmin dəmir parçasını oradan kimin götürdüyünü bilməmişdir. Hazırda həmin dəmir parçasının harada olduğunu bilmir. Təqsirləndirilən şəxsi ilə barışmışdır, şikayətci deyil, ona yungul cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışıb və ona qarşı hec bir tələbi və yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs yungul cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o tikinti işlərində alçipan vurur və bu işləri bacarır və buna görə də cox şirkətlər onu tanıyırlar. O müxtəlif şirkətlərlə rəsmi müqavilə bağlayaraq təmir işləri aparır. 10 oktyabr 2023-cü il tarixdə Beyləqan şəhəri Magistral küçəsində yerləşən "xxxx" Elektronika mağazasında təmir işləri getdiyi üçün o, dostu Şahid1 ilə həmin mağazanın təmir işlərini görmüşdür. Həmin vaxtı onlarla bərabər tanıdığı Elməddin və Həbib adlı ustalar da həmin mağazada malyar işlərini görmüşlər. O 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında işə getmişdir. Həmin mağazanın ikinci mərtəbəsində o, iş yoldaşı Samir ilə alçipan vurmuş, Elməddin və Həbib isə malyar işlərini görmüşlər. Mağazanın ikinci mərtəbəsində onlar işlədiyi yerdə olan əşyalar onların işlərinə mane olmuşdur. Buna görə də Elməddin mağazanın müduri Cəlaldan xahiş etmişdir ki, həmin əşyaları səliqə səhmana salsınlar. Onların işinə mane olmasın. Cəlal mağazada anbardar işləyən Təqsirləndirilən şəxs mağazanın ikinci mərtəbəsində olan və onların işlərinə maneçilik törədən əşyaları başqa yerə yığmasını tapşırmışdır. Bundan sonra Sənan mağazanın ikinci mərtəbəsinə onların yanlarına gəlmiş və Elməddinə demişdir ki, bu əşyaları kənara yığacaq, lakin əşyalardan hər hansı biri sınmış olsa Elməddinin üstünə yazdıracaq, cəriməsini ödəyəcəkdir. Elməddin isə Təqsirləndirilən şəxs öz işinə cavabdeh olduğunu kiminsə qırılan mallarına cavabdeh olmadığını bildirmişdir. Bundan sonra Sənan ilə Elməddinin arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərini sözlə təhqir etmişlər. Həmin vaxtı Elməddin ona tapşırmışdır ki, o gedib mağazanın müdüri Cəlalı çağırsın. O da tələsik birinci mərtəbəyə düşüb Cəlal müəllimi çağırmış və sonra yenidən ikinci mərtəbəyə qalxmışdır. O ikinci mərtəbəyə qalxanda görmüşdür ki, Sənan və Elməddin mübahisəni davam etdirirlər. Onların mübahisəsi daha sonra dava-dalaşa çevrilmişdir. Sənan həmin vaxtı yerdə olan dəmir profili əlinə götürüb Elməddinin üstünə yerimiş və dəmir parçası ilə Elməddinin baş nahiyəsinə vurmaq istədikdə Elməddin sol əlini qabağa vermişdir. Bu zaman dəmir parçası Elməddinin sol əlinə dəymiş və xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra Sənan dəmir parçası ilə Elməddinin çiyin nahiyəsinə bir zərbə vurmuşdur. Daha sonra o, Həbib və Samir Sənanı tutub Elməddindən kənar etmişlər ki, onu vurmasın. Bu zaman Sənan onun, Həbibin, Fəqanın və Elməddinin ünvanına nalayiq ifadələr işlətmiş, nəlayiq söyüşlər ilə söymüşdür. Buna görə də iş yoldaşı Həbib yumruqla Sənanın sağ göz nahiyəsinə bir dəfə vurmuşdur. Yaranmış səs küyə müdür Cəlal ikinci mərtəbəyə qalxmış. Sonra Samir və Cəlal birlikdə Sənanı sakitləşdirib birinci mərtəbəyə düşürmüş və bundan sonra sakitlik yaranmışdır. Hadisə qısa müddə olmuş, mağazanın fəaliyyəti pozulmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o tikinti işlərində malyar işlərini bacarır və buna görə də cox şirkətlər onu tanıyırlar. O müxtəlif şirkətlərlə rəsmi müqavilə bağlayaraq təmir işləri aparır. 10 oktyabr 2023-cü il tarixdə Beyləqan rayonu Magistral küçəsində yerləşən "xxxx" Elektronika mağazasında temir işləri getdiyi üçün o dostu Məmmədov Elmeddin Vəkil oğlu ilə həmin mağazanın temir işlərini görmüşlər. Həmin vaxtı onlarla bərabər tanıdıqları Samir və Fəqan adlı ustalar da həmin mağazada tavana alçipan vurmuşlar. Bildirir ki, 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında işə getmişdir. Həmin mağazanın ikinci mərtəbəsində o və Elmeddin malyar işləri görmüşlər, Fəqan və Samir isə alcipan vurmuşlar. Mağazanın ikinci mərtəbəsində onlar işlədiyi yerdə olan əşyalar onların işlərinə mane olmuşdur. Buna görə də Elməddin mağazanın müduri Cəlaldan xahiş etmişdir ki, həmin əşyaları səliqə səhmana salsınlar, yəni bir kənara yığsınlar ki, onların işlərinə mane olmasın. Bundan sonra Cəlal mağazada anbardar işləyən Təqsirləndirilən şəxs mağazanın ikinci mərtəbəsində olan və onların işinə maneçilik törədən əşyaları başqa yerə yığmasını tapşırmışdır. Sənan mağazanın ikinci mərtəbəsinə onların yanına gəlmiş və Elməddinə demişdir ki, bu əşyaları kənara yığacaq, lakin əşyalardan hər hansı biri sınmış olsa Elməddinin üstünə yazdıracaq cəriməsini də ödəyəcəkdir. Elməddin isə Təqsirləndirilən şəxs demişdir ki, o öz işinə cavabdehdir və kiminsə qırılan mallarına cavabdeh deyil. Bundan sonra Təqsirləndirilən şəxs ilə Elməddinin arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birilərini sözlə təhqir etmişlər. Onların mübahisəsi daha sonra dava-dalaşa çevrilmişdir. Sənan həmin vaxtı yerdə olan dəmir parçasını əlinə götürüb Elməddinin üstünə yerimiş və dəmir parçası ilə Elməddinin çiyin nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Elməddin yerə yıxılmışdır. O zaman Sənan dəmir parçası ilə onun yəni Elməddinin baş nahiyəsinə vurmaq istədikdə Elməddin sol əlini dəmir parçasının qarşısına vermişdir ki, başına dəyməsin və dəmir parçası bu zaman Elməddinin sol əlinin barmağına dəymişdir və o xəsarət almışdır. Həmin vaxtı Sənan Həbibin və digər iş yoldaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Həbib yumruqla onun sağ göz nahiyəsinə bir dəfə vurmuşdur. Yaranmış səs küyə müdür Cəlal ikinci mərtəbəyə qalxmış. Həmin vaxtı Cəlal və Samir birlikdə Sənanı sakitləşdirib birinci mərtəbəyə aparmışlar. Orada hər hansı bir ictimai qayda pozulmamış, mağazanın fəaliyyəti dayanmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayından etibarən Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında müdir vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin mağazada anbardar vəzifəsində işləmişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəllərində "xxxx" MMC şirkətinin rəhbərliyinin göstərişi ilə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasının ikinci mərtəbəsində təmir işləri aparmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs, Şahid3, Şahid2 və Şahid1 mağazada usta kimi işləmişlər və mağazanın ikinci mərtəbəsində malyar işlərini görüb alçipan vurmaqla məşğul olmuşlar. Mağazada satışda olan malların artıqları mağazanın ikinci mərtəbəsində saxlanılmışdır. O, 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında işə getmişdir, həmin gün təxminən saat 10 radələrində mağazanın ikinci mərtəbəsində malyar işini görən Zərərçəkmiş şəxs ona müraciət edərək ikinci mərtəbədə olan malların onların işinə maneçilik törətdiyindən həmin malların bir kənara yığılması üçün mağazanın işçilərinə tapşırıq verməsini ondan xahiş etmişdir. O, həmin vaxt mağazada anbardar işləyən Təqsirləndirilən şəxs çağırmış və ustaların mağazanın ikinci mərtəbəsində rahat işləməsi üçün orada olan malları səliqə ilə bir kənara yığmasını tapşırmışdır. Təqsirləndirilən şəxs isə ona «nə üçün həmin malları mən yığmalıyam, iş gördürən özü gəlib malları yığsın» demişdir. O, bundan sonra şirkətin rəhbərliyinə zəng etmiş, Təqsirləndirilən şəxs ona dediklərini rəhbərliyə çatdırmış və Təqsirləndirilən şəxs tapşırığa əməl etmədiyini demişdir. Bundan sonra Sənan narazı halda deyinə-deyinə mağazanın ikinci mərtəbəsinə qalxmışdır. Sənan ikinci mərtəbəyə qalxandan təxminən 2-3 dəqiqə sonra ikinci mərtəbə usta işləyən Fəqani birinci mərtəbəyə düşmüş və ona yaxınlaşaraq Sənanın ikinci mərtəbədə malların bir kənara yığılması məsələsinə görə Elməddinlə mübahisə etdiyini bildirmişdir. Ondan ikinci mərtəbəyə qalxmasını və məsələni aydınlaşdırmasını xahiş etmişdir. Sonra Fəqani qayıdıb ikinci mərtəbəyə qalxmış və qalxmağı ilə həyacanlı şəkildə geri qayıdaraq ondan tez yuxarı qalxmasını xahiş etmişdir. Sənanın onları nalayiq sözlərlə söyüb təhqir etdiyini və Elməddinlə dalaşdığını bildirmişdir. O, tələsik ikinci mərtəbəyə qalxmışdır. Həmin vaxtı Elməddinin yerdə yəni döşəmədə uzanıqlı vəziyyətdə barmağını tutaraq zarıdığını, Sənanın isə Həbibin yaxasından tutaraq dartışdığını, Sənan, Elməddin və Həbibin nalayiq ifadələrlə bir-birilərini söydüklərini görmüşdür. Həmin vaxtı orada olan Samir isə Sənanı və Həbibi aralamaq sakitləşdirmək istəmişdir. O, tez Sənanın və Həbibə acıqlanmış və onları aralaşdırmışdır. O, daha sonra Samir ilə birlikdə Sənanı sakitləşdirib birinci mərtəbəyə düşürtmüşdür. Həmin vaxtı Sənanın sağ qaşının üst nahiyəsindən xəsarət almışdır. Elməddinin isə sol əlinin barmağı sındırmış və həmin barmağından qan axmışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Sənan dəmir profil ilə Elməddinin əlinə vuraraq onun barmağını sındırmışdır. Sənan isə nalayiq sözlərlə onları yəni Elməddini, Həbibi, Samiri və Fəqanini söydüyünə görə Həbib yumruqla onun sağ qaş nahiyəsinə vurmuş və ona xəsarət yetirmişdir. O, Sənanı mağazanın birinci mərtəbəsinə düşürəndən sonra sakitlik yaranmışdır. Daha sonra o, təcili tibbi yardıma zəng etmişdir və hadisə yerinə çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım briqadası gəlmişdir, Elməddinə tibbi yardım göstərmişdir. Həmin vaxtı Sənan mağazadan çıxıb tibbi yardım almaq üçün özü xəstəxanaya getmişdir. O, hadisə vaxtı mağazanın ikinci mərtəbəsinə qalxan zaman həyacanlı olduğundan orada kiminsə əlində dəmir profil olduğunu görməmişdir, Sənanı sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı dəmir profilin yerdə döşəmənin üzərində olduğunu xatırlamır. Elməddin, Həbib, Samir, Fəqani və Sənanın əlində dəmir profil olduğunu görməmişdir. O, hadisədən sonra Samirin və Həbibin ona deməsindən bilmişdir ki, o, ikinci mərtəbəyə qalxana kimi Sənan artıq dəmir profil ilə Elməddinin əlinə vurub ona xəsarət yetirmişdir, və sonra onlar dəmir profili Sənanın əlindən almışdılar. O, həmin dəmir profilin əvvəllərdən mağazanın içində ikinci mərtəbəsində olduğunu, əvvəllər mağazada tikinti təmir işləri aparılan vaxtlardan orada qaldığını, hadisədən sonra həmin dəmir profilin kimin götürdüyünü və hara atdıqlarını bilməmişdir. Hazırda həmin dəmir profilin mağazada olmadığı səbəbindən onu istintaqa təqdim edə bilməz. Bu hadisənin mağazanın ikinci mərtəbəsində baş vermişdir. Hadisə baş verən zaman birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan qapının bağlı olduğundan birinci mərtəbədə olan işçilər və müştərilər bu hadisəni eşitməmiş və görməmişlər. Hadisə zamanı mağazanın iş fəaliyyəti pozulmamışdır. İşçilər öz işlərini davam etmişlər və mağazada olan hər hansı bir əşyaya ziyan dəyməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında təmir işlərini görən Zərərçəkmiş şəxs 24 oktyabr 2023-cü il tarixdə həmin mağazada anbardar işləyən Təqsirləndirilən şəxs onu həmin Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında döyərək ona xəsarət yetirməsi barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 26 oktyabr 2023-cü il tarixli ərizə və Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında 24 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs və tanımadığı üç nəfər şəxs tərəfindən döyülməsi barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 24 oktyabr 2023-cü il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasının ikinci mərtəbəsində baş vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 785/23 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs İV barmağının proksimal falanqasında fraqmentləri yerini dəyişən qapalı sınıq aşkar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə dəmir parçasının zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasınının Cinayət Məcəlləsinin 221-ci maddəsinin əlamətləri yəni xuliqanlıq cinayətinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması faktı üzrə hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikasınının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 əməllərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ayrıca icraata ayrılan ********* nömrəli cinayət işinin istintaqı zamanı hüquqi qiymət verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cii il tarixdə, saat 10 radələrində anbardar vəzifəsində işlədiyi Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" elektronika mağazasında işdə olan zaman, həmin mağazanın ikinci mərtəbəsində təmir işləri aparan Zərərçəkmiş şəxs ilə mağazanın ikinci mərtəbəsində olan əşyaların bir kənara yığılması ilə bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncuya xəsarət yetirmək məqsədilə qəsdən orada olan istintaqa məlum olmayan predmetlə Zərərçəkmiş şəxs sol əlinə vuraraq ona sol əlin İV barmağının proksimal falanqasında fraqmentləri yerini dəyişən qapalı sınığı xarakterli həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 fevral 2024-cü il tarixli, 475/1 nömrəli arayışa əsasən, Mirzəyev X1 rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri SMD-4 qəsəbəsində yaşayır və himayəsində 2016-cı il təvəllüdlü qızı X2 var. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon polis şöbəsinin icraatında olan ********* saylı iş üzrə icraata xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 40.3-cü (CM-nin 73.2-ci maddəsinə) əsasən xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, himayəsində 3 uşaqlarının olmasını və həmin uşaqlarının birinin azyaşlı, digərlərinin yetkinlik yaşına catmadıqlarını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İşdə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməsi təklif edilən əmlak, digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il 6 (altı)müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İşdə mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməsi təklif edilən əmlak, digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar