Məhkəmə qərarları › İş №1(020)-33/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-33/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-33/2025 24.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkməklə, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, o, 23 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Beyləqan şəhərində yerləşən kafelərdən birində spirtli içki qəbul etdikdən sonra Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olarkən həmin küçədə yerləşən “Leon studio” adlı bərbərxananın qarşısında Zərərçəkmiş şəxs məxsus işlək vəziyyətdə küçədə saxlanmış “Vaz 21063 minik” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobilə əyləşib, avtomobilin işlək vəziyyətdə və açarının üzərində olmasından istifadə etməklə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində idarəetməni itirib avtomobili yolun kənarında olan işıq dirəyinə vuraraq zədələməklə avtomobilə 556 manat maddi ziyan vurmuş, bununla da o, Zərərçəkmiş şəxs məxsus “Vaz 21063 minik” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər rayon sakini kimi qiyabi olaraq tanımış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. 23 dekabr 2024-cü il tarixdə o, Beyləqan şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən “Leon studio” adlı bərbərxananın qarşısından keçən zaman avtomobil yolunda VAZ 2106 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və mühərrikinin işlək vəziyyətdə olduğunu, həmin avtomobilin açarının üstündə olduğunu görmüşdür. O, avtomobilin içərisinə baxmış və içərisində heç kimin olmadığını görmüşdür. O, içkili olduğu üçün həmin avtomobili sürmək istəmiş və avtomobilə oturaraq, onu hərəkətə gətirmiş və oradan uzaqlaşmışdır. O, həmin avtomobillə rayon ərazində bir qədər gəzdikdən sonra Beyləqan rayonu Mil qəsəbəsi ərazisinə gəlmiş və orada da bir az gəzdikdən sonra ara küçələrə girib hərəkət etmişdir. Lakin o, torpaq yolda hərəkətdə olan zaman ona məlum olmayan səbəbdən idarəetməni itirmiş və avtomobili yolun kənarında olan işıq dirəyinə vurmuşdur. O, avtomobili işıq dirəyinə vurduqdan sonra mühərriki söndürmüş və avtomobildən düşərkən qabaq sərnişin oturacağında “Red Mi” markalı mobil telefon olduğunu görmüşdür. O, həmin telefonu orada sahibsiz qoyub getsə kiminsə oğurlaya biləcəyini düşünmüş və buna görə də telefonu özü ilə götürüb avtomobildən düşmüşdür. Sonra o, qaçaraq oradan uzaqlaşmışdır. Gecə saatlarında isə o, evə gəlmiş və evdə yatmışdır. Səhər saatlarında o, oyanmış və bu zaman anasını çağıraraq ona avtomobil qaçırdığını, həmin avtomobildən kimsə götürüməsin deyə telefon götürdüyünü demiş və cibindən çıxardığı və qaçırdığı VAZ 2106 markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağının üstündən götürdüyü X14 9 markalı mobil telefonu anasına vermiş və həmin telefonu Natiqgilə qaytarmasını demişdir. Anası da ona Natiqin anasını tanıdığını, onun xəstəxanada işlədiyini bildiyini deyərək telefonu ondan götürmüş və dərhal onu aparmaq qərarına gələrək əynini geyinib getmişdir. O, əvvəllər də bu cür cinayət törətdiyi və ayağında qandal olduğunu bilərək tutulacağı üçün çox qorxmuş və buna görə də özündən asılı olmayaraq titrəməyə başlamışdır. Bundan əlavə olaraq o, içkili vəziyyətdə özünü tamamilə itirdiyi üçün həyətdə olan naqili götürmüş və özünü asmaq qərarına gəlmişdir. Həmin vaxt o, evin həyətində olmuş və həyətdə ondan başqa heç kim olmamışdır. O, əlində olan naqili evin üstünü bağladığı taxtaya keçirmiş və özünü naqildən asmışdır. Bu zaman o, huşunu itirmiş və ayılanda artıq xəstəxanada olmuşdur. Xəstəxanada onu müayinə etdikdən sonra isə vəziyyətinin yaxşı olmasına görə onu evə buraxmışlar. Onun "VAZ 2106” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda məqsədi həmin avtomobillə gəzmək olmuş, o, bir az gəzdikdən sonra avtomobili sahibsiz buraxıb çıxıb getməyi planlaşdırmışdır. O, avtomobili qaçıran zaman onun gəlir əldə etmək məqsədi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu, dəymiş ziyanın bir qismini, yəni 300 manatını ödəmiş və ona yungül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, onun etibarnamə əsasında idarə etdiyi ağ rəngli “VAZ 2106” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 23 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində o, saçını kəsdirmək üçün özünə məxsus “VAZ 2106” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən "Leon studio" adlı bərbərxananın qarşısına gəlmiş, avtomobili bərbərxananın qarşısında saxlamış və yer olub-olmadığını soruşmaq üçün avtomobildən düşmüşdür. Bu vaxt o, tez qayıdacağını düşündüyü üçün avtomobilin mühərrikini söndürməmiş və avtomobili işlək vəziyyətdə saxlamışdır. O, təxminən 3 metr aralaşıb bərbərxanaya daxil olmuş, bərbərlə salamlaşıb saçını kəsdirmək istədiyini bərbərə demişdir. Bərbər ona saçını kəsə biləcəyini demiş, bu vaxt o, avtomobilin mühərrikini söndürmək üçün geriyə döndükdə, kiminsə avtomobilini idarə etdiyini görmüşdür. O, dərhal bərbərxanadan çölə çıxmış və avtomobilin arxasınca səsləməyə başlamışdır. Lakin avtomobili sürən şəxs avtomobili saxlamamış və idarə edərək oradan uzaqlaşmışdır. Bundan sonra o, avtomobili sürüb qaçan şəxsin geri qayıdıb gələcəyini düşünmüş və təxminən 10 dəqiqə orada gözləmişdir. Lakin avtomobili qaçıran şəxs geri qayıtmadığı üçün o, Daxili işlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus avtomobilin qaçırılması barədə məlumat vermişdir. Sonra o, Beyləqan rayon polis şöbəsinə gəlib bu barədə ərizə vermişdir. O, həmin avtomobili kimin qaçırmasını görməmiş, sonradan isə həmin avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını öyrənmişdir. Hadisə zamanı isə o, həmin vaxt bərbərxanın içərisində olmuş və yanında bərbər dostu Ülvi olmuşdur. Həmin avtomobili Təqsirləndirilən şəxs qaçırmasını öyrəndikdən sonra o, bunu anası Bahara demişdir. Avtomobil qaçırılan zaman ona məxsus “X14 9” markalı mobil telefonu avtomobilin içərisində olmuşdur və həmin telefonu 2018-ci il tarixdə o, 320 manata almışdır. Bundan başqa avtomobilində heç bir əşya olmamış və həmin telefonu o, avtomobilin qabaq sağ oturacağına qoymuşdur. Telefonu isə onun anası Bahar avtomobil qaçırıldıqdan bir gün sonra gətirib ona vermişdir. Telefona heç bir ziyan dəyməmişdir. Hadisə nəticəsində ona təxminən 550 manat maddi ziyan dəymiş və həmin ziyanın 300 manatı ödənmiş, qalan hissəsi isə ödənməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, X2 isə əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə o, həyat yoldaşı Rahil ilə birlikdə qonaqlıqdan gəlmiş, saat təxminən gecə 02 radələrində onlar evə çatan zaman görmüşdür ki, oğlu Tural evdədir və yatmışdır. Tural həmin vaxt içkili olmuşdur. Səhər saat 09 radələrində Tural onun yanına gələrək evdə ona X14 9 markalı mobil telefonu verərək Natiq adlı şəxsin avtomobilini qaçırdığını, ona verdiyi telefonu Natiqin anası olan Bahar adlı qadına verməsini istəmişdir. O, Turaldan telefonu hardan götürdüyünü soruşduqda Tural ona telefonu qaçırdığı maşından götürdüyünü demişdir. O, da həmin telefonu Turaldan almış və dərhal əynini geyinərək Beyləqan rayon mərkəzi xəstəxanasına getmişdir. O, Baharı tanımış və onun xəstəxanada işlədiyi bilmişdir. O, Beylan rayon mərkəzi xəstəxanasında Bahar adlı qadını tapıb onunla görüşmüş və onunla söhbət edən zaman Bahar ona oğlu Turalın öz oğlu Natiqin avtomobilini qaçırdığını demişdir. O, isə cavabında hadisədən məlumatı olduğunu deyərək telefonu Bahara vermiş və Bahar telefonun həqiqətəndə oğlunun olduğunu deyib telefonu götürmüşdür. O, Bahardan oğlunun adından üzr istəmiş və ondan şikayət etməməsini xahiş etmişdir. Bahar isə onu tanıdığı üçün oğlundan şikayət etməyəcəyini və narahat olmamasını demişdir. O, da bundan sonra evə qayıtmışdır. O, evə qayıdan zaman görmüşdür ki, Tural evdədir. Həmin vaxt evdə Tural və ondan başqa Turalın atası Rahil də olmuşdur. O, Turalın atasından bir ədəd siqareti götürərək, həmin siqareti çəkmək üçün çölə çıxmışdır. Bir qədər gözləsə də, Tural qayıtmamış və o, həyətə düşüb görmüşdür ki, Tural özünü naqillə asıb. Bu vaxt o, dərhal Turalın atasına məlumat vermiş, Rahil tez evdən həyətə düşmüş və Turalı bu vəziyyətdə görüb evdən bıçaq götürərək həmin bıçaqla naqili kəsmişdir. Rahil bu barədə X10 zəng etmiş və bir qədər sonra evə ambulans maşını gəlmişdir. Digər oğlu Ələsgər də evə gəlmiş və atası ilə birlikdə Turalı ambulansa mindirib Beyləqan rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Turalı müayinə etdikdən sonra isə dərhal evə buraxmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid3 və Şahid4 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, Zərərçəkmiş şəxs isə onun oğludur. Onlarla aralarında hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, Beyləqan rayon mərkəzi xəstəxanasında işdə olan zaman əvvəllər rayon sakini kimi tanıdığı Arzu adlı qadın iş yerinə gəlmiş və onunla görüşmüşdür. Söhbət zamanı Arzu oğlunun onun oğlu Natiqin avtomobilini qaçırmasını demiş və bu zaman Arzu ona oğlu Turalın onun oğlu Natiqə məxsus olan “VAZ 2106" markalı, 10-CS- 273 dövlət qeydiyyat nişanlı avtomobili həqiqətən də qaçırdığını, bunu ona Turalın özünün dediyini deyərək Turalın avtomobildən götürdüyü Natiqə məxsus olan “X14 9” markalı mobil telefonu ona vermiş və ona hadisə ilə bağlı danışdıqdan sonra şikayət etməməsini xahiş etmişdir. O, Arzunu əvvəllər tanıdığı üçün buna görə də telefonu götürdükdən sonra həmin telefonun həqiqətən də oğlu Natiqə məxsus olduğunu dəqiqləşdirdikdən sonra Arzuya narahat olmamasını, şikayət etməyəcəklərini demişdir. O da telefonu aparıb oğluna vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, hal- hazırda rəsmi olaraq Beyləqan RMX-da X1 şöbəsində feldşer vəzifəsində çalışır. Bu vəzifədə bir ildir ki, işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır, X2 isə əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı bir düşmənçilik və ya ədavəti olmamışdır. Onun iş rejimi səhər saat 09:00-dan axşam saat 21:00-a kimidir. Bu rejim gündəlik olaraq dəyişir və növbəti növbədə 21:00-dan səhər 09:00-a kimi olur. xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da xidmətə başlamışdır. Həmin gün onunla birlikdə X1 şöbəsində sürücü kimi işləyən Şahid7 ilə birlikdə xidmət etmişdir. Saat 10 radələrində “103” vasitəsilə məlumat verilmişdir ki, Beyləqan rayon sakini olan Təqsirləndirilən şəxs yaşadığı evdə özünü asmışdır. O da iş yoldaşı Şahid7 ilə birlikdə dərhal ambulans avtomobilinə əyləşmiş və məlumat verilən yerə getmişdir. Həmin vaxt evə çatdıqdan sonra Səxavət avtomobildə gözləmişr, o isə əvvəlcə həyətə, daha sonra isə evin içərisinə daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs divanda uzanmış vəziyyətdə olmuşdur. Onun yanında atası Rahil, anası Arzu olmuş, sonradan isə Turalın qardaşı Ələsgər də ora gəlmişdir. O, ilk öncə Turala ilkin tibbi yardım göstərmiş və bundan sonra Turalın qardaşı Ələsgər Turalı qucağına alaraq onu ambulans maşınına əyləşdirmişdir. Avtomobilə Turalı yerləşdirdikdən sonra Turalın ailə üzvləri ilə birlikdə Beyləqan RMX-nın Acil Şöbəsinə yerləşdirmişlər. Orada Turalı müayinə etmiş və onun vəziyyətinin yaxşı olduğunu bildirərək evə buraxmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid6 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid8 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Beyləqan rayon polis şöbəsinin X13 bölməsinin Yol-Patrul Xidməti inspektoru vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 24 dekabr 2024- cü il tarixdə saat 00:00 radələrində Beyləqan rayonu Daşburun adlanan ərazisində xidmətdə olan zaman ona Mil qəsəbəsində “Vaz 21063” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə dəyərək dayanması barədə məlumat verilmişdir. O, həmin yerə gedib xidməti avtomobili saxlayıb yerə düşmüş və həqiqətən də “Vaz 21063" markalı, **- CS-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan işıq dirəyinə dəyməsini və bunun nəticəsində dayanmasını görmüşdür. Bir qədər keçdikdən sonra istintaq əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmiş, müstəntiq yol nəqliyyat hadisəsi yerinə baxış keçirdikdən sonra “Vaz 21063” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobil Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-CS-*** dövlətqeydiyyat avtomobilin Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq qaçırılması faktına görə CM-in 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri Beyləqan rayonu, Mil qəsəbəsində yerləşir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu torpaq yoldur, düz və quru vəziyyətdədir. “Vaz 21063” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobil hadisədən sonra Beyləqan rayon, Mil qəsəbəsində ərazisində olan torpaq yolda yolun sağ tərəfində işıq dirəyinə dəyib dayanmışdır. “Sərxan” avtomotoservis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, “Vaz 21063” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində ümumilikdə 556 manat maddi ziyan dəymişdir. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Vaz 21063” markalı, **-CS-*** dövlət qeydiyyat avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Vaz 21063” markalı, **-CS-*** dövlət-qeydiyyat nişanlı avtomobil ağ rənglidir. Avtomobilə baxış zamanı avtomobilin qabaq kapotunun, alt ətəyinin, radiator örtüyünün, radiatorunun, dövlət qeydiyyat nişanının avtoemalının, şpatilofkasının, quruntunun zərər görməsi müəyyən edilmişdir. Baxış zamanı avtomobilin üzərində və salonunda qeyd olunan zədələnmələrdən başqa avtomobildə hər hansı zədə aşkar edilməmişdir. Avtomobilin salonuna baxış zamanı digər hər hansı bir şübhəli əşya və ya iz müəyyən edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1670 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə qərarla birlikdə göndərilən “Sərxan” avtomotoservis və ticarət firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ziyan aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1988-ci il buraxılışlı “Vaz 21063” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 546 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 161/25 nömrəli Kompleks canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 1106 nömrəli “Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji” ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi müəyyən edilir. Təqsirləndirilən şəxs fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi aşkar olunur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədərkən müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs müayinə zamanı əhval-ruhiyyə fonunda dəyişkənlik, emosional qeyri-stabil olması, qıcıqlara qarşı həssaslığı müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və müvafiq hökmlərin surətindən görünür ki, Soltanov X7 rayon məhkəməsinin 26 dekabr 2018-cü il tarixli hökmü ilə CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMin 70-ci maddəsi tətbiq olunaraq həmin cəza şərti olaraq tətbiq edilmiş və bir il şərti sınaq müddəti müəyyən edilmişdir. Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin sabiq baş müstəntiqi X6 20 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, CM-in 177.2.3-cü maddəsi ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 185.1-ci maddəsi ilə bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək həbsdə olduğu iki ay iyirmi səkkiz gün müddətin hər bir günü iki gün müddətinə bərabər tutularaq beş ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış, üzərində qəti olaraq iki il dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Beyləqan Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona Beyləqan Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş iki il dörd gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir il iki ay on üç gün hissəsi hazırkı hökmlə təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə ona qəti olaraq iki il doqquz ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum edilmiş, CMin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay, 11 (on bir) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və cəzasının əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin 17 iyul 2025-ci il tarixli 35172/2-25 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 1(02)-11/2025 saylı xx.xx.2025-vi il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 3 il 24 gün hissəsi qalmışdır. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Dilağarda kənd inzibati ərazi dairəsi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatda olmaqla, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində müvəqqəti məskunlaşaraq yaşayır və müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs 128129 Ambulator Kitabçanını çıxarışından Çıxarışından görünür lki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almışdır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 185.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş zərərin bir qismini ödəməsi CM-in 59.1.14cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, xəstəliyini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın təqsirkarın şəxsiyyətinə uğunluğunu, habelə zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 185.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1- 66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Soltanov X7 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(020)-11/2025 nömrəli hökmü ilə CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(020)-11/2025 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(020)-11/2025 nömrəli nömrəli hökmü ilə məhkum olunduğu 03 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Vaz 21063” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(020)-11/2025 nömrəli hökmünə əsasən təyin edilmiş 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Vaz 21063” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar