Məhkəmə qərarları › İş №1(020)-34/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-34/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-34/2024 20.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 iyul 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı ay azaldılmış, 25 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, həbs edilənədək Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videogörüntü vasitəsi ilə baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib, zor tətbiq etməklə əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək zor tətbiq edib qəsdən Zərərçəkmiş şəxs alt çənə, sol bazu və sağ bud nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona alt çənə, sol bazu və sağ bud nahiyələrində kəsilmiş-deşilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, beləliklə o, silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Yavərlə tez-tez kafedə oturub yemək yemişlər. 15 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Qəriblə kənd ərazisində görüşüb Rəhman adlı şəxsin kafesinə getmiş və yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt dostu Zaur da onların yanında olmuşdur. Yemək yeyərkən Yavər içkili olduğundan ona xalası qızının əxlaqsız qadın olduğunu bildirmiş, buna görə də mübahisələri yaranmışdır. Lakin daha sonra onlar durub kafedən çıxmış və bundan sonra Yavər evə getmiş, o isə həmin kafenin yanında dayanmışdır. Bir qədər sonra o, əsəbiləşərək Yavərə zəng etmiş və xalası qızının barəsində nə üçün təhqiredici sözlər dediyini soruşmuş, Yavərə öz arvadının əxlaqsız qadın olduğunu bildirmiş və buna görə də telefonda mübahisə etmişlər. Daha sonra Yavər ondan olduğu yeri soruşmuş, o, Yavərə olduğu yeri demişdir. Həmin gün saat 13 radələrində Rəhmanın kafesinin qarşısında olan zaman Yavər oraya gələrək ona yaxınlaşmışdır. Həmin vaxt Zaur adlı dostu da onun yanında olmuşdur. Yavər ondan nə üçün arvadı barəsində əxlaqsız sözlər dediyini soruşmuş, o, içkili olduğu üçün yaxşı etdiyini bildirmişdir. Bu zaman Yavər də nalayiq sözlər deməyə başlamışdır. O, əsəbiləşmiş və Yavəri uca səslə nalayiq sözlərlə təhqir edərək yumruqla sifətinə vurmuşdur. Bu zaman Zaur onları aralamışdır. Lakin daha sonra Yavər yenidən Zaurun əlindən çıxaraq üstünə gəlmişdir. Bu zaman o daha da əsəbiləşmiş və Yavəri söyə-söyə onu vurmağa başlamışdır. Oraya ətrafdan toplaşmış şəxslər onu Yavərdən aralamışlar. Bundan sonra o, aralaşıb evə getmiş, bununla da münaqişə başa çatmışdır. Mübahisə Beyləqan rayonu, Daşburun dairəsi deyilən ərazidə, asfalt yolun kənarında, Rəhman adlı şəxsin kafesinin qarşısında olmuş, təxminən 10 dəqiqə davam etmişdir. Hadisəni orada olan dostu Zaur, səs-küyə oraya toplaşmış tanımadığı taksi sürücüləri, yoldan keçən sakinlər də görmüşlər. Həmin vaxt onun şalvarının cibində dırnaqkəsən olmuş, lakin o, dırnaqkəsənlə Yavəri vurmamışdır. O,Yavəri yalnız əli ilə vurmuşdur. İbtidai istintaqda Yavəri dırnaqkəsənlə vurmasını göstərsə də, belə hal olmamışdır. Əməlindən peşimandır, Yavərdən üzr istəmiş və onunla barışmışdır. Münasibətləri əvvəllər həmişə yaxşı olmuş, Yavərlə aralarındakı dava-dalaş isə içkinin təsirindən baş vermişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qəriblə tez-tez kafedə oturub yemək yemişlər. 15 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Qəriblə yaşadıqları kənd ərazisində görüşüb Rəhman adlı şəxsin kafesinə getmiş və yemək yeyib spirtli içki qəbul etmişlər. Yemək yeyərkən aralarında hər hansısa bir mübahisə olmamışdır. Daha sonra o, yaşadığı evə getmişdir. Evə çatdıqdan təxminən yarım saat sonra, saat 13 radələrində Qərib mobil telefonla ona zəng etmiş, o, telefona cavab verdikdə Qərib ona arvadının əxlaqsız olduğunu bildirərək nə üçün arvadını saxladığını soruşmuşdur. O, Qəribə normal danışmasını bildirmiş və harada olduğunu soruşmuşdur. Qərib Beyləqan rayonu, Daşburun dairəsi deyilən yerdə olduğunu bildirmişdir. O, Qəribə onu orada gözləməsini deyib, dərhal evdən çıxaraq Daşburun dairəsi deyilən əraziyə getmişdir. Bu zaman Qəribin Bakı-Beyləqan taksiləri dayanan yerdə, Rəhmanın kafesinin qarşısında dayandığını görmüş və yanma getmişdir. Həmin vaxt tanışı Zaur da orada olmuşdur. O, Qəribdən nə səbəbə arvadı barəsində əxlaqsız sözlər işlətməsini soruşmuş, Qərib ona yaxşı etdiyini demişdir. Həmin vaxt ikisi də içkili olmuşlar. O, Qəribə bir də arvadı haqqında əxlaqsız fikirlər söyləməməsini bildirmişdir. Bu zaman Qərib əsəbiləşərək onun ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. O, Qəribə onu söyməməsini bildirmiş, Qərib cibindən bir ədəd qara rəngli bıçaq çıxararaq onun üstünə hücum etmişdir. Qərib əvvəlcə onun sol qolaltı nahiyəsindən bıçaqla bir dəfə, çənəsinə bir dəfə vurmuşdur. O, əl-qol atıb Qəribi özündən kənarlaşdırmaq istəmiş, bu zaman Qərib uca səslə onu söyüb səs-küy yaratdığı üçün ətrafda olan şəxslər onların yanına yaxınlaşıb Qəribi ondan aralamağa çalışmışlar. Lakin Qərib aralaşmamış və yenə də onu söyərək bıçaqla sağ bud nahiyəsinə də bir dəfə vurmuşdur. O, zərbənin təsirindən ayağında ağrı hiss etmiş və yerə yıxılmışdır. Sonra Qərib yerə oturub yumruqla onun sifətinə bir neçə zərbə vurmuşdur. Bu zaman ətrafda olan tanımadığı şəxslər Qəribi ondan çətinliklə aralayıb oradan uzaqlaşdırmışlar. Bundan sonra o, oradan aralaşıb yaşadığı evə getmiş, bununla da münaqişə başa çatmışdır. Təqsirləndirilən şəxs ilə arasında baş vermiş dava 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Mil qsəbəsi ərazisində Daşburun dairəsi deyilən ərazidə Rəhman adlı şəxsin kafesinin qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs onu vuran zaman orada Qəribin dostu Zaur və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Zaur onu döyməmiş və yalnız Qəribi ondan aralaşdırmağa çalışmışdır. Hadisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq dəstəyi qara rəngli, kəsici hissəsinin uzunluğu təxminən 5-6 santimetr olan kiçik ölçülü qatlanan cib bıçağı olmuşdur. Hadisədən sonra bıçaq Təqsirləndirilən şəxs qalmışdır. O, bıçağın hazırda harada olduğunu bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində yalan göstərmiş, Qərib ona dırnaqkəsənlə deyil, bıçaqla xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan tələb və şikayəti yoxdur, ona dəyən zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan tələb və şikayətinin olmadığını və ona dəyən zərəri tam olaraq ödədiyin göstərmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə əvvəllər arasında ədavət və düşmənçiliyi olmamışdır. O, İ Şahsevən kəndi ərazisində, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun kənarında yerləşən Vahid adlı ustanın sexində onun köməkçisi işləyir. 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində sexin qarşısına çıxan zaman Qəribin uca səslə nalayiq ifadələr işlədərək Yavərlə dalaşdıqlarını görmüşdür. Qərib Yavəri uca səslə söyə-söyə üzərinə hücum etmişdir. Qərib Yavərin üstünə yeriyərkən onu vurmuşdur. O, səs-küyə toplaşmış digər şəxslərlə birlikdə Qəribi Yavərdən aralamışlar. Həmin vaxt ora çoxlu adamlar toplaşmışdır. Bundan sonra onlar aralaşıb getmişlər və münaqişə başa çatmışdır. O, sexə qayıdıb işləməyə davam etmişdir. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt ora təxminən 10-15 nəfər şəxs toplaşmışdır. O, həmin yerə bir qədər gec gəlmiş, hadisənin necə baş verdiyini əvvəlcə görməmişdir. Ona görə də Qəribin əlində bıçaq olubolmamasını bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində özünə məxsus avtomobillə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsi deyilən əraziyə sərnişin aparmışdır. Sərnişini düşürdükdən sonra avtomobilin mühərrikinə yağ tökmək üçün orada olan yağdəyişmə mağazalarından birinin qarşısında avtomobili saxlamışdır. Avtomobildən düşüb yağ mağazasına tərəf gedərkən orada olan kafelərdən birinin qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlədərək sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi təhqir etdiyini və Yavərin üzərinə hücum etdiyini görmüşdür. Həmin şəxsləri aralamaq üçün onlara yaxınlaşmışdır. Qərib Yavəri uca səslə söyə-söyə üzərinə hücum etmiş və cibindən qara dəstəkli bıçaq çıxararaq bıçaqla Yavəri vurmağa başlamışdır. O, ətrafa toplaşmış şəxslərlə birlkidə yaxınlaşıb Qəribi Yavərdən aralamışlar. Bundan sonra onlar aralaşıb getmişlər. O, da oradan uzaqlaşıb avtomobilinə yağ almağa getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. Onun ot biçən aparatı var və qapılarda, həyətlərdə ot biçməklə məşğuldur. 15 noyabr 2023-cü il tarixdə saat 13 radələrində ot biçmək üçün onu Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsi deyilən yerə aparmışlar. Günorta saatları olduğu üçün orada olan Rəhman adlı şəxsin kafesinin qarşısına nahar etmək üçün getmişdir. Kafenin qarşısına çatarkən bir nəfər şəxsin, sonradan adının Qərib olduğunu öyrəndiyi şəxsin uca səslə nalayiq ifadələr işlədərək sonradan adının Yavər olduğunu öyrəndiyi şəxsi təhqir etdiyini və Yavərin üzərinə hücum etdiyini görüb onlara yaxınlaşmışdır. Qərib Yavəri uca səslə söyəsöyə üzərinə hücum etmiş, əvvəlcə yumruqla, sonra isə qara dəstəkli bıçaq çıxararaq bıçaqla Yavəri vurmağa başlamışdır. Bu zaman Qəribin səs-küyünə ətrafda işləyən şəxslər işlərini dayandırmış və ora yaxınlaşıb Qəribi Yavərdən aralamağa çalışmışlar. Lakin Qərib aralaşmamış və yenə də Yavəri söyə-söyə bıçaqla onu vurmağa davam etmişdir. Onlar çətinliklə olsa da Qəribi Yavərdən aralayıb kənara aparmışlar. Bundan sonra onlar aralaşıb getmişlər və mübahisə də başa çatmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerində təxminən 15-20 nəfər adam olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə əvvəllər arasında ədavət və düşmənçilik olmamışdır. O, avtomobil ustasıdır və İ Şahsevən kəndi ərazisində, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun kənarında özünə məxsus sexi vardır. 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində sexdə olan zaman çöldən səs-küy eşidib sexdən çölə çıxmışdır. Sexin qarşısına çıxan zaman Qəribin uca səslə söyüş söydüyünü, Yavərin üzərinə hücum etdiyini görmüşdür. Həmin vaxt Yavər yerə yıxılmışdır. Onların səs küyünə ətrafda olan şəxslər işlərini dayandırıb onlara yaxınlaşmışlar. Lakin o, hadisə yerinə getməmişdir. Hadisə yerindən təxminən 50 metr kənarda olduğu üçün Qəribin əlində bıçaq olubolmamasını, həmçinin Yavəri bıçaqla vurmasını görməmişdir. Onların ətrafında bir neçə adam olduğu üçün o, davanı tam görməmiş və oraya yaxınlaşmamışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə verdiyi məlumat və Beyləqan rayon polis şöbəsinə yazdığı eyni tarixli ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinin baxışının aparılması haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən Bəhrəmtəpə-Horadiz avtomobil yolunun kənarında yerləşən Rəhman adlı şəxsin kafesinin qarşısında baş vermişdir. Hadisə yerinin yaxınlığında çoxsaylı təmir sexləri və kafe vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2023-cü il tarixli 847/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənə, sol bazu və sağ bud nahiyələrində kəsilmiş-deşilmiş yaralar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər kəsicideşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 15 noyabr 2023-cü il tarixdə bıçaq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmədiyini göstərsə də, məhkəmə onun həmin ifadəsinin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və eləcə də zərərçəkmiş şəxsə xəsarətin kəsici deşici alətlə yetirilməsi barədə ekspertizanın rəyi ilə onun zərərçəkmiş şəxsə silah qismində istifadə olunan bıçaqla xəsarət yetirməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda zərərçəkmiş şəxsə dırnaqkəsənlə xəsarət yetirməsini göstərsə də, məhkəmədə həmin ifadəsini də danmış, yəni zərərçəkmiş şəxsə dırnaqkəsənlə də xəsarət yetirməməsini bildirmişdir. Bütün bunlar təqsirləndirilən şəxsin həmin ifadəsinin həqiqətə uyğun olmadığını göstərir. Beləliklə, Təqsirləndirilən şəxs qismən etirafı ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib, zor tətbiq etməklə əlində olan istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək zor tətbiq edib qəsdən Zərərçəkmiş şəxs alt çənə, sol bazu və sağ bud nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona alt çənə, sol bazu və sağ bud nahiyələrində kəsilmiş-deşilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi, beləliklə silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qərəzli xuliqanlıq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun həmin hərəkətləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, axırıncı dəfə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı ay azaldılmış, 25 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, məhkumluğu dövründə qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.12, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən, CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin 18 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də onun cəzasının əvvəli həmin tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar - "Baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş içərisində videogörüntü olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, 01 ədəd gümüşü rəngli dırnaqkəsən məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı 18 aprel 2024-cü il tarixdən hesab edilsin. Brəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - "Baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş içərisində videogörüntü olan 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, 01 ədəd gümüşü rəngli dırnaqkəsən məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar