Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-37/2023 18.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1998-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunda qeydiyyatda olmaqla hazırda Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 126-da yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evinin həyətində olan zaman, baldızı X2 ilə aralarında yaranmış mübahisə zamanı, onu daş ilə alın nahiyyəsinə bir dəfə qəsdlə vuraraq, ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X3 ilə 4 ildir rəsmi nikahdadır, onunla münasibəti normaldır. Xalidlə birlikdə Beyləqan rayonu, Habil Hacıyev küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evində yaşayır. X2 baldızıdır. Səidə ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Lakin Səidə onunla yola getmir, səbəbsiz yerə onunla dalaşır, mübahisə edir. Səidə onunla eyni evdə yaşasa da, yaşadıqları evin girişləri ayrıdır. Xalid Səidənin onunla yola getmədiyini görərək evin girişlərini ayırmışdır. Hazırda Səidə ilə bir evdə ayrı yaşayırlar, lakin evin həyəti eynidir. Hər gün həyətdə Səidə ilə qarşılaşır, mütəmadi olaraq Səidə səbəbsiz yerə onunla mübahisə edir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində evdə olarkən Səidənin evin hamamının çəninə su vurmasını görmüş, çənin suyu dolub yerə tökülsə də Səidə motoru söndürməmişdir. Küçəyə çıxaraq motoru söndürmüş, Səidə də buna görə onunla mübahisə etmiş, ona niyə qəsdən motoru söndürdüyünü demiş, Səidəyə suyun dolmasını desə də Səidə onunla dalaşıb onu söymüşdür. Buna görə əsəbləşib yerdə olan daşı götürüb Səidəyə atmış, atılan daş Səidənin başına dəymiş, bundan sonra Səidə evdən çıxaraq getmişdir. Səidə Cəbrayılovadan üzr istəmiş, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Xalid Cəbrayılovanın həyat yoldaşıdır. Xalid ilə Nigar 4 ildir ailəlidir. Özü Nigar və Xalidlə birlikdə Beyləqan rayonu, Habil Hacıyev küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evində bir evdə yerləşən ayrı otaqlarda yaşayırlar. Nigar ilə münasibəti yoxdur, Nigar daim onunla mübahisə edir, səbəbsiz yerə onunla dalaşır. Buna görə də, Nigarı danışdırmır. Anası Şahid da onunla birlikdə yaşayır. Yola getmədikləri üçün yaşadığı evinin girişini ayırmışlar. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində evin həyətində hamamın çəninə su vurmaq üçün motoru qoşmuş, Nigar da çənin suyu dolmamış motoru söndürmüşdür. O da gələrək yenidən motoru qoşmaq istədikdə Nigar həyətdə onunla dalaşmış, ona hamama su vurmamasını demiş, yerdə olan daşı götürüb ona atmış, daş alnına dəymiş, alnı qanamışdır. Bu zaman anası Ziba da həyətdə olmuş, həyətdən çıxaraq xəstəxanaya getmiş və Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat vermişdir. Hadisə Beyləqan rayonu, Habil Hacıyev küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evinin həyətində baş vermiş, Təqsirləndirilən şəxs ilə mübahisələri 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onu vurarakən həyətdə anası Şahid da olmuşdur. Özü Təqsirləndirilən şəxs vurmamışdır. Təqsirləndirilən şəxsi bağışlamır, ona qanuni cəza verilməsini xahiş etdi. İş üzrə Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gəlini, X2 isə qızıdır. Qızı ilə gəlini eyni həyətdə yaşasalar da evin ayrı otaqlarında qalırlar. Səidə ilə Nigar tez tez mübahisə etmişlər. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində gəlini Nigarla qızı Səidənin aralarında yaranmış mübahisə zamanı gəlininin atdığı daş qızının başına dəymişdir. İş materillarına əlavə edilmiş məhkəmə-tibb ekspertinin 13 aprel 2023-cü il tarixli, 243/23 saylı rəyində görünür ki, X1 qaşüstü nahiyyədə 1,3x0,2 sm ölçüdə, kənarları qeyridüz, ucları küt, üzərinə cərrahi tikiş qoyulmuş bir ədəd yara aşkar olunmuşdur ki, qeyd olunan xəsarət bərt küt əşyanın təsirindən törənmişdir, göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə daşla vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Habil Hacıyev küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evinin həyətində olan zaman baldızı X2 ilə aralarında yaranmış mübahisə zamanı onu daş ilə alın nahiyyəsinə bir dəfə qəsdlə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir, buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 104 saylı arayışa əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2022-ci ildə anadan olmuş X4 adında 1 azyaşlı uşağı vardır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-37/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-37/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver