Məhkəmə qərarları › İş №1(020)-37/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-37/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-37/2024 18.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Tərcüməçi- Vəli-X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Tehran şəhərində anadan olmuş, orta təhsilli, subay, İran İslam Respublikasının vətəndaşı, Tehran şəhəri, Şəhid Səfəri küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(003)-326/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 318,1, 29, 318.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiat Xidmətinin istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən təkrar keçməyə cəhd etmişdir. Belə ki, saxta sənədlərdən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin faktla bağlı Bakı Şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən baxılan iş üzrə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədi ilə təkrarən 19 fevral 2024-cü il tarixdə saat 02:43 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonu 2-ci Şahsevən kəndi ərazisində yerləşən 21-ci sərhəd zastavasının 23-cü sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq keçməyə cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Alireza ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2023-cü ilin dekabr ayında saxta pasportdan istifadə edərək Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə görə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində toplanılan istintaq materialları ittiham aktı ilə birlikdə baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin hazırlıq iclasında barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığında olarkən atası ilə telefon danışığı zamanı atası ona rəsmi qaydada İrana deport ediləcəyi halda İranda onun üçün yaxşı olmayacağını bildirmişdir. Ona görə də o, Azərbaycan Respublikasından qanunsuz yollarla İrana getmək qərarına gəlmişdir. Bundan sonra o, əmisi Hüseyn Eisazadeh ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməli olduğunu dedikdə sonuncu ona İranda yaşayan Şəhruz adlı şəxsin Azərbaycan Respublikasında yaşayan tanışlarının olduğunu, həmin şəxslərin Azərbaycandan İrana qeyri-rəsmi yolla gəlmək üçün yol tapa biləcəklərini söyləmişdir. Təxminən 2 gün sonra, yəni 13-14 fevral 2024-cü il tarixlərdə əmisi ona zəng vuraraq taksi ilə Füzuli rayonuna getməli olduğunu, orada “üç yol“ adlanan yerdə onu qarşılayacaq adamları gözləməli olduğunu bildirmişdir. O da bundan sonra Füzuli rayonuna getmiş və “üç yol” adlanan yerdə təxminən 20-25 dəqiqə gözlədikdən sonra içərisində təxminən 40 yaşlarında, bir birilərinə “Rəşad” və “əmoğlu” deyə müraciət edən 2 nəfər şəxs yaşıl rəngli markasını bilmədiyi köhnə bir avtomobillə ona yaxınlaşaraq tələsik onu avtomobilə əyləşdirmiş, avtomobilə əyləşdikdən sonra dərhal başını aşağı əyməli olduğunu bildirmiş və “buralar kənd yeridi, hamı bir-birini tanıyır, səni bizim avtomobildə görsələr şübhə çəkərik” sözlərini söyləmişlər. Təxminən 30 dəqiqə yol getdikdən sonra onu bir otaqlı evə yerləşdirmiş, evə gəldikdən sonra həmin şəxslər onun mobil telefonunu götürərək “whatsapp” mobil tətbiqini silmişlər. Həmin evdə 1-2 gün qaldıqdan sonra onu bu evə gətirən iki nəfər şəxs onu başqa bir evə aparmış və 3-4 gün o, həmin evdə qalmışdır. 19 fevral 2024-cü ildə gecə saatlarında həmin şəxslər onu sərhəd zonasına aparmış və ona tikanlı simlərin olduğu yeri göstərmiş və oranı keçəcəyi təqdirdə İrana daxil olacağını bildirmişlər. O, həmin yeri keçməyə cəhd göstərdikdə isə sərhəd keşikçiləri onu saxlamışlar. Sərhədi atasının sözünə görə, yəni İrana deport olunması ilə bağlı qanunsuz keçməyə cəhd göstərmişdir. Həm də, İranda ona qarşı münasibət yaxşı olmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 05:00-dək baş leytenant Asəf Adıgözəlli, leytenant Şahid4, gizir İsmət Hüseynli, gizir Şahid3, baş gizir Əziz Omarov ilə birlikdə 23-cü sahədə “PUSQU” sərhəd naryadı xidmətini təşkil etmək üçün getmişlər. Baş leytenant Şahid1 02:43 radələrində bir nəfərin mühəndis çəpərinə yaxınlaşmasını müşahidə etmiş və onlara həmin şəxsin mühəndis çəpərini keçdikdən sonra saxlanılması barədə təlimat vermişdir. Həmin şəxs Azərbaycan Respublikası ilə İran İslam Respublikası istiqamətində mühəndis çəpərini keçərkən baş leytenant Asəf Adıgözəlli dərhal ona ucadan “Dayan” komandası verərək havaya xəbərdarlıq atəşi açmışdır. Sərhəd pozucusu dayan komandasına tabe olmuş, daha sonra baş leytenant Asəf Adıgözəlli mayor Baxış Baxışlıya bir nəfər şəxsin saxlanılması ilə bağlı məlumat vermiş, bir qədər sonra isə hadisə baş vermiş əraziyə hərbi pərdələyici dəstə gələrək dövlət sərhəd xəttini qapamışdır. Ərazidə axtarış tədbirləri zamanı sərhəd pozucusunun üzərində hər hansı şübhəli hal və ya əlamət aşkar edilməmiş, saxlanılmış şəxs sərhəd dəstəsinə aparılmişdır. sərhəd pozucusunun olduğu 23-cü sahədəki nəzarət iz zolağında İran İslam Respublikası istiqamətində izlər aşkar edilmişdir. Saxlanılan şəxs adının Əmirhüseyn olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 05:00-dək təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan SNÜ-ri cənab leytenant Şahid4, gizir İsmət Hüseynli, gizir Şahid3, baş gizir Əziz Omarov ilə birlikdə 23-cü sahədə “PUSQU” sərhəd naryadı xidmətini təşkil etmək üçün getmişdirlər. 02:43 radələrində bir nəfərin mühəndis çəpərinə yaxınlaşmasını müşahidə etdiyi zaman digərlərinə həmin şəxsin mühəndis çəpərini keçdikdən sonra saxlanılması barədə təlimat vermişdir. Həmin şəxs Azərbaycan Respublikası ilə İran islam Respublikası istiqamətində mühəndis çəpərini keçərkən dərhal ona ucadan “Dayan” komandası verərək havaya bir ədəd 5.45 mm-lik təlim, 1 ədəd 5.45 mm-lik PS, 2 ədəd ağ rəngli 26 mm-lik siqnal patronundan atəş etmiş, sərhəd pozucusu dayan komandasına tabe olmuşdur. Daha sonra SKK-si cənab mayor Baxış Baxışlıya bir nəfər şəxsin saxlanılması ilə bağlı məlumat vermiş, bir qədər sonra isə hadisə baş vermiş əraziyə gələrək hərbi pərdələyici dəstə dövlət sərhəd xəttini qapamışdır. Ərazidə axtarış tədbirləri zamanı SP-nin üzərində hər hansı şüphəli hal və ya əlamət aşkar edilməmiş, daha sonra isə saxlanılmış şəxs sərhəd dəstəsinə aparıldı. Sərhəd pozucusunun olduğu ərazidə şübhəli hal, sərhəd pozucusuna məxsus iz və ya əhəmiyyət kəsb edən əşya və ya predmetin aşkar edilib-edilməməsi ilə bağlı bildirmişdir ki, sərhəd pozucusunun olduğu 23-cü sahədəki nəzarət iz zolağında iran İslam Respublikası istiqamətidə izlər aşkar edilmişdir. Saxlanılan şəxsin üzərindən heç bir şəxsiyyətini təsdiq edən sənəd aşkar edilməmiş, sərhəd pozucusu saxlanılakən adının Əmirhüseyin olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 05:00-dək təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan cənab baş leytenant Şahid1, SNÜ-ri cənab leytenant Şahid4, gizir İsmət Hüseynli və baş gizir Şahid5 ilə birlikdə 23-cü sahədə “PUSQU” sərhəd naryadı xidmətini təşkil etmək üçün getmişdirlər. SNB-si cənab baş leytenant Şahid1 02:43 radələrində bir nəfərin mühəndis çəpərinə yaxınlaşmasını müşahidə etmiş və onlara həmin şəxsin mühəndis çəpərini keçdikdən sonra saxlanılması barədə təlimat vermişdir. Həmin şəxs Azərbaycan Respublikası ilə İran İslam Respublikası istiqamətində mühəndis çəpərini keçərkən SNB-si cənab baş leytenant Asəf Adıgözəlli dərhal ona ucadan “Dayan” komandası verərək havaya bir ədəd 5.45 mm-lik təlim, 1 ədəd 5.45 mm-lik PS, 2 ədəd ağ rəngli 26 mm-lik siqnal patronundan atəş etmişdir. Sərhəd pozucusu dayan komandasına tabe olmuşdur. Daha sonra SNB-si cənab baş leytenant Asəf Adıgözəlli SKK-si cənab mayor Baxış Baxışlıya bir nəfər şəxsin saxlanılması ilə bağlı məlumat vermiş, bir qədər sonra isə hadisə baş vermiş əraziyə gələrək hərbi pərdələyiçi dəstə dövlət sərhəd xəttini qapamışdır. Ərazidə axtarış tədbirləri zamanı SP-nin üzərində hər hansı şübhəli hal və ya əlamət aşkar edilməmişdir. Daha sonra isə saxlanılmış şəxs sərhəd dəstəsinə aparılmışdır. Sərhəd pozucusunun olduğu 23-cü sahədəki nəzarət iz zolağında İran islam Respublikası istiqamətində izlər aşkar edilmişdir. Sərhəd pozucusu saxlanılarkən adının Əmirhüseyn olduğunu və iran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Şahid4 məhkəmədə Şahid3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraat qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə cəhd etməsi barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə daxil olmuş məlumat və həmin məlumat əsasında toplanmış ilkin materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə keçirilərkən həmin istintaq hərəkətinin aparılmasında iştirak edən Təqsirləndirilən şəxs Alireza oğlu xx.xx.2024-cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini ətraflı təsvir edərək Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikasına keçmək istədiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro” markalı mobil telefona baxış keçirilməsi haqqında 06 aprel 2020-ci il tarixli protokoldan görünür ki, həmin telefonun şəkillər bölməsində üzərində Biləsuvar, Şuşa və Astara sözləri yazılmış lövhənin və dayanacağın foto şəkilləri aşkar edilmişdir. İşin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “3 yol” adlanan bölgədə qarşılayan şəxslər barəsində materiallar araşdırma aparılması üçün ayrılmışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən təkrar keçməyə cəhd etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1 (003)- 326/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318,1, 29, 318.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun ev dustaqlığında və həbsdə olunduğu müddət nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 1 il 3 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 1(103)1429/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1 (003)-326/2024 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hərəkətlərini səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydaları nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuna müvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə müəyyən edildi ki, şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşıdır, Azərbaycan Rüspublikasında yaşayış yeri yoxdur və onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması şamil edilməyən hallar mövcud deyildir. Odur ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməsi qanuni və əsaslıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 06 aprel 2024-cü il tarixli qərarı ilə onun həbsdə saxlama müddəti 1 ay müddətinə, yəni 19 may 2024-cü il tarixədək uzadılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(003)-326/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2(iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 dekabr 2023-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 11 (on bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli hazırkı iş üzrə həbsdə olduğu 19 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əsas azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(003)-326/2024 saylı hökmü ilə iş üzrə maddi sübut möhürlənmiş zərfdə olan 1 ədəd 13901526 nömrəli Türkiyə Respublikasına məxsus ümumvətəndaş pasportu və 1 (bir) ədəd diskin həmin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. İş üzrə maddi sübut - Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan “İphone 12 Pro” markalı mobil telefon dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar