Məhkəmə qərarları › İş №1(020)-38/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-38/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-38/2023 31.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1996-cı ildə, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayan Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə, axşam saat 18 radələrində bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı sağ göz nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vuraraq ona sağ gözaltı nahiyəsində əzilmiş yara, sol said və sağ bud nahiyələrində qançırla nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs hazırki cinayət əməli üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Maral boşandıqdan sonra onlarla birlikdə yaşayır, boşandıqdan sonra Marala və onun 2 övladına atası Qabil baxır. Zərərçəkmiş şəxs Beyləqan rayon Mərkəzi Xəstəxansında işə düzəlmək istəyir və təcrübə keçmək üçün hər gün xəstəxanaya gedir. Lakin, o, Maralın xəstəxanada işləməsini istəmədiyi üçün bu barədə bir neçə dəfə Maralla aralarında sözlü mübahisə olmuş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadıqları evdə yenə də bu səbəbdən aralarında mübahisə baş vermişdir.Mübahisə amanı o, Marala onu işə getməyə qoymayacağını bildirmiş, həmin vaxt Maralın az yaşlı övladı çay istədiyini bildirmiş, Maral isə uşağa əsəbiləşdiyi üçün uşaq ağlamağa başlamışdır. O, Marala uşağa çay verməsini, uşağı ağlamağa qoymamasını bildirmişdir. Maral isə ona işlərinə qarışmamağı demiş, bu zaman o, əsəbiləşərək yumruqla Maralın sağ göz nahiyəsinə bir dəfə vurmuş, Maral zərbənin təsirindən yerə yıxıldıqdan sonra da onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq ona xəsarət yetirmişdir.Bu zaman atası Qabil evə daxil olaraq onları aralamışdır. Törətdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs onun bacısı olmasını və bacısı ilə barışdığını, bacısının ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, boşandıqdan sonra atası evində yaşayır, boşandıqdan sonra uşaqlarının ehtiyaclarını yetəri qədər ödəyə bilmədiyi üçün Beyləqan rayon Mərkəzi Xəstəxansında işə düzəlmək istəyir. Buna görə təcrübə keçmək üçün hər gün xəstəxanaya gedir. Lakin, qardaşı Şəmistan onun xəstəxanada işləməsinə razı olmadığını bildirərək bu səbəbdən teztez onunla mübahisə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəmistan yenidən onunla bu səbəbdən mübahisə edərək onu işləməyə qoymayacağını demiş, o, Şəmistana onun şəxsi işlərinə qarışmamağı və xəstəxanada işə düzələcəyini bildirmişdir. Mübahisə zamanı Şəmistan onu təhqir edərək onun sağ göz nahiyəsinə bir dəfə yumruqla vurmuş, o, zərbənin təsirindən özünü itirərək yıxılmışdır. Bundan sonra, Şəmistan onun sifət və baş nahiyəsinə yumruq və təpiklə bir neçə zərbə vuruş, o, yerdən qalxmaq istəyərkən təpiklə onun qarın nahiyəsinə və sağ bud nahiyəsinə təpiklə zərbələr vurmuşdur. Onların səsinə atası Şahid gəlib onları aralamış, bundan sonra o, bu barədə Daxili İşlər Nazirliyinin “102-Xidməti zəng mərkəzi” sisteminə müraciət etmişdir. Həmin vaxt evdə özü və Şəmistandan başqa heç kim olmamış, lakin, sonradan atası Qabil evə daxil olaraq onların mübahisəsini görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında, Şahid təhqiqat zamanı alınmış izahatı elan edilmiş, Şahid həmin izahatında göstərmişdir ki, o, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun oğludur. Bir neçə il olar ki, Maral boşanmış və boşandıqdan sonra onlarla birlikdə yaşamağa başlamış, Maral boşandıqdan sonra o, Maralın 2 azyaşlı övladına baxır. Maral Beyləqan rayon Mərkəzi Xəstəxanasında işləmək istəyir. Buna görə də bir müddətdir hər gün təcrübə keçmək üçün xəstəxanaya gedir. Lakin, oğlu Şəmistan buna razı deyildir, buna görə, Maral ilə Şəmistanın arasında bir neçə dəfə sözlü mübahisə baş vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, həyətdə iş gördüyü zaman Şəmistanla Maral mübahisə etmiş, mübahisə zamanı Şəmistan Maralı yumruqla bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt həyətdə işləmiş, həyətdə olarkən evdə övladlarının səs-küylərini, mübahisə etdiklərini eşitmiş və dərhal evə daxil olmuşdur. Evə daxil olduqda Şəmistanın Maralı döydüyünü görmüş, o, dərhal onları aralamışdır. Bundan bir qədər sonra X2 Nazirliyinin “102-Xidməti zəng mərkəzi” sisteminə müraciət etmiş, həmin vaxt evdə başqa heç kim olmadığı üçün onların mübahisəsini başqa şəxslər görməmişdir. Cinayət işinə əlvə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarətlərin olubolmamasının, əgər hər hansı bədən xəsarətləri aşkar olunarsa, həmin xəsarətlərin sayı, hansı xarakterə, yetirmə mexanizminə malik olması və sağlamlığa zərər vurma dərəcəsinin müəyyən olunması üçün xüsusi bilik tələb olunduğundan Məhkəmə Tibbi Ekspertizasına təqdim olunaraq, bu barədə müvafiq müayinə rəyi alınmışdır. Məhkəmə-tibb ekspertinin 04 may 2023-cü il tarixli, 288/23 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ qaşaltı nahiyəsində əzilmiş yara, sol said və sağ bud nahiyələrində isə qançırlar aşkar olunmuşdur ki, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq və təpik zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Hadisə yerinin baxışının aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən olunmuşdur ki, hadisə yeri Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yerləşən Şahid məxsus yaşayış evidir. Həmin evin ətrafında bir neçə digər yaşayış evləri və həyətyanı sahələr vardır. Evin həyətinin Mişar daşları ilə hörülüş hasarı və dəmir materialdan darvazası vardır. Həyətə daxil olduqda qarşı tərəfdə mişar daşı ilə hörülmüş yaşayış evi vardır. Evin çöl divarlarına sement astar çəkilmişdir. Evin qarşı tərəfində eyvan vardır. Həyətin sol hissəsində isə hamam, sanitar qovşağı və yardımçı tikili vardır. Evin giriş qapısı açıq palıd rəngdədir. Yaşayış evi 3 otaq və bir mətbəxdən ibarətdir. Evə daxil olduqda qarşı tərəfdə açıq palıd rəngli olan qapıları qonaq otağına açılan iki yataq otağı, sağ tərəfdə isə mətbəx vardır. Hadisənin baş verdiyi yer qonaq otağıdır. Qonaq otağının sol tərəfində stol və bir neçə stul, televizor və divan-kreslo yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onu qonaq otağında döydüyünü bildirərək həmin yeri təqdim edərək göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək Məhkəməyədək Sadələşdirilmiş İcraat materialına əlavə edilmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs və İsazadə X1 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etirazlarının olmadığını bildirmişlər. Təhqiqat zamanı Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən aşkar cinayət əməli üzrə onun barəsində işin məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasını istisna edən heç bir hal müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bacısı olmaqla ondan şikayətçi deyildir və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs üzr istəməklə onunla barışdığını, ona görə də, cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut və məhkəmə xəcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar