Məhkəmə qərarları › İş №1(020)-39/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-39/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-39/2023 26.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəki bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Beyləqan rayonu, Şərq qəsəbəsində pasport qeydiyyatında olmaqla yaşayan, orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Beyləqan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmaqla məhkumluğu ödənilməmiş, barəsində Beyləqan rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı yivli odlu döyüş silahını, yəni tapançanı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 05 ədəd patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsini (darağını) qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağında olan sandığın içərisində gizlətmələ saxlamış, 11 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq həmin gün saat 13:30-da iştirakı ilə yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin yataq otağında olan sandığın içərisindən göy rəngli parçaya bükülmüş vəziyyətdə qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı yivli odlu döyüş silahı, yəni tapança, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 05 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi (daraq) aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, “Makarov” tipli tapança həmin silahın üzərində bir ədəd sandıqça və sandıqçanın içərisində olan beş ədəd patron ona məxsus deyildir. Həmin silahlardan heç bir məlumatı yoxdur. Beyləqan rayon polis əməkdaşları bir gün əvvəl, yəni aprel ayının 10-da Bakı şəhərinə gəlib onu tapmış və oğurluqda şübhəli bilindiyini göstərərək həmin gün onu Beyləqan rayon polis şöbəsinə aparmışlar. Beyləqan rayon polis şöbəsində olarkən polis əməkdaşları onu ya oğurluqla, ya da küllü miqdarda narkotik vasitə satışı ilə məşğul olması barədə şərləyəcəklərini, onda “Makarov” tipli tapança olmasını boynuna almasını bildirmiş, ona ailə üzvləri ilə hədə-qorxu gəlmiş, qardaşını da şərləyəcəklərini demiş, onu döydükləri üçün məcbur olub razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş, baxış zamanı iştirak etmələri üçün iki nəfər şəxs hal şahidi qismində dəvət etmişlər. Sonra onun, polis əməkdaşlarının, hal şahidlərinin və Müdafiəçi iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Lakin heç bir şey aşkar olunmamışdır. Sonra həyətdə yerləşən evə giriş qapısından daxil olduqdan sonra giriş qapıları solda, ortada və sağda olmaqla evin üç yataq otağına baxış keçirmişlər. Baxış zamanı yataq otaqlarının birində olan sandığın içərisinə baxış keçirilən zaman sandığın içərisində göy rəngli parçaya bükülmüş bir ədəd odlu silaha bənzər silah, silahın yanında bir ədəd sandıqça və sandıqçanın içərisində beş ədəd patron aşkar edilmişdir. Müstəntiq həmin silahın odlu silah olub-olmadığını, haradan əldə etdiyini soruşmuşdur. O polis əməkdaşlarının sözlərinə görə həmin silahın odlu silah olduğunu, yanındakı sandıqçanın içərisində olan patronların həmin silahın güllələri olduğunu, həmin silahı Xocavənd rayonu ərazisindən tapdığını bildirmişdir. Bundan sonra həmin silahın və sandıqçanın üzərindən kriminalist tərəfindən əl-barmaq izləri götürülmüşdür. Həmin vəxt polis işçilərinə silahın ona məxsus olmadığını bildirməmişdir. Çünki onun ailə üzvlərini də şələyəcəklərini bilib silahın ona məxsus olmasını demişdir. Əslində silah ona məxsus olmamışdır və silah götürülən evdə çoxdandır ki, yaşamır. Onun heç bir təqsiri olmadığına görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs hazırkı ifadəsindən fərqli olaraq ibtidai istintaq dövründə verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən altı-yeddi ay bundan qabaq tullantı dəmir yığmaq üçün Xocavənd rayonuna getmiş, orada olarkən yolun kənarında kolluğun qırağında şəffaf rəngli sellofan torbanın içərisində bir ədəd silaha bənzər əşya olduğunu görmüşdür. O, yaxınlaşıb torbanı əlinə götürmüş və içərisinə baxdıqda həmin əşyanın “Makarov” tipli tapança olduğunu görmüşdür. Həmin silahın üzərində bir ədəd sandıqça olmuşdur. O, sandıqçanı çıxarmış və sandıqçanın içərisində beş ədəd patron olduğunu görmüş, sonra həmin silahı cibinə qoymuş və yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evə aparmışdır. O, tapançanın sandıqçasını çıxarıb tapançanı və içərisində beş ədəd güllə olan sandıqçanı göy rəngli parçaya büküb yaşadığı evin yataq otaqlarından birində olan sandığın içərisində gizlətmişdir. 11 aprel 2023cü il tarixdə, saat 11:00-da o Beyləqan şəhəri, X7 küçəsi ərazisində olan zaman mülki formada olan dörd nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon Polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polislər onun qanunsuz olaraq oldu silahı əldə edib üzərində gəzdirməklə daşımaqda və yaşadığı evdə saxlamaqda, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu demişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X2 təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və ya oldu silah saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. O, Müdafiəçi hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müstəntiq onun yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçiriləcəyini ona demişdir. O, ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Baxış zamanı iştirak etmələri üçün iki nəfər şəxs hal şahidi qismində dəvət edilmişlər. Sonra onun, polis əməkdaşlarının, hal şahidlərinin və Müdafiəçi iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmişlər. Evin həyətinin girişində yerləşən darvazadan evə daxil olduqdan sonra həyətə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra həyətdə yerləşən evə giriş qapısından daxil olduqdan sonra giriş qapıları solda, ortada və sağda olmaqla evin üç yataq otağı vardır. Müstəntiq əvvəlcə solda yerləşən yataq otağına baxış keçirməyə başlamışdır. Baxış zamanı həmin otaqdan dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra digər yataq otağına baxış keçirilməyə başlanılmışdır. Həmin otaqda olan sandığın içərisinə baxış keçirilən zaman sandığın içərisində göy rəngli parçaya bükülmüş bir ədəd odlu silaha bənzər silah, silahın yanında bir ədəd sandıqça və sandıqçanın içərisində beş ədəd patron aşkar edilmişdir. Müstəntiq həmin silahın odlu silah olubolmadığını, haradan əldə etdiyini soruşmuşdur. O həmin silahın odlu silah olduğunu, yanındakı sandıqçanın içərisində olan patronların həmin silahın güllələri olduğunu, həmin silahı Xocavənd rayonu ərazisindən tapdığını bildirmişdir. Bundan sonra həmin silahın və sandıqçanın üzərindən kriminalist tərəfindən əl-barmaq izləri götürülmüşdür. Aşkar edilmiş silah, sandıq və patronlar bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmişdir. Daha sonra baxış davam etdirilərək evin digər yataq otağına baxış keçirilmişdir. Baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Lakin altı-yeddi ay bundan qabaq tullantı dəmir yığmaq üçün Xocavənd rayonu ərazisində olarkən yolun kənarında bir ədəd sellofan torbanın içərisində silaha bənzər əşya olduğunu görüb, yaxınlaşıb götürmüş və həmin əşyanın “Makarov” tipli tapança olduğunu görmüşdür. Həmin silahın üzərində bir ədəd sandıqça olmuşdur. O sandıqçanı çıxarmış və sandıqçanın içərisində beş ədəd patron olduğunu görmüşdür. Sonra həmin silahı yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evə aparmışdır. O, tapançanın sandıqçasını çıxarıb tapançanı və içərisində beş ədəd güllə olan sandıqçanı göy rəngli parçaya büküb yaşadığı evin yataq otaqlarından birində olan sandığın içərisində gizlətmişdir. O, həmin evdə tək yaşayır. Anası və qardaşı da həmin evə az-az gəlib-gedirlər. O, onlara silah tapmağı və onu yaşadığı evdə gizlətməyi barədə heç bir şey deməmişdir. Evdən aşkar edilmiş bir ədəd odlu silah, bir ədəd sandıqça və beş ədəd döyüş sursatı hesab edilən gülləni tapmağı, habelə daşıyaraq yaşadığı evdə saxlamağı barədə ailə üzvləriniz və ya başqa heç kimin məlumatı yoxdur. O, həmin silahı tapan zaman həmin silah onun marağını çəkmiş və buna görə də aparıb həmin silahı aparıb yaşadığı evdə gizlətmişdir. Bir neçə dəfə də evdə tək olarkən silahın sandıqda olub-olmadığını yoxlamışdır. O, silahı marağını cəlb etdiyi üçün evinə aparıb saxlamışdır. Həmin silahı satmaq və ya başqa formada ondan istifadə etmək niyyəti olmamışdır. O, həmin silahdan atəş açmamışdır. Silahın üzərində tapdığı beş ədəd patronu da sandıqça ilə birlikdə çıxarıb silahın yanında qoyaraq evdə olan sandığın içərisində gizlətmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2023-cü il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq oldu silahı əldə edib üzərində gəzdirməklə daşıması və yaşadığı evdə saxlamaqda, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıması və satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə Beyləqan rayon Polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Daha sonra Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5, Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs oldu silahı əldə edib üzərində gəzdirməklə daşımaqda və yaşadığı evdə saxlamaqda, həmçinin narkotik vasitələri qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunmuş, ona hüquqlarının müdafiəsi üçün Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Sonra Beyləqan rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Gərhad Hümbətovun iştirakı ilə şəxsi axtarış küçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzrəində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Sonra ŞəmsiƏbilovun üzərinə şəxsi axtarış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet olmamışdır. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra müstəntiq X8 Əbilova yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən yaşadığı evə gedilmişdir. Evə çatdıqda baxışda iştirak etmələri üçün ətrafda olan şəxslərdən iki nəfər hal şahidi kimi dəvət edilmişdir. Sonra müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq həyətyanı sahəyə baxış keçirilməyə başlanmışdır. Darvazadan həyətə daxil olduqda həyətin sol tərəfində yerləşən yardımçı tikiliyə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Fərdi yaşayış evinin giriş qapısından içəri daxil olduqda qonaq otağı yerləşir, həmin qonaq otağından solda, ortada və sağda olmaqla üç yataq otağına giriş qapıları vardır. Qonaq otağına, daha sonra solda yerləşən yataq otağına baxış keçirilmiş, lakin həmin otaqlardan dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Qonaq otağından giriş qapısı ortada yerləşən yataq otağına daxil olduqda qarşıda bir ədəd çarpayı, solda bir ədəd sandıq olmuşdur. Sandığın qapısı kildisiz olmuşdur. Əvvəlcə çarpayının üzərində olan yüklərə, daha sonra sandığa baxış keçirilmişdir. Sandığa baxış keçirilən zaman sandığın içərisindən göy rəngli parçaya bükülmüş vəziyyətdə bir ədəd odlu silaha bənzər silah və içərisində patronlar olan bir ədəd sandıqça aşkar edilmişdir. Kriminalistik Tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid4 tərəfindən aşkar edilmiş əşyaların üzərindən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş sandıqçanın içərisində olan patronlara baxış keçirilərək sayılmış və beş ədəd döyüş sursatı hesab edilən gülləyə bənzər patronlar olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd odlu silaha bənzər silah, bir ədəd sandıqça və beş ədəd döyüş sursatı hesab edilən gülləyə bənzər patronlar zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin zərflər üçün 86 saylı ştamp əksi ilə möhürlənmiş və üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra baxış keçirilməsinə davam edilərək həmin otağa və qonaq otağına daxil olduqda sağda yerləşən otağa baxış keçirilmişdir. Lakin baxış zamanı evdən dövriyyəsi qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxsla yanaşı o da həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində həmin vaxt döyülməsi və bir gün əvvəl Beyləqan rayon polis şöbəsinə gətirilərək saxlanılması barədə ifadəsi əsassızdır. Belə hal olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid2, Şahid6 və Şahid4 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2023-cü il tarixdə saat 12 radələrində o quzu almaq üçün Beyləqan rayonu, Şərq qəsəbəsinə getmişdir. Kənd ərazisində olan zaman Beyləqan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ona yaxınlaşıb Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini ona təklif etmiş, o da razılaşıb Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Ondan sonra tanımadığı bir nəfər şəxs də baxışda iştirak etməsi üçün hal şahidi kimi dəvət edilmişdir. Yaşadığı evə baxış keçiriləcək Təqsirləndirilən şəxs da orada olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçi, hal şahidi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq həyətyanı sahəyə baxış keçirilməyə başlanmışdır. Darvazadan həyətə daxil olduqda həyətin sol tərəfində yerləşən yardımçı tikiliyə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Fərdi yaşayış evinin giriş qapısından içəri daxil olduqda qonaq otağı yerləşir, həmin qonaq otağından solda, ortada və sağda olmaqla üç yataq otağına giriş qapıları vardır. Qonaq otağına, daha sonra solda yerləşən yataq otağına baxış keçirilmiş, lakin həmin otaqlardan dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Qonaq otağından giriş qapısı ortada yerləşən yataq otağına daxil olduqda qarşıda bir ədəd çarpayı, solda bir ədəd sandıq vardır. Sandığın qapısı kildisizdir. Əvvəlcə çarpayının üzərində olan yüklərə, daha sonra sandığa baxış keçirilmişdir. Sandığa baxış keçirilən zaman sandığın içərisindən göy rəngli parçaya bükülmüş vəziyyətdə bir ədəd odlu silaha bənzər silah və içərisində patronlar olan bir ədəd sandıqça aşkar edilmişdir. Polis şöbəsinin kriminalisti Şahid4 tərəfindən aşkar edilmiş əşyaların üzərindən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş sandıqçanın içərisində olan patronlara baxış keçirilərək sayılmış və beş ədəd döyüş sursatı hesab edilən gülləyə bənzər patronlar olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd odlu silaha bənzər silah, bir ədəd sandıqça və beş ədəd döyüş sursatı hesab edilən gülləyə bənzər patronlar zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin zərflər üçün 86 saylı ştamp əksi ilə möhürlənmiş və üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha sonra baxış keçirilməsinə davam edilərək həmin otağa və qonaq otağına daxil olduqda sağda yerləşən otağa baxış keçirilmişdir. Lakin baxış zamanı evdən dövriyyəsi qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxsla yanaşı o da həmin protokolu imza etmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış aparılarkən evin yataq otağında olan sandığın içərisindən göy rəngli parçaya bükülmüş vəziyyətdə bir ədəd odlu silaha bənzər silah və içərisində patronlar olan bir ədəd daraq aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə ballistik ekspertizasının 12 aprel 2023-cü il tarixli, 23/282 nömrəli rəyindən görünür ki, 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli, 3-13-11/2-4833/2023 nömrəli məktubdan görünür ki, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi (daktiloskopik xəritəsi tədqiqata daxil olmuş) xx.xx.1999-cu ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin 10 aprel 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə gətirliməsi və orada döyülməsi barədə məhkəmə baxışı zamanı verdiyi vəsatətləri ilə bağlı Beyləqan rayon prokurorluğunda araşdırlıma aparılmış və həmin faktlar öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs döyülməsi faktı ilə əlaqədar Beyləqan rayon prokuruluğunda araşdırlma aparılmış, Beyləqan rayon prokurorluğunun 24 iyul 2023-cü il tarixli məktubu ilə daxil olmuş həmin tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, onun döyülməsi barədə dedikləri sübuta yetmədiyinə görə həmin hal üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Beyləqan rayon məhkəməsinin sorğusuna cavab olaraq Beyləqan rayon polis şöbəsinin 26 iyul 2023-cü il tarixli 2/67/2-10976 saylı məktubunda, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon polis şöbəsində,onun göstərdiyi dövrdə hazırki cinayət işindən başqa cinayət işi və cinayət xarakterli material olmadığı, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə gətirilməməsi və saxlanılmaması göstərilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılmış halları ilə Təqsirləndirilən şəxs 10 aprel 2023cü il tarixdə gətirilib Beyləqan rayon polis şöbəsində saxlanılması və eləcə də döyülməsi barədə faktlar öz təsdiqini tapmamışdır. Həmçinin silahın və onun hissələrinin ona aid olmaması barədə Təqsirləndirilən şəxs ifadəsini də məhkəmə inandırıcı hesab etmir. Belə ki, işin ibtidai istintaq dövründə təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə bir neçə dəfə izahat və ifadələr vermiş, onun yaşadığı evə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, bütün bu müddət ərzində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə gətirilərək saxlanılması və döyülməsi barədə, eləcə də silahın ona məxsus olmamasına dair fikir bildirməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən döyülməsini göstərməmişdir. Belə olan halda, məhkəmə onun məhkəmə istintaqında verdiyi ifadəsini özünü müdafiə xarakteri daşıdığını və onun həmin ifadəsinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Ona görə də, məhkəmə onun bu ifadəsini sübut növü hesab etmir və onun hazırkı iş üzrə cinayət məsuluyyətindən azad olunması üçün əsas saymır. İşin məhkəmə iclasında araşdırılmış halları ilə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin iş üzrə həqiqəti əks etdirməsi müəyyən olunur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı Makarov konstruksiyalı yivli odlu döyüş silahını, yəni tapançanı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 05 ədəd patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsini (darağını) qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağında olan sandığın içərisində gizlətməklə saxlaması, bununla da, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Əbilov X3 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkkum olunmuş, axırıncı cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzasından xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödəmilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. İş üzrə maddi sübut Beyləqan rayon Polis şöbəsində saxlanılan 01 ədəd Makarov konstruksiyalı tapança, 02 ədəd patron və 01 ədəd daraq, müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilməli, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ilə, əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İşdə mülki iddia, digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılın. İş üzrə maddi sübut Beyləqan rayon Polis şöbəsində saxlanılan 01 ədəd Makarov konstruksiyalı tapança, 02 ədəd patron və 01 ədəd daraq, müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təhcizat idarəsinə təhvil verilsin, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İşdə mülki iddia, digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar