Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-42/2023 05.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Azız oğlunun. Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: Vəli-zadə X1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə İran İslam Respublikası Parsabad şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkum edilməmiş, İran İslam Respublikası Parsabad şəhərində qeydiyyatda olan və yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlunun Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azız oğlu qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 10 aprel 2023-cü il tarixdə saat 18 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonu 2-ci Şahsevən kəndində yerləşən 21-ci sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Daxili İşlər Nazirliyinin Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azız oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, İranda olan molla rejiminə daim etiraz etmiş və İranda yaşamaq onu sıxmışdır. Buna görə də istəmişdir ki, İrandan həmişəlik çıxsın. Təxminən 10 gün əvvəl sosial şəbəkələrdə iranlı mollanın Azərbaycanı təhdid etməsinin şahidi olmuş, bundan sonra artıq İranda yaşaya bilməyəcəyini və Azərbaycana gəlmək qərarına gəlmiş, lakin rəsmi qaydada İrandan Azərbaycana keçə bilməmişdir. Belə ki, bir müddət əvvəl spirtli içki qəbul edərkən iran polisi onu tutmuş və buna görə də ona pul cəzası vermişlər. Lakin o, həmin pulu ödəyə bilməmiş, buna görə də İrandan çıxmağına qadağa qoyulmuşdur. Rəsmi qaydada Azərbaycana gələ bilmədiyindən qərara gəlmişdir ki, İrandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçsin. 10 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxaraq Araz çayının kənarına gəlmiş, təxminən bir saat ərzində ətrafı müşahidə altında saxlamışdır. Ərazidə kimsənin olmadığını görərək 10 aprel 2023-cü il tarixdə saat 18 radələrində Araz çayını üzərək Azərbaycana ərazisinə keçmiş, yenə ətrafı müşahidə altında saxlayaraq yavaş-yavaş maneə çəpərinə yaxınlaşmışdır. Maneə çəpərinin üzərindən atlayaraq yoluna davam etməyə başlamış, bir qədər sonra tanımadığı bir kəndə gəlmiş, kənddə bir nəfər görərək həmin şəxsə yaxınlaşmış və Cənubi Azərbaycandan olduğunu bildirmişdir. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra polis onlara yaxınlaşaraq ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. O, polisə dövlət sərhədini qanunsuz olaraq keçdiyini bildirmiş və bundan sonra onu saxlamışlar. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid Daxili İşlər Nazirliyinin Beyləqan RPŞ-nin əməkdaşı Şahid məhkəmə iclasına gəlməmişdir. Şahid məhkəmə iclasında elan olunduğu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 10 aprel 2023-cü il tarixdə xidmət yerində olarkən Beyləqan rayonu İİ Şahsevən kəndində şübhəli şəxsin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal İİ Şahvevən kəndinə gedərək şübhəli şəxsi axtarmağa başlamış, bir müddət sonra yolun kənarında bir nəfər əvvəl tanımadığı və kənd ərazidə görmədiyi şübhəli şəxsin olmasını müşahidə etmişdir. O, dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədini verməsini xahiş etmişdir. Şübhəli şəxs İran İslam Respublikası vətəndaşı olmasını qeyd etmiş və pasportunu ona təqdim etmişdir. O, pasporta baxdıqda həmin şəxsin İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlu olmasını dəqiqləşdirmiş, daha sonra Təqsirləndirilən şəxs Azız oğlu etiraf etmişdir ki, 10 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan sonra o, aidiyyəti üzrə məruzə etmiş və şəxsi saxlayaraq Beyləqan RPŞ-yə gətirmiş, bir neçə dəqiqə sonra DSX əməkdaşları Beyləqan RPŞ-yə gəlmiş və Təqsirləndirilən şəxs Azız oğlunu təhvil alaraq hərbi hissəyə aparmışlar. İş materiallarına əlavə edilmiş DSX-nin N nömrəli hərbi hissənin komandiri polkovnik Samir Salamovun 11 aprel 2023-cü il tarixli, 3-38-16/2-1200/23 №-li məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlu N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının 23-cü sahəsindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və hərbi hissənin əməliyyat axtarış şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 11 aprel 2023-cü il tarixli baxış protokolundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlu dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçdiyi ərazi N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının 23-cü sahəsidir. İş materiallarına əlavə edilmiş DSX-nin ƏABİ-nin sənədindən görünür ki, iran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlunun dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat olmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və iş materiallarından görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azız oğlu məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Azız oğlunun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azız oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini səmimi etiraf etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azız oğlunun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs Azız oğluna cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasını təyin etməklə, qanuna müvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmədə müəyyən edildi ki, Dehghan X4 İslam Respublikası vətəndaşıdır, Azərbaycan Rüspublikasında yaşayış yeri yoxdur və onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması şamil edilməyən hallar mövcud deyildir. Odur ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməsi qanuni və əsaslıdır. İş materiallarına əsasən müəyyən edilir ki, 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azız oğlu inzibati qaydada saxlanılmış, 12 aprel 2023-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuş, 13 aprel 2023- cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azız oğlu Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azız oğlu azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azız oğluna məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat üçün 36 (otuz altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-42/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-42/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver