Məhkəmə qərarları › İş №1(020)-44/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-44/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-44/2023 26.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəşisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum edilməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Beyləqan rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığına gələrək Zərərçəkmiş şəxs evdən çıxdığını gördükdən sonra Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gələrək evin həyət qapısının açıq olduğunu görüb həmin qapıdan evin həyətinə qanunsuz daxil olmuş, evin giriş qapısı açıq olduğundan həmin qapıdan saxlanc yeri olan evə qanunsuz daxil olaraq evin yataq otağındakı saxlanc yeri kimi istifadə edilən paltar dolabında olan pul kisəsinin içərisindən 585 əyarlı, 3,46 qram çəkidə, 295 manat dəyərində bir ədəd klonlu qızıl boyunbağını və 585 əyarlı, 0,9 qram çəkidə, 180 manat dəyərində bir ədəd qızıl qolbağı götürüb evdən çıxdıqdan sonra həmin gün aparıb Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən qızıl alqı-satqısı mağazasında 246 manat pula sataraq əldə etdiyi qazancı şəxsi ehtiyaclarına sərf etmiş, beləliklə o, saxlanc yeri olan Zərərçəkmiş şəxs yaşadığı evdən cəmi 475 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Nətavən öz evində tək yaşadığından o, bəzən Nətavənın həyətində olan işlərdə ona köməklik etmişdir. Nətavən yaşadıqları Milabad qəsəbəsində yerləşən Cəbrayıl rayon 21 saylı məktəbdə müəllimə işləyir. O, 27 aprel 2023-cü il tarixdə, saat 13 radələrində öz evinin qarşısında dayanan zaman Nətavən yaşadığı evdən çıxaraq onunla salamlaşıb məktəbə getmişdir. Bundan sonra Nətavənın evində heç kimin olmadığını bilərək evə girmək qərarına gəlmişdir. Nətavənın həyətinə girmək istəyərkən həyətin qapısı açıq olmuş, həyət qapısıdan evin həyətyanı sahəsinə daxil olduqda evin giriş qapısının açıq olduğunu görüb Natəvanın yaşadığı evə daxil olmuşdur. Evə daxil olduqdan sonra digər otaqlar boş olduğu üçün birbaşa yataq otağına girmiş, həmin otaqda yerləşən dolabda pul kisəsi görmüşdür. Həmin pul kisəsini açdıqda içərisində bir ədəd qızıl klonlu boyunbağının və bir ədəd qızıl qolbağın olduğunu görüb onları götürmüş, bundan sonra dərhal evdən çıxmış, qızılları satmaq üçün Beyləqan şəhərinə getmişdir. Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən qızıl mağazalarından birinə girib qızılları satmaq istdəyini bildirmiş, qızıl mağazasında işləyən şəxs ondan qızılların ona məxsus olub-olmadığını soruşduqda o, qızılların öz ailəsinə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxs boyunbağı və qolbağın həqiqətən də qızıl olub-olmamasını və əyarını yoxladıqdan sonra qızılı götürüb ona 246 manat pul ödəmişdir. Bundan sonra o, həmin qızıl mağazasının yaxınlığında yerləşən telefon mağazasına gedib 160 manat dəyərində markasını və adını bilmədiyi ikinci əl telefon almış, 37 manata öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin balansını artırmış, 2,5 manata dönər alıb yemiş, 2 manata su, 10 manata saat almış, aldığı telefona 4 manata ekran qoruyucu çəkdirmiş, 4 manata isə yaddaş kartı almışdır. Bundan sonra o, 2 manatlıq taksi ilə yaşadığı Milabad qəsəbəsinə qayıtmış, qalan pulu isə öz üzərində saxlamışdır. O, yaşadığı evə qayıtdıqdan sonra, 27 aprel 2023-ci il tarixdə axşam saatlarında Beyləqan rayon polis şöbəsinin əməkdaşları onun oğurluq etməsini müəyyən etmiş və onu polis şöbəsinə dəvət edib gətirərək izahatını almışlar. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən Cəbrayıl rayon, 21 saylı ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyir, hər gün saat 13 radələrində yaşadığı evdən çıxıb işə gedir və saat 17 radələrində işdən çıxıb evinə geri qayıdır. 27 aprel 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı evdən çıxıb işə getmiş, əvvəllər heç vaxt oğurluq hadisəsi ilə rastlaşmadığı üçün işə gedərkən evin və həyətin qapısını kilidləməmişdir. O, küçəyə çıxan zaman qonşusu Məhəmmədi görmüşdür. Saat 17 radələrində işdən evə qayıdan zaman həyət qapısının açıq olduğunu görüb həyətə kiminsə daxil olduğunu düşünmüşdür. O, həyətə daxil olduqda evin qapısının da aralı olduğunu görüb evə daxil olmuşdur. O, evin yataq otağına daxil olduqda paltar dolabında içərisində qızıl-zinət əşyaları saxladığı pul kisəsini açıb yoxlamış, kisənin içərisinə qoyduğu 280 manat dəyərində bir ədəd klonlu qızıl boyunbağının və 180 manat dəyərində bir ədəd qızıl qolbağın orada olmadığını görmüş və oğurlandığını anlamışdır. O, dərhal Beyləqan rayon polis şöbəsinə gedib evindən oğurluq olması barədə ərizə yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 460 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində onun X4a məxsus qızıl mağazası vardır. O, bəzən boş vaxtlarında həmin mağazada atasına kömək edir. Həmçinin, mağazada Murad Azadlı satıcı kimi işləyir. X4 26 aprel 2023-cü il tarixdə Bakı şəhərinə getmiş, 27 aprel 2023-cü il tarixdə, saat 14 radələrində o, bekar olduğu üçün mağazaya getmiş, satıcı işləyən Murad işi olduğunu bildirərək bir neçə saatlıq getmişdir. Murad getdikdən sonra o, mağazada tək qalmış, mağazada olduğu vaxt bir nəfər özünü Məhəmməd adı ilə təqdim edən cavan oğlan mağazaya gələrək iki ədəd qızılının olduğunu və satmaq istədiyini bildirmişdir. O, həmin qızıllara baxaraq həqiqətən qızıl olub-olmadığını xüsusi vasitə ilə yoxladıqdan sonra qızılları ayrı-ayrılıqda tərəzidə çəkmiş, qolbağın çəkisi 0,9 qram, boyunbağının çəkisi isə 3,46 qram olmaqla ümumilikdə 4,35 qram olmuşdur. O, həmin şəxsə qızılın hər qramına 57 manat olmaqla cəmi 246 manat ödəmişdir. O, Məhəmməd adlı şəxsdən qızılların özünün olub-olmadığını, həmçinin, oğurluq olub-olmadığını soruşsa da Məhəmməd qızılların özünə məxsus olmasını, pula ehtiyacının olduğu üçün satmaq istədiyini bildirmişdir. Mağazada qızıl alan zaman qızılı aldıqları şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini də götürdükləri üçün Məhəmməddən şəxsiyyət vəsiqəsini istəmiş, lakin Məhəmməd şəxsiyyət vəsiqəsinin evdə qaldığını, bir-iki saata gətirəcəyini bildirmişdir. Məhəmməd getdikdən sonra o, qızılları götürüb seyfə qoymuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 27 aprel 2023-cü il tarixdə, saat 13 radələrindən 17 radələrindək olan müddət ərzində ona məxsus bir ədəd 280 manat dəyərində qızıl boyunbağının və bir ədəd 180 manat dəyərində qızıl qolbağın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə 27 aprel 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 27 aprel 2023-cü il tarixli protokola əsasən hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Baxış günün ikinci yarısında, süni işıqlandırma şəraitində aparılmışdır. Fərdi yaşayış evi həyətyanı sahənin içərisində yerləşir. Həyət darvazası yaşıl rəngli, dəmir materialdan hazırlanmışdır. Həyətə darvazadan daxil olduqda qarşıda fərdi yaşayış evi, sağ və sol tərəflərdə isə yardımçı tikililər vardır. Evin giriş hissəsində eyvan vardır. Evin giriş qapısı taxta materialdan hazırlanmış, sarı rəngdədir. Evə daxil olduqda qonaq otağı yerləşir. Qonaq otağının mərkəzində stol və stullar, sağ tərəfdə televizor, sol tərəfdə isə kreslo vardır. Qonaq otağının sağ hissəsində sağ və ön hissələrində yataq otaqları vardır. Oğurluq hadisəsinin baş verdiyi yer Zərərçəkmiş şəxs yataq otağıdır. Yataq otağına daxil olduqda qarşı tərəfdə yataq dəsti, otağın sağ ön hissəsində paltar şkafı vardır. Zərərçəkmiş şəxs özünə məxsus qızıl zinət əşyalarını paltar şkafının üst hissəsində yerləşən dolabdakı pul kisəsinə qoyduğunu, məktəbdən qayıtdıqdan sonra dolabı açıb baxarkən pul kisəsindəki qızıl-zinət əşyalarının oğurladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Baxış və götürmə haqqında” 27 aprel 2023-cü il tarixli protokola əsasən Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən X2 məxsus qızıl alışı mağazasına baxış aparılaraq Təqsirləndirilən şəxs oğurlayaraq həmin mağazaya satdığı Zərərçəkmiş şəxs məxsus bir ədəd klonlu qızıl boyunbağı və bir ədəd qızıl qolbaq aşkar edilərək götürülmüşdür. Klonlu qızıl boyunbağı elektron tərəzidə çəkilərək kütləsinin 3,46 qram, qızıl qolbağın kütləsinin 0,9 qram, cəmi 4,35 qram olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 iyun 2023-cü il tarixli 9/3503 saylı rəyindən görünür ki, 585 əyarlı, 3,46 qram çəkidə bir ədəd klonlu qızıl boyunbağının 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 295,0 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixli qərardan görünür ki, 585 əyarlı, 3,46 qram bir ədəd klonlu qızıl boyunbağı və 585 əyarlı, 0,9 qram bir ədəd qızıl qolbaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən 475 manat dəyərində əmlakını oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 06 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 04 may 2023-cü il tarixdən, 05 may 2013-cü il tarixədək saat 18:30 radələrinədək tutulmuş, 05 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilimiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə maddi sübut 585 əyarlı, 3,46 qram bir ədəd klonlu qızıl boyunbağı və 585 əyarlı, 0,9 qram bir ədəd qızıl qolbağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə muddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut 585 əyarlı, 3,46 qram bir ədəd klonlu qızıl boyunbağı və 585 əyarlı, 0,9 qram bir ədəd qızıl qolbağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 14 (on dörd) saat üçün 84 (səksən dörd) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar