Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-45/2023 03.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Füzuli rayonu, Dilağarda kəndində pasport qeydiyyatında olan və Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 16 mart 2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı Beyləqan şəhəri, M.ünvan 1 ünvanında yerləşən evinin qarşısına gələrək evin hasarına yaxınlaşmış, həmin hasarın üstündən keçib evin həyətinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan evin zirzəmisindən 100 manat dəyərində 01 ədəd 2019-cu il Yaponiya istehsalı, “Robin” markalı tikinti təyinatlı motoru, 400 manat dəyərində 01 ədəd 2012-ci il Koreya istehsalı, “Supermax” markalı kondisionerin mühərrikini götürüb hasarın üstündən bayıra çıxarmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 500 manat dəyərində əmlakı qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, 24 aprel 2023-cü il tarixdə, saat 21 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində piyada gəzən zaman Zərərçəkmiş şəxs1 “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb avtomobilin qapılarını açarla bağlamadığını gördükdən sonra həmin avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək, yəni qaçırmaq qərarına gəlib Zərərçəkmiş şəxs1 Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən "Spar" market adlı ərzaq mağazasına daxil olmasını gözləmiş, Zərərçəkmiş şəxs1 mağazaya daxil olduqdan sonra nəqliyyat vasitəsinə dair sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamə ilə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq istifadə etmək üçün icazəsi və idarə etmək üçün hüququ olmadığı halda sol ön qapını açmaqla avtomobilin salonuna daxil olduqdan sonra avtomobilin içərisində olan açarı ilə avtomobili işə salıb hərəkətə gətirərək Beyləqan rayonu ərazisindən hərəkət edərək Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna sürməklə nəqliyyat vasitəsinə dair sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamə ilə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş, yəni qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər Zərərçəkmiş şəxs2 tanımış, həmin şəxslə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Heç bir yerdə işləmədiyinə görə maddi vəziyyəti çox aşağıdır. 16 mart 2023-cü il tarixdə ona pul lazım olduğu üçün valideynlərinə yaxınlaşıb pul istəmiş, lakin valideynləri ona pul verməmişlər. Buna görə də o, əlacsız qalaraq oğurluq etmək qərarına gəlmiş, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 hərbidə işlədiyini, günlərlə evə gəlmədiyini və həyat yoldaşının evdə tək qaldığını bilmişdir. Buna görə də o, həmin evə gizlicə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Həmin gün günorta saatlarında o, Muradcanın yaşadığı evin ətrafında olan zaman Muradcanın evdən çıxıb işə getdiyini görmüş, bundan sonra Muradcanın evdə olmayacağını dəqiq bilmiş və oğurluq etmək üçün havanın qaralmasını gözləmişdir. Həmin gün saat 22 radələrində o, Muradcanın evinin hasarına yaxınlaşmış və hasarın üstündən həyətə daxil olmuşdur. O, həyətə daxil olduqdan sonra Muradcanın evinin altında olan zirzəmiyə daxil olmuş, zirzəminin içərisinə baxdıqda orada bir ədəd kondisioner motoru və bir ədəd tikintidə istifadə olunan mühərrik olduğunu görmüşdür. O, həmin əşyaları oğurlayıb satmaq və pul əldə etmək qərarına gəlmiş, o tikintidə istifadə olunan mühərriki və kondisionerin mühərriki oğurlayıb hasarın üstündən aşıraraq yaşadığı evin həyətinə aparmış və orada ailə üzvlərinin gözündən kənar yerdə gizlətmişdir. Səhəri gün o, oğurladığı əşyaları satmaq qərarına gəlmiş, qonşuluqda yaşayan İlhamın yaşadığı evə gedib çağırmış və satılıq kondisioner mühərriki olduğunu bildirmişdir. İlham ondan həmin mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuşdur. O, İlhama mühərrikin ona məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. İlham həmin mühərriki ancaq mis və dəmir kimi ala biləcəyini və hissələrə bölüb aparmasını ona bildirmişdir. O, evə gedib mühərriki bir neçə hissəyə bölmüş və İlhamın evinə aparmışdır. İlham dəmiri və misi çəkib 22 manat pul etdiyini bildirmişdir. O, razılaşmış və həmin mühərrikin hissələrini İlhama 22 manata satmışdır. Bundan sonra o, tikintidə istifadə olunan mühərriki Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Oqtay adlı şəxsə satmaq qərarına gəlmiş, qonşuluqda yaşayan və taksi işləyən Şahid2 yaşadığı evə gedib çağırmışdır. Anar qapıya çıxmış və o, bir ədəd mühərriki olduğunu, Oqtaya aparıb satmaq istədiyini, onu SMD-4 qəsəbəsinə aparmasını bildirmişdir. Anar mühərrikin oğurluq olub-olmadığını ondan soruşmuşdur. O, Anara mühərrikin oğurluq olmadığını bildirmişdir. Onlar birlikdə Anara məxsus avtomobil ilə onun yaşadığı evə getmiş və o, mühərriki götürüb Anarın maşınının yük yerinə qoymuşdur. Onlar mühərriki SMD-4 qəsəbəsində yaşayan Oqtayın yanına aparmışlar. Oqtaya yaxınlaşıb bir ədəd tikintidə istifadə olunan mühərriki olduğunu bildirib alıb-almadığını soruşmuşdur. Oqtay mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını ondan soruşmuş, o, Oqtaya mühərrikin ona məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Bundan sonra Oqtay mühərrikə baxmaq istədiyini bildirmişdir. O, mühərriki yük yerindən götürüb göstərmiş, Oqtay mühərrikə 15 manat pul verəcəyini bildirmiş, o, razılaşıb 15 manat pula mühərriki Oqtaya satmışdır. Anarın avtomobilinə əyləşib yaşadığı küçəyə getmişdir. O, avtomobildən düşərkən Anara 2 manat taksi pulu vermiş və Anar getmişdir. Səhəri gün işləmək üçün Bakı şəhərinə getmişdir. O, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslə aralarında ədavət və düşmənçilik olmamışdır. 24 aprel 2023-cü il tarixdə yaşadığı evdən çıxıb X4 küçəsi ərazisində yerləşən “Spar Market”in qarşısına getmiş, marketin qarşısına gələn zaman təxminən 10 metr irəlidə bir nəfər şəxsin “Opel Astra” markalı avtomobilən düşdüyünü və qapılarını açarla bağlamadan avtomobildən kənarlaşdığını görmüşdür. Həmin şəxsin avtomobildən uzaqlaşmasını gözləmiş və həmin şəxs “Spar Marketə” daxil olmuşdur. Marketin içərisinə boylanıb ona kiminsə baxıb-baxmadığını dəqiqləşdirmiş və həmin “Opel Astra” markalı avtomobilə tərəf getmiş, avtomobilə çatdıqda içərisində heç kimin olmadığını və qapılarının açıq vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt o, həmin avtomobili qaçırmaq və Qusar rayonunda yaşayan keçmiş həyat yoldaşının yanına getmək qərarına gəlmişdir. Təxminən 1 dəqiqə avtomobilin yanında dayanıb ətrafdan kiminsə gəlib-gəlmədiyinə baxmışdır. O, kiminsə gəlmədiyinə əmin olduqdan sonra avtomobilə əyləşmiş, sonra açarların avtomobilin içərisində olduğunu görüb açarla mühərriki işə salıb sürməyə başlamışdır. Avtomobili idarə edərək Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsinə sürmüş və oradan arxa yollarla Kəbirli yoluna çıxmışdır. Sonra o, avtomobillə Beyləqan rayonu, Görüş deyilən əraziyə gəlmiş və oradan Bakı şəhərinə gedən yol ilə hərəkət etməyə başlamışdır. Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yoluna çıxıb Bakı şəhəri istiqamətində hərəkət etmişdir. İmişli rayonunun ərazisində hərəkətdə olan zaman arxadan bir yolpatrul xidməti avtomobili ona yaxınlaşıb saxla əmri vermişdir. Bu zaman o, avtomobili saxlamamış və sürəti artırıb hərəkətinə davam etmişdir. Həmin yol-patrul xidməti avtomobili təxminən 15-20 kilometr onun arxasınca gəlmiş, magistral yolda hərəkətdə olan zaman qarşıdan gələn bir yol patrul xidməti avtomobili də ona saxla əmri vermişdir. O, artıq qaçmağın mənasız olduğunu görmüş və avtomobili yolun sağına çəkib saxlamışdır. O, avtomobildən aşağı düşmüş, yol patrul xidməti əməkdaşı ona yaxınlaşıb onu yol patrul xidməti avtomobili ilə İmişli rayon polis şöbəsinə aparmışdır. Bir neçə dəqiqə sonra Beyləqan rayon polis şöbəsinin əməkdaşları gəlib onu Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs2 yaşadığı evin zirzəmisində olan əşyaları 16 mart 2023-ci il tarixdə, saat 22 radələrində pula ehtiyacı olduğu üçün qazanc əldə etmək məqsədilə tək oğurlamışdır. O, əvvəllər oğurluq etmiş və məhkum olunmuşdur. “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda məqsədi həmin avtomobillə Qusar rayonuna getmək olmuşdur. O, Qusar rayonuna getdikdən sonra avtomobili sahibsiz buraxıb çıxıb getməyi planlaşdırmış, həmin avtomobili qaçırarkən gəlir əldə etmək məqsədi olmamışdır. Hazırda zərərçəkmişlərlə barışmışdır, zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı ödəmişdir, göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərdi ki, onun özünə məxsus 2004-cü ildə Almaniyada istehsal olunmuş, açıq boz rəngli, mühərrikinin həcmi 1364 kubmetr olan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ona məxsus olsa da o, avtomobili öz adına rəsmiləşdirməmiş və nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə əsasında idarə etmişdir. 24 aprel 2023-cü il tarixdə, saat 21 radələrində o, özünə məxsus “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, X4 küçəsində yerləşən "Spar Market” adlı ərzaq mağazasına getmiş, mağazanın qarşısından bir neçə metr keçib irəlidə avtomobili saxlamış və avtomobildən düşüb çörək almaq üçün mağazaya getmişdir. O, qısa müddətdə marketə girib qayıdacağını düşündüyü üçün avtomobilin açarlarını özü ilə götürməmiş və açarlar avtomobildə qalmışdır. O, marketə daxil olduqdan sonra bir neçə dəqiqə ərzaqlara baxmış və mağazaya daxil olduğu vaxtdan təxminən 10 dəqiqə sonra mağazadan çıxmışdır. O, mağazadan çıxıb avtomobilinə tərəf gedən zaman qəfildən avtomobil içərisində olan naməlum şəxs və ya şəxslər tərəfindən hərəkətə gətirilmişdir. O, avtomobilinə tərəf qaçmış, lakin naməlum şəxs və ya şəxslər avtomobilini qaçırmışlar. Buna görə də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək naməlum şəxs və ya şəxslər tərəfindən avtomobilin qaçırılması barədə məlumat vermişdir. Bundan bir neçə saat sonra polis əməkdaşları ona məxsus avtomobilin Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını müəyyən etmiş və Turalı avtomobillə birlikdə saxlayaraq Beyləqan rayon polis şöbəsinə gətirmişlər. 25 aprel 2023-cü il tarixdə ona məxsus “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil saz, işlək və zərər görməmiş vəziyyətdə ona təhvil verilmişdir. Avtomobil qaçırılan zaman içərisində dəyərli əşya olmamışdır. Avtomobil ona qaytarılan zaman bütün əşyalar yerində olmuş, bir əşya oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatdadır,, təxminən 3 ildir ki Beyləqan şəhəri, Füzuli küçəsi ev 13-də kirayədə yaşayır. Yaşadığı evin alt hissəsində zirzəmi vardır. O, gündəlik istifadə edilməyən müxtəlif ev əşyalarını həmin zirzəmidə saxlayır. Onun özünə məxsus tikintidə istifadə olunan mühərriki vardır. Bundan başqa o evdə olan kondisioneri söküb mühərrik hissəsini çıxartmış və həmin tikintidə istifadə olunan mühərriklə kondisionerin mühərrik hissəsini zirzəmidə saxlamışdır. 10 mart 2023-cü il tarixdə evdə iş görən zaman həmin tikintidə istifadə olunan mühərriklə kondisionerin mühərrik hissəsi zirzəmidə olmuşdur. Həmin tarixdən 24 marta qədər o, zirzəmiyə daxil olmamışdır. 24 mart 2023-cü il tarixdə, saat 13 radələrində o, əşya götürmək üçün zirzəmiyə daxil olmuş, orada olan tikintidə istifadə olunan mühərriklə kondisionerin mühərrik hissəsinin zirzəmidə olmadığını görmüşdür. O, əvvəlcə həmin əşyaları başqa yerə qoyduğunu düşünmüş, həyat yoldaşından da tikinti təyinatlı mühərriklə kondisionerin mühərrikinin yerini soruşmuş, lakin həyat yoldaşı həmin əşyaların harada olduğunu bilmədiyini demişdir. Bundan sonra o həmin əşyaları yenə axtarsa da tapa bilmədiyindən oğurlandığını anlamış və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Yaşadığı evin həyəti daş hasarla əhatələnmiş, evin zirzəmisindən 100 manat dəyərində bir ədəd 2019-cu il Yaponiya istehsalı, “Robin” markalı tikinti təyinatlı mühərrik və bir ədəd 2012-ci il Koreya istehsalı, 60 kvadratmetrlik “Supermax” markalı kondisionerin mühərriki oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 500 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, 500 manat maddi ziyan ödənmişdir, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun özünə məxsus “Chevrolet Aveo” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 17 mart 2023-cü il tarixdə, saat 17 radələrində o, yaşadığı evdə olan zaman çöldən kiminsə onu çağırdığını eşitmiş, çölə çıxan zaman qonşusu Turalın onu çağırdığını görmüşdür. O, Turalla salamlaşdıqdan sonra Tural yaşadığı evdə bir ədəd mühərriki olduğunu, onu SMD-4 qəsəbəsində yaşayan Oqtay adlı şəxsə aparıb satmaq istədiyini bildirərək taksi kimi onu avtomobili ilə SMD-4 qəsəbəsinə aparmasını ondan xahiş etmişdir. O, Turaldan mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Tural mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını ona bildirmişdir. O, Turala inanmış və birlikdə Turalın yaşadığı evin qarşısına getmişdir. Tural evə gedərək həyətdən bir ədəd mühərrik götürüb gəlmiş və o, yük yerini açıb mühərriki oraya qoymuş, birlikdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Oqtay adlı şəxsin yanına getmişlər. Oqtayın yanına çatanda Tural avtomobildən düşüb Oqtayın yanına getmiş və satılıq mühərriki olduğunu bildirmişdir. Oqtay Turaldan mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Tural mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Oqtay mühərrikə baxmaq istədiyini bildirmiş və Tural onunla birgə qayıdıb yük yerindən mühərriki götürmüşdür. Oqtay mühərrikə 15 manat verə biləcəyini söyləmiş, Tural da razılaşmış və Oqtaydan 15 manat pul alaraq mühərriki vermişdir. Sonra Tural yenidən onun avtomobilə əyləşib onu yaşadığı evə aparmağını bildirmişdir. O, Turalı yaşadığı evə aparmış və Tural yol haqqı kimi ona 2 manat pul verib avtomobildən düşüb getmişdir. Təqsirləndirilən şəxs satmağa apardığı mühərrikin oğurluq olduğundan məlumatı olmamışdır. O, Turaldan mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Tural mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxs mühərriki satmağa aparan zaman tək olmuşdur. Oqtay Təqsirləndirilən şəxs mühərriki alan zaman oğurluq olduğundan məlumatı olmamışdır. Oqtay Turaldan mühərrikin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşduqda Tural mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun qonşusudur, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, metal alışı və satışı ilə məşğul olur. 17 mart 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı evdə olarkən Tural onu bayıra çığırmış və yaşadığı evdə bir ədəd kondisioner mühərrikinin olduğunu və satmaq istədiyini bildirmişdir. O, Turaldan kondisioner mühərrikinin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşduqda Tural ona mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Turala mühərrikin özünün bütövlükdə ona lazım olmadığını, mis və dəmir kimi ala biləcəyini deyərək həmin mühərriki mis və dəmir hissələrə bölüb gətirməsini söyləmişdir. Tural onun razılaşmış və çıxıb getmişdir. Təxminən 1 saat sonra Tural yenidən gəlib onu çağırmış, o, həyətə çıxdıqda Turalın mis və dəmir gətirdiyini görmüşdür. O, həmin əşyaları tərəzidə çəkmiş və Turala 22 manat pul vermişdir. Bundan sonra Tural çıxıb getmişdir. Təqsirləndirilən şəxs satdığı kondisioner mühərrikinin mis və dəmir hissələrini alan zaman onların oğurluq olduğunu bilməmişdir. Tural onun yaşadığı evə gələrkən yanında başqa heç kəs olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O elektrik avadanlıqlarının təmiri ilə məşğul olur və öz evinin qapısında iş görür. Bundan başqa o, ucuz qiymətə elektrik avadanlıqları da alır. 17 mart 2023-cü il tarixdə, saat 17 radələrində həyətdə iş görərkən bir ədəd “Chevrolet” markalı avtomobil gəlib dayanmış, həmin avtomobildən qabaq sərnişin oturacağından bir nəfər şəxs düşüb ona yaxınlaşmışdır. Həmin şəxs adının Tural olduğunu, bir ədəd motoru olduğunu və satmaq istədiyini bildirmişdir. O, Turalı tanımadığı üçün motorun kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Tural ona mühərrikin özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, həmin şəxsə mühərrikə baxmaq istədiyini bildirmiş və birlikdə avtomobilə tərəf getmişdir. Tural avtomobilin yük yerini açıb mühərriki götürmüş və ona göstərmişdir. Mühərrikə baxdıqdan sonra 15 manat pul verə biləcəyini bildirmişdir. Tural onunla razılaşdıqdan sonra Turala 15 manat pul verib mühərriki almışdır. Sonra həmin şəxslər avtomobilə əyləşib çıxıb getmişlər. O, Təqsirləndirilən şəxs satdığı mühərrikin oğurluq olduğunu bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 2019-cu ildən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayının 12-ci taqımının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 92-112-ci kilometrliyində xidmətə çıxır. 24 aprel 2023-cü il tarixdə, saat 22 radələrində “BMV” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunda Bəhrəmtəpə istiqamətində xidmətdə olan zaman “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması və hazırda Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunda Hacıqabul istiqamətində hərəkətdə olduğu barədə məlumat daxil olmuş və həmin avtomobilin saxlanılması göstərişi verilmişdir. O, Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan zaman qeyd olunan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına gəldiyi zaman onu saxlamaq üçün avtomobili idarə etməyə davam etmişdir. Bu zaman Mercedes Benz markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olan YPX inspektoru Şahid4 efirdə “Opel Astra markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində Hacıqabul istiqamətində hərəkətdə olduğunu və onun saxlanılması üçün kömək lazım olduğunu bildirmişdir. Təxminən 10 kilometr sonra həmin avtomobilin əks istiqamətdən ona tərəf gəldiyini görmüşdür. O, xidmətə çıxdığı BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini təqribən əks hərəkət zolağına çıxararaq qaçırılmış “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla göstərişi vermişdir. Həmin avtomobili idarə edən şəxs avtomobili saxlamışdır. O, və digər yol-patrul xidməti avtomobilini idarə edən YPX inspektoru Şahid4 dərhal avtomobildən düşüb qaçırılmış avtomobilə yaxınlaşmış və sürücünü avtomobildən düşürmüşlər. Onlar həmin şəxsin Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Bundan sonra Təyyar qaçırılmış avtomobili idarə edərək avtomobili qaçırmış Təqsirləndirilən şəxs ilə birlikdə İmişli rayon polis şöbəsinin duracağına aparmış, o, də xidmət etdiyi avtomobillə polis şöbəsinə getmişdir. Bundan sonra Təyyar avtomobili təhvil verməyi barədə akt tərtib etmişdir. sonra mən xidmətimə davam etdim. İş üzrə Şahid4 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqrama göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayının 12-ci taqımının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, “Mercedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 92-112-ci kilometrliyində xidmətə çıxır. 24 aprel 2023-cü il tarixdə, saat 22 radələrində o, “Mercedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunda Hacıqabul istiqamətində xidmətdə olan zaman “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması və hazırda Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunda Hacıqabul istiqamətində hərəkətdə olduğu barədə məlumat daxil olmuş və həmin avtomobilin saxlanılması göstərişi verilmişdir. O, Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan zaman qeyd olunan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan gəlib onu ötmüş, o, dərhal arxadan həmin avtomobilə yaxınlaşıb saxlaması barədə göstəriş vermişdir. Lakin həmin avtomobili idarə edən şəxs göstərişə tabe olmayaraq avtomobili idarə etməyə davam etmişdir. Buna görə də o, həmin avtomobilin arxasınca hərəkət edib təqib etməyə başlamış, efirdə “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində Hacıqabul istiqamətində hərəkətdə olduğunu və saxlanılması üçün kömək lazım olduğunu bildirmişdir. Təxminən 10 kilometr həmin avtomobilin arxasınca getdikdən sonra qarşıdan “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili gəlmiş və həmin avtomobildən də “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla göstərişi verilmişdir. Bu zaman həmin avtomobili idarə edən şəxs avtomobili saxlamışdır. O və digər yolpatrul xidməti avtomobilini idarə edən inspektor Şahid3 dərhal avtomobildən düşüb qaçırılmış avtomobilə yaxınlaşmış və sürücünü avtomobildən aşağı düşürmüşlər. Onlar həmin şəxsin Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. O, avtomobili idarə edərək avtomobili qaçırmış Təqsirləndirilən şəxs ilə birlikdə İmişli rayon polis şöbəsinin duracağına təhvil vermiş, bundan sonra avtomobili təhvil verməsi barədə akt tərtib etmiş və xidmətə davam etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, RTS qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 24 aprel 2023-cü il tarixdə, saat 21 radələrində Beyləqan şəhəri, X4 küçəsində yerləşən “Spar Market” adlı mağazanın qarşısından ona məxsus olan “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılması barədə 24 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə etdiyi müraciət və Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş 16 may 2023-ci il tarixli qərardan görünür ki, “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Robin” markalı tikinti təyinatlı motor cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş, cinayət işinin icraatına xitam verilməsi haqqında 20 iyun 2020-ci il tarixli qərardan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X2 etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, **-XF-*** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan qaçırması faktına görə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası qüvvədə olan CM-nin 73-1.1-ci və Azərbaycan Respublikası CPM-nin 40-cı maddələrinə əsasən cinayət məsuliyyətindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, cinayət qanunvericiliyinin tələbinə görə, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 100 manat dəyərində 01 ədəd 2019-cu il Yaponiya istehsalı, “Robin” markalı tikinti təyinatlı motoru, 400 manat dəyərində 01 ədəd 2012-ci il Koreya istehsalı, “Supermax” markalı kondisionerin mühərrikini oğurlamaqla Zərərçəkmiş şəxs2 500 manat dəyərində əmlakı qəsdən oğurlayaraq, yəni özgənin əmlakını gizli olaraq talaması və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Opel Astra” markalı, **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməsi yəni qaçırması kifayət qədər sübut olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin hərəkətləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” İş materiallarına əlavə edilmiş 230 nömrəli HH-nin Nevrologiya Bölməsinin 5308 №-li Xəstəlik tarixinin Çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, hərbi xidmət dövründə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması,. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almasını və yuxarıda göstərilən cəzanə yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 və “Robin” markalı tikinti təyinatlı motorun zəfrərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, Beyləqan rayon məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 05 may 2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İşdə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi və Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 185.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddətin hər bir günü iki gün müddətinə bərabər tutularaq 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 2(iki) il 4(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut “Opel Astra” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 və “Robin” markalı tikinti təyinatlı motorun zəfrərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə isə 15 (on beş) saat üçün 90(doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-45/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-45/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver