Məhkəmə qərarları › İş №1(020)-46/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-46/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-46/2024 25.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri- Zərərçəkmiş şəxs1 və X4, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Beyləqan rayonu Yuxarı Çəmənli kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106, mənzil 75-də qeydiyyatda olmaqla Beyləqan rayonu Yuxarı Çəmənli kəndində yaşayan, 20 iyun 2024-cü il tarixli qərarımla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2, 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən Beyləqan rayon Mil qəsəbə Bələdiyyəsinin mülkiyyətində olan 28 kvadratmetr torpaq sahəsini özbaşına tutaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan, gərginliyi 1000 voltdan çox olan 10 kV-luq “Nasos-2” hava xəttinin qoruq-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin üzərində tikinti materiallarının yığılması və saxlanılması məqsədilə mişar daşından bir mərtəbəli tikili tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan 10 kV-luq “Nasos-2” hava xəttinin qoruqmühafizə zonasında yerləşən Beyləqan rayon Mil qəsəbə Bələdiyyəsinin mülkiyyətində olan 28 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən özünə məxsus tikinti materialları mağazası vardır. Həmin mağaza ümumilikdə 300 kvadratmetr ərazini əhatə edir və həmin tikintiyə dair onun rəsmi sənədi, yəni çıxarışı vardır. Həmin mağazanın qarşısında bir neçə ədəd dəmir boru yerləşdirmişdir. Lakin həmin ərazi Mil qəsəbə bələdiyyəsinin mülkiyyətində olduğu üçün orada hər hansı tikili inşa etməmişdir. Lakin bir neçə müddət öncə həmin borular çürüdüyü üçün o, boruları sökmüşdür. Onun mağazada olan taxta materialları yağışın altında qalaraq islanmış və yararsız hala düşmüşdür. Buna görə də o, taxta materiallarının islanmaması üçün 2021-ci ilin fevral ayının əvvəllərində mağazanın qarşısında Mil qəsəbə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində mişar daşından tikili inşa etdirmək qərarına gəlmişdir. Tikinti köhnə tikinti olmuşdur. Tikdirdiyi tikinti xəttdən aralıda yerləşir, həmin əraziyə dair sənədləri olmasa da, tikintini qurtardıqdan sonra ərazini sənədləşdirəcəyini düşünmüş, bu barədə Mil bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. O, sadəcə çürümüş boruların yerində tumba hördürmüşdür.Tikilini tikib qurtardıqdan sonra o, özünə məxsus taxta materiallarını tikilinin içərisində saxlamışdır. 07 yanvar 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları mağazasına gəlmiş, həmin vaxt o, mağazada olmadığından onu mağazaya çağırmışlar. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları onun Mil qəsəbə bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa etdirdiyi tikintiyə dair akt tərtib etmişlər və bundan sonra onun bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt edib tikinti işləri aparmağı barədə şikayət etmişlər. Onun tikinti işləri apardığı torpaq sahəsi Beyləqan rayon Mil qəsəbə bələdiyyəsinin mülkiyyətindədir və uzunluğu 7 metr, eni 4 metr olmaqla 28 kvadratmetr ərazini əhatə edir. Vətən müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr ayından Beyləqan rayon Mil Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onların aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Beyləqan rayonu Mil qəsəbəsi ərazisində 300 kvadratmetr ərazini əhatə edən tikinti materialları mağazası vardır. Hazırda da Səbuhi həmin tikinti materialları mağazasını işlədir. Təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs həmin mağazanın qarşısında mişar daşından tikili inşa etmiş və mağazada olan taxta materiallarını orada saxlamağa başlamışdır. 07 yanvar 2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Əyyublu X5 rayon Mil qəsəbəsi ərazisində yerləşən torpaqların monitorinqini keçirmişlər. Həmin vaxt o da monitorinqdə iştirak etmişdir. Monitorinq zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan tikinti materialları mağazasının qarşısında inşa etdirdiyi ümumi sahəsi 28 kvadratmetr olan tikilinin koordinatları yoxlanılmışdır. Həmin vaxt tikilinin X-730491, Y-4390777 koordinatlarda yerləşdiyi və tikilinin yerləşdiyi torpaq sahəsinin Beyləqan rayon Mil bələdiyyəsinin mülkiyyətində olduğu məlum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş icarə, istifadə və mülkiyyət hüquqları olmadan Beyləqan rayon Mil bələdiyyəsinin mülkiyyətində olan 28 kvadratmetr torpaq sahəsində tikinti işləri aparması barədə akt tərtib edilmiş və o da həmin aktı imzalamışdır. Təqsirləndirilən şəxs tikinti işləri apardığı X-730491, Y-4390777 koordinatlarda yerləşən 28 kvadratmetr torpaq sahəsi Beyləqan rayon Mil bələdiyyəsinin mülkiyyətindədir və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş icarə, istifadə və mülkiyyət hüquqları olmadan həmin torpaq sahəsini zəbt edərək tikinti işləri aparmışdır. Hal-hazırda da həmin tikili Təqsirləndirilən şəxs istifadəsindədir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidətində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi Beyləqan rayon Mil Bələdiyyəsinə məxsusdur və Beyləqan rayon Mil Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs heç bir hüquqi sənəd verilməmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilmədini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi X7 ifadəsində göstdi ki, Azərişıq ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin aparıcı hüquqşünası vəzifəsində işləyir. Beyləqan rayonu, Yuxarı Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən Beyləqan rayonu, Mil bələdiyyəsinin mülkiyyətində olan 28 kvadrat metr torpaq sahəsində olan mişar daşından inşa edilmiş qeyri-yaşayış obyekti 110/35/10 kV-luq “Daşburun” yarımstansiyasından çıxan 10 kV-luq “Nasos-2” hava xəttinin 5.0 metr məsafəsində olmaqla qoruq-mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1 -ci maddəsinə əsasən gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs aparmış olduğu tikinti işləri gərginliyi 1000 voltdan çox olan elektirk şəbəkəsinin qoruq-mühafizə zonasındadır. Təqsirləndirilən şəxs həmin ərazidə tikinti işləri aparmasına Azərişıq ASC-nin X9 Təchizatı və Satışı İdarəsi tərəfindən heç bir icazə verilməmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilmədini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 07 yanvar 2024-cü il tarixdə o, Beyləqan ərazi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışan Şahid3, şöbənin aparıcı məsləhətçisi vəzifəsində çalışan Şahid4 ilə birlikdə torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə monitorinq və araşdırmalar aparan zaman Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil yolunun sol tərəfində mövcud qeyri-yaşayış obyektinə bitişik yaşayış məntəqələrinin torpaqları təyinatlı, digər uqodiyalı bələdiyyə mülkiyyətində olan təxminən 28 kvadratmetr torpaq sahəsində qeyri-yaşayış binasının inşa edilməsi faktını aşkar etmişlər. Araşdırma zamanı qeyd olunan tikinti işlərinin Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən müvafiq qurumların icazə sənədləri, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqları olmadan aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs tikinti işlərinin onun tərəfindən aparılmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs baxış barədə tərtib etdikləri aktın tərtibatında iştirak etməkdən, aktla tanış olmaqdan və akta imza etməkdən imtina etmişdir. Qeyd olunan tikinti heç bir hüquqi sənəd olmadan Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən inşa etdirilmişdir və hal-hazırda da Təqsirləndirilən şəxs istifadəsindədir. Təqsirləndirilən şəxs tikinti işləri apardığı torpaq sahəsi Beyləqan rayon Mil bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs tikdiyi tikilinin uzunluğu 7 metr, eni 4 metr olmaqla ümumi sahəsi 28 kvadratmetrdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavininin Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində heç bir hüquqi sənədi olmadan Beyləqan rayon Mil bələdiyyəsinə məxsus 28 kvadratmetr ərazidə torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri aparması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazdığı 12 yanvar 2024-cü il tarixli müraciət əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən qeyri-yaşayış obyekti Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşməklə 28 kvadratmetr torpaq sahəsini əhatə edir. Ticarət obyektinin uzunluğu 7 metr, eni isə 4 metrdir. Tikili mişar daşından inşa edilmişdir, üzəri şiferlə örtülmüşdür. İş materiallarına əlavə edilmiş həmin tikilinin fotoşəkillərindən görünür ki, həmin tikili yeni tikilidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsindən rayon polis şöbəsinə daxil olmuş xx.xx.2024-ci il tarixli 3-21-3-45/2- 2383/2024 saylı məktubdan görünür ki, Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən koordinatları təqdim olunmuş torpaq sahəsi X1 X2 yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası şərti yararsız, alt kateqoriyası isə ümumi istifadədə olan torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Mil Bələdiyyəsinin 31 yanvar 2024-cü il tarixli 11 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mil qəsəbə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ticarət obyektinin qarşısında əlavə olaraq tikdirdiyi 28 kvadratmetr ticarət obyektinin altındakı torpaq sahəsi Mil bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X9 Təchizatı və Satışı İdarəsinin 13 may 2024-cü il tarixli 01-01/190 nömrəli cavab məktubuna əsasən Beyləqan rayonu, Mil qəsəbəsində Təqsirləndirilən şəxs inşa etdiyi qeyri-yaşayış obyekti 110/35/10 kV-luq “Daşburun” yarımstansiyasından çıxan 10 kV-luq “Nasos-2” hava xəttinin qoruq-mühafizə zonasında yerləşir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən Beyləqan rayon Mil qəsəbə Bələdiyyəsinin mülkiyyətində olan 28 kvadratmetr torpaq sahəsini özbaşına tutaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan, gərginliyi 1000 voltdan çox olan 10 kV-luq “Nasos-2” hava xəttinin qoruq-mühafizə zonasında yerləşən həmin torpaq sahəsinin üzərində tikinti materiallarının yığılması və saxlanılması məqsədilə mişar daşından bir mərtəbəli tikili tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan 10 kV-luq “Nasos-2” hava xəttinin qoruq-mühafizə zonasında yerləşən Beyləqan rayon Mil qəsəbə Bələdiyyəsinin mülkiyyətində olan 28 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2 və 222-2.1-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağayev X3 rayonu, Yuxarı Çəmənli kəndində yaşayır və himayəsində 3 azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 20 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş medallardan görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş əlillik hqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin nümayəndələrinin ondan heç bir şikayət və tələblərinin olmamasını, barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, İİİ qrup əlil olmasını, Vətən müharibəsi iştirakçısı olmasınını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə azadlığın məhdudulaşdırılması, CM-nin 222-2.1-ci maddəsi ilə işlah işləri növündə cəzanın təyin edilməsi, CMnin 68.3.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın hər iki gününün bir gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaqla ona azadlığın məhdudlaşması cəzasının təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2 və 222-2.1-ci maddəllərində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 222-2.1-ci maddəsi ilə aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən ona təyin edilən aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasının hər iki günü bir gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, cəmi 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona CM-nin 188.2-ci maddəsi ilə təyin edilən 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat üçün 54 (əlli dörd) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar