Məhkəmə qərarları › İş №1(020)-50/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-50/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-50/2024 05.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan,Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkumluğu olan (Beyləqan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə “ 8 Noyabr- Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli qərarının 4-cü bəndinə əsasən onun çəkilməmiş cəzası altı ayı azadılmış və 09 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsi, ev 75-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 07 may 2024-cü il tarixdə, saat 19 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən tanışı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə etdiyi zənglər Zərərçəkmiş şəxs telefonuna çatmadığı üçün həmin gün saat 20:07-də Zərərçəkmiş şəxs yaşadığı Beyləqan şəhəri, Şitilçilik-Bağ massivi, N.Xəzri küçəsində yerləşən nömrələnməmiş fərdi yaşayış evinin yanına gələrək həyət darvazasına yaxınlaşmadan hasarın üstünə çıxıb oradan tullanaraq həyətə qanunsuz daxil olduqdan sonra Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan və Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə müəyyən olunmuş mənzil toxunulmazlığı hüququnu qəsdən pozaraq, Zərərçəkmiş şəxs yaşadığı evin açıq vəziyyətdə olan giriş qapısından həmin mənzildə yaşayan ev sahibi Zərərçəkmiş şəxs iradəsi ziddinə onun yaşadığı mənzilə qəsdən daxil olmuş və mənzildə Zərərçəkmiş şəxs ilə bir qədər mübahisə etdikdən sonra sonuncunun tələbi ilə mənzili tərk edərək getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 157.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 8 ildir ki, tanıyır, Aytənlə əvvəllər aralarında hər hansı mübahisə, münaqişə, ədavət və ya düşmənçilik olmamışdır. Aytəni təxminən 2016-cı ildən tanıyır. Onlar arasında münasibət olmuşdur. O, 07 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun telefonlarına cavab vermədiyi üçün yaşadığı Beyləqan şəhəri, Şitilçilik-Bağ massivi, N.Xəzri küçəsində yerləşən nömrələnməmiş fərdi yaşayış evinin yanına gələrək həyət darvazasına yaxınlaşmadan hasarın üstünə çıxıb oradan tullanaraq həyətə qanunsuz daxil olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmışdır. Həmçinin, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı Şahid1 və oğlu X5 birlikdə Beyləqan şəhəri, Şitilçilik-Bağ massivi, N.Xəzri küçəsində yaşayır. O, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı Beyləqan şəhəri, Şitilçilik-Bağ massivi, N.Xəzri küçəsində yerləşən nömrələnməmiş fərdi yaşayış evinin yanına gələrək həyət darvazasına yaxınlaşmadan hasarın üstünə çıxıb oradan tullanaraq həyətə qanunsuz daxil olmuşdur. Əlavə olaraq məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və ibtidai istintaqın aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iradəsi ziddinə onun yaşadığı evə daxil olunması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işinə ********* nömrəsi verilmişdir. 18 may 2024-cü il tarixli “Hadisə yerinin əlavə baxışının aparılması” haqqında protokoldan görünür ki, hadisə yeri Beyləqan şəhəri, Şitilçilik-Bağ massivi, N.Xəzri küçəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyətyanı sahəsi giriş hissədən 1.8 metr hündürlüyündə mişar daşından tikilmiş divarla hasarlanmışdır. Həyətə giriş qara rəngli, üzərində müxtəlif naxışlar olan, iki taylı metal darvazadandır. Giriş darvazasının qarşısı asfalt-beton səthdən ibarətdir. Darvaza ilə üzbəüz dayandıqda sağ tərəfdə açıq boz rəngli, metal materialdan olan işıq dirəyi vardır. Həmin işıq dirəyinin yuxarı hissəsinə bir ədəd elektrik lampası və ağ rəngli təhlükəsizlik kamerası quraşdırılmışdır. İşıq dirəyinin yanında bir ədəd paslanmış metal boru, həmin borunun yerə bərkidilmiş hissəsində isə şaquli istiqamətdə krem rəngli qaz borusu varıdır. Həyətə daxil olmaq üçün darvaza ilə üzbəüz istiqamətdə dayandıqda darvazanın sağ tayında olan qapıdan istifadə olunur. Darvazanın üst hissəsində taxta materialdan olub beş hissədən ibarət konstruksiya vardır. Həmin konstruksiya üzərindən- havadan biri boz rəngli işıq dirəyinə bərkidilmiş ümumilikdə iki ədəd elektrik naqili keçir. Fərdi yaşayış evinin həyətyanı sahəsi əsasən torpaq səthdən ibarətdir, bəzi yerlərə çınqıl tökülmüşdür. Həyətyanı sahənin ortasında mişar daşından inşa edilmiş, üz tərəfi suvanmamış, birmərtəbəli fərdi yaşayış evi yerləşir. Giriş darvazasından fərdi yaşayış evinin giriş qapısına qədər olan məsafə 17 metrdir. Fərdi yaşayış evinin dam örtüyü dəmir materialdan olan şiferlə örtülmüşdür. Fərdi yaşayış evi ilə üzbəüz dayandıqda iki ədəd qara rəngli dəmir materialdan olan barmaqlıqlarla əhatə olunmuş ağ rəngli plastik pəncərə və həmin pəncərələrin ortasında divardan asılmış kondisionerin mühərriki vardır. Sol tərəfdəki pəncərənin yaxınlığında iki ədəd böyük ölçülü, bir ədəd kiçik ölçülü stul və üzərində bir ədəd çaynik, bir ədəd qənd qabı və bir ədəd stəkan olan stol vardır. Fərdi yaşayış evinin giriş qapısının qarşısında ev quşlarının saxlanması üçün nəzərdə tutulmuş yerlər vardır. Giriş qapısı ilə üzbəüz dayandıqda sol tərəfdə yardımçı tikililər, müxtəlif ağac və bitkilər, su çənləri o cümlədən təsərrüfat təyinatlı əşyalar vardır. Fərdi yaşayış evinə tünd yaşıl rəngli, metal materialdan olan qapı vasitəsi ilə daxil olunur. Qapının uzunluğu 2 metr, eni isə 97 sm-dir. Həmin qapıdan evin mətbəx kimi istifadə olunan otağına daxil olunur. Otağın eni 4 metr, uzunluğu isə 6 metrdir. Otaq daşlı- torpaq səthdən ibarətdir. Otağa daxil olduqda sol tərəfdə ağ rəngli soyuducu, üç ədəd stol, stolun birinin üzərində içərisi su ilə dolu iki ədəd plastik materialdan olan su qabı, digər stolun üzərində tünd qəhvəyi rəngli qaz sobası, üçüncü stolun üzərində isə qab-qacaq, dəm çayniki və digər məişət təyinatlı əşyalar vardır. Baxışın aparılmasında iştirak edən Zərərçəkmiş şəxs 07 may 2024-cü il tarixdə, saat 20 radələrində həmin otaqda yemək hazırlayarkən Təqsirləndirilən şəxs giriş qapısından evə daxil olduğunu və onunla üzbəüz dayandığını gördüyünü, Muradın onun yaşadığı evə gələcəyindən məlumatının olmadığını, çox qorxduğunu, Muraddan dəfələrlə evini tərk etməsini tələb etdiyini, lakin Muradın onunla sözlə mübahisə etdiyindən sonra Muradın yaşadığı evi tərk etdiyini bildirdi. Giriş qapısından həmin otağa daxil olduqda sol tərəfdə eni 1 metr, uzunluğu isə 1 metr 40 sm olan dəmir barmaqlıqlarla əhatə olunmuş pəncərə vardır. Otağa daxil olduqda üzbəüz istiqamətdə hamam otağı yerləşir. Hamam otağının qapısı ağ rəngli plastik materialdandır. Qapı ilə üzbəüz dayandıqda sağ tərəfdə bir ədəd qara rəngli velosiped vardır. Hamam otağının eni 60, uzunluğu isə 30 sm olan pəncərəsi vardır. Həmin otağın qarşısında piano vardır. “Diskin baxışının aparılması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseyn oğlunun Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olmasının video kamera tərəfindən qeydə alınmış kamera görüntüsü köçürülmüş bir ədəd diskin baxışının aparılması zamanı müəyyən edilmişdir ki, disk parıltısız ağ rənglidir, üzərində heç bir yazı yoxdur. Diski xidməti otağımda olan “HP” markalı kompüterin disk gözlüyünə yerləşdirib qovluğu açan zaman ekranda içərisində “Beyləqan 1” adlı fayl olan qovluq açılır. Həmin “BeyləqanT’ adlı faylda bir ədəd video kamera tərəfindən qeydə alınmış 06 dəqiqə 50 saniyədən ibarət olan kamera görüntüsü vardır. Kamera görüntüsü 07 may 2024-cü il tarixdə saat 20:07:51-dən başlayaraq 6 dəqiqə 50 saniyə davam edir. Baxışın aparılmasında iştirak edən iştirakçısı Zərərçəkmiş şəxs video kameranın qeydə aldığı görüntünün real vaxt rejimində çəkildiyini, lakin həmin görüntünü saat 22 radələrində özünə məxsus mobil telefonun kamerası vasitəsi ilə qeydə aldığını bildirmişdir. Kamera görüntüsündən video kameranın hadisənin baş verdiyi yeri yaxın məsafədən qeydə alması aydın olur. Video kamera Zərərçəkmiş şəxs yaşadığı evin giriş darvazasının qarşısını və evin həyətyanı sahəsini qeydə alır. Kamera görüntülərinin baxışının aparılması zamanı müəyyən edilmişdir ki, qara saçlı, uzunboylu, orta köklükdə, üzərində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, ağ və qara rəngli köynək olan bir nəfər kişi cinsli şəxs saat 20.07.51-də hasardan tullanaraq həyətə, bir neçə metr getdikdən sonra isə evə daxil olur, həmin şəxs görütünün 5-ci dəqiqəsinin 38-ci saniyəsində yaşayış evinin giriş qapısının qarşısına çıxır, daha sonra isə təkrar geriyə qayıdır. Həmin şəxs görüntünün 15-ci saniyəsindən 6-cı dəqiqəsinin 24-cü saniyəsinə qədər yaşayış evində olur. Görüntünün 6-cı dəqiqəsinin 24-cü saniyəsində isə həmin şəxs giriş qapısından həyətə doğru çıxır, həmin vaxt onun arxası ilə qara saçlı, üzərində qara rəngli paltarlar olan qadın cinsli şəxs həyətə çıxaraq yaşayış evinin qapısını örtərək evə daxil olur, kişi cinsli şəxs isə həyətin giriş darvazasının qapısının bağlı olduğunu müəyyən etdikdən sonra hasarın yanına gələrək hasardan tullanıb həyəti tərk edir. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 05 iyul 2024-cü il tarixli protokola əsasən şahid Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadənin yerində yoxlanması zamanı əyani olaraq göstərmişdir. “Üzləşdirmə” haqqında 08 iyul 2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. Xocavənd rayon icra hakimiyyəti başçısının Əmirallar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuşdur. Təqsirləndirilən şəxs 1999-cu ilin sentyabr ayından Beyləqan rayonunun inzibati ərazisində salınmış Yeni Xocavənd qəsəbəsi, ev 75-də məskunlaşıb yaşayır. Ailəlidir, iki övladı var. X2 (xx.xx.2009) Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil alır. X3 (xx.xx.2011) Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil alır. Rəhmanov X4 Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə iki ilə müddətinə həbs edilmişdir. İnzibati xəta törətdiyinə görə inzibati qaydada həbs edilmişdir. Hal-hazırda Beyləqan rayonunun inzibati ərazisində məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün salınmış Yeni Xocavənd qəsəbəsi, ev 75-də məskunlaşıb yaşayır. Bütün mənfi keyfiyyətli xasiyyətlərini nəzərə alaraq Xocavənd rayon icra hakimiyyəti başçısının Əmirallar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs avara həyat tərzi sürən, cinayət törətməyə meylli və nizam-intizamsız vətəndaş olduğunu təsdiqləyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş 17 iyun 2023-ci il tarixli tələbnaməyə əsasən, xx.xx.1986-cı il tarixdə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuş Rəhmanov X4 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Beyləqan Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış, Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə uyğun olaraq hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş altı ayı azaldılmış, 09 sentyabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 18-1-44/2- 160/2024 nömrəli cavab məktubuna əsasən Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatda olmaqla Xocavənd rayonu, 200 ailəlik qəsəbədə yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Hüseyn oğlu“Xocavənd Rayon Mərkəzi Xəstəxanası” X10 psixoloji, nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 157.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar