Məhkəmə qərarları › İş №1(020)-52/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-52/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-52/2023 07.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2005-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, 21 iyun 2023-cü il tarixli qərarla barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 2005-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, 22 iyun 2023-cü il tarixli qərarla barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah məqsədilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq üçün 24 mart 2023-cü il tarixdə, saat 02 radələrində Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus və həmin kənddə yerləşən ərzaq mağazasının dəmir qapısının qıfılını və plastik qapısını qırmaq üçün dəmir parçası götürüb həmin mağazanın yanına gəldikdən sonra ətrafda ola biləcək şəxslər tərəfindən ifşa olunmamaq üçün mağazanın arxa tərəfində olan elektrik ayırıcından işığı söndürmüş, daha sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən özü ilə götürdüyü bir ədəd dəmir parçası ilə mağazanın giriş qapısının qarşısında olan dəmir jalüzün üzərində bağlanmış qıfılı və plastik qapını qırmış, bundan sonra hər ikisi həmin qapıdan saxlanc yeri olan ərzaq mağazasına qanunsuz daxil olmuş, aralarında olan razılaşmaya uyğun olaraq o, mağazadan 60 ədəd bir manatlıq, 8 ədəd beş manatlıq, 20 ədəd üç manatlıq və 20 ədəd iki manatlıq olmaqla “Azercell” mobil operatoruna məxsus cəmi 200 manat dəyərində danışıq kartını, 4 blok 155 manat dəyərində “Sobranie” markalı siqaret, 2 blok 75 manat dəyərində “Kent 8” markalı siqaret, 25 manat dəyərində qəpik pulu, Təqsirləndirilən şəxs2 isə həmin mağazadan 4 ədəd 350 ml. olmaqla 20 manat dəyərində “Redbull” markalı enerji içkisi, 5 ədəd 70 manat dəyərində “1000 bərəkət halal nemət” istehsalı olan bişmiş kolbasa, hər biri 50 qram olmaqla bir blok 44 manat dəyərində “Snickers” markalı şokoladı götürdükdən sonra daxil olduqları yerdən çıxmış və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 589 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah məqsədilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq üçün 24 mart 2023-cü il tarixdə, saat 02 radələrində Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus və həmin kənddə yerləşən ərzaq mağazasının dəmir qapısının qıfılını və plastik qapısını qırmaq üçün dəmir parçası götürüb həmin mağazanın yanına gəldikdən sonra Təqsirləndirilən şəxs1 ətrafda ola biləcək şəxslər tərəfindən ifşa olunmamaq üçün mağazanın arxa tərəfində olan elektrik ayırıcından işığı söndürmüş, daha sonra o, özü ilə götürdüyü bir ədəd dəmir parçası ilə mağazanın giriş qapısının qarşısında olan dəmir jalüzün üzərində bağlanmış qıfılı və plastik qapını qırdıqdan sonra hər ikisi həmin qapıdan saxlanc yeri olan ərzaq mağazasına qanunsuz daxil olmuş, aralarında olan razılaşmaya uyğun olaraq o, mağazadan 4 ədəd 350 ml. olmaqla 20 manat dəyərində “Redbull” markalı enerji içkisi, 5 ədəd 70 manat dəyərində “1000 bərəkət halal nemət” istehsalı olan bişmiş kolbasa, hər biri 50 qram olmaqla bir blok 44 manat dəyərində “Snickers” markalı şokoladı, Təqsirləndirilən şəxs1 isə həmin mağazadan 60 ədəd bir manatlıq, 8 ədəd beş manatlıq, 20 ədəd üç manatlıq və 20 ədəd iki manatlıq olmaqla “Azercell” mobil operatoruna məxsus cəmi 200 manat dəyərində danışıq kartını, 4 blok 155 manat dəyərində “Sobranie” markalı siqaret, 2 blok 75 manat dəyərində “Kent 8” markalı siqaret, 25 manat dəyərində qəpik pulu götürdükdən sonra daxil olduqları yerdən çıxmış və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 589 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 onun sinif yoldaşı və dostudur. 24 mart 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, Kəbirli kəndində yerləşən Təvəkkül adlı şəxsin kafesində Aminlə pivə içib söhbət edərkən Aminə Zərərçəkmiş şəxs marketi bağlayıb evə getdiyini bildirib, onunla birlikdə həmin marketdən oğurluq etməyi təklif etmişdir. Amin onunla təklifi ilə razılaşmış və onlar Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən marketinə oğurluq etmək üçün getmişlər. Marketə daxil olmaq üçün qıfılı sındırmaq lazım olduğundan Kəbirli kənd Mədəniyyət evinin yaxınlığından keçərkən yerdən dəmir parçası tapıb marketə doğru hərəkət etmişlər. Marketin qarşısında işıq yandığı üçün ilk öncə arxa tərəfə keçib ayrıcından işığı söndürmüşdür. Bundan sonra onlar marketin qarşı tərəfinə keçmiş və Amin marketin giriş qapısının dəmir jalüzünün üzərində olan dəmir qıfılı gətirdikləri dəmir parçası ilə sındırmışdır. Bundan sonra onlar birlikdə jalüzü yuxarı qaldırmış və plastik qapını açıb marketə daxil olmuşlar. Marketə əvvəlcə o, daha sonra isə Amin girmişlər. Onlar marketdəki kassanın aşağı hissəsində olan qutunun içərisindən 60 ədəd bir manatlıq, 8 ədəd beş manatlıq, 20 ədəd üç manatlıq və 20 ədəd iki manatlıq olmaqla cəmi 20 manat dəyərində danışıq kartlarını, siqaret vitrinindən 4 blok “Sobranie” markalı, 2 blok “Kent 8” markalı siqaretləri, içkilər olan hissədən 4 ədəd böyük ölçülü “Redbull” markalı enerji içkisini, soyuducudan 5 ədəd “1000 bərəkət halal nemət” kolbasasını, şirniyyatlar olan hissədən bir blok “Snickers” markalı şokolad və kassadan 25 manat dəyərində qəpik pulu oğurlamışlar. Həmin əşyalarından kontur, siqaret və 25 manat dəyərində qəpik pulu özü götürmüşdür. “Redbull” markalı enerji içkisi, “Snickers” markalı şokolad və 5 ədəd kolbasanı isə Təqsirləndirilən şəxs2 götürmüşdür. Bundan sonra onlar marketdən çıxmış və marketin giriş qapısını açıq vəziyyətdə qoyub yaşadıqları evə getmişlər. Daha sonra marketin qıfılını sındırmaq üçün götürdükləri dəmir parçasını və sındırdığı iki ədəd qıfılı kənd ərazisidən keçən su kanalına atmışlar. Onlar yolda olarkən danışıq kartlarından başqa oğuradıqları əşyaları yarı-yarıya bölmüşlər. O, 2 və 3 manatlıq olmaqla cəmi 15 manatlıq danışıq kartlarını Amin Əsadova vermiş, qalan danışıq kartlarını isə özü istifadə etmişdir. Aminlə oğurladıqları əşyaları böldükdən sonra kənd ərazisində sağollaşıb yaşadığı evə getmişdir. Valideynləri bilməsin deyə oğurladığı əşyaları həyətdə gizlədib qısa müddət ərzində istifadə etmişdir. Hazırda onda həmin əşyalardan qalmamışdır. Zərərçəkmiş şəxs marketindən oğurluq etməyi Təqsirləndirilən şəxs2 o, özü təklif etmişdir. O, bundan başqa oğurluq cinayəti törətməmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişə dəymiş maddi ziyan valideynləri tərəfindən ödənilmişdir. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı və dostudur. 24 mart 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, Kəbirli kəndində yerləşən Təvəkkül adlı şəxsin kafesində Cavidanla pivə içib söhbət edən zaman Cavidan ona Zərərçəkmiş şəxs marketi bağlayıb evə getdiyini bildirib, onunla birlikdə marketdən oğurluq etməyi təklif etmişdir. Cavidala razılaşdıqdan sonra birlikdə Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən marketinə oğurluq etməyə getmişlər. Marketə daxil olmaq üçün qıfılı sındırmaq lazım olduğundan Kəbirli kənd Mədəniyyət evinin yaxınlığından keçərkən yerdən dəmir parçası tapıb özləri ilşə aparmışlar. Marketin qarşısında işıq yandığı üçün ilk öncə Cavidan arxa tərəfə keçib ayrıcından işığı söndürmüşdür. Bundan sonra onlar marketin qarşı tərəfinə keçmiş və o, marketin giriş qapısının dəmir jalüzünün üzərində olan dəmir qıfılı gətirdikləri dəmir parçası ilə sındırmışdır. Bundan sonra jalüzü yuxarı qaldırmış və plastik qapını açıb marketə daxil olmuşlar. İlk öncə marketə Cavidan, Cavidanın arxasınca isə o, daxil olmuşdur. Bundan sonra onlar marketdəki kassanın aşağı hissəsində olan qutunun içərisindən 60 ədəd bir manatlıq, 8 ədəd beş manatlıq , 20 ədəd üç manatlıq və 20 ədəd iki manatlıq olmaqla cəmi 200 manat dəyərində danışıq kartlarını, siqaret vitrinindən 4 blok “Sobranie” markalı, 2 blok “Kent 8” markalı siqaretləri, içkilər olan hissədən 4 ədəd böyük ölçülü “Redbull” markalı enerji içkisini, soyuducudan 5 ədəd “1000 bərəkət halal nemət” kolbasasını, şirniyyatlar olan hissədən bir blok “Snickers” markalı şokolad və kassadan 25 manat dəyərində qəpik pulu oğurlamışlar. Həmin əşyalardan kontur, siqaret və 25 maant dəyərində qəpik pulu Cavidan, “Redbull” markalı enerji içkisi, “Snickers” markalı şokolad və 5 ədəd varyonlu kolbasanı isə o, götürmüşdür. Bundan sonra onlar marketdən çıxmış və marketin giriş qapısını açıq vəziyyətdə qoyub yaşadıqları evə getmişlər. Daha sonra marketin qıfılını sındırmaq üçün götürdükləri dəmir parçasını və iki ədəd sındırdıqları qıfılı kənd ərazisidən keçən su kanalına atmışlar. Onlar yolda olarkən danışıq kartlarından başqa oğurladıqları əşyaları yarı-yarıya bölmüşlər. Cavidan 2 və 3 manatlıq olmaqla cəmi 15 manatlıq danışıq kartını ona vermiş, qalan danışıq kartlarını isə özünə götürmüşdür. Təqsirləndirilən şəxs1 ilə oğurladıqları əşyaları böldükdən sonra onlar kənd ərazisində sağollaşıb evə getmişlər. O, evə gedən zaman kolbasaları suya atmış, “Redbull” markalı enerji içkilərini içmiş, siqaretləri isə qısa zaman ərzində istifadə etmişdir. Hazırda onda həmin əşyalardan qalmamışdır. Bundan başqa o, Cavidanın ona verdiyi 2 və 3 manatlıq olmaqla cəmi 15 manatlıq danşıq kartının 3 manatlıq olmaqla 1 ədədini istifadə etmiş və 12 manatlıq danışıq kartını kənd ərazisində Şahid2 marketinə satmaq qərarına gəlmişdir. O, mobil telefon işlətmədiyi üçün danışıq kartlarına ehtiyacı olmamışdır. Buna görə də o, Şahid2 məxsus marketə gedib marketdə işləyən Bəhruzun oğlu Azərlə görüşüb ona Zərərçəkmiş şəxs marketindən oğurladığı 12 manat dəyərində danışıq kartını 12 manat pul qarşılığında satmışdır. Lakin o, Şahid1 həmin danışıq kartlarını oğurluq yolu ilə əldə etdiyini deməmiş, kartları atası Rabilin alıb ona verdiyini, istifadə etmədiyi üçün satmaq istədiyini bildirmişdir. Azər onun sözünə inanıb 12 manat pul qarşılığında 12 manatlıq danışıq kartlarını ondan almışdır. Danışıq kartlarını Şahid1 satmasından Təqsirləndirilən şəxs1 məlumatı olmamışdır. Zərərçəkmiş şəxs marketindən oğurluq etməyi ona dostu Təqsirləndirilən şəxs1 ona təklif etmişdir. O, bundan başqa tək və ya Təqsirləndirilən şəxs1 birlikdə oğurluq cinayəti törətməmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişə vuduğu maddi ziyanı valideynləri ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, onun yaşadığı Beyləqan rayonu, Kəbirli kəndində özünə məxsus ərzaq mağazası vardır və həmin mağazanı özü işlədir. 23 mart 2023-cü il tarixdə, saat 22 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, 24 mart 2023-cü il tarixdə, saat 07 radələrində mağazaya qayıdan zaman mağazanın giriş qapısının üzərində olan qıfılın yerində olmadığını və giriş qapısının açıq olduğunu görmüşdür. O, mağazaya daxil olduqda naməlum şəxs və ya şəxslərin mağzanın giriş qapısının üzərində olan dəmir qıfılı sındırmaqla mağazaya daxil olaraq onun çəkməcəyə yığdığı 60 ədəd bir manatlıq, 8 ədəd beş manatlıq, 20 ədəd üç manatlıq və 20 ədəd iki manatlıq olmaqla “Azercell” mobil operatoruna məxsus cəmi 200 manat dəyərində danışıq kartını, siqaret yığdığı vitrindən 4 blok 155 manat dəyərində “Sobranie” markalı siqaret, 2 blok 75 manat dəyərində “Kent 8” markalı siqaret, soyuducunun içərisindən 4 ədəd 350 ml olmaqla 20 manat dəyərində “Redbull” markalı enerji içkisi və hər biri 1200 qram olmaqla 5 ədəd 70 manat dəyərində “1000 bərəkət halal nemət” istehsalı olan bişmiş kolbasa, soyuducunun üzərinə qoyduğu hər biri 50 qram olmaqla bir blok 44 manat dəyərində “Snickers” markalı şokolad və kassanın qarşısındakı stolun üzərində olan qəpik qutusunun içərisindən 25 manat dəyərində qəpik pulu oğurlamışlar. Oğurluq nəticəsində ona cəmi 589 manat maddi ziyan dəymişdir. Həmin gün onun səhhətində problem olduğu üçün Bakı şəhərinə getdiyindən hadisə barədə rayon polis şöbəsinə məlumat verməmişdir. 03 aprel 2023-cü il tarixdə Bakı şəhərindən qayıtmış və həmin gün oğurluq hadəsəsi barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə baş verən gündən rayon polis şöbəsinə ərizə ilə müraciət etdiyi günə qədər olan müddət ərzində ona məxsus mağazadan kim tərəfindən oğurluq edilməsini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, ərzaq mağazasından oğurluğu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişdir. Hazırda ona dəymiş maddi ziya təqsirlədirilən şəxslərin valideynləri tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Həmçinin, həmin şəxslər onun uzaq qohumlarıdırlar. Beyləqan rayonu, Kəbirli kəndi ərazisində atası Şahid2 məxsus market vardır. Həmin marketi atası Bəhruz işlədir və bəzən Bəhruzun başqa işi olduqda marketdə satıcı kimi o, qalır. Təxminən 2023-cü ilin mart ayının sonlarında, saat 18 radələrində marketdə olan zaman Təqsirləndirilən şəxs2 marketə gələrək atası Rabilin 15 manatlıq danışıq kartı alıb ona verdiyini, 3 manatını atasının mobil telefonuna yüklədiyini, qalan 12 manatlıq danışıq kartını ona satmaq istədiyini bildirmişdir. O, Aminin sözünə inanıb bir ədəd 5 manatlıq, bir ədəd 3 manatlıq, iki ədəd 2 manatlıq olmaqla cəmi 12 manat dəyərində “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını alıb əvəzində Aminə 12 manat pul vermiş, həmin danışıq kartlarını müxtəlif müştərilərə satmışdır. O, Təqsirləndirilən şəxs2 ona satdığı danışıq kartlarını Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığını bilməmişdir. O, Təqsirləndirilən şəxs2 danışıq kartlarının oğurluq olub-olmadığını soruşmuş, əgər problem olarsa həmin danışıq kartlarını almaq istəmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 onu heç bir problem olmadığına, danışıq kartlarının oğurluq olmamasına, atası Rabilin alıb verdiyinə inanmışdır. Buna görə də o, Aminin ona satdığı danışıq kartlarının oğurluq ola biləcəyindən şübhələnməmişdir. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus marketdən oğurluq etmələri müəyyən olunduqdan sonra o, Təqsirləndirilən şəxs2 ona satdığı danışıq kartlarını məhz Zərərçəkmiş şəxs marketindən oğurladığını bilmişdir. Təqsirləndirilən şəxs2 12 manatlıq danışıq kartlarından başqa ona heç bir əşya və ya ərzaq məhsulu satmamışdır. O, sonradan Aminlə görüşüb qohum olduqlarını, nə üçün ona oğurluq yolu ilə əldə etdiyi danışıq kartlarını satdığını deyib Aminə iradınıbildirmiş və ona problem yaratdığını demişdir. Amin ona əməlindən peşiman olduğunu və səhf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri oğurluq cinayəti aşkar olunana qədər onun Təqsirləndirilən şəxs2 aldığı 12 manatlıq danışıq kartlarının oğurluq olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona danışıq kartlarını gətirib satan zaman yanlarında heç kəs olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun Beyləqan rayonu, Kəbirli kəndi ərazisində özünə məxsus “Kəbirli” market adlı ərzaq mağazası vardır. Həmin mağazanı özü işlədir və digər işləri olduqda oğlu Şahid1 mağzada satıcı kimi onu əvəz etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Bundan başqa, həmin şəxslər onun uzaq qohumlarıdır Təxminən 2023-cü ilin mart ayının sonlarında o, mağazada olmadığı zaman Təqsirləndirilən şəxs2 marketə gələrək oğlu Şahid1 12 manat dəyərində “Azercell” mobil operatoruna məxsus danışıq kartı almağı təklif etmiş, Azər həmin danışıq kartlarının Təqsirləndirilən şəxs2 məxsus olmasına inanaraq 12 manat pul qarşılığında həmin danışıq kartlarını almışdır. Həmin danışıq kartları qısa müddət ərzində müxtəlif müştərilərə satılmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Kəbirli kəndi ərazisində yerləşən marketdən oğurluq etmələri və oğurluq zamanı danışıq kartları da oğurladıqları müəyyən olunmuşdur. Bundan sonra oğlu Şahid1 Təqsirləndirilən şəxs2 ona 12 manatlıq danışıq kartı satdığını bildirmişdir. O, Azəri tənbeh edərək nə üçün ondan icazəsiz Təqsirləndirilən şəxs2 danışıq kartı almasını soruşmuş, Azər həmin danışıq kartlarının oğurluq olduğundan məlumatının olmadığını, Təqsirləndirilən şəxs2 danışıq kartlarının özünə məxsus olduğunu bildirdiyi üçün inanıb aldığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 oğlu Şahid1 satdığı danışıq kartlarını məhz Zərərçəkmiş şəxs marketindən oğurladığını bilmişdir. Təqsirləndirilən şəxs2 12 manatlıq danışıq kartlarından başqa Şahid1 və ya ona heç bir əşya və ya ərzaq məhsulu satmamışdır. O, sonradan Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə görüşüb qohum olduqlarını, Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdiyi danışıq kartlarını oğlu Azərə satdığı üçün iradını bildirərək ona nəzarət etmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri oğurluq cinayəti aşkar olunana qədər Azərin Təqsirləndirilən şəxs2 danışıq kartı almasından və aldığı danışıq kartlarının oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Şahid1 Təqsirləndirilən şəxs2 “Azercell” mobil operatoruna məxsus bir ədəd 5 manatlıq, bir ədəd 3 manatlıq və iki ədəd 2 manatlıq olmaqla cəmi 12 manat dəyərində danışıq kartlarını 12 manat pul qarşılığında almışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 23 mart 2023-cü il tarixdən 24 mart 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs Beyləqan rayonu, Kəbirli kəndi ərazisinsə yerləşən özünə məxsus marketə qıfılı sındırma yolu ilə qanunsuz daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən həmin marketdən 200 manat dəyərində danışıq kartı, 4 blok 155 manat dəyərində “Sobranie” markalı siqaret, 2 blok 75 manat dəyərində “Kent 8” markalı siqaret, 4 ədəd 20 manat dəyərində “Redbull” markalı enerji içkisi, 70 manat dəyərində bişmiş kolbasa, 44 manat dəyərində bir blok “Snickers” markalı şokolad və 25 manat dəyərində qəpik pulun oğurlanması barədə 03 aprel 2023cü il tarixdə Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 aprel 2023cü il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, Kəbirli kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasıdır. Ərzaq mağazası birmərtəbəlidir, mişar daşından inşa olunmuşdur. Mağzanın qarşı tərəfində üzərində dəmir barmaqlıqlar olan iki ədəd pəncərə və bir ədəd üzərində dəmir jalüz olan plastik qapı vardır. Mağazaya giriş məhz həmin qapıdandır. Mağazaya daxil olduqda sol tərəfdə geyim əşyaları, sağ tərəfdə isə ərzaq məhsulları yerləşmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş, xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş, xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah məqsədilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs məxsus cəmi 589 manat dəyərində əmlakı oğurlamaları, yəni gizli olaraq talamaları kifayət qədər sübut olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həmin hərəkətləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətmələrini, əməllərini səmimi etiraf etmələrini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cinayəti yetkinlik yaşına çatmadıqları dövrdə törətmələrini CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və onlara Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənə kimi barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirisin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə isə 8 (səkkiz) saat üçün 48 (qırx səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə isə 11 (on bir) saat üçün 66 (altmış altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar