Məhkəmə qərarları › İş №1(020)-55/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-55/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-55/2025 08.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, xüsusi ittihamçı X4, təqsirləndirilən şəxs X5, müdafiəçi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 fevral 1962-ci il tarixdə keçmiş Jdanov rayonunda (hazırki Beyləqan rayonu) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayon N.Allahverdiyev adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləyən, Beyləqan rayonu, SMD-4 qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X7, X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 1(020)-55/2025 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmiş, X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmiş, X7 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. X7 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Belə ki, X5 2020-ci ildən onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymaqla ona qarşı qərəzli kompaniya aparırmış, Beyləqan rayon Təhsil şöbəsinə guya onda psixoloji problemlərin olması ilə bağlı 2022-ci ildən ərizələr yazıb göndərilmiş, bu barədə 13 avqust 2025 ci il tarixində Beyləqan Rayon Məhkəməsində iclasın gedişində onun hakimə təqdim etdiyi ərizələri gördükdən sonra bilmiş, həmçinin sonuncu məhkəmə prosesi zamanı kütləvi çıxışda onun psixoloji probleminin olduğunu bildirmiş, “Xəzər news.az”, “Bakupost.az”, “Oxu.az” “nocomment.az” saytlarında barəmdə şərəf və ləyaqətini alçaldan yalan, təhqir və böhtan xarakterli məlumatların yaymlanmasına nail olmuş, məlumatların silinməsi məqsədilə özünü “Bakupost.az” saytının əməkdaşı kimi təqdim edən şəxslər həmin yazıları silməkdən imtna etmiş və yazılanların məktəbin direktoru X5 tərəfindən onlara bildirildiyini təsdiqləmişlər. Göstərilənlərə əsasən, xüsusi ittihamçı təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək X7 tərəfdən edilmiş müraciətin tamamilə əsassız olduöunu bildirərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X7 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonunda yerləşən N.Allahverdiyev adına 1 saylı tam orta məktəbində tarix müəlliməsi işləyir. Həmin məktəbin direktoru X5 “Xəzər news.az”, “Bakupost.az”, “Oxu.az” “nocomment.az” saytlarına müsahibə verərkən onun barəsində “psixoloji durumunda problemlər var” deməklə, ona böhtan atmış, başa çatmış bu əməli ilə qəsdli və qərəzli şəkildə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Gülbəniz Cəfərova həmin müsahibələrində bu sözləri işlətmişdir: “Aynurə İmanova 2020-ci ildən məktəbdə çalışır və kollektiv, eləcə də şagirdlərlə münasibətlərində problemlər yaşanır. O, bildirib ki, müəllimin psixoloji durumu ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib: Bu müəllim gəldiyi ilk gündən Beyləqan rayon 1 saylı məktəbində narazılıq yaradıb. İşə başlayandan yalnız 102 xidməti ilə məşğuldur. Gah valideyni verir 102-yə, gah şagirdi, gah da müəllimi. Mən bilmirəm, bu adam nə istəyir. Məktəbdə müəllimə yaraşmayan hərəkətlər edir, etik davranış qaydalarını pozaraq şagird və müəllimlərlə münasibətlərdə problemlər yaradır”. Müsahibədən görünür ki, onun bu məlumatı fikir olaraq deyil, ittihamedici fakt kimi irəli sürdüyü aydın olur. Odur ki, o, X1 onun barəsində böhtan xaraketli məlumatlar yaydığı üçün Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Aynurə İmanova onun barəsində bir çox vaxtlarda kobud, təhqiramiz ifadələr işlətmişdir, lakin buna baxmayaraq o, bağışlamışdır. Ümumiyyətlə, Aynurə İmanova ilk dəfə məktəbə gələrkən, onu tanımadan başqa bir şəxsin gəlməli olduğunu düşünmüşlər və bunu sözlə ifadə etmişlər. Həmin vaxtdan etibarən, Aynurə İmanova onun rəhbərliyi ilə bir neçə müəllimin onu qəbul etmədiklərini fikrləşmiş və aralarında məsafə qoymuşdur. Lakin, sonuncu ilə aralarında heç bir problem və ya konflikt yoxdur. Aynurə İmanova dəfələrlə sinifində ola şagirdlərin, valideynlərin və müəllimlərin hər hansı bir hərəkəti barədə müxtəlif vaxtlarda mütəmadi olaraq Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edərək şikayətlər etmişdir. Hətda müxtəlif dövlət orqanlarına, icra hakimiyyətinə, kitabxanaya, muzeyə və sair yerlərə gedib, hər zaman müxtəlif mübahisələr yaratmış və məktəb rəhbəri olduğuna görə bu barədə şikayətlər məhz ona edilmişdir. Yəni, Aynurə İmanovanın barəsində şəxslər arasında fikrləri məhz onun özünün etdiyi hərəkətlər nəticəsində formalaşmışdır. Sayta müsahibə zamanı suala cavab olaraq, həm ona, həm də digər şəxslərə qarşı etdiyi hərəkətlərin insanı səbrdən çıxarması səbəbilə o, ola bilsin ki “onun psixoloji problem var” kimi sözdən istifadə etmişdir. Bu, söz Aynurə İmanovaya onun tərəfindən hər hansı böhtanın atılması məqsədilə deyilmiş bir söz deyildir. Sadəcə sonuncunun etdiyi hərəkətlərdən əsəbləşərək, şəxsi fikri olaraq işlətdiyi bir sözdür. Qeyd olunan söz Aynurə İmanovanın “dəli və ya psixoloji çatışmazlığı” olan insan kimi anlaşılması mənası ilə deyil, bir insanı səbrdən çıxarıb əsəbləşdirən mənasında işlədilmişdir. Həmçinin qyeyd olunan məqalənin dərc olunmasından məlumatı olmamışdır. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. 18 iyun 2024-cü il tarixində “Bakupost.az” xəbər portalında dərc edilmiş “1 nömrəli məktəbdə nələr baş verir” mövzusunda xəbər saytının əməkdaşının sualına X5 “Aynurə İmanova 2020-ci ildən məktəbdə çalışır və kollektiv, eləcə də şagirdlərlə münasibətlərində problemlər yaşanır. O, bildirib ki, müəllimin psixoloji durumu ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib: Bu müəllim gəldiyi ilk gündən Beyləqan rayon 1 saylı məktəbində narazılıq yaradıb. İşə başlayandan yalnız 102 xidməti ilə məşğuldur. Gah valideyni verir 102-yə, gah şagirdi, gah da müəllimi. Mən bilmirəm, bu adam nə istəyir. Məktəbdə müəllimə yaraşmayan hərəkətlər edir, etik davranış qaydalarını pozaraq şagird və müəllimlərlə münasibətlərdə problemlər yaradır.” məzmununda cavab vermişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 18 iyun 2024-cü il tarixində “Bakupost.az” xəbər portalında təqsirləndirilən şəxs X5 “Aynurə İmanova 2020-ci ildən məktəbdə çalışır və kollektiv, eləcə də şagirdlərlə münasibətlərində problemlər yaşanır. O, bildirib ki, müəllimin psixoloji durumu ilə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilib: Bu müəllim gəldiyi ilk gündən Beyləqan rayon 1 saylı məktəbində narazılıq yaradıb. İşə başlayandan yalnız 102 xidməti ilə məşğuldur. Gah valideyni verir 102-yə, gah şagirdi, gah da müəllimi. Mən bilmirəm, bu adam nə istəyir. Məktəbdə müəllimə yaraşmayan hərəkətlər edir, etik davranış qaydalarını pozaraq şagird və müəllimlərlə münasibətlərdə problemlər yaradır.” məzmunda müsahibə vermişdir. Müsahibənin məzmunundan görünür ki, qeyd olunan sözlər bir şəxsə qarşı yaranmış aqressiv davranışın nəticəsdir. Yəni, burada hər hansı bir şəxsi “dəli və ya ….” digər bu kimi məfhumlu ifadələr işlədərək, onun şərəf və ləyaqətini ləkələmək olmamışdır. Fəlsəfə doktoru, dosent Mir-X2 psixologiya dərsliyində qeyd olunmuşdur ki, qrupun, kollektivin psixikanın xüsusiyyətlərindən və təzahürlərindən biri ümumi fikir, rəydir. Gənc bir mütəxəssisin iş kollektivinə daxil olması prosesinə o əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də bu sosial-psixoloji fenomenin xüsusiyyətlərini, onun meydana gəlməsi, formalaşması və inkişafı xüsusiyyətlərini bilmək vacibdir. Qrup, kollektiv rəyi - kollektiv üzvlərinin (hamısının və ya əhəmiyyətli hissəsinin), həmçinn kollektivin və onun ayrı-ayrı üzvlərinin həyatındakı hadisələrə və gerçəklik həqiqətlərinə, davranış və fəaliyyətlərinə məcmu rəy və münasibətdir. Bunlar - ümumi emosional vəziyyətlər, kollektivin emosional əhval-ruhiyyəsi, bu və ya digər dərəcədə bir hissi, müəyyən bir an və ya bir dövrdə kollektivi (və ya onun əhəmiyyətli hissəsini) mənimsəmiş insanların emosional əhvalruhiyasının məcmuasıdur. Qrupun, kollektiv psixikasının inteqrativ xarakteristikası və təzahür forması - qrupun mənəvi və psixoloji durumudur (atmosferidir). Yəni, göründüyü kimi “psixoloji durum” hər bir şəxsin fərdi düşüncəsinin kənar şəxslərə münasibətdə təzahür edən ifadə formasıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, şəxsin psixoloji durumunda problemin olması, onun digər şəxslərlə münasibətdə müxtəlif formalı xarakter və emosiya nümayiş etdirməsidir. Hər kəs düşüncə tərzi fərdi xarakter daşıdığına görə bir şəxs başqa bir şəxs barəsində düşündüyü söz və ya fikri sərbəst bir şəkildə ifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İ hissəsinə görə hər kəsin fikir və söz azadlığı vardır. Göründüyü kimi, əvvəla, xüsusi ittihamçının onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsinə səbəb olmuş və böhtan kimi qiymətləndirdiyi həmin ifadələr qeyri-etik və yaxud böhtan hesab edilə biləcək ifadələr kateqoriyasına aid deyil. Yəni, şəxsi hər hansı bir əqli gerilik mənası daşıyan bir şəxs kimi tərənnüm edən mənada ifadə olunmur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 21.2. şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. - 21.3. cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 28.5. şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Maddə 32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Maddə 138.2. təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Maddə 139.0, 139.0.2 və 139.0.4. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Maddə 144. cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 351.2. məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə sübutları araşdırıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beynəlxalq aktlar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil. (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46) Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarı: 2-ci bənd - məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 3-cü bənd - məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. 5-ci bənd - “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. 6-cı bənd - məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Lakin, CM-in 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” Beynəlxalq aktlar: “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş X4 barəsində X5 tərəfindən böhtan xarakterli məlumatların yayılması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 39.1.2. əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 42.2.2. təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olmaması bəraət hökmünün çıxarılması üçün əsasdır. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sənədlərlə sübuta yetirilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarı: Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə, məhkəmədə tədqiq edilən sübutlarları qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X5 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 55.1. məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar