Məhkəmə qərarları › İş №1(020)-58/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-58/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-58/2023 25.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1976-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, fərdi əməklə məşğul olan, Beyləqan rayon məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 13 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 177.2.3cü maddələri ilə CM-nin 66.5-ci maddəsinə əsasən, iki il üç ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Beyləqan rayon məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarıyla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədilə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün təxminən 2023-cü ilin aprel-may aylarında, istintaqa məlum olmayan gündə və tarixdə Zərərçəkmiş şəxs Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən yaşadığı evin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, həyətdəki yardımcı tikilinin giriş qapısı açıq olduğundan həmin qapıdan saxlanc yeri olan həmin tikiliyə qanunsuz daxil olaraq oradan hər biri 150 manat dəyərində olan iki ədəd 10 litr tutumlu, latun materialından hazırlanmış, kömürlə işləyən, gümüşü rəngli, Rusiya istehsalı olan samovarı, 50 manat dəyərində, tutdan hazırlanmış 5 litr çaxırı götürüb çıxmış, daha sonra evin pəncərəsinin üzərinə vurulan polietilen toru kəsib pəncərəni açmaqla evin mətbəxinə qanunsuz daxil olaraq oradan 1 ədəd 400 manat dəyərində 2x3 ölçülü Azərbaycan istehsalı olan xalçanı, 1 ədəd 150 manat dəyərində 7 litr tutumlu, latun materialından hazırlanmış, kömürlə işləyən, gümüşü rəngli, Rusiya istehsalı olan samovarı, hər biri 50 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan xrustal meyvə qabını və hər biri 5 manat dəyərində Rusiya istehsalı olan 12 ədəd xrustal stəkanı götürdükdən sonra daxil olduğu yerdən çıxmış və bununla da o, saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 1060 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X2 onun qonşusudur, aralarında normal münasibətləri vardır, əvvəllər hec bir ədavət və ya düşməncilikləri olmamışdır. Zərərçəkmiş şəxs Xəqani onun dostudur. Xaqani 2023-cü ilin fevral ayının sonlarında Belarusiya Respublikasından Beyləqan rayonu, Örənqala qəsəbəsinə gəlmiş və anası Sücayətin evində qalmışdır. Xəqani Belarusiyadan yaxşı çaxır gətirdiyini ona demiş, təxminən 2023cü ilin mart ayının ortalarında Xəqani ona yaşadığı ünvana gəlib onunla birlikdə çaxır içməyi təklif etmişdir. O, Xaqaninin təklifini qəbul edib, birlikdə qonşuluqda yerləşən Xəqaninin anası Sücaətin yaşadığı evə getmiş, Xəqani ilə birlikdə qarajda oturub çaxır içmişdir. O, çaxır içdikdən sonra Xəqanidən ayrılıb evinə gedən zaman Xəqanidən içməsi üçün ona əlavə olaraq çaxır verməsini istəmiş, Xəqani isə qalan çaxırın anası Sücayətə məxsus olduğunu ona bildirərək ona çaxır verməmişdir. Xəqani ona çaxır vermədiyinə görə o, əsəbiləşmiş və Xəqaninin qarajda saxladığı çaxırı oğurlamaq qərarına gəlmişdir. 2023-cü ilin aprel ayının ortalarında Xaqaninin Belarusiyaya geri qayıtmasını öyrənmişdir. Xəqani Belarusiyaya qayıtdıqdan sonra anası Sücayət evində tək qalmışdır. Sücayətin arabir Bakı şəhərində yaşayan qızının evinə gedərək orada qaldığını bildiyindən Sücayətin evindən oğurluq etmək üçün Bakı şəhərinə getməsini gözləmişdir. O, 2023-cü ilin may ayının əvvəllərində Sücayətin Bakı şəhərinə, qızının evinə getdiyini və evində heç kimin qalmadığını öyrənmiş, Sücayətin evinə girib oradan çaxır oğurlamaq üçün münasib vaxt gözləmişdir. Onun yaşadığı evin həyəti ilə Sücayətin evinin həyəti arasında məftildən toxunmuş setka hasar vardır. 07 may 2023-cü il tarixdə, saat 02 radələrində hamının yatdığı vaxtda o, Sücayətə məxsus olan evin həyətinə həmin setka hasardan keçərək daxil olmuş və evin həyətinə göz gəzdirib, ətrafda onu görən hər hansı şəxslərin olmadığını dəqiqləşdirdikdən sonra həyətdə yerləşən əl damı kimi istifadə etdikləri qaraja tərəf hərəkət etmişdir. O, həmin vaxtı əl damının qapısının açıq olduğunu görüb, icərisinə daxil olmuş və əlindəki alışqanın işığını yandırıb, əl damında olan çaxırı axtarmış, çaxırın əl damında olan stolun üzərinə düzülmüş şüşə balonların yanında olmasını görmüşdür. O, 2 ədəd 3 litrlik çaxır dolu balonu özü ilə birlikdə götürüb əl damını tərk etmək istəyən zaman əl damının icərisində 2 ədəd samovar görmüş və həmin samovarları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, əlində olan çaxır dolu şüşə balonu yerə qoyub samovarları götürüb, yaşadığı evin həyətinə aparmış, daha sonra geri qayıdaraq 2 ədəd çaxır dolu 3 litrlik şüşə balonları da oğurlayıb yaşadığı evə aparmışdır. Bundan sonra yenidən Sücayətin evinə geri qayıdaraq evə də baxmaq istəmişdir. Buna görə də o, Sücayətin evinin həyətinə daxil olub evin qarşısına keçmiş və evin qarşısında olan masanın üzərinə çıxaraq əli ilə evin pəncərəsini döyməklə acmış, daha sonrad ağcaqanad girməməsi ücün pəncərəyə qoyulan setkanı cırıb oradan evin mətbəxinə daxil olmuşdur. O, mətbəxə baxdıqda masanın üzərində şüşə stəkanlar və 2 ədəd meyvə qabı olduğunu, dolabın üzərində 1 ədəd samovar olduğunu görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, həmin samovarı, şüşə stəkənları və 2 ədəd şüşə meyvə qablarını götürüb növbə ilə daxil olduğu pəncərədən əvvəlcə samovarı, sonra da stəkanları və meyvə qablarını çölə çıxartmışdır. Həmin vaxtı mətbəxdə döşəməyə sərilmiş 1 ədəd xalcanı da oğurlamaq qərarına gəlmiş və bunun üçün də samovarı və şüşə stəkanları və meyvə qablarını çölə, həyətə qoyduqdan sonra qayıdıb xalçanı da götürüb pənçərədən çölə çıxmışdır. Bundan sonra o, əvvəlcə samovarı və xalçanı, daha sonra meyvə qablarını öz evinə aparmışdır. Həmin gecə öz yaşadığı evdə çaxırın bir hissəsini içdikdən sonra samovarları Gəncə şəhərində yerləşən bazara aparıb orada satmaq qərarına gəlmişdir. O, bunun üçün də oğurladığı həmin 3 ədəd samovarı, 1 ədəd xalçanı, 2 ədəd şüşə meyvə qabını və şüşə stəkənları yaşadığı evdə qara rəngli bağlamalara qoyaraq, səhər saatlarında bağlamaları özü ilə götürüb yaşadığı evdən çıxaraq Beyləqan şəhərinə getmək üçün yola çıxmış və kəndin başında tanımadığı taksi sürücüsü ilə Beyləqan şəhərində Gəncə şəhəri istiqamətinə gedən Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində dayanan taksi sürücülərinin olduğu yerə getmişdir. Həmin yerdən Gəncə şəhərinə sərnişin daşıyan sonradan adının Natiq olduğunu öyrəndiyi şəxsin idarə etdiyi qara rəngli “Mersedes” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib onu Gəncə şəhərinə aparması üçün 15 manat pula razılaşmışdır. Sonra o, əlində olan bağlamaları həmin avtomobilin yük yerinə qoymuş və təxminən 2 saatdan sonra Gəncə şəhərində yerləşən bazara çatmışdır. O, Natiq adlı taksi sürücüsünə pulu olmadığını, lakin 15 dəqiqə ərzində pulunu verəcəyini bildirmişdir. Natiq onunla razılaşmış və dayandığı yerdə onu gözlədiyini demişdir. O, avtomobilin yük yerindən samovarlar olan bağlamaları götürüb bazarın içərisinə tərəf hərəkət etmiş, əlində olan bağlamadakı samovarları mağazalara təqdim edərək, satmaq istəyən zaman birlikdə gəldiyi taksi sürücüsü Natiqin onun yanında olduğunu görmüşdür. Natiq ondan nə etdiyini soruşan zaman o, samovarı sataraq yol pulunu vermək istədiyini bildirmişdir. Natiq ondan samovarı neçəyə satdığı soruşduqda o, 60 manata satdığını bildirmişdir. Natiq onunla razılşaraq yol pulunu almayacağını, əlavə olaraq ona 45 manat verəcəyini demişdir. O, Natiq ilə razılaşıb 45 manat pulu aldıqdan sonra 1 ədəd samovarı Natiqə satmışdır. Bundan sonra digər samovarları satmaq üçün yoluna davam etmiş və bazarda qarşılaşdığı əvvəlcədən tanımadığı və adı yaddaşında qalmayan şəxsə 2 ədəd samovarı hər biri 60 manata olmaqla cəmi 120 manata satmış, lakin həmin şəxs xalça və qabları almadığını bildirmişdri. O, sonra bazarda adını bilmədiyi başqa tanımadığı bir şəxs ilə tanış olmuş və həmin şəxsə 40 manata 2 ədəd meyvə qabını, 12 ədəd stəkanı və 1 ədəd xalçanı satmışdır. O, əşyaları satdıqdan sonra bazardan çıxaraq Beyləqan rayonuna geri qayıtmışdır. Sücayətə məxsus olan evdən oğurluq edən zaman onunla birlikdə başqa hər hansı şəxs olmamışdır. O, əvvəllər Sücaətə məxsus evdən oğurluq etməmişdir. O, oğurladığı 5 litr çaxırın bir hissəsini həmin gün, qalan hissəsini isə yaşadığı evdə sonradan özü içmişdir. Onu, Gəncə şəhərinə aparan Natiq adlı taksi sürücüsünə 1 ədəd samovarı satan zaman, eləcə də, Gəncə şəhərində bazarda tanımadığı şəxslərə 2 ədəd samovar, 1 ədəd xalça, 12 ədəd stəkan və 2 ədəd meyvə qabını satan zaman həmin əşyaları oğurladığını həmin şəxslərə deməmiş, həmin şəxslər aldıqları əşyaların oğurluq olduğunu bilməmişlər. Hazırda əməlindən peşmandır, lakin imkanı olmadığından Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəməmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun qonşusudur, qonşu kimi normal münasibətləri olmuş, aralarında heç bir qərəzli münasibət, ədavət və ya düşmənçilik olmamışdır. Onun oğlanları Xəqani və Abasətin də Spartak ilə normal münasibətləri vardır. Abasət Bakı şəhərində, Xəqani isə Belarusiya Respublikasında yaşayır. O, xəstəliyi ilə əlaqədar olaraq arabir müayinə olunub müalicə almaq üçün Bakı şəhərinə getmişdir. Təxminən 2023-cü ilin fevral ayının sonlarında oğlu Xəqani Belarusiya Respublikasından onun evinə qonaq gəlmiş, Belarusiyadan özü ilə gətirdiyi tutdan hazırlanmış çaxırdan 5 litir ona pay vermişdir. Xəqani həmin ərəfədə qonşusu Spartakı evə dəvət etmiş və özü ilə gətirdiyi çaxırdan birlikdə içmişlər. Xəqani təxminən 2023-cü ilin aprel ayının ortalarında Belarusiyaya qayıtmışdır. O, Xəqaninin verdiyi 5 litir çaxırı yaşadığı evin həyətində yerləşən əl damında saxlamış, müalicə olunmaq üçün 17 aprel 2023-cü il tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində xəstəxanada müayinə olub müalicə aldıqdan sonra 13 may 2023-cü il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən evinə qayıtmışdır. O, evinə qayıdıb gələndən sonra həyətində yerləşən əl damına girib baxdıqda orada şüşə balonlarda saxladığı özünə məxsus 5 litr çaxırın yerində olmadığını görmüş, daha sonra əl damına nəzər saldıqda orada saxladığı Rusiya istehsalı olan, latun materialından hazırlanmış, gümüşü rəngdə, kömürlə işləyən 2 ədəd 10 litrlik samovarın da qoyduğu yerdə olmadığını aşkar etmişdir. Həmin vaxt əl damında saxladığı çaxırın və samovarların oğurlandığını başa düşmüşdür. Bundan sonra o, dərhal evə kecib evin otaqlarına və mətbəxə baxdıqda evin otaqlarında olan əşyalarının yerində olduğunu, lakin mətbəxin pəncərəsinin acıq olduğunu, ağcaqanad girməsin deyə pəncərəyə vurduğu polietilen torun kəsildiyini və mətbəxdə döşəməyə sərdiyi Azərbaycan istehsalı olan 2x3 ölçülü 1 ədəd xalçanın, rəfin üzərində olan Rusiya istehsalı olan 2 ədəd şüşə meyvə qabının, Rusiya istehsalı olan 12 ədəd xrustal armudu stəkanın və Rusiya istehsalı olan, latun materialından hazırlanmış, gümüşü rəngdə, kömürlə işləyən 1 ədəd 7 litrlik samovarın oğurlandığını aşkar etmişdir. O, həmin gün Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə gələrək baxış keçirib onun izahatını almışlar. Təxminən 5-6 gün sonra polis əməkdaşlarından ona məlum olmuşdur ki, qonşusu Spartak onun evinə və evin həyətində yerləşən əl damına qanunsuz olaraq daxil olub oradan 3 ədəd samovar, 1 ədəd xalça, 12 ədəd armudu şüşə stakan, 2 ədəd şüşə meyvə qabı və 5 litr çaxırı oğurlamışdır. Spartakın evi ilə onun evinin həyətləri arasında setka çəpər vardır. Spartak ilə onun münasibətlərinin yaxşı olmasına baxmayaraq o, heç bir zaman Spartaka onun evinə və ya həyətinə ondan icazəsiz daxil olmağa və ona məxsus olan hər hansı bir əşyanı götürməyə icazə verməmişdir. Spartak qanunsuz olaraq onun evinə daxil olub əşyalarını oğurlamışdır. Spartakın onun evindən və evin həyətində yerləşən əl damından oğurladığı samovarların hər biri 150 manat, evindən oğurladığı 1 ədəd xalça 400 manat, 2 ədəd meyvə qabının hər biri 50 manat, 12 ədəd stakanın hər biri 5 manat, 5 litr çaxırın hər bir litri isə 10 manat dəyərində olmuşdur. Təqsirləndirilən şəxs Vahid oğlu onun evindən həmin əşyaları oğurlamaqla ona ümumilikdə 1060 manat maddi ziyan vurmuşdur. O, evindən çıxıb gedərkən evin qapılarını kilidlə bağlamış, lakin əl damının qapısını örtərək kilidlə bağlamamışdır. Onun evindən başqa heç bir əşya, pul və ya qızıl-zinət əşyaları oğurlanmamışdır. Hazırda ona dəymiş maddi ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, özünə məxsus “Mersedes Benz” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur və Beyləqan şəhərindən, Gəncə şəhərinə sərnişin daşıyır. 07 may 2023-cü il tarixdə, saat 09 radələrində Beyləqan rayonu, Magistral küçəsində dayanaraq sərnişin gözləyən zaman əvvəllər tanımadığı lakin sonradan adının Spartak olduğunu bildiyi şəxs ona yaxınlaşaraq Gəncə şəhərinə getmək istədiyini yükü olduğunu bildirmişdir. O, Spartakı Gəncə şəhərinə aparmağa razılıq verəndən sonra Spartak əlində olan yüklərini avtomobilə qoymuşdur. Təxminən 1 saat gözləyərək 3 nəfər tanımadığı şəxs də gəldikdən sonra 4 nəfər sərnişin ilə birlikdə Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərinə çatdıqdan sonra hər kəs pulunu versə də Spartak gediş haqqını ona verməmiş, Gəncə bazarına getmələrini və orada pulunu verəcəyini demişdir. O, Spartakı Gəncə bazarına aparmış, Spartak avtomobildən yükünü götürüb bazarda bir mağazaya daxil olmuşdur. O, pulunu almaq üçün Spartakın arxası ilə mağazaya daxil olmuş və Spartakın mağazada çantasından samovar çıxardaraq mağazada satıcı işləyən tanımadığı şəxsə təqdim edib satmaq istədiyini, lakin satıcının samovarı almadığını görmüşdür. O, pulunun Spartakda qalmaması üçün samovarı almaq istədiyini demiş və qiymətini soruşmuşdur. Spartak samovarı 60 manata satmaq istədiyini ona demiş, o, Spartak ilə razılaşdıqdan sonra Spartak ondan yol haqqını çıxmasını və ona 45 manat pul verib samovarı götürməsini demişdir. O, 15 manat yol haqqını çıxıb 45 manat pulu Spartaka verərək 1 ədəd samovarı Spartakdan alıb getmiş, Spartak isə digər əşyaları ilə birlikdə mağazada qalmışdır. O, Spartakdan samovarı alandan sonra oradan uzaqlaşıb avtomobilinə qayıtmış və sərnişin toplayıb Beyləqan rayonuna qayıtmışdır. O, Spartakı əvvəllər tanımamış, Spartakdan başqa heç nə almamışdır. Spartakın əlində bir neçə ədəd qara rəngdə olan kisələr olmuş, lakin həmin kisələrin icərisində hansı əşyaların olmasından onun məlumatı olmamışdır. O, Spartakdan aldığı samovarın oğurluq olmasını bilməmiş, Spartak samovarın oğurluq olmasını ona deməmiş, samovarın Spartakın özünə məxsus olmasını düşünmüşdür. Təxminən 10 gün sonra o, Beyləqan rayon polis şöbəsinə cağırıldıqda Spartakın ona satdığı samovarı oğurladığını öyrənmiş, həmin samovarı polis əməkdaşlarına təhvil vermişdir. Spartakın sonradan bazarda 1 ədəd xalça, 2 ədəd samovar, 2 ədəd meyvə qabı və 12 ədəd stakan satmasını görməmiş və bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyul 2023cü il tarixli 9/4659 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siyahisində göstərilən 1 ədəd kömür ilə işləyən, latun materialından hazırlanmış, gümüşü rəngdə olan 7 litirlik samovarın qiyməti 180 manat, 2 ədəd Rusiyada istehsalı olan, kömür ilə işləyən latun materialından hazırlanmış, gümüşü rəngdə olan 10 litirik samovarın qıyməti 460 (2x230.m) manat, 1 ədəd Azərbaycan istehsalı olan 2x3 ölçüdə olan xalça qiyməti 80 manat, 2ədəd Rusiya İstehsalı olan xrustal meyvə qabı qiyməti 80 (2x40m) manat, 12 ədəd Rusiya İstehsalı olan xrustal (armudu) stəkan qiyməti 24 (12x2m) manat cəmi 824 manat müəyyən olunur. Məhkəmə psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli, 2206 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda “şizofreniya, remissiya vəziyyəti” (F20.0) müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt onda müəyyən edilən psixi xəstəlik remissiya vəziyətində olduğundan o, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəlik remissiya mərhələsində olduğundan barəsində tibbi xarakterli məcburi müalicə tətbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus cəmi 1060 manat dəyərində əşyaların saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlaması, əsas isə həmin fakta dair toplanmış ilkin yoxlama materialı olmuşdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaqla oğurlamaları kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58-ci və 59-cu maddələrinin tələblərini, o cümlədən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Salahov X1 Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CMnin 66.5-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli hökmu ilə təyin edilmiş bir il 11 ay 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzası, yeni hökm ilə ona təyin edilmiş 1 il müddətinə azadlıqdan mərhum etmə cəazsı ilə qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, 19 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu dövründə qəsdən cinayət törətmiş və onun əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağın olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin dövlət xəzinədarlıq agentliyində olan hesabına keçirilməlidir. Cinayət işi üzrə 1 (bir) ədəd, 7 (yeddi) litir tutumlu, latun materialından hazırlanmış, kömürlə işləyən, gümüşü rəngli, Rusiya istehsalı olan samovar 07 iyun 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi subut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əsasən müəyən edilir ki Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli hazırlıq iclasının qərar ilə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin dövlət xəzinədarlıq agentliyində olan hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. Cinayət işi üzrə maddi subut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 1 ədəd, 7 litir tutumlu, latun materialından hazırlanmış, kömürlə işləyən, gümüşü rəngli, Rusiya istehsalı olan samovar onun sərərncamına verilsin. Hökmdən elan olunduğu və həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar