Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-59/2023 25.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə İmişli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 25 iyul 2023-cü il tarixdə, saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu Gödəklər kəndində yerləşən evinin qarşısına gələrək evin darvazasından keçib evin həyətinə qanunsuz daxil olaraq evin qonaq otağının pəncərəsindən evə qanunsuz daxil olduqdan sonra evin Zərərçəkmiş şəxs məxsus yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının içərisində olan cins materialdan olan pencəyinin sağ yan cibindən 740 manat nağd pulunu, həmin pencəyin sol yan cibindən 50 manat miqdarında qəpik pulunu, həmin paltar dolabının içərisində olan şüşə balonun içərisindən 800 manat nağd pulunu götürüb evə daxil olduğu pəncərədən bayıra çıxarmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 1590 manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Gödəklər kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün fəhləçiliklə məşğul olur. Beyləqan rayon Gödəklər kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla arasında heç bir ədavət, düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. 25 iyul 2023-cü il tarixdə o Beyləqan rayon Gödəklər kəndində yerləşən Karvan restoranında bir neçə bakal pivə içdikdən sonra restorandan çıxıb yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçən zaman evin işıqlarının sönülü olduğunu görmüşdür. O evdə heç kimin olmadığını düşünmüş və evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb küçədə kiminsə olmadığını görmüş və evin darvazasına yaxınlaşaraq darvazanın qapısını açmış və qapının açıq olduğunu görüb həyətə daxil olmuşdur. O, evin giriş qapısına yaxınlaşıb açmaq istəmiş, lakin qapının bağlı olduğunu görmüşdür. Buna görə də o evin pəncərəsindən evə daxil olmaq qərarına gəlmişdir. O evin giriş qapısının yan tərəfində olan pəncərəyə yaxınlaşmışdır. Pəncərənin açıq olduğunu, lakin qoruyucu pərdə taxıldığını görmüşdür. Əli ilə pərdəni çıxarıb evə daxil olmuşdur. Evə nəzər saldıqdan sonra yataq otağına girib orada pul axtarmışdır. Otaqda olan paltar dolabında olan paltarların ciblərini yoxlamağa başlamışdır. Dolabda olan pencəklərdən birinin yan cibini axtaran zaman pencəyin sağ yan cibindən müxtəlif pul əskinasları aşkar etmişdir. O dərhal pulları saymadan cibinə qoymuşdur. Daha sonra pencəyin digər yan cibinə baxmış və onun içərisindən çoxlu qəpik aşkar edib götürmüşdür. Sonra o dolabın içərisinə baxmış və dolabın içərisində bir ədəd 3 litrlik şüşə balon olduğunu görmüşdür. O balonu götürüb içərisinə baxmış və içərisində müxtəlif pul əskinasları olduğunu görmüşdür. O pulların hamısını götürmüş və saymadan cibinə qoymuş və evə daxil olduğu pəncərədən həyətə daha sonra darvazadan asfalt yola çıxmışdır. Siqaret almaq üçün piyada Beyləqan rayonu 3 yol deyilən ərazidə yerləşən “Nex” market adlı ərzaq mağazasına getmişdir. Oğurladığı qəpik pulların bir qismini mağazada olan satıcıya verib əvəzində 20 manat məbləğində kağız pul almışdır. Həmin pulla mağazada olan terminaldan istifadəsində olan mobil nömrəyə 20 manat kontur yükləmişdir. Daha sonra o mağazadan su, dondurma, siqaret və müxtəlif ərzaq məhsulları almış və oğurladığı qəpik pullardan 20 manatını mağazaya ödəmişdir. Sonra o piyada halda yaşadığı evə getmişdir. O evə çatdıqda oğurladığı pul barədə heç kimə bir söz deməmiş və birbaşa həyətdə olan yardımçı tikiliyə getmiş, oğurladığı pulları saymış və 1542 manat kağız pul əskinasları və 8 manat dəyərində qəpik pul olduğunu görmüşdür. Həmin pulların içərisindən 50 manat pul götürmüş və yerdə qalan bütün pulları bir ədəd balaca şüşə balona yığıb yardımçı tikilinin içərisində şiferin arxasında gizlətmişdir. Oğurladığı pulların üzərindən götürdüyü 50 manat pulu həyat yoldaşı Şahid vermiş və bu gün işləyib qazandığını bildirmişdir. Səhəri gün həyat yoldaşı ona verdiyi 50 manat pulla pomidor, xiyar almış və turşu hazırlamışdır. Günorta saatlarında o yaşadığı küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət edib gətirmişlər. Zərərçəkmiş şəxs evindən 25 iyul 2023-cü il tarixdə, saat 23 radələrində özü tək oğurluq etmişdir. Oğurluq hadisəsini törətməkdə ona heç kim köməklik etməmişdir. Zərərçəkmiş şəxs evindən oğurluq etməyi barədə heç kimə heç bir məlumat verməmişdir. O, pulları oğurlayarkən onları saymamışdır. Həmin puldan 40 manat qəpik pulu xərclədikdən sonra evə gəlib saymış və 1542 manat kağız pul və 8 manat dəyərində qəpik pul olduğunu görmüşdür. O həmin puldan da 50 manatını götürüb həyat yoldaşına vermiş və yerdə qalan pulları şüşə balona yığıb yardımçı tikilinin içərisində şiferin arxasında gizləmişdir. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Həyat yoldaşı X2 rayonu, Gödəklər kəndi ərazisində “Karvan” adlı restoranı vardır. O həmin restoranda Nihadla birlikdə işləyir. Onlar evdə ikisi yaşadıqları üçün evdə gün ərzində heç kim olmur. Onlar hər gün təxminən gecə saat 02 radələrinə qədər restoranda olur və sonra evə gedirlər. 26 iyul 2023-cü il tarixdə, saat 01 radələrində o həyat yoldaşı Nihadla birgə restoranı bağlayıb yaşadıqları evə gəlmişdir. Onlar evin darvazasından həyətə daxil olmuş və evə yaxınlaşmışlar. O evin giriş qapısına yaxınlaşıb qapını açmaq istəyən zaman evin qonaq otağının pəncərəsinin açıq olduğunu və pəncərəyə vurulmuş qoruyucu torun pəncərənin kənarına qoyulduğunu görüb kiminsə evə daxil olduğunu düşünmüşdür. Dərhal qapını açıb evə daxil olmuş və pulları saxladığı yataq otağına keçmişdir. Yataq otağında olan paltar dolabını açıb dolabdan asdığı və içərisində pullarını saxladığı cins pencəyin cibinə baxmışdır. Pncəyin ciblərinə baxan zaman pencəyin sağ yan cibində olan 740 manat nağd pulunun və pencəyin sol yan cibində olan 50 manat miqdarında qəpik pulunun yerində olmadığını görmüşdür. Daha sonra həmin dolabın içərisində olan və içərisində pullarını saxladığı şüşə balonu götürüb içərisinə baxmış və həmin balonun içərisində olan nağd pullarının da oğurlandığını görmüşdür. Buna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Daha sonra yaşadığı evdən pulunun oğurlanması barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məxsus pulların həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Ona məxsus evin yataq otağında olan paltar dolabının içərisindən asdığı cins pencəyinin sağ yan cibində olan 740 manat nağd pulu, həmin pencəyin sol yan cibində olan 50 manat miqdarında qəpik pulu və həmin dolabın içərisində olan şüşə balonun içərisində olan 800 manat nağd pulu oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1590 manat maddi ziyan dəymişdir. Evdən başqa heç nə oğurlanmamışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. 26 iyul 2023-cü il tarixdə, gecə saat 01 radələrində evdə olarkən əri Təqsirləndirilən şəxs evə gəlmiş və kafedə yemək yediyini bildirmişdir. Sonra Vüqar cibindən 50 manat pul çıxarıb ona vermişdir. O Vüqardan ona verdiyi pulun nə pulu olduğunu soruşmuş və Vüqar yaxşı iş düşdüyünü və gün ərzində işləyib qazandığını ona bildirmişdir. Pulu almış və özündə saxlamışdır. Səhəri gün o Beyləqan şəhərində yerləşən bazara getmiş və turşu hazırlamaq üçün Vüqarın ona verdiyi 50 manat pulun hamısına pomidor, xiyar alıb evə qayıtmışdır. Həmin gün günorta saatlarından sonra o qapıda turşu hazırlayan zaman Vüqar yaşadıqları evin çölündə küçədə dayanmışdır. Bu zaman iki nəfər polis əməkdaşı Vüqara yaxınlaşmış və onu polis şöbəsində aparılan araşdırma ilə əlaqədar izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Vüqar polis şöbəsindən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs evindən pul oğurladığı üçün izahat verməyə dəvət edildiyini bildirmiş və o Vüqarın ona verdiyi pulun oğurluq olduğunu öyrənmişdir. Vüqarın Zərərçəkmiş şəxs evindən 1590 manat pul oğurlamasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi 50 manat pulun Zərərçəkmiş şəxs evindən oğurlanmış pul olduğunu bilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üşün səbəb və əsas Beyləqan rayonu, Gödəklər kənd sakini Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə yaşadığı Beyləqan rayonu, Gödəklər kəndində yerləşən yaşayış evinə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən evin yataq otağında olan paltar dolabının içərisində olan pencəyinin cibindən və dolabın içərisində olan şüşə balonun içərisindən ona məxsus 1590 manat nağd pulun oğurlanması nəticəsində ona 1590 manat maddi ziyan vurulması barədə həmin tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Beyləqan rayon polis şöbəsinə ərizə ilə etdiyi müraciət əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş 16 avqust 2023-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs götürülmüş 07 ədəd 100 manatlıq, 08 ədəd 50 manatlıq, 18 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinasları, 12 ədəd 50 qəpik, 06 ədəd 20 qəpik və 08 ədəd 10 qəpiklik pullar cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü zərərçəkmiş şəxsə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən 1590 manat dəyərində pulunu oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Bünyadlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 avqust 2023-cü il tarixli, 364 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində 2009-cu il təvəllüdlü Səmral Fərzəliyev, 2011-ci il təvəllüdlü Banu Fərzəliyeva və 2012-ci il təvəllüdlü Cavid Fərzəliyev vardır. Banu adlı uşaq orqanizm funksiyalarının 90 faiz pozulması ilə nəticələnən əlildir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Bünyadlı kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 26 iyul 2023-cü il tarixdən, 28 iyul 2013-cü il tarixədək tutulmuş, 28 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. İş üzrə maddi sübut –07 ədəd 100 manatlıq, 08 ədəd 50 manatlıq, 18 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 02 ədəd 1 mantlıq pul əskinaslarının, 12 ədəd 50 qəpik, 06 ədəd 20 qəpik və08 ədəd 10 qəpiklik pulların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin hər bir günü 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut –07 ədəd 100 manatlıq, 08 ədəd 50 manatlıq, 18 ədəd 20 manatlıq, 02 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq, 02 ədəd 1 mantlıq pul əskinaslarının, 12 ədəd 50 qəpik, 06 ədəd 20 qəpik və 08 ədəd 10 qəpiklik pulların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-59/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-59/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver