Məhkəmə qərarları › İş №1(020)-59/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-59/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-59/2024 07.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- X9 və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü Milay və xx.xx.2020-ci il təvəllüdlü Alisa adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)- 115/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il və 01,03.2024cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 6470,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ilin sentyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmi olaraq qeydə aldırmışlar. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Milay və xx.xx.2020-ci il tarixdə Alisa adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların bir evdə yaşaması qeyri-mümkün olmuşdur. Bu səbəbdən də onlar faktiki olaraq ayrılmış və Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideyinlərinin yanına gedərək orada yaşamağa başlamışdır. Ayrı yaşadıqları vaxtdan bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü Alisanın 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat pul vəsaitinin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün və xx.xx.2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış 6470,00 manat aliment borcunu ödəməmişdir. Yalnız istintaq dövründə xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış 6470,00 manat aliment borcundan cəmi 600,00 manat ödəniş etmiş və həmin ödəniş qəbzlərini istintaqda təqdim etmişdir. Əlavə olaraq o, Zərərçəkmiş şəxs ilə evli olduğu müddətdə, yəni 2014-2015-ci illərdə Daxili İşlər Nazirliyinin, Beyləqan rayon polis şöbəsində çavuş rütbəsi ilə mühafizəçi işləmişdir. 2016-cı ildə dələduzluq etdiyi üçün Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.3 və 69.4-cü maddəsi ilə təqsirli bilinərək 1500,00 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəriməni ödədikdən sonra məhkumluğu ödənilmişdir. Həmin vaxtan etibarən fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gündəlik 20,00-25,00 manat olmaqla aylıq orta hesabla 600,00-750,00 manat qazanc əldə etmiş, həmin pulları kirayə xərcinə və gündəlik dolanışığına sərf etmişdir. Hazırda borcunu bütövlükdə ödəməyə maddi imkanı yoxdur. Bir müddət bundan əvvəl başqa yeni bir işə düzəlmişdir. Əmək haqqını alan kimi aliment borcundan hissə-hissə ödəyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ilin sentyabr ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmi olaraq qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Milay və xx.xx.2020-ci il tarixdə Alisa adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olmuşdur. Lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri pisləşmişdir. Belə ki, onlar müəyyən müddət bir yerdə yaşadıqdan sonra Təqsirləndirilən şəxs qazandığı pulları pis vərdişlərinə xərcləmiş, evə gec saatlarda gələrək heç bir əsas olmadan təhqir edici sözlərdən istifadə edərək ona dəfələrlə xəsarət yetirdiyi üçün onun Təqsirləndirilən şəxs ilə bir evdə yaşaması qeyri-mümkün olmuşdur. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq övladları ilə birlikdə valideyinlərinin yanında yaşamağa başlamışdır. Bir müddət övladlarına valideyinlərinin köməkliyi ilə baxdıqdan sonra Təqsirləndirilən şəxs ilə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(020)- 941/2021 saylı qətnaməsi ilə onların nikahları pozulmuş, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü Alisanın 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 50,00 manat pul vəsaitinin tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün və 24.01,2023-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək ona yaranmış olan 6470,00 manat aliment borcunu ödəməmişdir. Halbu ki, Təqsirləndirilən şəxs fərdi işlərlə məşğul olmuş, onun aliment ödəməyə maddi imkanı olmuşdur. Lakin aliment ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Hazırda da həmin hərəkətlərini davam etdirir. Bütün bu illər ərzində uşaqlarını valideynlərinin köməkliyi ilə çətinliklə saxlayır. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, ödənilmədiyi təqdirdə isə ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid1 ifadəsində göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-941/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2020-ci il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək saxlanılması üşün 50,00 manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, göstərilən icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmiş, məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Hüseynli X8 Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə 10 (on) gün və xx.xx.2023-cü il tarixdə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs aliment öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs fərdi işlərlə məşğul olmuş, qazancı olmasına baxmayaraq aliment ödəməmişdir. İcra zamanı Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə və onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Nəsirli X7 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə Zərərçəkmiş şəxs təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 6470,00 manat aliment borcu yaranmışdır. Hazırda da Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün Zərərçəkmiş şəxs aliment ödəməkdən boyun qaçırır. İş üzrə şahid qismində dindirilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin bağlanmasına səbəb Təqsirləndirilən şəxs tərəfindən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra edilməməsi faktı ilə bağlı Beyləqan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı, əsas isə həmin fakta görə toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatından görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)- 115/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 313-12/2-109950/2024 nömrəli tələbnamədən və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1 (020)-11/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4500,00 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev tustaqlığında qaldığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərinə qəti olaraq 1500,00 manat məbləğində cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını tam ödədiyi üçün Beyləqan rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş X1 X2 filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatı aşkarlanmamış və Filiala işlə bağlı müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, qazancı orta hesabla aylıq 600,00-750,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxsya məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 6470,00 manat məbləğində ziyandan yalnız istintaq zamanı 600,00 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işində olan xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(020)- 115/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, Hüseynli X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-941/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahidlərin ifadələri və işin məhkəmədə araşdırılmış halları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-1185/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməməsi kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hərəkətləri Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə hazırda da aliment borcunu ödəməkdən qərəzli boyun qaçırmasını və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, sonuncu istintaq orqanından gizləndiyi üçün haqqında axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırmışdır. Hüseynli X8 RPŞ-nin əməkdaşları tərəfindən 24 sentyabr 2024-cü il tarixdə saat 10:30-da tutularaq Yasamal RPŞ-nin MSY-nə yerləşdirildiyindən işi üzrə icraat xx.xx.2024-cü il tarixdə təzələnmiş, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş, dindirilmə həmin gün saat 16:30-da başa çatmış və bundan sonra ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməklə MSYdən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək saxlanıldığı iki gün müddətin hər bir günü bir gün müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın, üzərində qəti olaraq 8 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat üçün 132 (yüz otuz iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İşdə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar