Məhkəmə qərarları › İş №1(020)-59/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-59/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-59/2025 16.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verilmiş, B1, B, C1, C, D1, D, BE, CE, D1E, DE kateqoriyalı, BC759611 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi AD493463 nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz 190 Minik” markamodelli, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 08 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən 131-ci kilometrliyində Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin tələbi pozub nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq idarə etdiyi avtomobillə həmin yolu Bəhrəmtəpə istiqamətində soldan sağa keçməkdə olan piyada X4 vurmuş, nəticədə onun ehtiyatsızlığından Mirsahib İbrahimov “Baş beyinin əzilməsi, toxumasına, qişalarına və sol yan mədəciyə qansızma, sol təpə, sol gicgah, əsas, sol almacıq, sol kürək, sol mil, sol qamış sümüklərinin, soldan ll-Vİ qabırğalarının sınıqları, başın sol gicgah-təpə-alın nahiyəsinin, sol göz yuvası ətrafı yumşaq toxumaların, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol baldırın hematomaları, burun nahiyəsinin, sağ əlin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol əlin əzilmiş-cırılmış yarası” xarakterli həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almış və sonuncu baş beyinin əzilməsi, toxumasına, qişaları altına və sol yan mədəciyə qansızma, kəllə tağı, əsası və üz skeleti sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi xarakterli xəsarətlərdən 12 dekabr 2024-cü il tarixdə saat 04:25-də “İstanbul NS” Klinikasında ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 əvvəllər tanımamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus “Mercedes Benz 190 Minik” marka modelli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Füzuli rayonunda yerləşən tikinti şirkətində sürücü vəzifəsində işləyir. Hər gün səhər saatlarında öz avtomobili ilə işə gedib axşam 18 radələrində yaşadığı evə qayıdır. 08 dekabr 2024-cü il tarixdə saat təxminən 19:40 radələrində özünə məxsus avtomobil ilə Füzuli rayonundan yaşadığı evə qayıdarkən Hacıqabul-Bəhrəmtəpə- Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsindən keçən hissəsində Bəhrəmtəpə qəsəbəsi istiqamətində, yəni Daşburun dairəsi adlanan əraziyə doğru hərəkət etmiş, avtomobili təxminən 50-60 km/saat surəti ilə idarə etmişdir. Daşburun dairəsinə çatıb dairədən sola, yəni Yeni-Mil qəsəbəsi istiqamətində dönmək istədiyi üçün öz hərəkət istiqamətində sol hərəkət zolağına çıxmışdır. Dairəyə çatmağa təxminən 20-30 metr qalmış o, anidən bir nəfər şəxsi vurduğunu görmüşdür. Buna görə də dərhal avtomobili saxlamış, daha sonra avtomobildən düşdükdə yolun ortasında bir nəfər şəxsin xəsarət alaraq yerə uzandığını görmüşdür. Həmin vaxt oraya bir neçə adını bilmədiyi kənar şəxslər toplanmış, həmin şəxslərdən biri təcili tibbi yardım xidmətinə zəng edərək məlumat vermişdir. Həmin vaxt yol polisi əməkdaşları da hadisə yerinə gəlmişlər. Bir qədər sonra həmin yerə təcili tibbi yardım briqadası gələrək, xəsarət alan şəxsi, sonradan adını bildiyi X4 Beyləqan rayon Mərkəzi xəstəxanasına aparılmışlar. O, özü də orada olan adını bilmədiyi şəxslərdən biri ilə Beyləqan rayon Mərkəzi xəstəxanasına getmişdir. Hadisədən sonra avtomobilini olduğu kimi saxlamış, hər hansı tərəfə kənarlaşdırmamışdır. Həmin vaxt orada yol polisi əməkdaşları olduğu üçün o, avtomobilini hadisə yerində qoyub xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman o, həkim tərəfindən sərxoşluq müayinəsindən keçirilmiş, sərxoş vəziyyətdə olmaması məlum olmuşdur. Hadisənin baş vərməsinə səbəb piyada Mirsahib İbrahimovun yola çıxmasına diqqət yetirməməsi olmuşdur. Onun hərəkəti üçün təhlükə Mirsahib İbrahimovun yola çıxdığı andan yaranmış, o, Mirsahib İbrahimovu görməmiş, vurduqdan sonra maşından düşüb baxdıqda həmin şəxsin kim olduğunu görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını, törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 08 dekabr 2024-cü il tarixdə hazırda dəqiq xatırlamadığı şəxs ailə üzvlərinə zəng edərək əri X1 Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən Daşburun dairəsinin yaxınlığında qəzaya düşdüyünü, bir avtomobilin Mirsahibi yolu piyada keçərkən vurduğunu və Mirsahibin ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi xəstəxanasına aparıldığını bildirmişdir. Bundan sonra o, dərhal ailə üzvləri ilə birlikdə Beyləqan rayon Mərkəzi xəstəxanasına getmişdir. Mirsahibin vəziyyəti ağır olduğu üçün onun müayinəsinin davam etdirilməsi məqsədi ilə Bakı şəhərində yerləşən “İstanbul NS” Klinikasına aparmışlar. 12 dekabr 2024-cü ilə qədər həmin klinikada Mirsahibə lazımi tibbi yardımlar olunsa da Mirsahibin xəsarəti ağır olduğu üçün həyatını xilas etmək mümkün olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayon Polis şöbəsinin X11 bölməsinin inspektoru vəzifəsində xidmət edir. 08 dekabr 2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarətləri nəticəsində vəfat etmiş X4 və yol-nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. 08 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində Beyləqan rayonu ərazisində xidmətdə olarkən Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Daşburun dairəsi adlanan yerdə yol-nəqliyyat hadisəsi olması barədə polis şöbəsinin növbətçi hissəsindən məlumat almışdır. O, post yoldaşı Şahid2 ilə dərhal deyilən yerə gedib hadisə yerinin mühafizəni təşkil etmişdir. Hadisə yerində Beyləqan rayonu, Yeni Mil qəsəbə kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz 190” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsindən keçən hissəsində, Daşburun dairəsi adlanan yerdə yolu soldan sağa keçməkdə olan piyada X4 vurması, hadisə nəticəsində Mirsahib İbrahimovun bədən xəsarətləri alması ona məlum olmuşdur. Həmin vaxt hadisə yerinə toplaşmış şəxslərdən biri təcili tibbi yardım xidmətinə zəng etmiş və bir qədər sonra tibb işçiləri təcili tibbi yardım avtomobili ilə gələrək Mirsahib İbrahimovu xəstəxanaya aparmışlar. Bir qədər sonra isə Beyləqan rayon PŞ-nin müstəntiqi hadisə yerinə gəlmiş, daha sonra Təqsirləndirilən şəxs özü də hadisə yerinə gəlmiş və müstəntiq Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X4 tanımamış, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 08 dekabr 2024-cü il tarixdə saat 20 radələrində o, qohumu Şahid4 ilə birlikdə avtomobillə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə gedərkən, Hacıqabul-Bəhrəmpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsində keçən hissəsində Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Mil qəsəbəsi ərazisində yerləşən Daşburun dairəsi adlanan yerdə dairəyə çatmağa 30-40 metr məsafə qalmış “Mercedes Benz 190 Minik” marka modelli avtomobilin yolun hərəkət hissəsində dayandığını, ətrafında insanların toplaşdığını, həmçinin polis əməkdaşlarının da orada olduğunu görmüşlər. Avtomobili yolun kənarında saxlayıb həmin yerə getmişlər. Bu zaman yolun hərəkət hissəsində dayanan “Mercedes Benz 190 Minik” marka modelli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin sol tərəfinin sındığını, avtomobilin qarşısında yerdə bir ədəd papaq və qan izlərinin olduğunu görmüşdür. Ətrafda olan insanlardan hadisə barədə soruşduqda həmin şəxslər “Mercedes Benz 190 Minik” marka modelli avtomobilin sürücüsünün yolu piyada keçmək istəyən şəxsi vurduğunu, şəxsin vəziyyətinin ağır olduğunu, buna görə də təcili tibbi yardım avtomobili ilə Beyləqan rayon mərkəzi xəstəxanasına aparıldığını bildirmişlər. Həmin vaxt avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs isə hadisə yerində olmamışdır. Ətrafda olan şəxslər Təqsirləndirilən şəxsdə xəsarət alan şəxsə görə xəstəxanaya getdiyini bildirmişlər. Bundan sonra o, Kamal ilə birlikdə oradan uzaqlaşaraq Bəhrəmtəpə qəsəbəsinə getmişlər. Təxminən 2 saat sonra onlar Füzuli rayonuna qayıdan zaman Mil qəsəbəsi ərazisindən keçərkən yenə də yol-nəqliyyat hadisəsi baş vermiş ərazidə bir neçə şəxsin, həmçinin polis əməkdaşlarının olduğunu, “Mercedes Benz 190 Minik” marka modelli avtomobilin isə əvvəl gördükləri yerində dayandığını görmüşlər. Onlar yenə də həmin yerə yaxınlaşmaq qərarına gəlmiş, avtomobili yolun kənarında saxlayıb həmin yerə getmişlər. Bu zaman orada olan polis əməkdaşlarından biri özünün Beyləqan rayon polis şöbəsinin müstəntiqi Rübail Hidayətli olduğunu bildirib, hadisə yerinə baxış keçirəcəyini və onunla Kamala hal şahidi kimi baxışda iştirak etməyi təklif etmişdir. Həmin vaxt avtomobilin sürücüsü Təqsirləndirilən şəxs də orada olmuşdur. O və Kamal müstəntiqlə razılaşdıqdan sonra müstəntiq “Mercedes Benz 190 Minik” marka modelli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirməyə, hadisə yerinin, piyadanın vurulduğu yerin ölçülərini metrə ilə ölçüb qeydlər aparmağa və hadisə yerinin şəkillərini çəkməyə başlamışdır. Baxış qurtardıqdan sonra isə müstəntiq bu barədə protokol tərtib etmiş, o və Kamal həmin protokolu imzalamışlar. Daha sonra isə o və Kamal oradan uzaqlaşaraq Füzuli rayonuna qayıtmışlar. O, hadisənin hansı formada baş verməsini görməmişdir. O, Kamal ilə birlikdə hadisə yerinə gələrkən orada yalnız avtomobilin yolun hərəkət hissəsində dayandığını, avtomobilin bir neçə metr qarşısında isə yerdə papaq və qan izləri olduğunu görmüşdür. Orada olan şəxslərdən soruşduqda isə onlar avtomobilin sürücüsünün yolu piyada keçməkdə olan piyadanı vurduğunu, piyadanın vəziyyətinin ağır olduğunu, buna görə də Beyləqan rayon mərkəzi xəstəxanasına aparıldığını bildirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi, zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CMin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsindən keçən 131-ci kilometrliyində, Daşburun dairəsi adlanan ərazinin yaxınlığında baş vermişdir. Hadisə nəticəsinə piyadanın vurulma yeri hərəkət istiqamətinin sol tərəfindən 1,3 metr məsafədə yerləşir. İnsan psixikasına təsir edən istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən xx.xx.2024-cü il tarixli, 993 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğun məyyən edilməsi məqsədi ilə 08 dekabr 2024-cü il tarixdə aparılmış tibbi müayinə zamanı onda sərxoşluq əlamətləri aşkar edilməmişdir. BC 759611 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verilmiş B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək etibarlıdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman idarə etdiyi “Mercedes Benz 190 Minik” marka modelli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil qara metallik rənglidir. Avtomobilin ön alın şüşəsinin sol tərəfinin avtomobilin salonuna doğru əzilərək, zədələnmişdir. Baxış zamanı digər hər hansı bir şübhəli əşya və ya iz müəyyən edilməmişdir. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 190 Minik” marka **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin duracağında saxlanılması nəzərə alınmışdır. Beyləqan rayon İHB-nin Yeni Mil qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamə və arayışdan görünür ki, Babayev X6 rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Kirov rayon Xalq Məhkəməsinin 29 iyun 1983-cü il tarixli hökmünə əsasən Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi, 110-cü və 38-ci maddələri ilə təqsirli bilinib altı il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Əzizbəyov rayon Xalq Məhkəməsinin 15 avqust 1985-ci il tarixli qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən üç il doqquz ay 16 gün müddətinə şərti olaraq azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Ağcabədi rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-1/2- 618/2024 nömrəli məktubundan görünür ki, Baş X11 İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Beyləqan rayonu, Aşıqalılar kəndi sakini Təqsirləndirilən şəxs adında 13 sentyabr 2023-cü ildən 13 sentyabr 2025-ci ilədək B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE kateqoriyalı BC759611 nömrəli sürücülük vəqiqəsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs hal-hazıra qədər sürücülük hüququndan məhrum edilməmişdir. Beyləqan rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 46/67/1-16840 nömrəli məktubundan və ona əlavə edilmiş çıxarışlardan görünür ki, “Mercedes Benz 190 Minik” marka modelli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, sürücüsü Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin mərkəzi informasiya sistemindən çıxarılmış məlumatlara əsasən Təqsirləndirilən şəxs adında 13 sentyabr 2023- cü ildən 13 sentyabr 2025-ci ilədək B1, B, C1, C, D1, D, BE, C1E, CE, D1E, DE kateqoriyalı BC759611 nömrəli sürücülük vəsiqəsi qeydə alınmış, onun sürücülük hüququ məhrum edilməmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, gələcəkdə də heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2024-cü il tarixli, 109/MEŞ nömrəli rəyindən görünür ki, M.P.İbrahimovun meyitində aşkar edilmiş xəsarətlər baş beyinin əzilməsi, toxumasına, qişalarına və sol yan mədəciyə qansızma, sol təpə, sol gicgahı, əsas, sol almacıq, sol kürək, sol mil, sol qamış sümüklərinin, soldan ll-Vİ qabırğalarının sınıqları, başın sol gicgah-təpə-alın nahiyəsinin, sol göz yuvası ətrafı yumşaq toxumaların, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin, sol baldırın hematomaları, burun nahiyəsinin, sağ əlin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, sol əlin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. M.P.İbrahimovun ölümünün bilavasitə səbəbi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və sol yan mədəciyə qansızma, kəllə tağı, əsası və üz skeleti sümüklərinin sınıqları ilə əlaqədar inkişaf edən baş beyinin ödemi olmuşdur. M.P.İbrahimovun ölümü xx.xx.2024-cü il tarixdə saat 04:25-də “İstanbul NS” Klinikasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/76 nömrəli rəyindən görünür ki, “Mercedes Benz 190 Minik” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50/km saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2025-ci il tarixl protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə mərhum X4 vurduğu yeri əyani olaraq göstərmiş, Təqsirləndirilən şəxs ifadələri ilə ziddiyət müəyyən edilməmişdir. İbtidai istintaq zamanı alınmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, “Mercedes Benz 190 Minik” marka modelli, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 avqust 2025-ci il tarixdə sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Yol hərəkəti qaydalarının pozulması dedikdə sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. Məhkəmə qeyd etmək istəyir ki, şərh olunan cinayət maddi tərkibli olduğu üçün CMin 263.2-ci maddəsində sadalanan ictimai təhlükəli nəticə baş verdiyi andan başa çatmış hesab edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasına və 72 yaş olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət əməlini törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat (15 saat x 11 manat=165 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və “Mercedes Benz 190 Minik” marka modelli, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarında göstərilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və “Mercedes Benz 190 Minik” marka modelli, **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar