Məhkəmə qərarları › İş №1(020)-6/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-6/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-6/2025 14.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Beyləqan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 08 may 2018-ci il tarixdən 10 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı 3 gün təyin olunan cəzaya hesablanmaqla çıxılmış, üzərində qəti olaraq 7 il 11 ay 27 yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilərək onun üzərində qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Beyləqan Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci və 67-ci maddələrinə əsasən üzərində qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 22 avqust 2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla Beyləqan şəhəri, Zeynalabdin Tağıyev küçəsi ev 1-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan şəhəri ərazisində yerləşən ictimai yer olan Mərkəzi bazarın qarşısında Beyləqan rayonu, Birinci Aşıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs ondan Bakı şəhərinə gedibgetməməsini soruşduğu üçün əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik. etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edərək onun üzərinə hücum edib, zor tətbiq etməklə yerə yıxıb təpiklə onun sağ ayağına qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağ medial topuğun əsasından sınığı xarakterli həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin onun sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona verilmiş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan şəhəri, Zeynalabdin Tağıyev küçəsi ev 1-də yaşayır. Beyləqan rayon sakini Zərərçəkmiş şəxs ilə qohumluq əlaqələri olsa da o, Məmmədi əvvəllər tanımamışdır. Məmməd ondan bir qədər yaşlı insan olduğuna görə atası Nadir qohum kimi Məmmədi yaxşı tanıyır. Məmmədlə ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2024-cü il tarixdə o, yaşadığı evdə olan zaman atası Şahid1 ona zəng edərək onu Beyləqan şəhəri ərazisində yerləşən mərkəzi bazarın qarşısına çağırmışdır. O, idarə etdiyi Nissan markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərkəzi bazarın qarşısında yerləşən “Üç qardaş" adlı kafenin qarşısına getmişdir. Oraya çatıb avtomobildən düşüb atasını gözləməyə başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs uca səslə qışqıraraq ondan Bakı şəhərinə gedib- getməməyini soruşmuşdur. O, Məmmədə cavabında “get taksilər dayanan yerdə Bakıya gedən adam axtar, sənin işinə qalmayıb mən hara gedirəm” demişdir. O bu sözləri Məmmədə dedikdə Məmməd əsəbi şəkildə "sən mənə yer göstərə bilməzsən" demişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. O, Məmmədə ondan uzaqlaşıb getməsini bildirmişdir. Həmin vaxt Məmməd onun ünvanına təhqir edici söz işlətmiş, o, da Məmmədə söyüş söyməməsini demiş və ona yaxınlaşmışdır. Məmməd ona məhəl qoymadan avtomobildən düşüb iti surətlə söyüş söyə -söyə ona tərəf gəlmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs üzərinə gəldiyini və söyüş söydüyünü görüb əsəbiləşmiş və Məmmədi özündən kənarlaşdırmaq məqsədilə itələmişdir. Həmin vaxt Məmməd ilk öncə özünə məxsus Xəzər markalı avtomobilin üzərinə, sonra isə yerə yıxılmışdır. O, Məmmədi təpiklə vurmamışdır. Məmməd yerə yıxılarkən ayağı sınmışdır. Bundan sonra orada olan atası Şahid1 və taksi sürücüləri onlara yaxınlaşaraq onları aralaşdırmışlar və o evə getmişdir. O, həmin hadisəni xuluqanlıq niyyəti ilə törətməmiş, xuliqanlıq hərəkətləri etməmişdir. Məmmədə qarşı xuliqnlıq etmək fikri olmamışdır. Məmməd özü onunla dalaşmağa onu sövq etmişdir. Aralarındakı mübahisə qısa bir vaxtda olmuş, sonradan ora çoxlu adamlar toplaşmışlar. Həmin vaxt o, Məmmədlə və başqa kiminləsə dalaşmamış, lakin əsəbi olduğuna görə bərkdən danışmışdır. Həmin vaxt artıq Məmmədi xəstəxanaya aparmışlar. Məmmədi itələyib yıxdığına və ona xəsarət yetirdiyinə görə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışıq əldə etmişdir. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onların qohumluq əlaqəsi olsa da, o, Kənanın atası Nadiri yaxşı tanıyır və yaxşı münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə X1 onu döyməsi barədə müraciət etmişdir. Onun özünə məxsus “Xəzər” markalı avtomobili var və həmin avtomobillə taksilik fəaliyyəti ilə məşğul olur. O çox vaxt Beyləqan rayon mərkəzi bazarının qarşısında Bakıya işləyən taksilərin dayandığı yerdə dayanıb Bakı şəhərinə gedən sərnişinləri apararaq ailəsini dolandırır. 11 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində avtomobili ilə Beyləqan rayon mərkəzi bazarının qarşısında dayanarkən Təqsirləndirilən şəxs bazarın qarşısına gəldiyini görmüşdür. O, avtomobilin pəncərəsindən “əmioğlu Bakıya gedirsən” deyə soruşmuş, Kənan onun nə borcuna qaldığını bidirərək ona qarşı nalayiq ifadələr işlətmişdir. O, Kənana “ağzının qatığını dağıtma” demiş, aralarında mübahisə yaranmış, Kənan ona tərəf keçmiş, ayağını avtomobilin qapısına dirəyərək və çiyninə yumruq vuraraq “niyə getmirsən burdan” demişdir. O, avtomobildən düşmək istəmiş, Kənan imkan vermədiyinə görə avtomobili qabağa verib avtomobildən düşmüş və Kənana doğru getmişdir. Kənan onu söydüyünə görə o, Kənana cavab qaytarmışdır. Həmin vaxt Kənan onu itələyib avtomobilin arxa tərəfinə yıxmış və təpiklə onun topuğuna vurmuşdur. Bundan sonra Tehran, Elnur, Əvəz, Ramil, Kənanın atası Şahid1 gəlmiş, Kənanı tutub aralaşdırmışlar və Vüsal adlı şəxsin avtomobili ilə Kənanı aparmışlar. Həmin vaxt Şahid4 onu yerdən qaldırmış, Elnur və Raminlə birlikdə onu Beyləqan rayon xəstəxanasına aparmışlar. Kənanın atası Şahid1 də xəstəxanaya gəlmiş və ona həkimə yıxılaraq xəsarət aldığını bildirməyini, oğlu Kənandan şikayət etməsə ona köməklik edəcəyini demişdir. Kənanın atası Elnura 100 manat pul vermiş, Elnur da onu Bakı şəhərinə aparmışdır. Səhəri gün ayağı şişdiyindən onu Travmatologiya institutuna aparmışlar. O, ayağından əməliyyat olunmuşdur. Bəhruz ona pul göndərmək üçün kart atmasını bidirsə də, sonradan ona pul atmamışlar. O, Kənanı söyüb təhqir etməmişdir. Kənan onu söydüyünə görə ona cavab qaytarmış və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ilə arasında münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istədiyindən onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Beyləqan şəhəri, Nizami küçəsi ev 10-da yaşayır. Beyləqan rayon sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2024-cü il tarixdə, saat 12 radələrində Beyləqan şəhəri mərkəzi bazarının yaxınlığında yerləşən çayxanada oturub çay içən zaman bazarın qarşısı tərəfdən səs-küy gəldiyini eşitmişdir. O nə baş verdiyini bilmək üçün adamlar toplaşan yerə tərəf getmişdir. Oraya yaxınlaşdıqda Zərərçəkmiş şəxs ayağını tutub qışqırdığını görmüşdür. O, Məmməddən nə baş verdiyini soruşduqda Məmməd ayağının sındığını bildirmişdir. Buna görə də o və taksi sürücüsü Elnur Məmmədi özünə məxsus avtomobilə əyləşdirib rayon xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən Təqsirləndirilən şəxs atası Şahid1 də oraya gəlmişdir. Həmin vaxt X2 dalaşdığını bildirmişdir. O səs- küyü eşidib oraya gələn zaman Kənan artıq Məmmədi vurub xəsarət yetirmiş və buna görə də o Kənanın Məmmədi vurmasını və nə ilə vurmasını görməmişdir. Dava-dalaş orada olan obyektlərin və kafelərin iş fəaliyyətini pozmasa da, ətrafda olan şəxslərin oraya toplaşmasına və narahatçılığına səbəb olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid6 və X6 Şahid5 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Beyləqan şəhəri, Zeynalabdin Tağıyev küçəsi ev 1-də yaşayır. Beyləqan rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun oğludur. Məmmədlə qohumluq münasibətləri vardır, lakin Məmmədlə Kənan bir-birilərini qohum kimi tanımamışlar. 11 aprel 2024-cü il tarixdə o Beyləqan şəhəri ərazisində yerləşən mərkəzi bazarın qarşısında taksilər dayanan yerdə dayanmışdır. Həmin vaxt taksi sürücüsü Zərərçəkmiş şəxs da orada dayanmışdır. Sonradan görmüşdür ki, Kənan Zərərçəkmiş şəxs avtomobilinin qarşında durmuşdur. Məmməd avtomobili qabağa verib avtomobildən düşmüş və Kənanla aralarında münaqişə yaranmışdır. Sonrada hadisə yerində olan şəxslər ona bildirmişlər ki, Məmməd idarə etdiyi Xəzər markalı avtomobili ilə gəlib yolda Kənanın yanında dayanmış və Kənandan Bakı şəhərinə gedib- getməməsini soruşmuşdur. Həmin vaxt Kənan ona Bakı şəhərinə getmədiyini bidirmişdir. Bu səbəbdən Kənanla Məmməd arasında münaqişə olmuş, Məmməd Kənanı söymüş, Kənan isə Məmmədə onu söyməməsini bildirmişdir. Lakin Məmməd söyüşlərinə davam etmişdir. Buna görə də Kənanla Məmməd dalaşmışlar. Məmməd Kənanın üstünə getmiş və Kənanın bel hissəsindən tutub sıxarkən Kənan da Məmmədi aralamaq üçün sinəsindən itələmişdir. Məmməd özünə məxsus avtomobilin üstünə yıxılmış və ayağı qırılmışdır. Həmin vaxt orada olan taksi sürücüsü Ramin Kənanı tutub oradan aralaşdırmış, Məmmədi isə xəstəxanaya aparmışlar. Xəstəxanada Zərərçəkmiş şəxs ondan müalicə pulu tələb etmişdir. O, müalicənin sığorta ilə olduğunu Məmmədə demişdir. Məmməd ondan avtomaşının pulunu və gündəlik qazancını tələb etmişdir. O, Elnura Məmmədi Bakı şəhərinə həkimə aparmaq üçün 100 manat pul vermişdir. Baş vermiş münaqişədən əvvəl oğlu onun yanında olmuşdur. Kənanla Məmmədin dalaşdığın görüb oraya getmiş və Məmmədə Kənanın onun oğlu olmasını demişdir. Həmin vaxt orada taksi sürücüləri Ramin, Əvəz və tanımadığı 2-3 nəfər şəxs olmuşdur. Baş vermiş dava-dalaş zamanı “Üç qardaş” adlı kafe işləmişdir. Dava-dalaş orada olan obyektlərin və kafelərin iş fəaliyyətini pozmamışdır. Lakin dava olduqdan sonra Məmmədin yanına bir neçə şəxs yaxınlaşmışdır. İş üzrə Şahid3 məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Beyləqan şəhəri, RTS qəsəbəsində yaşayır. Beyləqan rayon sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımış, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2024-cü il tarixdə, saat 12 radələrindəmən Beyləqan şəhəri mərkəzi bazarının yaxınlığında yerləşən çayxanada oturub çay içən zaman bazarın qarşısı tərəfdən səs-küy gəldiyini eşitmişdir. O, nə baş verdiyini bilmək üçün stoldan durmuş və avtomobil yoluna çıxmışdır. O, yola çıxıb bazarın qarşısı tərəfə baxmış və bazarın qarşısında yerləşən “Üç qardaş” adlı kafenin qarşısı ilə üzbəüz yolda dava-dalaş olduğunu və adamlar toplaşdığını görüb oraya yaxınlaşmışdır. Oraya yaxınlaşdıqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiklərini və aralaşdırıldıqlarını görmüşdür. Bu vaxt Məmməd Kənanın atası Şahid1 oğluna tərbiyə verməsini, oğlu Kənanın onu söyüb təhqir etdiyini və vurub yıxıb ayağını sındırdığını, Kənanın ona söydüyü söyüşlərin özünə getməsini bildirmişdir. Bu vaxt orada olan şəxslər Kənanı oradan uzaqlaşdırıb aparmışlar. Sonra taksi sürücüsü Elnur Zərərçəkmiş şəxs Məmmədə məxsus avtomobilə əyləşdirib rayon xəstəxanasına aparmışdır. Bununla da mübahisə başa çatmışdır. Məhkəmə iclasında hadisəni özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə vaxtı iş üzrə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilindən düşüb iti sürətlə bir qədər aralıda dayanmış təqsirləndirilən şəxs X3 tərəf hərəkət etmişdir. Həmin vaxt onlar tutaşmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələmiş, ona təpik atmış və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, həmin vaxt Məmməd onun ünvanına təhqir edici söz işlətmiş, o, da Məmmədə söyüş söyməməsini demiş və ona yaxınlaşmışdır. Məmməd ona məhəl qoymadan avtomobildən düşüb iti surətlə söyüş söyə-söyə ona tərəf gəlmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs üzərinə gəldiyini və söyüş söydüyünü görüb əsəbiləşmiş və Məmmədi özündən kənarlaşdırmaq məqsədilə itələmişdir. Həmin vaxt Məmməd ilk öncə özünə məxsus Xəzər markalı avtomobilin üzərinə, sonra isə yerə yıxılmışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 11 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Beyləqan şəhər sakini X7 ilə aralarında yaranmış mübahisə zamanı Kənan Mirzəyevin onu döyməsi barədə Beyləqan rayon polis şöbəsinə yazıdığı ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinin baxışının aparılması haqqında” 17 aprel 2024-cü il tarixli protokola əsasən hadisə yeri Beyləqan şəhəri ərazisində yerləşən mərkəzi bazarın qarşısıdır. Hadisə yerinin sol tərəfində Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolu və iaşə obyektləri, sağ tərəfində isə iaşə obyektləri yerləşir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli 287/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ medial topuğun əsasından sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan şəhəri Mərkəzi bazarın qarşısında Zərərçəkmiş şəxs ondan Bakı şəhərinə gedib-getməməsini soruşduğu üçün aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs onun üzərinə getdiyini görüb zor tətbiq etməklə yerə yıxıb təpiklə onun sağ ayağına qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağ medial topuğun əsasından sınığı xarakterli həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin onun sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurması kifayət qədər sübuta yetdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman həmin cinayətin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobudsurətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında, həmçinin göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Azərbaycan Respublikası CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin hərəkətləri xuliqanlıq niyyəti ilə törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında zərərçəkmiş şəxsin taksiçilik fəaliyyəti ilə bağlı təqsirləndirilən şəxsdən Bakı şəhərinə gedib getməməsini soruşmasına görə aralarında yaranmış münaqişə zəminində dava-dalaş olmuş və təqsirləndirilən şəxs zərərşəkmiş şəxsə sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən başqa, 221.1-cü maddəsilə də tövsif edərkən əsaslandığı yuxarıda göstərilən hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq İcmalında formalaşdırılmış yuxarıda göstərilən hüquqi mövqeləri tətbiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri əsasında Təqsirləndirilən şəxs, oğlunun 11 aprel 2024-cü il tarixdə, saat 12:30 radələrində Beyləqan şəhəri ərazisində yerləşən Mərkəzi bazarın qarşısında zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs zor tətbiq etməsinin səbəbini və ya Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsinə sövq edən amili Zərərçəkmiş şəxs uca səslə qışqıraraq ondan Bakı şəhərinə gedib- getməməyini soruşması, bundan sonra aralarında mübahisə yaranması beləliklə də zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlər etməsi təşkil etdiyinə, nəticədə Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə törətməsi, bu cinayət əməli başa çatdıqdan sonra Kənan Mirəzlinin hərəkətlərini davam etdirməklə, məhz bu halların ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etməsi müəyyən edildiyinə görə həmin hadisə zamanı yaranmış səs-küyün onların yaxınlığında olan insanlar (taksi sürücüləri və digər vətəndaşlar) tərəfindən eşidilməsi və həmin insanların hadisə yerinə gəlib Kənan Mirəzli ilə zərərçəkmiş şəxsi aralaşdırmaları özü-özlüyündə Təqsirləndirilən şəxs törətdiyi həmin ictimai-təhlükəli hərəkətlərin hüquqi təbiətini dəyişən, bu hərəkətlərin əvvəlcə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurması, hadisənin davam edib xuliqanlıq mərhələsinə keçməsi kimi qəbul edilməlidir. Çünki göstərilən qaydada zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs münaqişəni başlatması sonuncunun zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlərin əsasını (motivini) təşkil etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayətkar hərəkətlərində hadisə baş verdiyi zaman CM-nin 127-ci maddəsinə münasibətdə xuliqanlıq niyyətinin olmaması, onun hərəkətlərinin, yəni ictimai-təhlükəli qəsdinin yalnız hadisələrin ikinci və sonuncu mərhələsində ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına, xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərər vurmasına səbəb olduğu görünür. Beləliklə, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsindən başqa cinayətlərin məcmuyu qaydasında Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət vəya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını vəAzərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin, verdikləri ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 127.1-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal yoxdur. Buna görə də o, həmin Məcəllənin 127.1-ci və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Mirzəli X4 Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 04 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 07 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilib qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 4 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Beyləqan Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1 böyük ictimai təhlükə törətməyən cinayətlər. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğuna görə ona cəza təyini zamanı cinayətlərin residivi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, hərəkətlərini qismən də olsa etiraf edib səmimi peşimançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İşdə olan Beyləqan rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş və tutulduğu andan həbs edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, bildiririk ki, barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 127.2.3; 221.1 maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci və 67-ci maddələrinə əsasən üzərində qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Onun əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzasının cəkilməmiş hissəsi hazırkı tarixə 2 (iki) il 5 (beş) ay 10 (on) gün qalmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 69.3 və 67.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması, CM-nin 221.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzalarını tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 14 mart 2025-ci il tarixədək həbsdə olduğu 9 (doqquz) gün müddətin hər bir günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 2 il (iki) 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu ildə qərarı ilə, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının hazırki tarixə çəkilməmiş 2 (iki) il 5(beş) ay 10 (on) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 11(on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 2(iki) il 5(beş) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11(on bir) ay 12(on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəsini alana kimi barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut - 1 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210 (iki yüz on) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar