Məhkəmə qərarları › İş №1(020)-65/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-65/2025

18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-65/2025 18.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 146-da qeydiyyatda olmaqla Beyləqan şəhəri, Q.Nəbi küçəsi ev 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən “Dədəm Aqro MMC” bitki dərmanları və gübrə mağazasının içərisində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra mağazadan çölə çıxaraq əsaslı səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edərək “Dədəm Aqro MMC” bitki dərmanları və gübrə mağazasının içərisinə daxil olub mağazada satışda olan bir ədəd gümüşü rəngli dəmir borunu götürdükdən sonra Zərərçəkmiş şəxs üzərinə hücum edib, zor tətbiq etməklə yumruqla bır dəfə onun sağ gözaltı nahiyəsinə vurmuş, daha sonra həmin ərazidə yerləşən “Ülvi İnşaat” adlı inşaat materialları mağazasının qarşısında əlində olan gümüşü rəngli dəmir borudan silah qismində istifadə edərək zor tətbiq edib qəsdən Zərərçəkmiş şəxs başının ön və arxa tərəf nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona ənsə nahiyyəsində yumuşaq toxumaların əzilməsi, alın nahiyyəsinin tüksüz hissəsində sıyrıq fonunda əzilmiş yara, sağ gözaltı nahiyyəsində isə hematoma xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, beləliklə o, silah qismində istifadə olunan gümüşü rəngli dəmir borudan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X4 tanıyır, aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs qardaşı X1 dostudur. Beyləqan şəhəri S.İmrəliyev küçəsində 2012-ci ildə mağaza tikdirmiş, lakin mağazanı adına sənədləşdirməmişdir. Mağazanı tikdirdikdən sonra qardaşı Cavid mağazanın onun adına olmasını bildirərək mağazanı əlindən almış və onu mağazadan çıxarmışdır. Bundan sonra Cavid mağazanı "xxxx" adlı mağaza etmiş və dərman və yem məhsullarının satışı mağazası kimi işlətməyə başlamışdır. Cavid mağazanı əlindən aldığı vaxtlar dostu Zərərçəkmiş şəxs da ona çox köməklik etmişdir. Buna görə də onun Ülvi ilə münasibətləri korlanmışdır. Onun Ülvi ilə əvvəllər də bir neçə dəfə mübahisələri olmuşdur. 2025-ci ilin iyun ayında qardaşı Cavid həbs edilmişdir. Bundan sonra o mağazanı özü işlətmək qərarına gəlmişdir. 12 iyun 2025-ci il tarixdə, saat 17 radələrində mağazaya gedərkən Zərərçəkmiş şəxs və Ülvinin qardaşı oğlu Şahid2 mağazada görmüşdür. Ülvü və Əvəzə salam verib mağazada olan dərmanlarını və digər əşyalarını yığıb mağazadan çıxmalarını bildirmişdir. Bu zaman Ülvi ona etiraz etmiş və ona mağazadan çölə çıxmasını bildirmişdir. Buna görə Ülvi ilə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Ülvi ilə bir-birinə nalayiq sözlər işlətmişlər. O, Ülvi və Elgünü qorxutmaq üçün cibində olan qara rəngli dəmir parçasını çıxarıb mağazanın arxa qapısını bağlamaq üçün piştaxtanın arxasına tərəf hərəkət etmişdir. Bu vaxt Ülvi onun qarşısını kəsmiş və mağazada satıcı işləyən Elgün qorxaraq mağazanın arxa qapısından çıxıb qaçmışdır. O Ülvini kənara itələyib arxa qapıdan çölə çıxıb baxıb yenidən mağazaya qayıtmışdır. Ülvi ilə mübahisəni davam etdirmiş və bir-birinin yaxasından tutub dartışmışlar. Mübahisə zamanı o nalayiq söyüşlərlə Ülvini söymüşdür. Sonra o Ülviyə mağazadan çıxıb çöldə söhbəti həll etməyi bildirmişdir. Onlar Ülvi ilə mağazanın çölünə çıxmışlar. Sonra o, mağazaya qayıtmış və Ülvini döymək üçün mağazada olan gümüşü metallik rəngli uzun dəmir parçasını götürüb yenidən mağazadan çölə çıxmışdır. O çölə çıxıb Ülvinin üzərinə getmiş və yumruqla onun sağ gözünün altından vurmuşdur. Ülvi əlində dəmir parçası olduğunu görüb mağazanın yanında olan Ülvi İnşaat adlı mağazanın qarşısına tərəf getmişdir. O, Ülvinin arxasınca gedib mağazanın qarşısında onu söyə-söyə əlində olan dəmir parçası ilə onun başına zərbələr vurmuşdur. Bu vaxt səs-küyə ətrafdan çoxlu adamlar toplaşmış və onu Ülvidən aralamağa çalışmışlar. O yenə də onlara məhəl qoymadan əlində olan dəmir parçası ilə Ülvinin başından bir neçə dəfə vurmuşdur. Ətrafda olan şəxslər onu tutub Ülvidən aralamış və onu kənara aparmışlar. Bundan sonra Ülvi də yerdən qalxıb mağazanın qarşısında dayanmış və o da orada kənarda dayanmışdır. Bir neçə dəqiqə sonra anası Nailə Hüseynova oraya gəlmiş və onunla mübahisə etmişdir. X8 Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu Beyləqan rayon polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxslə barışmağa cəh etməmiş, yaxın yoldaşlarla söz göndərmişdir. Onun dəlixanada yatması ilə bağlı sənədi yoxdur. 2019-2023-cü illərdə 20 ay yatmış, lakin heç bir psixiloji problemi yoxdur. Əvvəllər narkotik vasitə istifadə etmiş, müalicə olunduqdan sonra isə narkotikdən istifadə etməmişdir. İstintqaq zamanı ekspertizaya göndərilməmişdir. Hadisə vaxtı sərxoş olmamışdır. Əməlindən peşimandır. Xəstədir. Ona görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs əvvələcədən tanımış, əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. Elnuru qardaşı X1 vasitəsilə tanımışdır. Belə ki, o Cavid Hüseynovla dostluq edir və çox vaxt onunla bir yerdə olur. 12 iyun 2025-ci il tarixdə saat 17 radələrində o Cavidin Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən "xxxx" adlı yem mağazasına getmişdir. O mağazada satıcı işləyən qardaşı oğlu Şahid2 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə mağazaya gəlmişdir. Elnur onlara salam verdikdən sonra Elgünə mağazanın ona məxsus olmasını bildirərək mağazanı bağlayacağını demiş və malları götürüb mağazadan çıxmasını bildirmişdir. Həmin vaxt Elgün mağazanın Cavidə məxsus olduğunu, sərxoş olduğu üçün evə getməsini, Cavid gələndə onunla söhbət etməsini bildirmişdir. X7 razılaşmamışdır. Buna görə də onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur cibindən bıçaq çıxararaq Elgünə tərəf hərəkət etmişdir. Bu vaxt o Elnurun qarşısına keçib onu tutub kənarlaşdırmağa çalışmış və Elgün mağazanın arxa qapısından çölə çıxmışdır. Bundan sonra Elnur söyüş söyə-söyə onun üzərinə hücum etməyə başlamışdır. Elnur yaxalaşıb onu kənara itələmişdir. Sonra Elnur mağazanın arxa qapısından çölə çıxmış və sonra geriyə qayıtmışdır. Bu vaxt o yenə də Elnura dava-dalaş salmamasını bildirmişdir. Lakin Elnur yenə də onun ünvanına söyüşlər söyərək onun yaxasından tutub dartışdırmağa başlamışdır. Sonra onlar Elnurla mağazanın çölünə çıxmışlar. Mağazadan çölə çıxdıqda Elnur mağazaya qayıtmış və mağazada olan gümüşü metallik rəngli uzun dəmir parçalarından birini götürüb yenidən mağazadan çölə çıxmışdır. Elnur çölə çıxıb onun üzərinə gəlmişdir. Bu vaxt Elnur ona yaxınlaşıb yumruqla onun sağ gözünün altından vurmuşdur. O Ülvi inşaat adlı mağazaya tərəf getmiş və Elnur da onun arxasınca gəlib ona yaxınlaşmışdır. Bundan sonra Elnur onu söyə-söyə əlində olan dəmir parçası ilə başına zərbələr vurmağa başlamışdır. Zərbənin təsirindən o yerə yıxılmış və səs-küyə ora çoxlu adamlar yanlarına toplaşaraq onu Elnurun əlindən almağa çalışmışlar. Lakin Elnur onlara məhəl qoymadan yenə də əlində olan dəmir parçası ilə onun başının ön və arxa hissəsindən bir neçə dəfə vurmuşdur. Bu zaman ətrafda olan şəxslər Elnuru ondan aralamış və kənara aparmışlar. Bundan sonra o də yerdən qalxıb mağazanın qarşısında dayanmışdır. Elnurun da yolun kənarında dayandığını görmüşdür. Bir neçə dəqiqə sonra Elnurun anası Nailə Hüseynova da oraya gəlmiş və Elnur ona da mağazanı boşaltmağı bildirmişdir. Bu zaman Nailə də Elnurla mübahisə etmiş və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Elnuru Beyləqan rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ilə arasında münaqişə 12 iyun 2025-ci il tarixdə, saat 17 radələrində ilk öncə Beyləqan şəhəri S.İmrəliyev küçəsi ərazisində yerləşən "xxxx" adlı mağazanın içərisində olmuşdur. Bundan sonra Elnurla o mağazadan çölə çıxmış və orada yerləşən “Ülvi İnşaat' adlı mağazanın qarşısında Elnur onu döymüşdür. Həmin vaxt orada mağazanın işçisi Şahid2 və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və ona xəsarət yetirməmişdir. Hadisə zamanı Elnur yumruqla onun sağ gözünün altından vurmuş və əlində olan gümüşü metallik rəngli dəmir parçası ilə başının ön və arxa tərəfindən bir neçə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Hadisə zamanı Elnur cibindən bıçaq çıxararaq Elgünə tərəf getmiş və o Elnurun qarşısını kəsmişdir. O sonra həmin bıçağın harada olduğunu bilməmişdir. Baş vermiş dava-dalaş orada olan mağazaların iş fəaliyyətini tamam pozmuşdur. Dava başlayandan sonra orada olan şəxslərin bəziləri qorxub qaçmış və ətrafdan oraya tanımadığı çoxlu adam toplaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, rəsmi olaraq "xxxx" MMC şirkətində direktor müavini vəzifəsində işləyir. İşlədiyi "xxxx" MMC Cavid Hüseynova məxsusdur. Təqsirləndirilən şəxs əvvəlcədən qardaşı X1 vasitəsilə tanımış, onunla aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 12 iyun 2025-ci il tarixdə işlədiyi Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən "xxxx" adlı yem mağazasında əmisi Zərərçəkmiş şəxs ilə söhbət edərkən saat 18 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə mağazaya gəlmişdir. Elnur onlara salam verdikdən sonra mağazanın ona məxsus olmasını bildirərək mağazanı bağlayacağını, malları götürüb mağazadan çıxmasını ona bildirmişdir. O, Elnura mağazanın Cavidə məxsus olduğunu deyərək Elnura sərxoş olduğu üçün evə getməsini, Cavid gələndə onunla söhbət etməsini bildirmişdir. Elnur onunla razılaşmamış və bu səbəbdən aralarında sözlə mübahisə yaranımşdır. Mübahisə zamanı Elnur cibindən bıçağa bənzər əşya çıxarıb ona tərəf gəlmişdir. Bu vaxt əmisi Ülvi Elnurun qarşısına keçmiş, o, da qorxusundan mağazanın arxa qapısından çölə çıxmışdır. Qapıdan içəri baxarkən Elnurun söyüş söyə-söyə Ülvinin üzərinə hücum etdiyini görmüşdür. X9 mağazanın çölünə çıxmışlar. Mağazadan çölə çıxdıqda Elnur yenidən mağazaya qayıdıb mağazada olan gümüşü metallik rəngli uzun dəmir parçalarından birini götürüb yenidən mağazadan çölə çıxaraq Ülvinin üzərinə getmişdir. Elnur Ülviyə yaxınlaşıb yumruqla onun sağ gözünün altından vurmuşdur. Bundan sonra Ülvi orada olan Ülvi inşaat adlı inşaat materialları mağazasının qarşısına qaçmış, Elnur da onun arxasınca oraya getmişdir. Elnur Ülvinin yanına çatıb onu söyə-söyə əlində olan dəmir parçası ilə başına zərbələr vurmuşdur. Səs-küyə ətrafdan çoxlu adamlar toplaşıb Elnuru Ülvidən aralamağa çalışmışlar. Elnur onlara məhəl qoymadan yenə də əlində olan dəmir parçası ilə Ülvinin başının ön və arxa hissəsindən bir neçə dəfə vurmuşdur. Ətrafa toplaşmış şəxslərlə birlikdə Elnuru Ülvidən aralamışlar. Bir neçə dəqiqə sonra Elnurun anası Nailə Hüseynova oraya gəlmiş və hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Şahid dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Onun özünə məxsus Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən avtomobil ehtiyyat hissələri mağazası vardır. 12 iyun 2025-ci il tarixdə, saat 18 radələrində o mağazada otağında yatmışdır. Bu zaman o mağazanın çöl tərəfindən səs-küy eşidib yuxudan oyanmışdır. O nə baş verdiyini öyrənmək üçün mağazadan çölə çıxmışdır. O mağazadan çölə çıxdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mağazanın çöl tərəfində sözlə mübahisə etdiklərini görmüşdür. Onlar bir qədər mübahisə etdikdən sonra Elnur orada yerləşən "xxxx" adlı yem mağazasına girib içəridən gümüşü rəngli dəmir boru götürüb mağazadan çölə çıxaraq Ülvinin üzərinə hücum etmişdir. Ülvi qaçaraq orada yerləşən “Ülvi inşaat'’ adlı inşaat materialları mağazasının qarşısına getmişdir. Bu vaxt Elnur da Ülvinin arxasınca qaçıb mağazanın qarşısında əlində olan dəmir boru ilə Ülvini vurmağa başlamışdır. Zərbələrin təsirindən Ülvi yerə yıxılmış və Elnur yenə də dəmirlə onu vurmağa davm etmişdir. Bu vaxt səs-küyə ətrafdan oraya tanımadığı bır neçə şəxs yaxınlaşmışdır. O və ətrada olan şəxslər Elnura yaxınlaşmış və o Elnuru tutub dartaraq Ülvidən uzaqlaşdırıb kənara aparmışdır. Bundan sonra Elnur yolun kənarında dayanmış və Ülvi də yerdən qalxmışdır. Bir neçə dəqiqə sonra Elnurun anası Nailə Hüseynova da oraya gəlmişdir. Elnur anası ilə də sözlə mübahisə etmişdir. Buna görə də X5 İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Elnuru Beyləqan rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münaqişə 12 iyun 2025-ci ıl tarixdə, saat 18 radələrində Beyləqan şəhəri S.İmrəliyev küçəsi ərazisində yerləşən Ülvi İnşaat adlı mağazanın qarşısında baş vermişdir. Həmin vaxt orada o, mağazada işləyən Elgün və ətrafdan oraya toplaşmış tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Elnur Ülvini döyüb qurtardıqdan sonra anası Nailə Hüseynova da oraya gəlmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı Elnur əlində olan gümüşü metallik rəngli dəmir parçası ilə Ülvinin başının ön və arxa tərəfindən bir neçə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Ülvi hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və ona xəsarət yetirməmişdir. O hadisə zamanı Elnurun əlində bıçaq görməmişdir. Baş vermiş dava-dalaş orada olan mağazaların iş fəaliyyətini tamam pozmuşdur. Dava başlayandan sonra ətrafdan oraya tanımadığı çoxlu adam toplaşmışdır. Şahid5 məhkəmədə Şahid4 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdəBeyləqan rayon sakini Təqsirləndirilən şəxs qardaşı Cavidin mağazasında nalayiq söyüşlərlə onu təhqir edərək onu döyüb xəsarət yetirməsi barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 13 iyun 2025-ci il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş "Baxış keçirilməsi haqqında” 14 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan şəhəri, S.İmrəliyev küçəsində yerləşən “Ülvi inşaat” adlı inşaat materialları mağazanın qarşısıdır. Həmin mağazanın ətrafında bir neçə başqa mağaza yerləşir və mağazanın qarşı tərəfindən avtomobil yolu keçir. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 314/25 saylı tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyyəsində yumuşaq toxumaların əzilməsi, alın nahiyyəsinin tüksüz hissəsində sıyrıq fonunda əzilmiş yara, sağ gözaltı nahiyyəsində isə hematoma olmuşdur. Qeyd olunan xəsarət küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına verilmiş 24 avqust 2025-ci il tarixli cavaba əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı baş vermiş münaqişə zamanı Şahid2, Şahid4, Şahid5 və Şahid3 Zülfi oğlunun orada olduqları və hadisənin şahidi olduqları müəyyən edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan gümüşü rəngli dəmir boru ilə xəsarət yetirdiyi, əlində bıçaq olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirlyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 21 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019- xx.xx.2020; xx.xx.2020-xx.xx.2021; xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnoz: “Uzun gedişli nevrozabənzər pozuntu. Anamnezində psixoaktiv maddələrin qəbulu” -dur. İş materiallarına əlavə edilmiş TƏBİB” PHŞ “Beyləqan rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məktubundan görünür ki, xx.xx.1984 cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 3281 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kobudluq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, qıcığa qarşı həssaslıq, əsəbilik, emosional reaksiyalara meyillilik, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət hadisəsi törədilərkən Təqsirləndirilən şəxs keçiridyi emosional vəziyyəti onda müəyyən edilmiş şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 18 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən “Dədəm Aqro MMC” bitki dərmanları və gübrə mağazasının içərisində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, daha sonra mağazadan çölə çıxaraq əsaslı səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edərək “Dədəm Aqro MMC” bitki dərmanları və gübrə mağazasının içərisinə daxil olub mağazada satışda olan bir ədəd gümüşü rəngli dəmir borunu götürdükdən sonra Zərərçəkmiş şəxs üzərinə hücum edib, zor tətbiq etməklə yumruqla bır dəfə onun sağ gözaltı nahiyəsinə vurmuş, daha sonra həmin ərazidə yerləşən “Ülvi İnşaat” adlı inşaat materialları mağazasının qarşısında əlində olan gümüşü rəngli dəmir borudan silah qismində istifadə edərək zor tətbiq edib qəsdən Zərərçəkmiş şəxs başının ön və arxa tərəf nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona ənsə nahiyyəsində yumuşaq toxumaların əzilməsi, alın nahiyyəsinin tüksüz hissəsində sıyrıq fonunda əzilmiş yara, sağ gözaltı nahiyyəsində isə hematoma xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, beləliklə o, silah qismində istifadə olunan gümüşü rəngli dəmir borudan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qərəzli xuliqanlıq etməsi kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 03 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Hüseynov X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 146-da qeydiyyatda olmaqla Beyləqan şəhəri Qaçaq Nəbi küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan şəhəri ərazi Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasıdır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrinin sanksiyasına uyğun olaraq aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd gümüşü rəngli dəmir boru məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut- Beyləqan rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd gümüşü rəngli dəmir boru məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat üçün 198 (yüz doxsan səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar