Məhkəmə qərarları › İş №1(020)-69/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-69/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-69/2025 10.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Tərcüməçi- X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 may 2003-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuş, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, İran İslam Respublikasının Ərdəbil şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, qəsdən qanunsuz olaraq keçmiş, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq keçirmişdir. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, yaşamaq və işləmək üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 17 avqust 2025-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı xidməti sahəsindən piyada hərəkət etməklə qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, həmçinin İran İslam Respublikasının ərazisində istintaqa məlum olmayan tarixdə, şəraitdə və mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi məqsədilə əldə etdiyi, bir ədəd şəffaf polietilen materialdan olan bükümün içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən miqdarda, ümumi təmiz çəkisi 2,2 qram narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki şalvarının sağ yan cibində gizlədərək qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, həmin gün, saat 16 radələrində qeyd edilən ərazidə, 60 nömrəli sərhəd nişanından 100 metr sağda, mühəndistexniki çəpərindən 600 metr, dövlət sərhəd xəttindən 1800 metr məsafədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, sərhəd komendantlığına dəvət edilib həmin gün saat 18:00-dan 18:40-dək komendantlığın xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen materialdan olan bükümün içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən miqdarda, ümumi təmiz çəkisi 2,02 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 8 may 2003-cü il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərinin, Benamar kəndində anadan olmuş, orada yaşadığı müddət ərzində tikintidə usta işləmişdir. Yaşadığı şəhərdə maddi vəziyətinin yaxşı olmaması səbəbindən yaşamaq və işləmək məqsədi ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmək qərarına gəlmişdir. Lakin quru sərhədlərinin bağlı olması, həmçinin ümumvətəndaş pasportunun olmaması səbəbindən qanuni yolla Azərbaycan Respublikasına gələ bilməyəcəyini anlamışdır. Buna görə də İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla gəlmək qərarına gəlmiş, bu səbəbdən də 17 avqust 2025-ci il tarixdə, saat 12 radələrində İran islam Respublikasının Parsabad şəhərinin Dərələr kəndinə, yəni Azərbaycan Respublikası ilə sərhəd olan əraziyə gəlmiş, bir qədər ərazini müşahidə edib, Araz çayını Azərbaycan Respublikası istiqamətində keçmənin mümkün olub-olmamasını fikirləşmişdir. Daha sonra həmin gün saat 13 radələrində Araz çayının kənarına enərək Azərbaycan Respublikası istiqamətində hərəkət etməyə başlamışdır. Araz çayını keçdikdən sonra bir qədər hərəkət etdikdən sonra qarşısına müşahidə məntəqəsi çıxmışdır. Daha sonra isə hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Onun narkotik vasitə olmamışdır. Cibindən çıxan xəncəri isə özünü vəhşi heyvanlardan qorumaq üçün götürmüşdür. O, qorxduğundan narkotik vasitənin onun olduğunu bildirmişdir. İfadəsində narkotik vasitəni Parsabad şəhərindən özü istifadə etmək üçün aldığını göstərmişdir. İstintaq zamanı ondan ifadə alınarkən vəkil iştirak etmişdir. Çantasından olan bütün əşyaların siyahısı təqdim edilmiş, o, da qol çəkmişdir. Üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmamışdır. Ona narkotiklə bağlı ittiham veriləcəyini bilməmişdir. Narkotik vasitə onun üzərindən çıxsa da, kim tərəfindən cibinə qoyulmasını bilmir. O, əvvəllər də narkotikdən istifadə etməmişdir. O, saxlanıldıqdan bir gün sonra Bakı şəhərinə aparılmışdır. Özünü CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilmir. Barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, malqaraların otarılması, fermer təsərrüfatı ilə məşğul olub dolanışığını təmin etməkdədir. xx.xx.2025-ci il tarixdə, qonşusu olan Şahid3 ilə kənd ərazisində mal-qaralararını otaran zaman sərhəd zastavasının xidməti sahəsində bir nəfər mülki geyimli naməlum şəxsin onlara tərəf yaxınlaşmasını görmüş, həmin şəxs onlara yaxınlaşan zaman ona “Dayan” deyə uca səslə səslənib, qonşusu Şahid3 ona tərəf getməməsini bildirmişdir. Həmin şəxs onlara tərəf yaxınlaşıb Türkiyə Respublikasına getmək istədiyini bildirmişdir. Həmin şəxsin kənd sakini olmadığı və əraziyə giriş icazəsi olmadığı onlarda şübhə oyatdığından onlar yaxınlıqda olan sərhəd naryadına təyin edilmiş hərbi qulluqçulara ərazidə şübhəli şəxsin olması barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N saylı hərbi hissəsinin sərhəd zastavasının əsgəri Şahid5 ifadəsində göstərdi ki, sərhəd naryadının üzvü Şahid4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində sərhəd zastavasının xidməti ərazisində təyin olunduqları xidməti yekunlaşdırıb sərhəd zastavasına geri qayıdarkən sərhəd zasavasının xidməti ərazisində mal-qara otaran Şahid2 qaçaraq onların yanına gəlib sərhəd naryadına ərazidə bir nəfər şübhəli şəxsin olması barədə məlumat vermişdir. Naryad üzvü Şahid4 bu barədə dərhal radiorabitə vasitəsilə sərhəd zastavasına məlumat vermişdir. Sərhəd zastavası zastava rəisi leytenant Şahid1 tərəfindən “Silaha” komandasına qaldırılmış və leytenant Şahid1 rəhbərlik etdiyi həyacan qrupu həmin sahəyə gəlib çatan zaman, orada bir nəfər şübhəli şəxsin olduğu müəyyən edilmişdir. Həmin şəxs həyacan qrupu tərəfindən saxlanılmışdır. Sərhəd pozucusunun aşkar olunduğu sahədə saxlanılmış şəxin üzərində olan çantadan əlavə ərazidə şübhəli hal, sərhəd pozucularına məxsus iz, hər hansısa bir əhəmiyyət kəsb edən əşya və predmet əşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N saylı hərbi hissənin əsgərləri Şahid4 və Şahid6 məhkəmədə Şahid5 kimi eyni məzmunda ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2025ci il tarixdə, qonşusu olan Şahid2 ilə kənd ərazisində mal-qaralarını otaran zaman sərhəd zastavasının xidməti sahəsində bir nəfər mülki geyimli naməlum şəxsin onlara tərəf yaxınlaşmasını görmüşlər. Həmin şəxs onlara yaxınlaşan zaman Mirağa ona “Dayan” deyə ucadan səslənmişdir. Həmin şəxs, onlara tərəf yaxınlaşıb Türkiyə Respublikasına getmək istədiyini bildirmişdir. Həmin şəxsin kənd sakini olmadığı və əraziyə giriş icazəsi olmadığı onlarda şübhə oyatdığından onlar yaxınlıqda olan sərhəd naryadına təyin edilmiş hərbi qulluqçulara ərazidə şübhəli şəxsin olması barədə məlumat vermişlər. İş üzrə şahid Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N saylı hərbi hissənin sərhəd zastavasının rəisi, leytenant Şahid1 məhkəmə iclasına gəlməmiş, məhkəmə teleqrama göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid1 ibtifdai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində sərhəd zastavasının xidməti ərazisində mal-qara otaran Şahid2 həmin istiqamətdə xidmət aparan sərhəd naryadına ərazidə bir nəfər şübhəli şəxsin olması barədə məlumat vermiş, sərhəd naryadı bu barədə dərhal radiorabitə vasitəsi ilə rabitə növbətçisinə məlumat ötürmüş, rabitə növbətçisi isə bu barədə ona məruzə etmişdir. O, dərhal sərhəd zastavasını “Silaha” komandasına qaldırmış və aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. O, sərhəd zastavasının ərazisinə çatan zaman orada bir nəfər şübhəli şəxsin olduğunu görmüş və dərhal həmin şəxsi saxlamışdır. Saxlanılmış şəxs özünü İran İslam Respublikasının vətəndaşı X8 təqdim etmiş, Azərbaycan Respublikasına yaşamaq və işləmək məqsədilə gəldiyini bildirmişdir. Saxlanılmış şəxs X12 çantasına onun iştirakı ilə birlikdə baxış keçirildikdə çantanın içərisində sonuncuya məxsus geyimlər aşkar olunmuşdur. Daha sonra isə o, Beyləqan rayonunda yerləşən 4-cü sərhəd komendantlığına dəvət edilmiş və komendantlığın xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd kiçik ölçülü bükümdə təqribi çəkisi 1 qram olan narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraat qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanılmasına səbəb N nömrəli hərbi hissənin komandiri, polkovnik Samir Salamovun N avqust 2025-ci il tarixli 3-38-16/2-2347/25 nömrəli məlumatı, əsas isə Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə keçməsini və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən miqdarda narkotik vasitəni üzərində daşımasını təsdiq edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının N saylı hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli məlumatından görünür ki, 17 avqust 2025-ci il tarixdə dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Milad X2. İş materiallarına əlavə edilmiş 17 avqust 2025-ci il tarixli aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kiçik ölçülü bükümə baxış keçirilmiş, bükümün içərisində ümumi miqdarı 1 qram təşkil edən narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 17 avqust 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyi yeri əli ilə göstərmiş, həmin yer N saylı hərbi hissənin ərazisi olmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının N avqust 2025-ci il tarixli, 7/1104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün 21 №» möhür əksi olan, bir ədəd skotçlanmış kağız paketdə ümumi təmiz çəkisi 2,02 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,02 qram, qalıq 2 qramdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzi publik hüquqi şəxsi ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 sentyabr 2025-ci il tarixli, 5564 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs Milad X1 istifadə etmə halları olmuşdur. Lakin, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyat-axtarış baş idarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, qəsdən qanunsuz olaraq keçmiş, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq keçirməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində narkotik vasitədən məlumatı olmadığını bildirsə də, məhkəmə onun həmin ifadəsini inandırıcı hesab etmir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitə qurudulmuş marixuananın ona aid olmasını, İran İslam Respublikasının Parsabad şəhərindən özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırkı məhkəmə iclasında da həmin ifadəni özü verdiyini, lakin qorxduğu üçün o cür ifadə verdiyini göstərdi. Məhkəmə hesab edir ki, narkotik vasitəni təqsirləndirilən şəxs özünün istifadəsi üçün almış və üzərində gəzdirmişdir. Narkotik vasitənin onun üzərindən, yəni sağ yan cibindən çıxmasını etiraf etmişdir. Ona görə də onun narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsini məhkəmə inandırıcı hesab etmir və həmin ifadəsi işin məhkəmə iclasında araşdırılmış halları ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.2 və 318.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hərəkətlərini səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuna müvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə müəyyən edildi ki, şəxs Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşıdır, Azərbaycan Rüspublikasında yaşayış yeri yoxdur və onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması şamil edilməyən hallar mövcud deyildir. Odur ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəza təyin edilməsi qanuni və əsaslıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə inzibati qaydada saxlanılmış, N avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avuqst 2025-ci il tarixdə tərəfimdən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 318.1-ci maddələri ilə ittiham elan edilərək həmin tarixdə barəsində Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarova tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və ona 3 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 318.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci və 318.1-ci maddəllərində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanderdə profilaktiki qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut- Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 2 (iki) qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd bıçaq (xəncər) məhv edilsin. İş üzrə maddi sübutlar 1 (bir) ədəd idman çantası, 1 (bir) ədəd “İPONE” markalı Smartfon telefon, 250000 İran tüməni, 1 (bir) ədəd plastik kart, 1 (bir) ədəd “Rightel” İran operatoruna məxsus nömrə, 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd dəsmal, 2 (iki)ədəd güləş köynəyi, 1(bir) ədəd odeyal Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan 136 (yüz otuz altı) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 176 (yüz yetmiş altı) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X10 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar