Məhkəmə qərarları › İş №1(020)-72/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-72/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-72/2025 25.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, qəsdən, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 15 avqust 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gələrək saxlanc yeri hesab edilən həyətə qanunsuz daxil olub, sonuncuya məxsus olan 01 baş, dişi cinsli, 5 yaşlı, diri çəkisi təxminən 35 kq olan, 01 baş, dişi cinsli, 3 yaşlı, diri çəkisi təxminən 40 kq olan, 01 baş, dişi cinsli, 2 yaşlı, diri çəkisi təxminən 35 kq olan, 02 baş erkək cinsli, 8 aylıq, diri çəkisi təxminən 35 kq olan, 01 baş, dişi cinsli, 11 aylıq, diri çəkisi təxminən 40 kq olan, 01 baş, dişi cinsli, 4 aylıq diri çəkisi təxminən 20 kq olan ümumilikdə 07 baş xırdabuynuzlu heyvanı oğurlamaqla Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayan Şahid2 1600 manata satmış, beləliklə o, saxlanc yeri olan Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evin həyətyanı sahəsindən cəmi 2100 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmədə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla deyil, CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır, evlidir, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, maddi tələbatını ödəmək üçün Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən bazarda paltar mağazasında paltar satışı ilə məşğul olur. Həmin mağazanı 10 ildən artıqdır ki, işlədir. O, həmkəndlisi Vüsalı uşaqlıqdan bəri tanıyır, aralarında heç bir ədavət olmamışdır, əksinə onunla münasibəti yaxşı olmuşdur. Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini olan Zərərçəkmiş şəxs isə rayon sakini kimi tanıyır və onunla da aralarında hər hansı bır ədavət və ya düşmənçilik olmamışdır. 15 avqust 2025-ci il tarixdə səhər saat 08 radələrində o, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evinin qabağında zibil atan zaman 7 baş xırda buynuzlu heyvanın onun qapısının qarşısına gəldiyini görmüş, həmin heyvanları qovsa da heyvanlar yenidən qayıdıb onun qapısına gəlmişdir. O da həmin heyvanları bu dəfə qovmamış və həmin 7 baş heyvanı əvvəlcə evinin qarşısında olan dəmir qapını açdıqdan sonra həyətinə daha sonra isə həyətində olan pəyəyə salmışdır. O, 4-5 gün həmin heyvanları həmin pəyədə saxlamışdır. Onlara su, ot vermiş və qulluq eləmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində isə o, həmin heyvanları satmaq qərarına gəlmişdir. Buna görə də o, əvvəllər tanıdığı və heyvan alqı-satqısı ilə məşğul olduğunu bildiyi Vüsala zəng etmiş və Vüsala 7 baş qoyun-quzusunun olduğunu deyib satmaq istədiyini ona bildirmişdir. Vüsal isə təxminən yarım saat sonra onun qapısına gəlmiş və pəyəyə girib qoyun-quzuya baxdıqdan sonra onları almağa razı olmuşdur. O, həmin 7 baş qoyun-quzu üçün Vüsaldan 2000 manat pul istəmiş, lakin Vüsal əvvəlcə 1500, daha sonra isə 1600 manat verəcəyini demiş, və o, 1600 manat pula həmin heyvanları satacağı barədə Vüsalla razılaşmışdır. O, həmin heyvanları öz qapısında Vüsala 1600 manata satmışdır və Vüsal 1600 manat pulu ona həyətində vermişdir. Vüsal Qaz-31 markalı avtomobili ilə gəlmiş və 7 baş heyvanı həmin QAZ 31-ə qoyduqdan sonra çıxıb getmişdir.Daha sonra isə polis əməkdaşları onu izahatının alınması üçün Beyləqan rayon polis şöbəsinə dəvət etmişlər. O, əvvəllər oğurluqla məşğul olmamışdır. 7 baş xırdabuynuz heyvanın qapısına gəlməsi, həmin heyvanları, əvvəlcə həyətə, daha sonra isə pəyəyə salmasını heç kimə deməmiş, həmin heyvanların sahibinin tapılması üçün heç bir hərəkət etməmişdir. Onun həmin heyvanları satmaqda məqsədi gəlir əldə etmək olmuş, belə ki, həmin heyvanları pəyəyə saldıqdan sonra xəstəliyinin olması səbəbilə pula ehtiyacı olduğu üçün həmin heyvanları pəyəsində saxlamışdır ki, onun sahibləri çıxmayacağı təqdirdə həmin heyvanları satsın və pul qazansın. Həmin heyvanları əvvəlcə həyətə, daha sonra isə pəyəyə salan zaman onu heç kim görməmişdir. Həmin 7 baş heyvan onun həyətinin çöl qapısının qabağında olan zaman qonşusu Şahid1 həmin heyvanların kimə məxsus olduğunu ondan soruşmuş, o isə cavabında həmin heyvanların kimə məxsus olduğunu deməmişdir. O, heyvanları həyətə, daha sonra isə pəyəyə salan zaman bunu Qədir görməmişdir. Vüsal həmin heyvanların oğurluq olduğunu bilməmiş, o, həmin heyvanların özünə məxsus olduğunu Vüsala demişdir. Buna səbəb onun həmin heyvanları satıb pul qazanmaq istəməsi olmuşdur. O düşünmüşdür ki, əgər Vüsala həmin heyvanların özünə məxsus olmadığını desə Vüsal həmin heyvanları ondan almayacaq. Vüsal heyvanları almağa tək gəlmiş, həmin heyvanları Vüsala satmağını isə heç kim bilməmişdir. Bunu sadəcə o və Vüsal bilmişdir. O, oğurladığı heyvanların Zərərçəkmiş şəxs məxsus olduğunu bilməmişdir. O, 7 baş xırdabuynuzlu heyvanı qapıdan çöldə görmüşdür və onları həyətinə salmışdır. O, həmin heyvanları Zərərçəkmiş şəxs saxladığı yerdən götürməmişdir.Həmin yerə ümumiyyətlə getməmişdir. Polis əməkdaşları tərəfindən isə ona qarşı heç bir qanunsuzluq, psixi və ya fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş maddi ziyan ödənmişdir. Zərərçəkmiş şəxsin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yaşayır, hal-hazırda Füzuli rayonu, Horadiz şəhəri, “Beyləqan- taxıl” çörək zavodunda operator işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onu uşaqlıqdan bəri tanıyır, aralarında heç bir ədavət olmamışdır. Onun 7 baş xırdabuynuzlu, iki baş isə iribuynuzlu heyvanı vardır. Həmin heyvanları yaşadığı evin həyətində olan tövlədə saxlayır. O, 7 baş xırdabuynuzlu heyvanını hər dəfə həyətə açıb buraxır və daha sonra həmin heyvanlar həyətdə otlayırlar. Axşam vaxtı isə evə gələndə sonra həmin heyvanları pəyəyə salır. Heyvanları buraxdığı ərazi şifer və qamışlarla əhatələnmişdir və kənarları bağlıdır. Həmin yerdən heyvanların özbaşına çıxması üçün şərait vardır və heyvanlar həmin yerdən çəxıb gedə bilərdilər. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, özünə məxsus olan 7 baş xırdabuynuzlu heyvanı evinin kənarında olan kənarları bağlanmış əraziyə buraxmış və çıxıb işinə getmişdir. Həmin gün axşam saat 18 radələrində o, işdən evə gəlmiş və heyvanlarının həyətdə olmadığını gördükdən sonra onları axtarmağa başlamışdır. O, öz həyətinin ətrafını, sahələri axtarmış, lakin heyvanları tapa bilməmişdir. O, kəndin mərkəzində olan zaman heyvanlarının itməsi barədə kənd sakinlərinə demişdir. Lakin kənd sakinləri onun heyvanlarını görmədiklərini demişlər. Bundan başqa isə o, bazarda da bu barədə soraq eləmiş, lakin heyvanları görən olmamışdır. Daha sonra isə səhərisi gün o, Füzuli rayonu, Qayıdış qəsəbəsində olan zaman heyvanlarını axtarsa da onları tapa bilməmişdir. O, İmişli bazarında da həmin heyvanları axtarıb tapa bilmədiyi üçün xx.xx.2025- ci il tarixdə gecə saat 01 radələrində Beyləqan rayonunda olan heyvan bazarına getmişdir. Saat 02 radələrində o, bazara çatmış və bazarın qarşısında olan heyvanlara baxmağa başlamışdır ki, onun heyvanları əgər orada olarsa tanısın. O, heyvanları axtaran zaman əvvəllər heyvan alveri ilə məşğul olmuş şəxs kimi tanıdığı Vüsal adlı şəxsin avtomoblinin arxasında görmüş və həmin heyvanları tanımışdır. Bu zaman o, Vüsala həmin heyvanların ona məxsus olduğunu demişdir. Vüsal əvvəlcə onun zarafat etdiyini düşünsə də, sonradan həmin heyvanların onba məxsus olduğuna inanmışdır. O, heyvanları saymağa başlamış və həqiqətən də ona məlum olmuşdur ki, ona məxsus olan 7 baş xırdabuynuzlu heyvan Vüsala məxsus olan avtomobildəki heyvanlardır. O, bu zaman Vüsalın həmin heyvanların oğurladığını düşünmüş və heyvanları haradan götürdüyünü Vüsaldan soruşmuşdur. Vüsal ona həmin heyvanları Təqsirləndirilən şəxs 1600 manat qarşılığında aldığını və Elnurun ona həmin heyvanların ona məxsus olduğunu və xəstə olması səbəbindən satdığını demişdir. Bundan sonra isə o, Vüsal ilə birlikdə gecə saatlarında Elnurun yaşadığı evə getmiş və Elnuru çağırmağa başlamışdır. Elnur qapıdan çıxmış və onlar vəziyyəti Elnurdan soruşmuşdur. Elnur onlara heyvanların qapısına gəldiyini və buna görə də heyvanları əvvəlcə həyətinə, oradan isə pəyəyə saldığını demişdir. Bu vaxt Vüsal Elnurdan ona verdiyi 1600 manat pulu tələb etmiş, Elnur isə həmin pulu Vüsala təqdim etmişdir. O isə özünə məxsus olan 7 baş xırdabuynuzlu heyvanını götürüb evinə aparmış və pəyəyə salmışdır. Bundan sonra isə polis əməkdaşları onunla əlaqə saxlamış və onu Beyləqan rayon polis şöbəsinə dəvət etmişdir. Ona məxsus olan və oğurlanmış qoyunların sayı ümumilikdə 7 baş olmuş, onlardan üçü ana qoyun qalanları isə 4 ədəd yaşı tamam olmamış quzular olmuşdur. Həmin heyvanlar 01 baş dişi cinsli, 5 yaşlı, diri çəkisi təxminən 35 kq olan, 01 baş dişi cinsli, 3 yaşlı, diri çəkisi təxminən 40 kq olan, 01 baş dişi cinsli, 2 yaşlı, diri çəkisi təxminən 35 kq olan qoyunların, bundan başqa, 02 baş erkək cinsli, 8 aylıq diri çəkisi təxminən 35 kq olan, 01 baş dişi cinsli, 11 aylıq diri çəkisi təxminən 40 kq olan, 01 baş dişi cinsli, 4 aylıq diri çəkisi təxminən 20 kq olan quzular olmuş və ona ümumilikdə təxminən 2100 manat maddi ziyan dəymişdir.Lakin hazırda ona dəymiş ziyan ödənildiyi üçün onun Rəvan Cəfərovdan heç bir şikayət və tələbi yoxdur. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Birinci Şahsevən kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi təsərrüfatla məşğul olmaqla öz maddi tələbatını ödəyir. Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır, onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs də, rayon sakini kimi uzun müddətdir ki, tanıyır və onunla da aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində o, Beyləqan rayonu, Birinci Şahsevən kəndində özünə məxsus olan heyvanları otlatmaq məqsədilə ot sahəsinə tərəf aparan zaman həmin vaxt kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs evinin qarşısından keçmişdir. Bu zaman o, görmüşdür ki, təxminən 7-8 ədəd xırdabuynuzlu heyvan Elnurun qapısının qarşısındadır və Elnur onları qapıdan qovur. Bu zaman o, Elnuru səsləmiş və həmin heyvanların kimə məxsus olduğunu Elnurdan soruşmuşdur. Elnur isə həmin heyvanların kimə məxsus olduğunu bilmədiyini demişdir. Həmin vaxt səhər tezdən olduğu üçün onların ikisindən başqa yolda heç kim olmamış və heç kim onları görməmişdir. O da bundan sonra heyvanları qabağına qatıb getmişdir. O, Elnurun həmin heyvanları aparıb həyətinə salmasını görməmişdir.Sonradan ona məlum olmuşdur ki, həmin heyvanlar kənd sakini olan Zərərçəkmiş şəxs məxsusdur və onlar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və satılmışdır. Bundan bir müddət sonra isə polis əməkdaşları onunla əlaqə saxlamış və onu Beyləqan rayon polis şöbəsinə dəvət etmişlər. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayır, evlidir, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, maddi tələbatını mal-qara saxlamaq və satmaqla ödəyir. Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır, onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs də rayon sakini kimi uzun müddətdir ki, tanımışdır və onunla da aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək 7 baş qoyununun olduğunu və həmin heyvanları satmaq istədiyini demişdir. O isə Elnura cavabında həmin heyvanları ala biləcəyini demiş və yarım saat sonra özünə məxsus olan “QAZ 3110” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu, Birinci Şahsevən kəndinə gəlmişdir. O, həmin kəndə gələn zaman yanında heç kim olmamış və o, kəndə tək gəlmişdir. Elnurun qapısını əvvəllər tanıdığı üçün onun evinin yerini tez tapmış və oraya gəlmişdir. Qapıya çatan zaman Elnur qapıda tək onu gözləmişdir. Elnur həyətin qapısını açmış və avtomobili həyətə daxil etməsini ona bildirmişdir. O da avtomobili arxa-arxaya verərək həyətə salmışdır. Bundan sonra avtomobilin mühərrikini söndürmüş və avtomobildən düşmüşdür. Elnur həyətdə tək olmuş və onun yanında heç kim olmamışdır. Elnur əli ilə ona pəyədə saxladığı 7 baş xırdabuynuzlu heyvanı göstərmiş və ona demişdir ki, “bu gördüyün heyvanlar mənim özümündür və mən xəstələndiyim üçün həmin heyvanları təcili satmalıyam”. O da heyvan alverçisi olduğu üçün həmin heyvanları əgər aralarında razılıq olacağı təqdirdə Elnurdan alacağını Elnura demişdir. Elnur əvvəlcə ondan 7 baş heyvan üçün 2000 manat pul istəmişdir. O isə Elnura 1500 manat pul verə biləcəyini demişdir. Elnur isə ona cavabında razı olmadığını bildirmişdir. Onlar öz aralarında danışmağa davam etmiş və sonra 1600 manat müqabilində 7 baş xırdabuynuzlu heyvanı Elnur ona satmağa razı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində o, 7 baş xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs 1600 manat qarşılığında almışdır. O, həmin heyvanları özünə məxsus olan “QAZ 3110” markalı 11- BG-530 dövlət qeydiyyat nişanlı avtomobilimə yükləmiş və 1600 manat pulu Elnura sayıb verdikdən sonra Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən evinə getmişdir. Həmin gecə o, heyvanları Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən evinin həyətinə buraxmışdır. 21 avqust 2025-ci il tarixdə cümə axşamı günü Beyləqan rayonunda heyvan bazarı günü təşkil olnduğu üçün o, həmin gün gecə saat 01 radələrində yuxudan ayılmış və Elnurdan aldığı 7 baş xırdabuynuzlu heyvanları özünə məxsus olan “QAZ 3110” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilimə yükləyib bazara tərəf yola çıxmışdır. Beyləqan şəhərində yerləşən bazara çatdıqdan sonra isə bazarın qapısının qabağında bazarın qapısının açılmasını gözləməyə başlamışdır. Bu zaman əvvəllər rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs onun yanına gəlmiş və ona məxsus olan “QAZ 3110” markalı 11 -BG- 530 dövlət qeydiyyat nişanlı avtomobilinə qoşduğu qoşqunun kənarları açıq olduğu üçün gətirdiyi heyvanları Bəylər görümüşdür. Bəylər həmin heyvanları gördükdən sonra ona heyvanların özünə məxsus olduğunu demişdir. O isə əvvəlcə Bəylərin zarafat etdiyini düşünmüş, lakin sonra artıq Bəylərin ciddi olduğunu və həqiqətən də heyvanların ona məxsus ola biləcəyini bilmişdir. Bəylər ondan həmin heyvanların kimə məxsus olduğunu soruşmuş və o, cavabında onları Təqsirləndirilən şəxs aldığını demişdir. Bundan sonra isə o, Bəylər ilə birlikdə həmin heyvanlar qoşquda olan vəziyyətdə Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evin qapısına gəlmiş və Elnuru çağırmağa başlamışdır. Elnur qapıya çıxmış və həmin heyvanların qapısına gəldiyini və buna görə də həmin heyvanları əvvəlcə həyətinə, daha sonra isə pəyəyə saldığını, xəstə olduğu üçün həmin heyvanları satdığını demişdir. O, Elnurdan ona verdiyi 1600 manat pulu istəmiş və Elnur da həmin pulu ona qaytarıb vermişdir. Bəylər isə özünə məxsus olan 7 baş xırdabuynuzlu heyvanı götürüb evinə aparmışdır. Bundan sonra isə o, evinə çıxıb getmişdir. Səhərisi gün isə polis əməkdaşları onunla əlaqə saxlamış və onu izahatının alınması məqsədilə Beyləqan RPŞ-yə dəvət etmişdir. O, Elnurdan aldığı 7 baş xırdabuynuzlu heyvanın oğurluq olduğunu bilməmiş, Elnur ona həmin heyvanların özünə məxsus olduğunu və özünün xəstə olması səbəbindən onları satmaq istədini demişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini olan Zərərçəkmiş şəxs 7 baş xırdabuynuzlu heyvanının naməlum şəraitdə itməsi barədə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi 15 avqust 2025-ci il tarixli müraciəti barədə Beyləqan rayon polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 7 baş xırdabuynuzlu heyvan sonuncunun Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evinin həyətindən oğurlanmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 7 baş xırdabuynuzlu heyvan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının 31 oktyabr 2025-ci il tarixli 3711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilmiş əməli törədərkən və törətməyə razılaşarkən hər-hansı psixi xəxtəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri alyına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 04 noyabr 2025-ci il tarixli AE 11- 002/25 saylı mütəxəssis rəyindən görünür ki, 01 baş dişi cinsli, 5 yaşlı, diri çəkisi təxminən 35 kq olan, 01 baş dişi cinsli, 3 yaşlı, diri çəkisi təxminən 40 kq olan. 01 baş dişi cinsli 2 yaşlı, diri çəkisi təxminən 35 kq olan qoyunların, bundan başqa 02 baş erkək cinsli, 8 aylıq diri çəkisi təxminən 35 kq olan, 01 baş dişi cinsli, 11aylıq diri çəkisi təxminən 40 kq olan, 01 baş dişi cinsli, 4 aylıq diri çəkisi təxminən 20 kq olan quzuların 2025-ci ilin avqust ayına olan nəzəri orta bazar qiyməti 2045,00 (iki min qırx beş) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, qəsdən, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 15 avqust 2025-ci il tarixdə oğurlamaqla gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində ona ittiham verildiyi CM-nin 177.2.3-cü maddəsinin (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;) əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 177.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs oğurluğu Zərərçəkmiş şəxs məxsus saxlanc yerinə daxil olmaqla törətməmişdir. Zərərçəkmişə məxsus 7 baş heyvanlar saxlanc yeri olan pəyədən çıxaraq, Təqsirləndirilən şəxs həyətinə tərəf getmiş, sonuncu da həmin heyvanları öz həyətinə salmaqla, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs birinci dərəcəli gözdən əlil olması, ancaq digər insanların yardımı ilə hərəkət edə bilməsi də bunu deməyə əsas verir ki, onun CM-nin 177.2.3-cü maddəsi ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törətməsi qeyri-mümkün sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318-ci maddəsində deyilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimaitəhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Odur ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsinə tövsif edilməl və ona həmin maddə ilə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin verdiyi ifadələri, şahidlərin verdikləri ifadələrinin hadisə yerində gördükləri və eşitdikləri hallarla bağlı olan hissələri, iş materiallarına əlavə edilmiş və hökmdə adları sadalanmış protokollar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlava edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan rayonu, Birinci Şahsevən kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 15 oktyabr 2025-ci il tarixli, 786/1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində 2015-ci il təvəllüdlü oğlu İbadullayev Məhəmməd və 2016-cı il təvəllüdlü qızı Rəfiqə İbadullazadə vardır. İş materiallarına əlava edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan rayonu, Birinci Şahsevən kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 15 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə, himayəsində 2 azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsinə, orqanizm funksiyalarının 90 faiz pozulmasını (birinci dərəcəli əlillik-əlilliyin səbəbi –ümumi xəstəlik –gözdən əlilliyi olan şəxs) CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsin, l qrup gözdən əlil olması, himayəsində 2 azyaşlı övladının olmasından ibarət cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, himayəsində övladlarının olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-in: - 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən göstərilən cinayət qanunu normalarına, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara nəzərə alındığı yuxarıda göstərilmiş halların, xüsusilə də yüngülləşdirici halların məcmusuna əsasən onun Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, yəni 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Buna görə də Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməli, iş üzrə maddi sübut, 7 baş xırdabuynuzlu qoyun heyvanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə mütəxəssis rəyinin dəyərini təşkil edən 100,0 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb “AZERBAİJAN EVALUATİON AND CONSULTİNG SERVİCE" MM-nin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin. Ona təyin edilmiş 1(bir) il azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 7 baş xırdabuynuzlu qoyun heyvanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mütəxəssis rəyinin dəyərini təşkil edən 100,0 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb “AZERBAİJAN EVALUATİON AND CONSULTİNG SERVİCE" MM-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə göstərdiyi hüquqi yardıma görə cəmi 17(on yeddi) saat üçün 187 (yüz səksən yeddi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar