Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-75/2025 12.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Hümbətov X6 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Ağcəbədi şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, sürücü işləyən, ailəli, məhkum olunmamış, Ağcəbədi şəhəri, Ə.Bünyadov küçəsi ev 21 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Stansiya Mingəçevir- Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində idarə etdiyi “Kamaz 55111 Yük” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməklə, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib üzü Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdən gələn sürücü X12 idarə etdiyi “Vaz 2107” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət yoluna çıxdıqda yol hərəkəti qaydalarını pozaraq yolun əks hərəkət istiqamətinə çıxıb yenidən öz hərəkət yoluna qayıdan Arif Bünyatovun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşaraq ehtiyyatsızlıqdan X3 tağı, kəllə əsası və üz-sklet sümüklərinin çoxsaylı, qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sol bud sümüyünün orta 3/1-nin fraqmentlərinin yerini dəyişmiş, qəlpələnmiş açıq sınığı, sol said sümüklərinin proksimal uclarının fraqmentlərinin yerini dəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları, daxili üzvlərin azqanlılığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Arif Bünyatovun baş beyin toxumasının əzilib-dağılması nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi " Kamaz 55111 yük" markalı, 10- SN-974 dövlət qeydiyyat nişanlı avtomobil tanışı X4 məxsusdur. O, həmin avtomobili Bİ, B, Cl, C kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə axşam radələrində idarə etdiyi "Kamaz 55111 yük" markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük hissəsinə 750 ədəd mişar daşı olmaqla ümumilikdə 10 ton yük yığıb Bakı şəhərindən Ağcabədi rayonuna getmək üçün yola düşmüşdür. Həmin gün gecə saatlarında yəni xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi "Kamaz 5511 yük" markalı, 10- SN-974 dövlət qeydiyyat nişanlı avtomobillə Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun sağ hərəkət zolağı ilə Stansiya Mingəçevir istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman yolun Beyləqan rayonu Eyvazalılar kəndi ərazisindən keçən hissəsində əks istiqamətdə hərəkətdə olan "Vaz 2107 minik" markalı ll-BX-867 dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 100-150 metr məsafədən onun hərəkət zolağına çıxıb hərəkət etməsini görmüşdür. Bu zaman o, ön işığı yandırıb söndürməklə həmin avtomobilin sürücüsünün öz hərəkət zolağına qayıtmasına dair xəbərdar etmişdir. Lakin "Vaz 2107 minik" markalı ll-BX-867 dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağına qayıtmayaraq onun hərəkət zolağı ilə hərəkətini davam etdirmişdir. O, yenidən ön işıqları yandırıb söndürmüş və siqnal vermiş, lakin yenə də "Vaz 2107 minik" markalı, 1 l-BX-867 dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağına qayıtmamış, bu zaman həmin avtomobillə qarşı-qarşıya toqquşacaqlarını görüb idarə etdiyi yük avtomobili ilə yolun sol zolağına doğru çıxmış, bu zaman"Vaz 2107 minik" markalı, ll-BX- 867 dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağına qayıtmışdır. Əks hərəkət zolağında Vaz 2107 markalı avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi yük avtomobilin qabaq sol hissəsindən yolun Stansiya Mingəeçvir istiqamətində sol zolağında dəyərək toqquşmuşlar. Toqquşma zamanı idarə etdiyi avtomobilin tiyaqası sınmış və avtomobilin rulu əldən çıxmış avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sol hissəsinə doğru istiqamətlənib yolun sol hissəsinin kənarında yerləşən meşəsalma zolağında dayanmışdır. Bu vaxt o idarə etdiyi avtomobildən düşüb X22 çağırmışdır. X16 hadisə yerinə gələrək "Vaz 2107 minik" markalı ll-BX- 867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adının X21 olduğunu bildiyi şəxsin meyitini Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, qəzadan əvvəl idarə etdiyi avtomobildə hər hansı nasazlıq olmamışdır. Qəza zamanı hər hansı xəsarət almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa və cinayət nəticəsində yetirilmiş maddi ziyanın ödənilməsinə cəhd etmiş, lakin qarşı tərəflə razılığa gələ bilməmişdir. Qarşı tərəf onu və qohumlarını qəbul etməmişdir. Himayəsində 4 azyaşlı uşağı vardır. Ailəsinin yeganə qazanc gətirənidir. Qəzada ölən sürücünün də günahı olmuşdur. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etməyə çalışmasını, ailə vəziyyətini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, mərhum X21 onun əri olmuşdur. O, uzun müddət sürücü işləyib özünə məxsus Kamaz markalı avtomobil ilə yükdaşıma ilə məşğul olmuşdur. Vaz 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobili də əri Arifə məxsusdur. xx.xx.2025- ci il tarixdə saat 02 radələrində ona məlumat vvermişlər ki, əri X24 2107 markalı avtomobil ilə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazlılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Kamaz markalı yük avtomobili ilə qarşı-qarşıya toqquşmuş, həmin hadisə nəticəsində Arif Bünyatov aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Kamaz markalı yük avtomobili Arif Bünyatovun hərəkət yoluna çıxması nəticəsində toqquşma baş vermişdir. Kamaz markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Lakin yas mərasimində iştirak etməmişlər. Daha doğrusu özləri buna razı olmamışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, BDYPİnin YPXA-nm Xİİİ tağımmm YPX inspektoru vəzifəsində, polis baş serjantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə stansiya Mingəçevir- Bəhrəmtəpə yolunda xidmətdə olmuş, həmin gün saat 02 radələrində həmin yolun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olduqda həmin məlumat əsasında hadisə yerinə getmişdir. Kamaz markalı yüklü vəziyyətdə olan yük avtomobili ilə Vaz 2107 markalı avtomobillər qarşı-qarşıya toqquşduqlarını görmüşdür. Vaz 2107 markalı avtomobildə sərnişin olmamış, sürücü adını sonradan bildiyi Beyləqan rayon sakini X21 təcili yardım avtomobili ilə hadisə yerindən xəstəxanaya aparılmışdır. Kamaz markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs isə hadisə yerində olmuşdur. Daha sonra təhqiqatçı Bəhruz Bayramov hadisə yerinə gələrək onun tərəfindən hadisə yerinə baxış keçirilib protokol tərtib olunmuşdur. Hadisə yerinin müayinəsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2025-ci il tarixdə saat 02 radələrində stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "Kamaz 55111 Yük" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü X12 idarə etdiyi “Vaz 2107 Minik” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı-qarşıya toqquşması nəticəsində Arif Bünyatovun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə HK-1/610 nömrəli məlumat, əsas isə həmin məlumat əsasında toplanmış ilkin yoxlama materialı olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayon Eyvazalılar kəndi ərazisindən keçən 133-cü kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətli, iki zolaqlıdır, yol Stansiya Mingəçevir və Bəhrəmtəpə istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur, hər iki istiqamətində yolun sağ hissəsin kənarında 2.0 metr enində yol çiyni yerləşir. Yolun ümumi eni 7.0 metr, hərəkət zolaqlarının eni isə 3.50 metrdir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisənin baş verdiyi yolda maksimum hərəkət sürəti 70 km/saat sürətlə məhdudlaşdırılmışdır. Qəza anına aid videogörüntü yoxdur İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli 972 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinə əlavə edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 03 avqust 2025-ci il tarixli 3-13-16-3/2-5807/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 763193 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 15/25 nömrəli rəyindən görünür ki, mərhum X12 meyitinin müayinəsi zamanı kəllə tağı, kəllə əsası və üz skleti sümüklərinin çoxsaylı qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sol bud sümüyünün orta 1/3-nin fraqmentlərinin yerini dəyişmiş, qəpələnmiş açıq sınığı, sol said sümüklərinin proksimal uclarının fraqmentləri yerini dəyişmiş açıq sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları, daxili üzvlərin azqanlılığı aşkar olunmuş, mərhum X12 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalar olmasına görə həyatidir, onun ölümündən az əvvəl təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə sürətlə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. mərhum X12 ölümünə səbəb baş beyin toxumasının əzilib dağılması olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025ci il tarixli 8/2044 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kamaz 55111 markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə görə cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə bu Məcəllənin 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz Həmin Məcəllənin 7.1-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Ona görə də barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İşdə olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/2044 nömrəli rəyindən görünür ki, təqdim olunan məlumatlara əsasən VAZ 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İş materiallarına əlavə edilmiş Ağcəbədi rayon İHB-nın Ağcəbədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxsin uşaqları X5 xx.xx.2012-ci ildə, X7 xx.xx.2014-cü ildə, X8 xx.xx.2019-cu ildə, X2 xx.xx.2022ci ildə anadan olmuşlar. İş mareriallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış təlabnamədən görünür ki, sürücü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir, cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi CM-nin 59.1.10-cu maddəsinə, ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, digər tərəfdən yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin qarşılıqlı təqsirinin mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş mareriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut Ağcəbədi rayon Polis Şöbəsinin DYPB-nin müvəqqəti dayanacağında saxlanılan Vaz 2107 markalı , ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə, Kamaz 55111 markalı, 10 SN974 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Ağcəbədi rayon PŞ-nin DYPB-nin müvəqqəti dayanacağında saxlanılan Vaz 2107 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisinə, Kamaz 55111 markalı, 10 SN974 dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat üçün 275 (iki yüz yetmiş beş) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X11 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-75/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-75/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver