Məhkəmə qərarları › İş №1(020)-8/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-8/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-8/2025 15.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5.82 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 31 iyul 2024-cü il tarixdə, saat 16:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:35- də üzərində şəxsi axtarış aparılarkən onun əynində göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 5.82 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmərək ifadəsində göstərmişdir ki, onun üzərində ittihamda qeyd edilən miqdarda narkotik vasitə olmamış və bir siaret bükümündə narkotik vasitə olmuşdur. Belə ki, o, polis əməkdaşları tərəfindən 31 iyul 2024-cü il tarixdə deyil, 30 iyul 2024-cü il tarixdə tutularaq, Beyləqan rayon Polis Şöbəsinin inzibati binasına aparılmış və orada polis əməkdaşları tərəfindən kamera olmayan otaqda və tualetdə döyülmüşdür. Ondan bir gün sonra isə, yəni 31 iyul 2024-cü il tarixdə göy rəngli cins şalvarının sol yan cibinə polis əməkdaşları tərəfindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qoyulmuş və video-çəkilişlə, eyni zamanda vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O, bu zaman döyülüb, işgəncələrə məruz qaldığı üçün üzərinə baxış zamanı həmin narkotik vasitənin ona aid olmadığını bildirməmiş və eləcə də döyülməsi barədə, vəkilinə və digər şəxslərə bu barədə məlumat verməmişdir. O, qoxduğu üçün istintaqa etirafedici ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Beyləqan rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitənin əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə Beyləqan rayon Polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermiş, daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və Beyləqan rayon polis şöbəsinin X1 sahə polis nəfəri Şahid1 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Təqsirləndirilən şəxs yeri dəqiqləşdirilmiş və o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələrin əldə edib saxlamaqla üzərində daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunaraq ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. X9 Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə müstəntiq məlumat vermişdir. X4 üzərinə əli ilə şəxsi axtarış keçirən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilərək götürmüşdür. Müstəntiq həmin kibrit qutusunu açıb içərisinə baxış keçirmiş və içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olmuşdur. X9 Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirmişdir. Sonra müstəntiq həmin kütləni haradan əldə etdiyini soruşmuş və Təqsirləndirilən şəxs onu Beyləqan şəhəri ərazisində kanalın kənarından körpünün altından tapdığını, istifadəçisi olduğu üçün götürdüyünü və satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən dövriyyəsi qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,91 qram olması müəyyən edilmişdir. Bu zaman Müdafiəçi həmin kütlənin kibrit qutusundan çıxarılıb ağ rəngli vərəqin üzərində çəkilməsini təklif etmişdir. Bu zaman X9 ağ rəngli vərəq götürərək kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı ağ vərəqin üstünə boşaltmış və vərəqlə birlikdə elektron tərəzidə çəkmişdir. Həmin vaxt aşkar edilmiş qurudulmuş marixuananın vərəqlə birgə çəkisinin 9.89 qram olduğu məlum olmuşdur. Sonra Müdafiəçi boş kibrit qutusunun çəkisinin müəyyən edilməsini xahiş etmişdir. X9 boş kibrit qutusunu elektron tərəzidə çəkmiş və çəkisi 2,97 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı yenidən kibrit qutusuna yığılmış, lakin marixuananın bir hissəsini kibrit qutusuna doldurmaq mümkün olmadığı üçün X9 kibrit qutusuna yığılması mümkün olmayan həmin qurudulmuş marixuananları ağ rəngli vərəqin içərisində bükmüşdür. Sonra 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və ağ rəngli vərəqə bükülmüş qurudulmuş marixuanalar ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin 86 nömrəli möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Beyləqan rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Beyləqan rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 bu barədə Beyləqan rayon Polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermiş, daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 və Beyləqan rayon polis şöbəsinin X1 sahə polis nəfəri Şahid1 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirilmiş və o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlamaqla üzərində daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunaraq ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. X11 Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə müstəntiq məlumat vermişdir. X4 üzərinə əli ilə şəxsi axtarış keçirən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilərək götürmüşdür. Müstəntiq həmin kibrit qutusunu açıb içərisinə baxış keçirmiş və içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olmuşdur. X9 Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirmişdir. Sonra müstəntiq həmin kütləni haradan əldə etdiyini soruşmuş və Təqsirləndirilən şəxs onu Beyləqan şəhəri ərazisində kanalın kənarından körpünün altından tapdığını, istifadəçisi olduğu üçün götürdüyünü və satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən dövriyyəsi qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,91 qram olması müəyyən edilmişdir. Bu zaman Müdafiəçi həmin kütlənin kibrit qutusundan çıxarılıb ağ rəngli vərəqin üzərində çəkilməsini təklif etmişdir. Bu zaman X9 ağ rəngli vərəq götürərək kibrit qutusunun içərisində olan qurudulmuş marixuananı ağ vərəqin üstünə boşaltmış və vərəqlə birlikdə elektron tərəzidə çəkmişdir. Həmin vaxt aşkar edilmiş qurudulmuş marixuananın vərəqlə birgə çəkisinin 9.89 qram olduğu məlum olmuşdur. Sonra Müdafiəçi boş kibrit qutusunun çəkisinin müəyyən edilməsini xahiş etmişdir. X9 boş kibrit qutusunu elektron tərəzidə çəkmiş və çəkisi 2,97 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı yenidən kibrit qutusuna yığılmış, lakin marixuananın bir hissəsini kibrit qutusuna doldurmaq mümkün olmadığı üçün X9 kibrit qutusuna yığılması mümkün olmayan həmin qurudulmuş marixuananları ağ rəngli vərəqin içərisində bükmüşdür. Sonra 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və ağ rəngli vərəqə bükülmüş qurudulmuş marixuanalar ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin 86 nömrəli möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Beyləqan rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri Şahid1 ibtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, digər şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, üzərində saxlama və daşıması barədə Beyləqan rayon Polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 31 iyul 2024-cü il tarixdə saat 16:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda olan maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin X5 xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/713 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5.82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi – 5,82 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 5,80 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxanıldığı MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 485 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Beyləqan rayon İHB-nin Beyləqan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Camallı X8 şəhəri, Sərdar İmrəliyev küçəsi, ev 23, mənzil 34 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Müddi sübut hesab edilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd ümumi təmiz çəkisi 5,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,80 qram qalığı saxlanması üçün Beyləqan rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-29/2-1156/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin psixoloji, nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin xx.xx.2024-cü il tarixli, 5908 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı, “Şuşanın azad olunmasına görə” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar "xxxx" MMC- tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə aid ********** mobil telefon nömrəsi adına rəsmiləşdirilmiş şəxsə, həmin nömrənin xx.xx.2024-cü il tarixdə saat 00:00-dan xx.xx.2024-cü il tarixdə saat 24:00-dək olan müddətdə mövcud istifadəsinin əhatə dairəsinə dair məlumat təqdim olunur. Bildirilmişdir ki, hər hansı inzibati ərzi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər., o, cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləmədiyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/ yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanl hansı şanın ərazisində olma dəyişə bilər. Həmin məktuba əlavə edilmiş CD-diskdə olan fayldan görünür ki, ********** mobil telefon nömrəsinin əhatə dairəsi 30 iyul 2024-cü il tarixdə Beyləqan rayonu ərazisi müəyyən edilmişdir və sonuncu olaraq həmin mobil nömrənin əhatə dairəsi 30 iyul 2024cü il tarixdə saat 01:24:39 radələrində Beyləqan rayonu Şəfəq qəsəbəsi göstərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının icrası ilə əlaqədar “X10” ASC- tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 409858******7786 nömrəli kart üzrə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar disk daşıyıcıda məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, qeyd edilən dövr üzrə həyata keçirilən məxaric əməliyyatları ATM vasitəsilə həyata keçirilmədiyi üçün məhkəmə qərarında tələb olunan görüntülərin təqdim edilməsi imkan xaricindədir. Həmin məktuba əlavə edilmiş CD-diskdə olan fayldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:54-də 409858******7786 nömrəli kartdan 47,26 manat məbləğində məxaric (X14) edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:01-də isə həmin karta 600 manat məbləğində mədaxil edilmişdir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində yalnız bir siqaret bükümündə marixuananın olması və kibrit qutusunda olan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən 30 iyul 2024-cü il tarixdə saxlanılması, polis əməkdaşlarının onu döyərək narkotik vasitəni boynuna qoyması, eləcə də döyülməkdən qorxduğu üçün narkotik vasitələrin hamısını öz boynuna almasına dair verdiyi heç bir mötəbər hala əsaslanmayan ifadəsi məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kibrit qutusu aşkar edilməsi iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolla yanaşı digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi və orada polis əməkdaşları tərəfindən döyülməsinə dair səsləndiriyi ifadələr isə məhkəmə istintaqı zamanı toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, eləcə də Vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 31 iyul 2024-cü il tarixdə saat 16:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və 02 aqvust 2024-cü il tarixdə barəsində saxlanıldığı MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsini rəhbər tutub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin xx.xx.2024-cü il tarixli, 5908 nömrəli Ambulator X2 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar