Məhkəmə qərarları › İş №1(021)-1/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-1/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-1/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X21 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq Kazımova (Nəzərova) Yeganə Təbriz qızına verilməsinə və ödənilmiş dövlət rüsumuna görə 22,5 manat məbləğində pulun dövlət büdcəsinə tutulmasına dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(073)-698/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-cı il tarixədək 6375,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirməkdə və bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona elan edilmiş ittihamın mahiyyəti üzrə bildirdi ki, hazırda X17 ilə ailə qurmuş, birgə nikahdan 2 azyaşlı uşaqları 2009-cu il təvəllüdlü qızı Nəsibə və 2013-cü il təvəllüdlü oğlu Hüseyn anadan olmuşlar. X25 ilə ümumiyyətlə nikahda olmamışdır. Əvvəl Yadımlı rayonu Tahirli kəndində yaşamış, sonra isə oradan həqiqi hərbi xidmətə getmiş, orada məhkum olunaraq Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkimişdir. Azadlığa çıxandan sonra Bakı şəhərində yaşamışdır. X12 ilə nə faktiki nikahı, nə də hər hansı bir cinsi əlaqəsi olmamışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən əvvəllər ümumiyyətlə heç bir xəbəri olmamışdır. Bu qətnamə barədə yalnız bir neçə ildən sonra Yardımlı rayon icra və probasiya şöbəsinə çağırıldıqdan sonra bilmişdir. Sonra isə həmin icra işi Bərdə rayonuna göndərilmişdir. Həmin qətnaməyə əsasən onun olmayan uşağa görə hər ay Yeganə Hüseynovaya 75 manat ödəməlidir. Bu uşaq onun deyil, lakin Yeganə Hüseynova və anası ona qarşı qərəzli olaraq onu səbəbsiz tutdurmaq istəyirlər. Ona görə bu qətnaməni ədalətsiz hesab edir. Bərdə rayon icra və probasiya şöbəsində də bildirmişdir ki, bu uşaq onun deyil və bu səbəbdən o, aliment ödəməyəcəkdir. Bu səbəbədən Bərdə Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə onu inzibati qaydada 10 gün həbs etmişdir. İcra məmuru bu qətnaməni icra etməyi ona dəfələrlə bildirmiş, lakin onun olmayan uşağa görə aliment ödəməyə borclu deyil. O, apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsi Cəlilabad Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, ona qarşı ədalətsiz qətnamə çıxarmışdır. Bərdə rayonu Şorəlli kəndində yaşayır, günəmuzd fəhləlik edir, gündəlik qazancı 5-6 manat olur. Ona hazırda məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixədək barəsində cinayət təqibi üçün təqdimat verilən günə aliment borcu 6375 manat təşkil edir, lakin bu alimentin ona aidiyyatı yoxdur, məhkəmə qətnaməsini ədalətsiz hesab edir və bu səbəbdən heç bir aliment ödəməyəcəyini bildirir. Atalığın mübahisələndirərək atalığın müəyyən edilməsinə dair akt qeydi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə artıq atalıq qeydi də ləğv edilmişdir və qarşı tərəf məhkəmədə onu mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs Kazımova (Nəzərova) Yeganə Təbriz qızı elan edilmiş ifadəsində göstərmişdir ki, 2006-cı ildə el adəti ilə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X13 dünyaya gəlmşdir. Uşaq dünyaya gəlməmişdən öncə Cəlilabad rayonu Kazımabad kəndinə köçmüşlər. Ailə qurduqdan sonra təxminən 1 il Yardımlı rayonunda yaşamışlar, lakin Mərdanın valideyinləri ilə münasibətləri korlanmış, nikahı rəsmi qeydiyyatdan keçirməyə imkan verməmişlər və qayınanası onu evdən qovmuşdur. Onun Təqsirləndirilən şəxs ilə xasiyyətləri düz gəlməmiş, ona qarşı kobud davranmışdır. Ayırıldıqdan sonra Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. O və valideyinləri əvvəl Təqsirləndirilən şəxs aliment tələbini ona görə etməmişdir ki, mərhum atası bunu istəməmiş, lakin atası vəfat etdikdən sonra o və anası alimentin alınması üçün məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşağın saxlanılması üçün 75 manat məbləğində aliment tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs heç bir aliment ödəməmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində icra işi əvvəl Yardımlı rayon icra və probasiya şöbəsində aparılmış, sonra isə icra işi Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyi səbəbindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən inzibati qaydada 10 gün müddətinə həbs edilmiş, bundan sonra da heç bir ödəniş etməmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 6375,00 manat təşkil etmişdir. O, yeni bir ailə qurmuş və bu nikahdan da bir uşağı var. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yığılmış aliment borcunu tam şəkildə ödəsin, əks təqdirdə barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Məhkəmə iclaslarından hazırlıq iclasında iştirak etmiş, uzun müddət ərzində keçirilmiş məhkəmə baxış iclaslarında iştirak etməmiş, belə ki, qeydiyyat yeri Cəlilabad rayonu, Kazımabad kəndi olsa da hazırda Sumqayıtda yaşayır, məsafənin uzaq olması və maddi imkanının olmamasına, habelə qeydiyyat yerində yaşamadığına görə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq Şirvan İnzibati Məhkəməsinin qərarından xəbəri olmadığını, həmin qərardan da şikayət verəcəyini və atalıqla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edəcəyini məhkəməyə bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin anası Şahid1 Abıəli qızı ifadəsində göstərmişdir ki, 2006-cı ildə el adəti ilə qızı Yeganə Hüseynovanı Təqsirləndirilən şəxs ərə verərək toy etmişlər. Qızı Yeganənın və Təqsirləndirilən şəxs birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Onlar uşaq dünyaya gəlməmişdən Cəlilabad rayonu Kazımabad kəndinə köçmüşlər. Qızı Mərdan ilə Yardımlı rayonunda təxminən 1 il birlikdə yaşamış, lakin Mərdanın valideyinləri ilə münasibətlər korlandığı üçün nikahlarını rəsmi qeydiyyatdan keçirməyə imkan verməmişlər və qızının qayınanası Yeganəni evdən qovmuşdur. Təqsirləndirilən şəxs xasiyyəti pis olmuş, qızına qarşı kobud davranmışdır. Onlar ayırıldıqdan sonra Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmamış və uşağın böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. Şahid1 qeyd etmişdir ki, Yeganənin atası Mərdandan aliment tələb edilməsinin tərəfdarı olmadığı üçün vaxtında məhkəməyə müraciət olunmamışdır, Yeganənin atası vəfat etdikdən sonra o və qızı 2007-ci ildə alimentin alınması üçün məhkəməyə müraciət etmişlər və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşağın saxlanılması üçün hər ay 75 manat məbləğində aliment alınaraq Yeganəyə ödənilməlidir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda heç bir aliment ödənişi etməmiş, Cəlilabad rayonu Göytəpə kəndinin qurtaracağında anası üçün 2 mərtəbəli ev tikdirmişdir. Mərdan barəsində icra işi əvvəl Yardımlı rayon icra və probasiya şöbəsində aparılmış, sonra isə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmşdir. Təqsirləndirilən şəxs alimenti qərəzli olaraq ödəmədiyi səbəbindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən xx.xx.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 6375,00 manat təşkil etmişdir. Maddi vəziyyətləri çox ağırdır, nəvəsini faktiki olaraq o saxlayır, çünki qızı yeni bir ailə qurmuş və bu nikahdan da bir uşağı var, Təqsirləndirilən şəxs da yeni ailə qurmuş və ailəsi ilə normal yaşayır. Təqsirləndirilən şəxs tərəfindən deyilənləri tamamilə əsassız hesab edir və uşağın atasının Mərdan olduğunu qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq şahid qızının atalıq faktı ilə bağlı bütün qurumlara şikayət edəcəyini, yolun uzaq olması və maddi imkanının olmaması səbəbindən keçirilən məhkəmə iclaslarına gələ bilmədiklərini bildirdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X18 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(073)-698/2014 saylı qətnaməsi ilə 14 aprel 2007-ci il tarixdə anadan olmuş Səbinənin yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən hər ay 75 (yetmiş beş) manat məbləğində sabit aliment pulu alınaraq tələbkar X8 ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq sonuncu tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)- 682/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment borcunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək tələbkar Kazımova (Hüseynova) Yeganə Təbriz qızına 6375,00 manat məbləğində aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(073)-698/2014 saylı qətnaməsindən və eyni tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs qarşı sabit pul məbləğində alimentin ödənilməsi tələbinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 75 (yetmiş beş) manat alimentin tutularaq X8 verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(106)- 2460/2017 №-li qətnaməsindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2014cü il tarixli, 2(073)-698/2014 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarındakı sənədlərdən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(073)-698/2014 nömrəli icra vərəqəsi Yardımlı icra və probasiya şöbəsi tərəfindən xx.xx.2017-cü il tarixdə aidiyyəti üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, İcra vərəqəsi Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs bildiriş verilməklə 10 gün vaxt verilmişdir. Cəlilabad rayon məhkəməsinin 11 noyabr 2014-cü il tarixli 8(038)-34/2014 saylı qərardadından görünür ki, icra məmurunun təqdimatı təmin edilərək Cəlilabad rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(073)-698/2014 saylı icra sənədi icra olunanadək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş müxtəlif tarixli bildiriş və xəbərdarlıqların surətindən görünür ki, Təqsirləndirilən şəxs icra sənədinin icra edilməsi, yəni alimentin ödənilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, icra sənədi icra edilmədiyi təqdirdə məsuliyyətə cəlb ediləcəyi izah edilmişdir. İcra məmuru Şahid2 tərəfindən qəbul edilmiş 09 yanvar 2018-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Bərdə rayon Şorəlli kəndində yaşayan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və axtarışın icrası Bərdə rayon Polis Şöbəsinə tapşırılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(021)-682/2020 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(073)-698/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidməti Bərdə Rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs işlə əlaqədar Mərkəzə müraciət etməmişdir. İşdə olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci i, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon icra və probaiya şöbəsinə verdiyi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli izahatlarından görünür ki, Təqsirləndirilən şəxs izahatında xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 onun uşağı olmadığını və onun saxlanması üçün heç bir aliment ödəməyəcəyini bildirmişdir. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimatda göstərilən xx.xx.2021ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 6375,00 manat təşkil edir. İş üzrə keçirilmiş ambulator məhkəmə-pixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2662 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman və bundan əvvəl Emosional davamsız tip şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu əməli törədən zaman onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etmir, stasionar müalicəyə ehtiyacı yoxdur, cinayət məsuliyyətinə cəlb edilə bilər. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Füzuli hərbi məhkəməsinin 1(97)-250/2000 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi “A” bəndi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnsitiya Qərarının 3-cü maddəsinə əsasən azad olunmuşdur; Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Republikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2004-cü ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Republikası CM-nin 76-cı maddəsinə əsasən 01 il 02 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluqları ödənilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1126 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonu, Şorəlli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsi kartoçkadan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1986-cı ildə Puşkin rayonu, Novotroiski kəndində doğulmuşdur, Cəlilabad rayonu, Kazımabad kəndində yaşayır. X9 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X17 xx.xx.2008-ci ildə 1023 saylı nikah bağlamışlar. X3 surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə X14, xx.xx.2009-cu il tarixdə X15 və xx.xx.2013-cü il tarixdə X19 doğulmuşdur. X39 Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 282 nömrəli tibbi rəydən görünür ki, Ağdam rayon Mollalar kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Dispanserdə həkim-psixiatr X23 tərəfindən müayinə olunub, ona “Şəxsiyyətin oyanıq tip dəyişməsi, tez-tez təkrarlanan dekompensasiya vəziyyətində” diaqnozu qoyulmuşdur. Ağdam Rayonlararası Ruhi X11 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 219 nömrəli tibbi arayışdan görünür ki, Ağdam rayon Mollalar kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Ağdam Rayonlararası Ruhi X4 “Oyanıq tip psixopatiya” diaqnozu ilə dispanser müşahidəsindədir. Qeyd olunan tarixdən xəstə dispanserdə mütəmadi olaraq müalicə qəbul edir. X39 Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1640 nömrəli tibbi arayışdan görünür ki, Ağdam rayon Mollalar kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Oyanıq tip psixopatiya” diaqnozu ilə X39 Dispanserində dispanser müşahidəsindədir. Ağdam Rayonlararası Ruhi X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 25 nömrəli Tibbi arayışdan və Ağdam Rayon Ruhi X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 25 nömrəli Tibbi arayışdan görünür ki, Ağdam rayon Mollalar kəndində qeydiyyatda olan və Bərdə rayon Şorəlli kəndində yaşayan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Oyanıq tip psixopatiya” diaqnozu ilə Ağdam Rayon Ruhi X4 dispanser müşahidəsindədir. Xəstə mütəmadi olaraq dispanserdə imtiyazlı dərmanlarla təmin olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Əlimədətli Ərazi Dairəsi, Mollalar kəndində qeydiyyatdadır. xx.xx.1977-ci il təvvəlüdlü X17, xx.xx.2002-ci il təvəllüdlü X20, xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X19 ailə üzvüləridir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-470/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Cəlilabad rayon qeydiyyat şöbəsinə qarşı və üçüncü şəxs Zərərçəkmiş şəxs qarşı “22 iyun 2007-ci il tarixli 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilmiş, iddiaçı Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə X1 doğulmuş X6 atası hesab edilməsi barədə Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 2007-ci il tarixli 679 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi ləğv edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-470/2023 saylı 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-470/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı 08 aprel 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirlməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Azərbaycan Respublikası CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Azərbaycan Respublikası CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə bağlı verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Belə ki, məhkəmə əsasən onu diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs 14 aprel 2007-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin tutulmasına dair Cəlilabad rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(073)-698/2014 saylı qətnaməsinin qüvvədə olmasına və ləğv olunmamasına baxmayaraq alimentin tutulmasına əsas olan Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X6 atası olmasına dair atalığın müəyyən edilməsi haqqında Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2007-ci il tarixli 679 nömrəli akt qeydi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-470/2023 saylı qərarı ilə ləğv edilmişdir. Belə ki, məhz həmin akt qeydi ilə Təqsirləndirilən şəxs X6 atası hesab edildiyindən və akt qeydi müvafiq məhkəmə qərarı ilə ləğv edildiyindən və Şirvan İnzibati Məhkəməsinin həmin qərarından iş üzrə cəlb edilmiş üçüncü şəxs, hazırki iş üzrə Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmədiyindən həmin qərar 08 aprel 2023-cü il tarixində qanuni qüvvəsini alaraq icraya yönəldildiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin qərarla razılaşmışdır. Buradan belə məlum olur ki, faktiki surətdə Təqsirləndirilən şəxs X6 atası deyil və buna görə də məhkəmə hesab edir ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-698/2014 saylı qətnaməsi Təqsirləndirilən şəxs münasibətdə icra edilməməli, həmin şəxsdən aliment tutulmamalıdır. Çünki, Təqsirləndirilən şəxs artıq cinayətin subyekti deyil. Məhkəmə hesab edir ki, X6 atasının kimliyi mülki hüquqi mübahisənin predmeti olduğundan bununla bağlı zərərçəkmiş Zərərçəkmiş şəxs hansı şəxsi X6 atası hesab edirsə həmin şəxsə qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, atalıq faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra aliment həmin şəxsdən tutula bilər. İstintaq orqanı isə həmin halları tam və hərtərəfli araşdırmadan şahidlərin ifadələrinə və qüvvədə olan qətnamənin qərəzli olaraq icra edilməməsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə təqsirli olması iş materialları və tədqiq edilmiş sübutlarla sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs tərəfindən CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi istisna olunmasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, işin hallarını tam və ətraflı yoxlayaraq həmin hallara obyektiv hüquqi qiymət vermədən şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in göstərilən maddəsi ilə ittiham irəli sürmüşdür. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CPM-in: 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayətprosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar ümumiyyətlə, göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirsizliyini birbaşa təsdiq etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə təqsirliliyi sübuta yetməməsi əsası ilə bəraət verilməli, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Məhkəmə, CPM-in 507.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1, 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti vermək olar. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar