Məhkəmə qərarları › İş №1(021)-100/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-100/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-100/2023 05.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Papravənd kəndində qeydiyyatda olan və Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən 0,352 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,698 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində üzərində saxladığı 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram psixotrop maddə olan metamfetamini Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində tanışı Şahid2 qanunsuz olaraq 29 manata satmış, həmin gün saat 2045 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi “Hunday Elantra” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Sənaye küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədilə saxladığı 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları idarə etdiyi “Hunday Elantra” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili Bərdə şəhəri Sənaye küçəsində yerləşən “Çuğundur emalı” zavodunun qarşısında saxlayaraq üzərinə baxış keçirmiş, lakin üzərində narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmış, ona təzyiq və təsir göstərərək üzərindən narkotik vasitə aşkar edildiyini etiraf etməyə onu məcbur etmişlər. Polis əməkdaşları onu döyməmiş, işgəncə verməmiş, lakin ona təzyiq və təsir göstərmişlər. İbtidai istintaq zamanı bu barədə şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edildiyindən ibtidai istintaq zamanı Şahid2 narkotik vasitə satdığını etiraf etmişdir. Ümumiyyətlə, narkotik vasitə satmamış, istifadə etməmişdir. İbtidai istintaq zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə yazılmış ifadələrdə olan imzalar ona məxsusdur. Ona təzyiq olduğundan bu cür ifadələr vermişdir. Həmin ifadələrini indi təsdiq etmir. Ailəlidir və himayəsində heç yerdə işləməyən arvadı və bir nəfər azyaşlı uşağı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsi yeganə qazanc gətirəndən məhrum olunmaqla onlar üçün məhrumiyyətlər yaranar. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, Tacəddin onun dostudur. Təqsirləndirilən şəxsla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü ildə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmiş, polis şöbəsində üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları narkotik vasitəni kimdən aldığını soruşmuş, qorxduğundan narkotik vasitəni dostu Təqsirləndirilən şəxs aldığını demişdir. Polis əməkdaşları onu qorxudaraq təzyiq göstərdiklərindən narkotik vasitəni Tacəddindən aldığını bildirmişdir. Tacəddin dostu olduğundan onun adını demişdir. Belə ki, əvvəllər Bərdə rayon ticarət mərkəzində birlikdə alver etmişlər. Əslində isə Təqsirləndirilən şəxs narkotik vasitə almamış, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 yanvar 2023-cü il tarixdə Bərdə rayonu Dəymədağlı kənd sakini Şahid2 məlumat əsasında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Şahid2 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Şahid2 üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid2 üzərindən aşkar olunan psixotrop maddə metamfetamini 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində tanışı Tacəddin adlı şəxsdən aldığını bildirmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 2030 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Sənaye küçəsində olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanma səbəbi bildirilməklə Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasına müdafiəçi dəvət edilmiş, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4, Bərdə Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Şahid3 Hafiz oğlunun və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilən əşyalar və sənədlər varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilən bir bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 0,42 qram olmuşdur. Aşkar olunan büküm bir ədəd ağ zərfdə qablaşdırılaraq, üzəri imzalanıb, Azərbaycan Respublikasə DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman, onun üzərindən əlavə olaraq aşkar edilən cəmi 41 manat pul və bir ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamini yaşadığı Qarabağ qəsəbəsində yerdən tapıb üzərində saxladığını, 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində həmin psixotrop maddədən bir sellofan bükümdə Məhərrəm adlı tanışına 29 manata satmasını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday Elantra” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilmiş, avtomobildən narkotik vasitə, psixotrop maddə və ya qanunla saxlanılması qadağan edilən hər hansi bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermək üçün ibtidai istintaqda şahid qismində ifadə verən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid3 Hafiz oğluna rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə CPM-in 317-ci maddəsinə əsasən Şahid4 və Şahid3 Hafiz oğlunun iştirakı olmadan cinayət təqibi lə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilən şahidlər Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid4 və Şahid3 Hafiz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 24 yanvar 2023-cü il tarixli 16/123 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Şahid2nın üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindır. -Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,346 qram olan maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindır. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Metamfetaminin təmiz çəkisi 0,352 qram, 0,346 qram, tədqiqata sərf edildi 0,1 qram (hər birindən 0,05 qram) qalıq 0,302 qram, 0,296 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 09 fevral 2023-cü il tarixli 215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Şəhər Poliklinikası” publik hüquqi şəxs tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 3335 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Şəhər Poliklinikası” publik hüquqi şəxs tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli 1186 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olmadığını, polis əməkdaşları ona təsir və təzyiq göstərdiklərindən Şahid2 29 manat pul müqabilində psixotrop maddə metamfetamin satdığını bildirmişdir. İş üzrə Şahid2 isə məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona psixotrop maddə metamfetamin satmadığını, ibtidai istintaq zamanı qorxduğu üçün psixotrop maddə metamfetamini dostu Təqsirləndirilən şəxs aldığını bildirdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində, o cümlədən ibtidai istintaq zamanı üzləşdirilərkən Təqsirləndirilən şəxs psixotrop maddəni 29 manat pul müqabilində Şahid2 satdığını, Şahid2 isə həmin psixotrop maddəni 29 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş digər Şahid1 da məhkəmə iclasında verdiyi ifadəsində Şahid2 saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilərkən psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirdiyini, Təqsirləndirilən şəxs isə Şahid2 psixotrop maddə metamfetamin satdığını bildirdiyini qeyd etmişdir. Habelə məhkəmə istintaqı zamanı ifadəsi elan edilən Bərdə RPŞ-nin əməkdaşları Şahid4 və Şahid3 Hafiz oğlunun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. 25 yanvar 2023-cü il tarixli 161 qeydiyyat nömrəli üzləşmə protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş, Şahid2 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı 23 yanvar 2023-cü il tarixdə ona zəng edib metamfetamin istədiyini, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı kəndə gəlib 1 ədəd bükümdə psixotrop maddə metamfetamini ona 29 manata satdığını, 29 manat pul verib 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. -Təqsirləndirilən şəxs isə üzləşmə zamanı Şahid2 üzünə qarşı dediklərini eşitdiyini, onun dediklərini təsdiq etdiyini, xx.xx.2023-cü il tarixdə Şahid2 ona zəng edərək psixotrop maddə olan metamfetamin istədiyini, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bərdə rayonu Dəymədağıldı kəndinə gəlib 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Şahid2 verib ondan 29 manat pul aldığını bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmündən görünür ki, Şahid2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Şahid2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin qeyd olunan hökmü araşdırılarkən də Təqsirləndirilən şəxs 29 manat məbləğində pul müqabilində Şahid2 psixotrop maddə metamfetamin satması tamamilə sübut olunmuşdur. O cümlədən, Şahid2 həmin cinayət işinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs 29 manat məbləğində pul müqabilində aldığını bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının CPM-nin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Göründüyü kimi, Şahid2 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs 29 manat pul müqabilində psixotrop maddə metamfetamin alması tam sübuta yetmiş və buna görə ona cəza təyin edilmişdir. Ona görə də məhkəmə hazırkı iş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid2 məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdikləri ifadələrindən imtina edərək fərqli ifadələr versələr də, ibtidai istintaq dövründə etirafedici ifadə vermələrinin səbəbi kimi polis əməkdaşlarının onlara təzyiq və təsir etmələrini göstərmiş, lakin polisin onları döymədiklərini və işgəncə vermədiklərini bildirmişlər. İş materialından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs polisin onu döyməsi və ya işgəncə verməsi ilə bağlı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən Bərdə Rayon Prokurorluğuna və ya hər hansı digər orqana müraciət etməmişdir. Məhkəmənin həmin müvqeyi həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı ilə müəyyənləşmiş hüquqi mövqedən irəli gəlir. Belə ki, qeyd edilən Qərarın 25-ci bəndində təsbit edilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.” Təqsirləndirilən şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf etməsə də məhkəmə iclasında araşdırılmış sübutlar - şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi, üzləşdirmə protokolu və digər sübutlarla onun Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən 0,352 qram, 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,698 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması, 23 yanvar 2023-cü il tarixdə saat 16 radələrində üzərində saxladığı 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,352 qram psixotrop maddə olan metamfetamini Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində tanışı Şahid2 qanunsuz olaraq 29 manata satması, həmin gün saat 2045 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı idarə etdiyi “Hunday Elantra” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Sənaye küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədilə saxladığı 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,346 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Papravənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı bir şəxs kimi aparmış, daim başqalarına nümunə olmuşdur. O, daim kənd ağsaqqallarının hörmətini saxlamış, lazım gəldikdə onlara lazımi köməkliklər göstərmişdir. Nümayəndəlik tərəfindən ona tapşırılan hər hansı bir ictimai vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Onun haqqında indiyə kimi nümayəndəliyə heç bir təqsirləndirici sənəd daxil olmamışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2017-ci il tarixli AZ-İİ 239296 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 26 oktyabr 2017-ci il tarixdə 3670 saylı rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Səfərova soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 iyul 2020-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2020-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana”qrafasında anası kimi X4 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, ali təhsillidir. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı və bir nəfər azyaşlı uşağı vardır və ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 26 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, əməlində cəzasını ağırlaşdırıcı halların olmamasını, habelə ilk dəfə qəsdən cinayət törətməsini, ali təhsilli olmasını nəzərə alır, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı aşağı həddə təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 23 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 24 yanvar 2023-cü il tarixli 16/123 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,296 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 41 (qırx bir) manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,296 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 41 (qırx bir) manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar