Məhkəmə qərarları › İş №1(021)-101/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-101/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-101/2023 17.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı şikayətin məhkəmənin icraatına qəbul edilərək 02 avqust 1987-ci ildə Laçın rayonu İpək kəndində anadan olmuş, Bərdə rayonu Əyricə (Quşçuluq ərazisi) kəndində yaşayan X2 məhkəmə məsuliyyətinə verilməsinə və onun Azərbaycan Respublikasının CM-nin 147.2ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini etmişdir. X1 xüsusi ittiham qaydasında şikayət ərizəsini belə əsaslandırmışdır ki, o, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi və özünü eko fəal kimi adlandıran X3 "Kanal 13 Youtube kanalına və "Xəzər Tv”-yə verdiyi müsahibəsində o, cümlədən "Tıktok” sosial şəbəkəsində barəsində şər-böhtan dolu çıxışları ilə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar səsləndirərək bildirmişdir ki, guya "Bərdə RMTM-nin direktoru Qalıb Həsənov və onun qohumu Muşfıq Camalov hansısa başqa bitki əkmək üçün meşə sahəsini qıraraq bostan bitkiləri əkmək istəmişdir" bunlara bu ixtiyarı kim verib? agacları çıxardıb gizlədə bilməyiblər kolluq olan ərazidə gizlədiblər və s. bunun kimi həqiqətə uyğun olmayan məlumatlarla onu çalışdığı iş yerində və rəhbərlik qarşısında nüfuzdan salmışdır. Hansı ki, sözügedən məsələ ilə bağlı onun X5 Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənova verdiyi izahat və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib olunmuş 005289 saylı xx.xx.2023-cü il tarixli “AKT”-dan da göründüyü kimi sözügedən ağacların kəsilməsi meşə zolağının salınması üçün nəzərdə tutulmuşdur. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X3 barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymaqla onu qohum-əqraba və iş yoldaşları arasında nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən, onu cinayət törətməkdə ittiham etməklə ona böhtan atdığından o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilmiş, xüsusi ittiham qaydasında şikayət vermiş X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 bildirdi ki, X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır və bu səbəbdən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. CPM-in 384.1.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan gəlmədiyindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar