Məhkəmə qərarları › İş №1(021)-101/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-101/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-101/2024 22.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 fevral 2024-cü il tarixdə saat 0200 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən və Zərərçəkmiş şəxs məxsus olan “Ayaqqabı dünyası” adlanan mağazanın qarşısına gəlib, saxlanc yeri hesab edilən mağazanın prospektə tərəf giriş qapısının sağ tərəfindəki şüşəsini sağ ayağı ilə sındırmaqla oraya qanunsuz daxil olaraq mağazada Zərərçəkmiş şəxs məxsus hər cütünün qiyməti 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “Osmanlı Comfort” markalı, hər cütünün qiyməti 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 5 cüt “Gıovanm Colektion” markalı, 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 1 cüt “Çarıkçı KalitehOrOn” markalı, 70 (yetmiş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Delector” markalı, 65 (altmış beş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Lisans” markalı, 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 1 cüt “M.Rokko” markalı, hər cütünün qiyməti 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “Ava Collection” markalı, hər cütünün qiyməti 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “X7” markalı, 70 (yetmiş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Ravin” markalı və cütü 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 1 tək “Gıovanm Colektion” markalı kişi ayaqqabılarını talamaqla, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.095 (min doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisinin toyu olduğundan Bərdə şəhərində yerləşən “Mətin” şadlıq sarayında toyda iştirak etmişdir. Həmin qonaqlıqda spirtli içkidən istifadə etmiş, sərxoş olmuşdur. Saat 23 radələrində toydan çıxmış və piyada Bərdə şəhəri ərazisində gəzməyə başlamışdır. Bir müddət gəzdikdən sonra 11 fevral 2024-cü il tarixdə təqribən saat 02 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən ayaqqabı mağazasının qarşısında dayanmışdır. Sərxoş olduğundan mağazanın şüşəsinə sağ ayağı ilə bir dəfə zərbə vurmuş və mağazanın şüşəsi sınmışdır. Həmin vaxt ayağını şüşə kəsmişdir. Mağazanın içərisinə daxil olmuş və xeyli miqdarda ayaqqabıları orada olan ağ rəngli sellofanlara yığmışdır. Mağazada bunlardan başqa bir ədəd kompyuter görmüş, lakin götürməmişdir. Mağazada olarkən ayağındakı ayaqqabını çıxarmış və mağazadan bir cüt “Ravin” markalı ayaqqabı geyinmişdir. Orada olan ayaqqabıları götürmüş və mağazadan çıxmışdır. Piyada Bərdə şəhəri H.Əliyev prospekti istiqamətində, yəni, icra hakimiyyətinin inzibati binasının qarşısına getmiş və orada olan skamyalarda oturmuşdur. Polis əməkdaşları onu görmüş və onu rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şöbədə olarkən oğurluq etdiyini etiraf etmişdir. Şöbədə olarkən ayağının kəsik olduğunu və qan axdığını bildirmiş, bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təcili tibbi yardım gəlmiş və ilkin tibbi yardımdan sonra, Bərdə Müalicə və Diaqnostika Mərkəzinə getmiş, orada ayağına tikiş vurmuşlar. Polis əməkdaşları onu Bərdə RPŞ-nə apararkən oğurladığı ayaqqabılar yanında olmuş, ayaqqabıları polis əməkdaşlarına təqdim etmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bir daha bu cür qanunsuz əməllərə yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, özünə məxsus olan və Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən “Ayaqqabı dünyası” adlanan mağazası var. Həmin mağazada kişi ayaqqabıları satmaqla məşğul olur. Mağazanı saat 0900-dan 2100-a qədər işləyir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində mağazanı bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə təqribən saat 0900 radələrində mağazaya gələrkən mağazanın ön hissəsində yerləşən şüşənin sındığını görmüş və mağazanın içərisinə daxil olarkən orada təqribən 20 cüt ayaqqabının oğurlandığını görmüşdür. Bərdə Rayon Polis Şöbəsinə oğurluq hadisəsi olması barədə ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları onun mağazasına gələrək, həmin mağazaya onun iştirakı ilə baxış keçirmişlər. Mağazadan təxminən 20 cüt kişi ayaqqabısının oğurlandığını onlara bildirmişdir. Oğurluq hadisəsi olan sırada mağazadan oğurluq edən şəxsin ola biləcəyini güman etdiyi bir cüt istifadə olunmuş kişi ayaqqabısını polis əməkdaşlarına göstərmişdir. Onun mağazasında bir ədəd notbuk markalı kompyuter, bir ədəd mobil telefon və post-terminallar da olmuş, lakin həmin əşyalar toxunulmamış qalmışdır. Ümumilikdə, ona 1235 (min iki yüz otuz beş) manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış ayaqqabılar ona geri qaytarılmışdır. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 2100dan növbətçilik üzrə Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 ilə xidmətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində bir nəfər şəxsi əlində bir neçə torba ilə görmüşlər. Həmin şəxs özünü şübhəli aparmış, əlində olan torbalarda çoxlu ayaqqabı olmuş, bundan başqa sağ ayağı axsamışdır. Onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əlində olan ayaqqabıları haradan aldığını soruşduqda, heç bir cavab verməmişdir. Buna görədə Təqsirləndirilən şəxs RPŞ-nə gətirmiş və bu barədə raport yazmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1301 saylı rəyindən görünürki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən ayaqqabıların təzə vəziyyətdə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1045 (min qırx beş) manat müəyyən olunur: 03 cüt “Osmanlı Comfort” markalanma göstəricisi olan ayaqqabının hər cütünün qiyməti 55 (əlli beş) manat dəyərində olmaqla cəmi 165 manat dəyərində, 01 cüt “Lisans” markalanma göstəricisi olan ayaqqabı 65 (altmış beş) manat dəyərində, 01 cüt “Ravin” markalanma göstəricisi olan ayaqqabı 70 (yetmiş) manat dəyərində, 05 cüt “Gıovanm Colektion” markalanma göstəricisi olan ayaqqabının hər cütünün qiyməti 50 manat olmaqla cəmi 250 (iki yüz əlli) manat dəyərində, 03 cüt “Ava Collection” markalanma göstəricisi olan ayaqqabının hər cütünün dəyəri 55 manat olmaqla cəmi 165 manat dəyərində, 01 cüt “Çarıkçı KalitehOrOn” markalanma göstəricisi olan ayaqqabı 55 manat dəyərində, 01 cüt “Delector” markalanma göstəricisi olan ayaqqabı 70 manat dəyərində, 01 cüt “M.Rokko” markalanma göstəricisi olan ayaqqabı 55 manat dəyərində, 03 cüt “X7” markalanma göstəricisi olan ayaqqabının hər cütü 50 manat olmaqla, cəmi 150 manat dəyərində qiymətləndirilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 fevral 2024-cü il tarixli, 18-1-28/2-324/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 fevral 2024-cü il tarixdə, saat 0200 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən və Zərərçəkmiş şəxs məxsus olan “Ayaqqabı dünyası” adlanan mağazanın qarşısına gəlib, saxlanc yeri hesab edilən mağazanın prospektə tərəf giriş qapısının sağ tərəfindəki şüşəsini sağ ayağı ilə sındırmaqla oraya qanunsuz daxil olaraq mağazada Zərərçəkmiş şəxs məxsus hər cütünün qiyməti 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “Osmanlı Comfort” markalı, hər cütünün qiyməti 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 5 cüt “Gıovanm Colektion” markalı, 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 1 cüt “Çarıkçı KalitehOrOn” markalı, 70 (yetmiş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Delector” markalı, 65 (altmış beş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Lisans” markalı, 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 1 cüt “M.Rokko” markalı, hər cütünün qiyməti 55 (əlli beş) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “Ava Collection” markalı, hər cütünün qiyməti 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 3 cüt “X7” markalı, 70 (yetmiş) manat dəyərində, Türkiyə istehsalı 1 cüt “Ravin” markalı və cütü 50 (əlli) manat dəyərində, Azərbaycan istehsalı 1 tək “Gıovanm Colektion” markalı kişi ayaqqabılarını talamaqla, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1.095 (min doxsan beş) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. ““Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 324 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndində qeydiyyatdadır və yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 mart 2024-cü il tarixli xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli, 1(101)-221/15 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü ildə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzası başa çatmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 61.1.1-ci maddəsinə görə, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyin edərkən cinayət törədilən zaman Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyini və götürülmədiyini nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. CM-nin 18.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi və həbs etmənin başlanğıcının 11 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 02 aprel 2024-cü il tarixli, 9/1301 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan, 03 cüt "Osmanlı Comfort” markalı, 01 cüt “Lisans” markalı, 01 cüt “Ravin" markalı, 05 cüt “Giovanni Collcklion" markalı, 03 cüt "Ava Collection”, 01 cüt “Çarıkçı KaliteliOrOn” markalı, 01 cüt “Delector” markalı, 01 cüt “M.Rokko” markalı, 03 cüt “X7” markalı və 01 tək “Giovanni Collektion” markalı ayaqqabıların Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 03 cüt "Osmanlı Comfort” markalı, 01 cüt “Lisans” markalı, 01 cüt “Ravin" markalı, 05 cüt “Giovanni Collcklion" markalı, 03 cüt "Ava Collection”, 01 cüt “Çarıkçı KaliteliOrOn” markalı, 01 cüt “Delector” markalı, 01 cüt “M.Rokko” markalı, 03 cüt “X7” markalı və 01 tək “Giovanni Collektion” markalı ayaqqabıların Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar