Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-104/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, X18 küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İtihama aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 20 yanvar 2023-cü il tarixdə saat 23 radələrində mühafizəçi vəzifəsində işlədiyi “GP STOCK FEED MMC” şirkətinin Bərdə şəhəri, Sənaye küçəsində yerləşən filialında, qeyri-iş günü olduğu üçün həmin filialın işçilərinin işdə olmamasından yararlanıb filialın ərazisində yerləşən saxlanc yeri hesab edilən iri ölçülü anbar tipli silonun qapısı üzərində olan 00003508 saylı möhürünü sındırıb oraya qanunsuz daxil olaraq anbardan “GP STOCK FEED MMC” şirkətinə məxsus 1(bir) kiloqramının dəyəri 0,60 manat olmaqla 6120 (altı min yüz iyirmi) kiloqram çəkidə ümumilikdə 3672 (üç min altı yüz yetmiş iki) manat dəyərində buğdanı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, müxtəlif yerlərdə işlədikdən sonra təxminən 2022-ci ilin noyabr ayından AQRO X11 Məntəqəsində mühafizəçi işləyir. Əmək haqqı olaraq 450 manat pul alır. İş qrafiki 24 saat ərazini o, mühafizə etdikdən sonra 24 saat iş yoldaşı Niyaz adlı şəxs mühafizə edir. Niyaz ilə ondan başqa onlara nəzarət edən Mübariz adlı nəzarətçidə vardır. Məntəqədə iş saatı isə səhər 09:00-da başlayır gecə 18:00-da bitir. Onlara nəzarət edən Mübarizdə saat 18:00-da gedir. İşçilər getdikdən sonra o, axşam 18:00-08:00 kimi məntəqədə tək olur. 20 yanvar 2023-cü il tarixdə faciə günü olduğu üçün iş günü deyildi ona görə də həmin günü 24 saat məntəqədə tək olmuşdur. Onun borcu çox olduğuna görə məntəqədə tədarük üçün yığılan taxılı oğurlamaq qərarına gəlmişdir. 20 yanvar 2023-cü il tarixdə iş günü olmamasından istifadə edərək əvvəllər fəhlə kimi tanıdığı Elgizə zəng edərək taxıl olduğunu və gəlib kisələrə yığmaq lazım olduğunu bildirmişdir. Elgiz ondan kimin taxılı olmasını soruşduqda o, Elgizə bildirmişdir ki, taxıl özünə məxsusdur, yəni işlədiyi yerdən hədiyyə olaraq həmin taxıl ona verilmiş və satmaq istədiyini demişdir. Elgiz ona problem olmayacağını soruşduqda o, heç bir problem olmayacağını, gələndə kisələr gətirməsini bildirmişdir. Bundan sonra o, məntəqənin tək təhlükəsizlik kamerası olan labaratoriya otaqının giriş qapısını görüntüyə alan təhlükəsizlik kamerasını əyərək Elgizin gəlməsini gözləmişdir. Təxminən saat 16 radələrində yanında əvvəllər tanıdığı Bəhruz ilə birlikdə 100 ədəd kisə gətirərək gəlmişlər. Bundan sonra o, Elgiz və Bəhruz ərazidə yerləşən taxılların saxlancı kimi istifadə edilən silonun yanına getmiş, orada şirkət tərəfindən silonun qapısı 00003508 saylı möhür ilə möhürlənmişdir. O, həmin möhürü qıraraq cibinə qoymuşdur ki, oğurluğu başa çatdırdıqdan sonra yenidən möhürlüyər. Möhürü qırdıqdan sonra birlikdə silodan taxılları kisələrə yığmağa başlamışlar. Təxminən 20 kisə taxıl yığdıqdan sonra o, ətrafa nəzarət etmək üçün getmiş, bundan sonra o, ərazidə kiminsə olub-olmamasına baxmışdır. Heç kimin olmamasını dəqiqləşdirdikdən sonra yenidən Elgiz ilə Bəhruzun yanına qayıdaraq kisələri doldurmağa davam etmişlər. 100 kisə taxıl yığdıqdan sonra həmin kisələri silonun yanından daşıyaraq qapının ağzına yığmağa başlamış, 100 kisə taxılın qarşılığında Elgizdən 2340 manat pul götürmüşdür. Həmin vaxt tanışı Eldəniz mobil telefonda ona zəng edərək 50 manat borcunu istəmiş, o da iş yerinin yaxınlığında yerləşən "109" adlı çay evində gəlməsini bildirmişdir. Sonra o, Elgiz ilə Bəhruza kisələri qapının ağzına daşımalarını bu müddət ərzində çay evinə gedib gələcəyimi bildirərək qapını bağlayıb getmişdir. Bundan sonra Eldəniz "109" adlı çay evinə gəlmiş, çay evində oturan zaman 50 manat Eldənizə olan borcunu vermiş və orada pivə içib çərəzlər yeyərək söhbət etmişlər. Bundan sonra mağazaya gedərək müxtəlif ərzaqlar aldıqdan sonra iş yerinə qayıdaraq o, Eldəniz, Bəhruz və Elgiz ilə birlikdə oturub yeyibiçmişlər. Sonra Bəhruz ilə Elgiz kisələri daşımağa davam etmişlər. Kisələrin qurtarmasına az qalmış o, əvəllər mağarda işləyən zaman tanıdığı Şahid4 zəng edərək yükün olmasını və yük avtomobilinin boş olub-olmamasını soruşmuşdur. Sultan ona boş olduğunu deyərək təxminən saat 20 radələrində AQRO X11 Məntəqəsinə gəlmişdir. Bundan sonra Elgiz ilə Bəhruz yük avtomobilinə kisələri yükləməyə başlamışlar. Təxminən 15-20 kisə avtomobilə yükləmişlər ki, ərazidə olan Bərdə RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, həmin vaxt polis əməkdaşları ondan yükləmənin niyə gecə vaxtı aparılmasını soruşmuş, o isə cavabında həyəcanlanaraq polis əməkdaşlarının sualına cavab verə bilməmişdir. Bundan sonra polis əməkdaşları orada olan siloların möhürlərinin qırılmasını görmüşlər. Buna görə də onları Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, oğurluq etməyi ilə bağlı heç kimin məlumatı olmamışdır. AQRO X11 Məntəqəsinə məxsus silodan o, Elgiz və Bəhruz boşaltmışlar. AQRO X11 Məntəqəsinə məxsus silodan 6 tona yaxın boşaltmış, bir kisəyə Elgiz özü ilə gətirdiyi yük tərəzisi ilə çəkib 57-60 kilo taxıl doldurmuşlar. Bu kilo aralığında 100 ədəd kisə doldurmuşlar. O, başqa oğurluq etməmişdir. Heç bir səlahiyyəti yoxdur. O, həmin möhürləri oğurluq etmək üçün qırmışdır. İlkin izahatını və şübhəli şəxs kimi ifadəsində özünü müdafiə xarakterli dəlillər gətirmək üçün həmin oğurluqdan Elgizin xəbərinin olmasını bildirmişdir. Şahid1 həmin taxılların oğurluq olması barədə məlumatı olmamışdır. Həmçinin o bildirmişdir ki, pulun təxminən 500 manatını taxılları yığanda , qalanını isə oturub yiyib içəndə almışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şirkətdə mühafizəçi vəzifəsində işləmiş və işlədiyi dövrdə əmək haqqı olaraq 529 manat pul almışdır. İş qrafiki 24 saat ərazini mühafizə etdikdən sonra 24 saat istirahət günü olmuşdur. Bərdə məntəqədə iş saatı isə səhər 09:00-da başlamış 18:00-da bitmişdir. Təqsirləndirilən şəxsn mühafizəçi olduğu üçün bir gün işdə olmuş bir gün evdə olmuşdur. 20 yanvar 2023-cü il tarixdə AQRO X12 Məntəqəsində məntəqə rəhbəri işləyən Şahid5 ona zəng edərək mühafizəçi Təqsirləndirilən şəxs taxılların yığıldığı silonun 00003508 saylı möhürünü qıraraq taxılları kisələrə yığıb oğurlamaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O həmçinin bildirdi ki, hadisə yerinə və kameraların müşahidə dairəsinə baxan zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl oğurlanan silonun kamera görüntü dairəsini dəyişdirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda ailəsi ilə birlikdə Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Gündəlik olaraq fəhləliklə yüklərin doldurulub boşaldılması ilə məşğul olur. 20 yanvar 2023-cü il tarixdə əvəllər tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək taxıl olduğunu və gəlib kisələrə yığmaq lazım olduğunu bildirmişdir. O, Sadiqdən kimin taxılı olmasını soruşduqda ona bildirmişdir ki, taxıl özünə məxsusdur, işlədiyi yerdən hədiyyə olaraq həmin taxıl Sadiqə verilmiş və satmaq istədiyini demişdir. O, Sadiqdən problem olmayacağını soruşduqda ona heç bir problem olmayacağını, gələndə kisələr gətirməsini bildirmişdir. Bundan sonra o, Sadiqə taxılı satmağa bir şəxs tapacağını deyərək sağollaşmışdır. Sonra o, tanışı Natiq adlı şəxsə zəng edərək 2500 manat borc pul istəmiş və Natiq ona borc verə biləcəyini bildirərək işlətdiyi Bərdə rayonu, Mirzəlibəyli kəndində yerləşən yem dükanına dəvət etmişdir. O, Bəhruz ilə təxminən saat 16 radələrində Natiq adlı şəxsin yem dükanına gedərək oradan 2500 manat pul, kisələr, tərəzi, vedrə və taxıl yığmaq üçün çömçə müvəqqəti olaraq götürmüşdür. Markasını və qeydiyyat nömrəsini unutduğu taksi fəaliyyəti ilə məşğul olan avtomobili yolda saxladaraq Sadiqin işlədiyi AQRO X11 Məntəqəsinə getmişlər. Ora çatan zaman Sadiq onları qarşılamış və ərazidə yerləşən taxılların saxlancı kimi istifadə edilən silonun yanına aparmışdır. . 100 kisə taxıl yığdıqdan sonra həmin kisələri silonun yanından daşıyaraq qapının ağzına yığmağa başlamışlar. 100 kisə taxılın qarşılığında Sadiqə 2340 manat pul vermiş, həmin pulu Natiq adlı şəxsdən borc alaraq taxılları satdıqdan sonra pulunu geri qaytaracaqdır. Belə ki, 500 manatı taxılları yığan zaman, qalanını isə həmin vaxt orada otutub yeyib içən zaman vermişdir.Bundan sonra Sadiq mobil telefonla danışaraq onlara kisələri qapının qarşısına daşımaqlarını bildirmiş və tez bir zamanda gedib gələcəyini bildirərək getmişdir. Bir müddət keçdikdən sonra Sadiq yanında adı sonradan ona məlum olan Eldəniz ilə əlində ərzaqlarla birlikdə gəlmişlər. Bundan sonra stol qurub onları da dəvət etmişlər. O, Eldəniz, Sadiq və Bəhruz ilə birlikdə oturub yeyib-içmiş, sonra o və Bəhruz kisələri daşımağa davam etmişlər. Kisələrin qurtarmasına az qalmış Sadiq yük avtomobilinə zəng edərək dəvət etdikdən sonra 23 radələrində yük avtomobili gəlmiş, bundan sonra Bəhruz ilə o, yük avtomobilinə kisələri yükləməyə başlamışlar. Yotulduqdan sonra otutub yeyib içmişlər.Təxminən 15-20 kisə avtomobilə yükləmişlər ki, ərazidə olan Bərdə RPŞ-nin əməkdaşları Sadiqə yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş, həmin vaxt polis əməkdaşları yükləmənin niyə gecə vaxtı aparılmasını soruşmuşlar, Sadiq isə cavabında həyəcanlanaraq polis əməkdaşlarının sualına cavab verə bilməmişdir. Bundan sonra polis əməkdaşları orada olan siloların möhürlərinin qırılmasını görmüşlər. Buna görə də onları Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin taxılların oğurluq olması ilə bağlı məlumatı olmamışdır. AQRO X11 Məntəqəsinə məxsus silodan taxılları o, Bəhruz və Sadiq boşaltmışlar. AQRO X11 Məntəqəsinə məxsus silodan 6 tona yaxın taxıl boşaltmışlar, bir kisəyə o, özü ilə gətirdiyi yük tərəzisi ilə çəkib 57-60 kilo taxıl doldurmuş, bu kilo aralığında 100 ədəd kisə doldurmuşdur. Təqsirləndirilən şəxs yalan dediyini, onun həmin taxılların oğurluq olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs öz üzərindən məsulliyətdən boyun qaçırmaq üçün elə deməsini bildirmişdir. O, həmçinin bildirmişdir ki, silonun qapısının möhürünü Sadiq tərəfindən qırılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gündəlik olaraq fəhləliklə yüklərin doldurulub boşaldılması ilə məşğul olur. 20 yanvar 2023-cü il tarixdə Elgiz ilə birlikdə söhbət edən zaman Elgizin mobil telefonuna zəng gəlmiş, bundan sonra Elgiz ona taxıl olduğunu və tonuna 4 manat pul verəcəyini bildirdikdə o, Elgizlə razılaşmışdır. Təxminən saat 16 radələrində Elgiz ilə birlikdə Natiq adlı şəxsin saxlanc anbarından kisələr, tərəzi və taxıl yığmaq üçün çömçə götürmüşlər. Markasını və qeydiyyat nömrəsini unutduğu taksi fəaliyyəti ilə məşğul olan avtomobili yolda saxladaraq Elgizə zəng edən Sadiq adlı şəxsin işlədiyi AQRO X12 Məntəqəsinə getmişlər. Ora çatan zaman Sadiq onları qarşılamış və ərazidə yerləşən taxılların saxlancı kimi istifadə edilən silonun yanına aparmışdır. 101 kisə taxıl yığdıqdan sonra həmin kisələri silonun yanından daşıyaraq qapının ağzına yığmağa başlamış, 101 kisə taxılın qarşılığında Elgiz Sadiqə 2340 manat pul vermiş, onun əmək haqqını isə yükü avtomobildən boşaltdıqdan sonra Elgiz verəcəkdi. Bundan sonra Sadiq mobil telefonla danışaraq onlara kisələri qapının qarşısına daşımağlarını bildirmiş və tez bir zamanda gedib gələcəyini bildirərək getmişdir. Bir müddət keçdikdən sonra Sadiq yanında adı sonradan ona məlum olan Eldənizlə əlində ərzaqlarla birlikdə gəlmişlər. Bundan sonra stol qurub onları da dəvət etmişlər. O, Eldəniz, Sadiq və Elgiz ilə birlikdə oturub yeyib-içmişlər. Sonra o və Elgiz kisələri daşımağa davam etmişlər. Kisələrin qurtarmasına az qalmış Sadiq yük avtomobilinə zəng edərək dəvət etdikdən sonra 23 radələrində yük avtomobili gəlmiş, sonra Elgiz ilə o yük avtomobilinə kisələri yükləməyə başlamışlar. Təxminən 15-20 kisə avtomobilə yükləmişlər ki polis əməkdaşları gələrək onları saxlamış, sonra onları Bərdə RPŞ-nin inzibati binasına gətirmişlər. Həmçinin Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin taxılların oğurluq olması ilə bağlı məlumatı olmamışdır. AQRO X11 Məntəqəsinə məxsus silodan o, Elgiz və Sadiq boşaltmışlar. AQRO X11 Məntəqəsinə məxsus silodan 6 tona yaxın taxıl boşaltmışlar, bir kisəyə Elgiz özü ilə gətirdiyi yük tərəzisi ilə çəkib 57-60 kilo taxıl doldurmuşlar. Bu kilo aralığında 101 ədəd kisə doldurmuşlar. O, həmçinin bildirmişdir ki, silonun qapısının möhürünü Sadiq tərəfindən qırılmasını görməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Bakı küçəsində çayxana işlədərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya tez-tez gələrkən tanış olmuşdur. 20 yanvar 2023cü il tarixdə Sadiq ona zəng edərək çayxanada çay içərkən toplanan 50 manat borcunu qaytarmaq istədiyini bildirərək bu məqsədlə onu AQRO X12 Məntəqəsinə yaxın yerdə yerləşən “109” adlı çay evinə dəvət etmişdir. Bundan sonra o, həmin çay evinə getmiş və Sadiq orada ona olan 50 manat borcunu verdikdən sonra pivə içərək çərəz yeyərək söhbət etmişlər. Bundan sonra Sadiq onu iş yerinə dəvət etmişdir ki, gedib orada yeyibiçmişlər. O da təklif ilə razılaşaraq mağazadan yeyib-içmək üçün ərzaqlar alaraq AQRO X12 Məntəqəsinə getmişlər. Orada o, Sadiq və iki nəfər adı sonradan ona məlum olan Bəhruz ilə Elgiznən otrub yeyib-içmişlər. Onlar ora gedən zaman Bəhruz ilə Elgiz qapının qarşısına kisələr daşımışlar. Yeyib-içdikdən sonra Bəhruz ilə Elgiz kisələri daşımağa davam etmişlər. Bundan sonra adı sonradan ona məlum olan Şahid4 yük avtomobili ilə gəlmiş və həmin kisələri Bəhruz ilə Elgiz yük avtomobilinə yükləməyə başlamışlar. Təxminən saat 23 radələrində o artıq oranı tərk edərək evə getmək istəyən zaman ərazidə olan Bərdə RPŞ-nin əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt polis əməkdaşları Sadiqdən yükləmənin niyə gecə vaxtı aparılmasını soruşmuşlar, Sadiq isə həyəcanlanaraq polis əməkdaşlarının sualına cavab verə bilməmişdir. Bundan sonra polis əməkdaşları orada olan siloların möhürlərinin qırılmasını görmüşlər. Buna görə də onları Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun həmin taxılların oğurluq olması ilə bağlı məlumatı olmamışdır. O, sadəcə olaraq Sadiqin dəvəti ilə ona olan 50 manat borcunu götürmək üçün həmin yerə gəlmişdir. O, Sadiqi ilə tədarük məntəqəsinə yeyib-içmək üçün getmişdir. O, AQRO X11 Məntəqəsinə gedən zaman kisələri Bəhruz ilə Elgiz daşımışdır Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, müqavilə əsasında xx.xx.2022-ci il tarixdən GP STOCK FEED MMC-nin Bərdə tədarük məntəqəsinin rəhbəri vəzifəsində işləyir. Həmin məntəqədə 7 nəfər işçi vardır. Təqsirləndirilən şəxs tədarük məntəqəsində noyabr ayından mühafizəçi vəzifəsində işləmiş, mühafizəçilər növbəli olaraq 24 saat ərazini mühafizə etdikdən sonra sonrakı 24 saat istirahət edirlər. Əmək haqqı olaraq 450 manat pul alırlar. Tədarük məntəqəsində ümumilikdə 04 ədəd silo vardır, hər silonun içərisində 2100 ton taxıl olur. Hər silonun qapısı 00003508 saylı möhür ilə möhürlənmişdir. 20 yanvar 2023-cü il tarixdə faciə günü olduğu üçün iş günü olmamışdır. Həmin gün mühafizəçi olaraq Təqsirləndirilən şəxs işdə olmuşdur. Gecə saatlarında Bərdə RPŞ-nin əməkdaşları ona zəng edərək tədarük məntəqəsindən oğurluq hadisəsi baş verməsi barədə məlumat verərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, polis şöbəsinə gəldikdə ona məlum olmuşdur ki, tədarük məntəqəsindən mühafizəçi Təqsirləndirilən şəxs oğurluq etmişdir. Bu barədə o, rəhbərliyinə məlumat vermiş lakin rəhbərliyin ofisi Bakı şəhərində yerləşdiyi üçün ilkin olaraq o, ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı işləyir. 20 yanvar 2023-cü il tarixdə təxminən saat 23 radələrində polis baş leytenantı Şahid7 ilə xidməti ərazilərində olan zaman “GP STOCK FEED MMC”tədarük məntəqəsində bir qrup şəxsin iş günü olmamasına və gecə olmasına baxmayaraq məntəqənin içərisində kisələri “Zil” markalı **-HM-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinə yüklədiklərini görmüşlər. Onlar 20 yanvar 2023-cü il tarixdə iş günü olmadığı üçün və gecə saatları olduğu üçün həmin şəxslərin oğurluq etdiklərini fikirləşmişlər. Bu səbəblə məntəqəyə daxil olaraq həmin şəxslərə yaxınlaşmışlar. Onlar həmin şəxslərə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək xidməti vəsiqələrini təqdim etmişlər. Bundan sonra adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yükləmənin niyə gecə vaxtı aparıldığını soruşmuş, lakin Təqsirləndirilən şəxs sakit duraraq verilən suallara cavab verə bilməmişdir. Sonra onlar ətrafa baxış keçirən zaman məntəqənin ərazisində yerləşən siloların möhürlərinin qırılmasını görmüşlər. Bundan sonra həmin şəxsləri Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin Şahid6 ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar tədarük məntəqəsinə daxil olan zaman orada Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 və yük avtomobilinin sürücüsü Şahid4 olmuşdur. Məhkəmə istintaqı zamanı işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. Onun özünə məxsus "Zil" markalı **-HM-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili vardır. O, həmin avtomobil ilə fərdi qaydada yük daşıma ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Bərdə şəhəri, Sənayə küçəsində yeləşən "Talon Aqro MMC" məntəqəsində un torbalarında özünə məxsus taxılın olduğunu bildirmiş və həmin taxılı rayonun Zümürxan kəndinə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra o özünə məxsus yük avtomobili ilə həmin yerə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs küçədə dayandığını görmüşdür, bundan sonra Sadiq adlı şəxs ona yolun kənarında olan darvazanın qarşısına avtomobilini sürməyini bildirmiş və taxılları avtomobilin yük yerinə yığacaqlarını demişdir. Həmin vaxt Sadiq adlı şəxsin yanında adları ona sonradan məlum olan Şahid1, Şahid2 və Şahid3 orada olmuşur. O, avtomobilin arxa hissəsini darvazanın qarşısına verdikdən sonra Şahid1 ilə Şahid2 yerdə kisələrdə olan taxılları yük avtomobilinə yığmağa başlamışlar, o isə söhbət əsnasında Sadiqlə həmin taxılı daşımağı müqavilində 40 manata razılığa gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin yerə Bərdə RPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları Sadiqə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək,yükləmənin niyə gecə vaxtı aparılmasını soruşmuşlar, Sadiq isə həyəcanlanaraq polis əməkdaşlarının sualına cavab verə bilməmişdir. Bundan sonra polis əməkdaşları orada olan siloların möhürlərinin qırılmasını görmüşlər. Buna görə də onları Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sadiq adlı şəxslə şəxsi tanışlığı olmasa da həmin şəxs mağar icarəsi ilə məşğul olan zaman şifahi tanış olmuşlar. O, ilk dəfə idi ki, həmin yerdən taxıl aparmışdır. Təqsirləndirilən şəxs ona həmin taxılın oğurluq olması barədə heç bir məlumat verməmişdir. Həmin şəxs ona taxılın özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs başqa Şahid1, Şahid2 və Şahid3 olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş X1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, müqavilə əsasında təxminən 2022-ci ilin iyul ayından "xxxx" MMC-nin Bərdə tədarük məntəqəsinin növbə rəisi vəzifəsində işləyir. Həmin məntəqədə 7 nəfər işçi vardır. Şahid1 ilə Təqsirləndirilən şəxs tədarük məntəqəsində mühafizəçi vəzifəsində işləyirdilər, növbəli olaraq 24 saat ərazini mühafizə etdikdən sonra sonrakı 24 saat istirahət edirdilər yəni bir gün evdə bir gün də işdə olurdular. O da hər gün 08:00-dan 18:00-a qədər hansı növbədə olurdusa o da birlikdə növbədə olurdu. Əmək haqqı olaraq 750 manat pul alır. Tədarük məntəqəsində ümumilikdə 04 ədəd silo vardır. Hər silonun qapısı 00003508 saylı möhür ilə möhürlənmişdir. Növbə dəyişən zaman onun nəzarəti ilə möhürlərin sazlığı və tamlığı yoxlanıb sonra növbə dəyişir. 20 yanvar 2023-cü il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs növbədə olmuşdur. 21 yanvar 2023-cü il tarixdə o işə getdikdə Təqsirləndirilən şəxs məntəqədən oğurluq edən zaman polis əməkdaşları tərəfindən saxlanılmasını bilmişdir. X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədikləri GP stock FEED MMC-nin Bərdə tədarük məntəqəsindən əvəllər oğurluq etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında X6 şahid X1 ilə eyni məzmunlu ifadəsi elan olundu . Məhkəmə iclasında ifadəsi elan olunmuş X9 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Mirzalıbəyli yolunun kənarında yerləşən yem dükanı işlədir. Şahid1 Muşirəvan oğlu ilə Şahid2 onun işlətdiyi yem dükanında fəhlə kimi yük olduqca işləmişlər. 20 yanvar 2023-cü il tarixdə Elgiz ona zəng edərək taxıl olduğunu və almaq istədiyini bildirmiş, lakin pulu olmadığı üçün ondan 2500 manat pul borc istəmişdir. O da Elgizi tanıdığı üçün və güvəndiyi üçün 2500 manat verə biləcəyini bildirdikdən sonra təxminən saat 16 radələrində Elgiz ilə Bəhruz gələrək ondan 2500 manat pul əlavə olaraq isə yük tərəzisi, çömçə və kisələr alaraq getmişlər. Bundan başqa onun heç nədən xəbəri olmamışdır. X7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bərdə şəhəri ərazisində postpatrul xidməti dislokasiya yerlərini yoxlayarkən Bərdə şəhəri, Sənaye küçəsində yerləşən “ATS CROUP” şirkətinin tədarük məntəqəsi anbarının qapısının iş vaxtı olmayan müddətdə açıq olması, mühafizəçinin yerində olmadığı şübhə yarandığından məntəqə ərazisinə daxil olan zaman məntəqə anbarının içərisində Zil markalı ** HM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə taxil kisələrinin yüklənməsi, mühafizəçi Təqsirləndirilən şəxs da həmin taxil kisələrini yükləməsi, orada hər hansı məsul işçinin olmadığı həmin yüklərin gizli olaraq talanmasına şübhə yaratdığından Bərdə RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunmaqla qeyd edilən avtomobil sürücüsü Şahid4, mühafizəçi Təqsirləndirilən şəxs və özünü taxıl alan kimi təqdim edən Şahid1 ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirilməsi ilə bağlı material olmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 21 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 141-142-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 154-155-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 yanvar 2023-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, “GP STOCK FEED MMC” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işinin 201-203-cü vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2023-cü il tarixli 9/2150 nömrəli rəyindən görünür ki, 6120 kiloqram buğda məhsulunun 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3672,0 manat (6120kq x 0,60 manat) müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 161-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, “GP STOCK FEED MMC”-nin nümayəndəsi X13 xx.xx.2023-cü il tarixdə anbardan oğurlanan 101 kisə olmaqla ümumi çəkisi 6120 (altı min yüz iyirmi) kiloqram taxıl məhsulunu yararlı vəziyyətdə təhvil almışdır. Cinayət işinin 197-ci vərəqəsində olan Qəbzdən görünür ki, X9 özünə məxsus 1 ədəd yük tərəzisini, vedrə və 1 ədəd əl çömçəsini saz vəziyyətdə təhvil almışdır. Cinayət işinin 178-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət 170-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 341 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 171-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 447 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 200-cü vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 205-214-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı hadisə yerindən götürülmüş 101 kisədə olmaqla ümumi çəkisi 6120 (altı min yüz iyirmi) kiloqram buğda, tərəzi, vedrə,əl çömçəsi və 1 ədəd DVD disk 29 mart 2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmışdır. İş üzrə maddi sübutlar - 101 kisədə olmaqla ümumi çəkisi 6120 (altı min yüz iyirmi) kiloqram buğda, tərəzi, vedrə və əl çömçəsi sahiblərinə geri qaytarılmış, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs oğurladığı əmlaka münasibətdə pulu almaqla cinayəti bitirmiş sayılır. Məhkəmə həmçinin iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə düzgün tövsif olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs AQRO X11 Məntəqəsində mühafizəçi işlədiyi müddətdə iş saatında oğurluq cinayət əməlini törətmişdir. Yəni onu əməlində “daxil olma” əlaməti yoxdur. Məhkəmə qeyd edir ki, oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Plenum qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə mühafizəçi vəzifəsində işlədiyi “GP STOCK FEED MMC” şirkətinin Bərdə şəhəri, Sənaye küçəsində yerləşən filialın ərazisində yerləşən saxlanc yeri hesab edilən iri ölçülü anbardan “GP STOCK FEED MMC” şirkətinə məxsus 1(bir) kiloqramının dəyəri 0,60 manat olmaqla 6120 (altı min yüz iyirmi) kiloqram çəkidə ümumilikdə 3672 (üç min altı yüz yetmiş iki) manat dəyərində buğdanı gizli yolla talayaraq oğurluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 23 yanvar 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 101 kisə olmaqla ümumi çəkisi 6120 (altı min yüz iyirmi) kiloqram taxıl məhsulunun, 1 ədəd yük tərəzisinin, vedrə və 1 ədəd əl çömçəsinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixindən 23 yanvar 2023-cü il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan 101 kisə olmaqla ümumi çəkisi 6120 (altı min yüz iyirmi) kiloqram taxıl məhsulunun, 1 ədəd yük tərəzisinin, vedrə və 1 ədəd əl çömçəsinin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-104/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-104/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver