Məhkəmə qərarları › İş №1(021)-105/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-105/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-105/2025 07.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1959-cu ildə Bərdə rayonu Şatırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 1630 radələrində yaşadığı Bərdə rayonu Kürdborakı kəndi ərazində yerləşən otlaq sahəsinin kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs hər iki göz və üz nahiyələrinə bir neçə dəfə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya sağ gözətrafı nahiyənin, üzün sağ yarısında-alıngicgah nahiyəsinin, üzün sol yarısının, sağ xarici qulaq seyvanının qançırları, sağ göz almasının aşağı yarısının, sol göz almasının bütün səthi boyunca geniş ölçülü qansızmaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Sonuncu ilə qonşu olmaqla, yaxın münasibətləri olmuş, dəfələrlə birlikdə çörək kəsmişlər. Xəstə olduğundan müalicə olunmaq üçün Estoniya Respublikasına getmişdir. Bacısı Gülnarə əvvəllər ailəli olub ayrılmışdır. Estoniyada olan zaman bacısı Gülnarə ona zəng edərək Zərərçəkmiş şəxs ona mesaj yazdığını bildirmişdir. Zərərçəkmiş şəxs zəng edərək onunla çörək kəsdiyini, nə üçün bacısına mesaj yazdığını soruşmuş, sonuncuya gələndən sonra danışacaqlarını bildirmişdir. Estoniyadan qayıtdıqdan sonra bir müddət gözləmişdir ki, Zərərçəkmiş şəxs gəlib üzr istəsin. Lakin sonuncu onlardan üzrxahlıq etməmişdir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhərindən yaşadığı kəndə gedərkən Zərərçəkmiş şəxs çayxanada kabab bişirdiyini görmüşdür. Həmin vaxt qardaşına məxsus avtomobildə olmuş, avtomobili qardaşı idarə etmiş, özü arxa oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs onun bacısına mesaj yazması ona pis təsir etdiyindən maşını saxladıb onu maşına dəvət etmiş, Zərərçəkmiş şəxs yanında əyləşməsini bildirmiş, avtomobili kəndin kənarında olan torpaq sahəsinə sürmüşlər. Onlar birlikdə artezian quyusunun yanına getmişlər. Qardaşı sahə suvardığından artezianı söndürmək üçün getmiş, özü isə Vüqarla bir kənarda təklikdə söhbət etmişlər. Söhbət mübahisəyə çevrilmiş və yumruqla Zərərçəkmiş şəxs çənəsindən vurmuşdur. Vüqar yerə yıxılmış, sonuncunun sinəsinin üstündə oturub yerdə onu yumruq zərbələri ilə döymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxs döyməsinin səbəbi sonuncunun onun bacısına pis niyyətlə mesaj yazması olmuşdur. Tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, söz verir ki, bir daha hər hansı qanunazidd əməl törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qonşu kənddə tanışı olmuş, ona zəng edərək kələm bitkisi əkdiyini, kələmin alağını vurmaq üçün adam lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bacısı Gülnarənin kənddə alaq vurduğunu bilmiş, sonuncuya zəng edərək bu barədə ona bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bacısı daha alaq vurmağa getmədiyini bildirmişdir. Gülnarənin telefonuna mesajı səhvən göndərmişdir. Belə ki, telefonunda Gülnarə adlı iki şəxs olmuşdur. Mesajı yazaraq başqa Gülnarəyə göndərmək əvəzinə səhvən Təqsirləndirilən şəxs bacısı Gülnarəyə göndərmişdir. Sonuncunun nömrəsini alaq vuranlardan almış və telefonunun yaddaşına salmışdır. Hadisə baş verən gün evlərinin yanında olan çayxanada olmuş, 3-4 nəfər oturub yemək yemişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşına məxsus avtomobillə gəlmiş və ona maşına əyləşməsini bildirmişdir. Avtomobillə torpaq sahələrində yerləşən artezianın yanına getmişlər və orada aralarında mübahisə olmuşdur. Təqsirləndirilən şəxs onu yumruq zərbələri ilə vurmuş, xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs oğılu ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs telefonda bacısına mesaj yazmışdır. Ona məxsus avtomobillə sahədə olan artezianı söndürməyə getmiş, qardaşı Təqsirləndirilən şəxs da yanında olmuşdur. Çayxanada Zərərçəkmiş şəxs da görüb, sonuncunu avtomobilə dəvət etmişlər. Sahəyə çatanda avtomobildən düşərək artezianı söndürməyə getmiş, həmin vaxt qardaşı Rüstəmlə Zərərçəkmiş şəxs söhbət etmişlər. Artezianın yanından qayıdanda qardaşı Rüstəmin Zərərçəkmiş şəxs döydüyünü görmüşdür. Sonunculara yaxınlaşaraq onları aralamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 05 iyun 2025-ci il tarixli, 431 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ gözətrafı nahiyənin, üzün sağ yarısındaalın-gicgah nahiyəsinin, üzün sol yarısının, sağ xarici qulaq seyvanının qançırları, sağ göz almasının aşağı yarısının, sol göz almasının bütün səthi boyunca geniş ölçülü qansızmaları küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 07 iyun 2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 141 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kürdborakı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 19 iyun 2025-ci ildə təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən, cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar