Məhkəmə qərarları › İş №1(021)-107/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-107/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-107/2022 14.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bərdə rayonu, Dəymədağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Dəymədağlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,119 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 06 fevral 2022-ci il tarixdə saat 10:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğullar kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Dəymədağıldı kəndində yaşayır. Narkotik maddələrin aludəçisi olduğu 20 ildir narkotik vasitə hesab edilən marixuanadan istifadə etmiş, təxminən 1 ildir ki, narkotik vasitə hesab edilən şüşə və kokosdan istifadə etmişdir. 05 fevral 2022-ci il tarixdə saat təxminən 18:00 radələrində bazarda piştaxtanın alt tərəfində bir ədəd bükümün içərisində narkotik vasitə tapmış və öz istifadəsi üçün cibinə qoyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:45 radələrində Güloğlular kəndi ərazisində yerləşən bazarda olarkən iki nəfər şəxs ona yaxınlaşmış, özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, etiraz etməyərək polis şöbəsinə getmiş, polis şöbəsində ona vəkil təqdim olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ondan üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş və həmin əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuş, içərisində “şüşə” yəni metamfetamin olduğunu bildirmiş, üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Bundan sonra vəkilin iştirakı ilə üzəridən götürülmüş sellofan büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,24 qram olması müəyyən edilmiş, həmin sellofan bükülü elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, üzərində aşkar olunan narkotik vasitəni özü qəbul etmək məqsədi ilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan metamfetaminin ona məxsus olduğunu, narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik maddə satmadığını, heç kimə vermədiyini, üzərində narkotik maddə saxlaması barədə heç kimə heç nə demədiyini, üstündə narkotik vasitə olduğundan ailə üzvlərindən heç kimin məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən DİO-da, həmin tarixdən Bərdə rayon polis şöbəsinin X2 baş inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 06 fevral 2022-ci il tarixdə Bərdə rayon Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə istifadə etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinə daxil olmuş əməliyyat məlumat əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Bərdə RPŞ-nin İTB-nin polis nəfəri,polis baş serjantı Şahid2 tərəfindən Rəvanın olduğu yer Bərdə rayonu Güloğlular kəndi ərazisindəki bazarda 06 fevral 2022-ci il tarixdə müəyyən edilərək həmin gün saat 10:45 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində təhqiqatçı tərəfindən Rəvana hüquq vəzifələri izah edilmiş, vəkil təqdim edilmiş, təhqiqatçı ona polis şöbəsinə hansı səbəbə görə gətirildiyini, narkotik maddələrin qanunsuz gəzdirməsində şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələri video çəkilişdən istifadə edilməklə izah edilmiş, videoçəkilişi o aparırmış, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan nə kimi qanunsuz əşya varsa təqdim etməyi təklif edilmiş, Rəvan əynində olan göy rəngli cins şalvarın sol yan cibinindən bir ədəd sellofan bükümü çıxardaraq təqdim etmiş, sorğu zamanı bükümdə “şüşə” yəni metamfetamin olduğunu, üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, qeyri qanuni başqa əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş sellofanda olan büküm elektron tərəzidə çəkilmiş, neçə qram olması yadında qalmamış, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Rəvan özü də imza etmişdir. Şəxsi axtarış və götürmə hərəkəti bitdikdən sonra tərəfindən çəkilmiş video görüntülər DVD diskə köçürülərək təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı təqdim etdiyi bir ədəd DVD diski bu barədə tərtib etdiyi protokola əlavə etmişdir İş üzrə şahid qismində dindirilmiş Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri,polis baş serjantı Şahid2 Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X6 Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli 16/155 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserin 21 aprel 2022-ci il tarixli 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 06 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə rayon X11 bölməsinin təhqiqatçısının və CAB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümü könüllü olaraq təqdim etmiş, təqdim edilmiş bir ədəd sellofan bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 14 dəqiqə 10 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə olan psixotrop maddə-metamfetamini təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 02 mart 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 12 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi məqsədilə üzərində saxladığı, bundan heç kimin məlumatı olmadığını, bu barədə hər hansı bir şəxsə bildirmədiyi müəyyən edilmiş, narkotik vasitə və ya onun prekursorlarını satması ilə bağlı heç bir məlumat əldə olunmamış, onun narkotik vasitə və ya prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslər müəyyən edilməmiş, digər cinayətlərdə iştirakı olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən daxil olmuş 14 aprel 2022-ci il tarixli 328 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, X3 rayonu Dəymədağlı kəndində qeydiyyatdadır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 11 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş ümumi təmiz çəkisi 1,119 qram olan kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 fevral 2022-ci il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 24 may 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında Təqsirləndirilən şəxs оğlu ifadəsində 4-5 gün qabaq narkotik vasitə çəkdiyini etiraf etmiş və barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,119 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 06 fevral 2022-ci il tarixdə saat 10:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğullar kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və cinayət işi materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 06 fevral 2022ci il tarixdə 08 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin 24 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 21 gün olmaqla, cəmi 23 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 93-1.1ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 1, 119 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan bir ədəd sellofan bükümdəki ümumi təmiz çəkisi 1,119 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,079 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 30.40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun Bərdə rayon Polis Şöbəsində 06 fevral 2022-ci il tarixdə 08 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin 24 may 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 21 gün olmaqla, cəmi 23 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs оğlunun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Qaradağlı kəndi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan bir ədəd sellofan bükümdəki ümumi təmiz çəkisi 1,119 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,079 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar