Məhkəmə qərarları › İş №1(021)-107/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-107/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-107/2024 10.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Bala Ərəblər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə “TikTok” sosial şəbəkəsində tanış olduğu Şahid vasitəsi ilə tanıdığı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun əlliliyə görə təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs bacısı Şahid vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Prins” restoranında Zərərçəkmiş şəxs 800 manat pulunu, 2023-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs bacısı Şahid vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Prins” restoranında Zərərçəkmiş şəxs 1700 manat pulunu, ümümilikdə Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, anadangəlmə İ qrup əlildir, hərəkət qabiliyyəti məhduddur, əlil arabası ilə hərəkət edir. Dövlət tərəfindən ona İ qrup əlilliyə görə təqaüd verilir. Şahid “Tik-Tok” sosial şəbəkəsində tanımışdır. Sonuncu ilə 2023-cü ilin iyun ayında tanış olmuşdur. Elyanura onunla danışarkən bacısı Zərərçəkmiş şəxs 2017-ci ildən bəri İİ qrup əlilliyə görə aldığı təqaüdünün 2022-ci ildə kəsildiyini, bacısının həmin təqaüdü bərpa etdirmək istədiyini bildirmişdir. Elyanuraya kömək edə biləcəyini demiş, sonuncudan bu işin müqabilində 2500 manat pul istəmişdir. Elyanuradan bacısının əlilliklə bağlı sənədlərinin qaydasında olub-olmadığını soruşmuş, sonuncu bacısı Ülviyyənin əlilliklə bağlı sənədlərinin qaydasında olduğunu söyləmişdir. 2022-ci ilin iyun ayının əvəllərində Elyanura ilə söhbət zamanı pulu gətirib Bədə şəhərində ona verməsini söyləmişdir. Həmin vaxt aralarında olan razılığa əsasən Elyanura bacısı Ülviyyədən pulu götürərək Bərdə şəhərində yerləşən “Prins” restoranına gəlmiş və onunla görüş və ona 800 manat pul vermişdir. Sonuncuya təqaüd təsdiqləndikdən sonra 1700 manatı da verməli olduqlarını söyləmişdir. Eyni zamanda bacısı Ülviyyənin plastik kartlarının şəkillərini ona göndərməsini istəmiş, Zərərçəkmiş şəxs plastik kartının şəkillərini ona göndərmişdir. 2023-cu ilin iyun ayının sonlarında Elyanura yenidən Bərdə şəhərində “Prins” restoranına gələrək onunla görüşmüşdür. Elyanura ona qalan 1700 manat pulu da vermişdir. Pulu aldıqdan sonra Elyanuraya gələn aydan təqaüdün karta köçürüləcəyini söyləmişdir. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs ona göndərdiyi “Kapital Bank”a məxsus plastik kartına "card to card” vasitəsilə 280 manat pul köçürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək təqaüdün bərpa olunmadığını söyləmiş, həmin pulun təqaüd kartına yox, şəxsi kartına köçürüldüyünü demişdir. Sonuncuya təqaüdü bərpa etdirə bilmədiyini söyləmiş və pulu hissə-hissə qaytaracağını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs 100 manat pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs 2120 manat pul verməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmir. Səhvini başa düşür, tutduğu əməldən peşmandır. İ qrup əlil olmasının nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2017-ci ildə səhhətində olan problemlə əlaqədar ona İİ qrup əllilik təyin olunaraq təqaüd müəyyən edilmişdir. 5 il müddətində səhhətinə görə təqaüd almışdır. 2022-ci ilin noyabr ayında ona təyin edilmiş təqaüd kəsilmişdir. Bununla bağlı DOST xidmətinə müraciət etmiş, xidmətdən onu çağıracaqlarını bildirsələr də, uzun müddət keçməsinə baxmayaraq onu çağıran olmamışdır. 2023-cu ilin iyun ayında bacısı Elyanuranın evində olarkən Elyanura ona Bərdə rayonu Ərəblər kəndində yaşayan Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, həmin şəxslə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğunu demişdir. Elyanura ona həmin şəxsin əlil olduğunu və bir çox şəxsə əlliliklə bağlı pensiyasının bərpa edilməsində köməklik etdiyini söyləmişdir. X2 əlaqə saxlayarkən onun təqaüdü ilə bağlı məsələni Elgizə söyləmişdir. Təqsirləndirilən şəxs isə bacısından onun xəstəlik sənədlərinin olubolmadığını soruşmuş, bacısı bütün sənədlərinin qaydasında olduğunu söyləmişdir. Elgiz onun təqaüdünün bərpa olunması üçün 2500 manat məbləğində pul istəmiş, onunla razılaşmışlar. Evdən çıxa bilmədiyi üçün bu işi bacısına həvalə etmiş, bacısı Elyanura onun verdiyi 800 manat məbləğində pulu Bərdə rayonunda yerləşən "Prins” restoranında Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra Elgiz bacısı Elyanuraya zəng edərək təqaüdün bərpa olunduğunu, qalan 1700 manat pulu da göndərməsini söyləmişdir. Bacısı Elyanura vasitəsilə 1700 manat pulu Təqsirləndirilən şəxs göndərmişdir. Bacısı Elyanura bu dəfə də 1700 manat pulu Bərdə şəhərində yerləşən “Prins” restoranında Elgizə vermiş, sonuncu tez bir zamanda pulun köçəcəyini bildirmişdir. Pulu verdikdən sonra Elgiz ondan bank kartlarının şəklini istəmiş, o da bank kartının şəkillərini Elgizə göndərmişdir. İyul ayının 18-də onun "Kapital Bank”a məxsus “Cashback” kartına 280 manat “card to card” vasitəsilə pul köçürülmüşdür. Həmin pulun təqaüd olmadığını başa düşmüş, Elgizə zəng edərək bu barədə bildirmişdir. Elgiz onu aldatdıqlarını bildirmiş və ona məlumat verəcəyini demişdir. Bundan sonra dəfələrlə Elgizə zəng etsə də, sonuncu pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bir müddət əvvəl Elgiz ona 100 manat pul göndərmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 2120 manat pul ödəməlidir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs barəsində qanunauyğun qaydada tədbir görülməsini və cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, “Tik- Tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs danışıqlarında müxtəlif şəxslər üçün təqaüdlər hazırladığını, insanlara hüquqi xidmətlərdə köməklik göstərdiyini bildirmişdir. 2022-ci ilin noyabr ayında bacısı Ülviyyənin İİ qrup əlil olduğuna görə 2017-ci ildən bəri aldığı təqaüd kəsilmişdir. Elgiz ondan yaxınlarından kiminsə təqaüd düzəltməyə ehtiyacı olub-olmadığını soruşmuşdur. O isə bacısı Ülviyyə ilə məsləhətləşdikdən sonra Elgizə bacısının təqaüdünün kəsildiyini, bərpasına ehtiyacı olduğunu söyləmişdir. Elgiz Ülviyyənin təqaüdünün bərpa olunması üçün onlardan 2500 manat məbləğində pul istəmiş, onunla razılaşmışlar. 2023-cu ilin iyun ayının əvvəlində Bərdə şəhərinə gələrək “Prins” restoranda Elgizlə görüşmüş və sonuncuya bacısı Ülviyyənin ona verdiyi 800 manat pul vermişdir. Elgiz qalan pulu pensiya təsdiq edildikdən sonra alacağını demişdir. Qalan pulu o, yenə Bərdə şəhərində "Prins" restoranında Elgizə vermişdir. Elgiz 1700 manat məbləğində pulu aldıqdan sonra tezliklə təqaüdün bərpa olunacağını, təqaüd kartının fotoşəklıni göndərmələrini istəmişdir. İyul ayının 18-i tarixində bacısı Ülviyyənin “Kapital banka" məxsus “cahhback” kartına “card to card” vasitəsilə 280 manat məbləğində pul köçürülmüşdür. Bacısı Ülviyyə təqaüdün bərpa edilmədiyini anlamış, Elgizin onları aldatdığını başa düşmüşdür. Dəfələrlə Elgizdən pulu geri qaytarmasını tələb etsələr də, Elgiz müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 22 aprel 2024-cü il tarixli 18-1-28/2-774/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon X1 şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə “TikTok” sosial şəbəkəsində tanış olduğu Şahid vasitəsi ilə tanıdığı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə 2023cü ilin iyun ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, sonuncunun əlliliyə görə təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda, əslində Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq, 2023-cü ilin iyun ayının əvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs bacısı Şahid vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Prins” restoranında Zərərçəkmiş şəxs 800 manat pulunu, 2023-cü ilin iyun ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda, Zərərçəkmiş şəxs bacısı Şahid vasitəsi ilə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Prins” restoranında Zərərçəkmiş şəxs 1700 manat pulunu, ümümilikdə Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 17 aprel 2024-cü il tarixli, 509 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Bala Ərəblər kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 17 aprel 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən 10 iyul 2024-cü il tarixli ********** nömrəli Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir. Diaqnoz: Keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Yuxarı ətrafların spastik paraparizi. Aşağı ətrafların spastik paraplegiyası. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, İ qup əlildir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, bundan başqa İ qrup əlil olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 17 aprel 2024-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar