Məhkəmə qərarları › İş №1(021)-107/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-107/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-107/2025 16.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X24 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bərdə rayonu Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şatırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 2001-ci ildə Bərdə rayonu Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, onlar, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixində saat 22 radələrində Bərdə rayonu Şatırlı kəndinə gəlib, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla əvvəlcə evin həyətyanı sahəsinə, sonra isə evin pəncərəsinin çərçivəsini çıxarmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 70 manat dəyərində 01 ədəd “karaoke” dəstini, 150 manat dəyərində 01 ədəd “Turz” markalı tikiş maşınını, hər birinin dəyəri 55 manat olan 04 dəst alüminium qazan dəstini, hər birinin dəyəri 30 manat olan 02 ədəd səsgücləndiricini, hər birinin dəyəri 100 manat olan 03 ədəd elektrik artırıcı aparatı, 20 manat dəyərində 01 ədəd açar dəstini, hər birinin dəyəri 50 manat olan 02 ədəd “Poloroid” markalı fotoaparatı, 50 manat dəyərində 01 ədəd “JVC” markalı musiqi dəstini, 200 manat dəyərində 01 ədəd kiçik ölçülü tikiş maşınını, 140 manat dəyərində 01 ədəd “Black Decker” markalı ət maşınını, 25 manat dəyərində 01 ədəd saç qurutma fenini, hər birinin dəyəri 75 manat olan 02 ədəd “Tefal” markalı ütünü, 40 manat dəyərində 01 ədəd “Meidi” markalı qızdırıcı aparatı, hər birinin dəyəri 30 manat olan 04 ədəd xəncəri, daha sonra isə həmin mənzilin zirzəmisinin çərçivəsini sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus olan 400 manat dərərində 01 ədəd kombi aparatını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2045 (iki min qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Bərdə rayonu Kürdborakı kəndində, çayxananın yanında, ona məxsus avtomobildə oturub söhbət edərkən, söhbət əsnasında oğurluq etmək qərarına gəlmişlər. İlk təklifi kimin verdiyi yadında deyil. Oğurluğu Zərərçəkmiş şəxs evindən etmək qərarına gəlmişlər. Belə ki, Zərərçəkmiş şəxs evi, yəni oğurluq etdikləri ev kəndin girəcəyində, yolun kənarında yerləşmiş, kəndə gedibgələndə evin qarşısından keçmişlər və evdə yaşayış olmadığını bilmişlər. Evi müşahidə etməmişlər, sadəcə həmin evdə heç vaxt yaşayış olmadığını bilmişlər. Maşını sürüb Zərərçəkmiş şəxs evinin yanında saxlamış, evə daxil olaraq ev əşyalarını götürüb evdən çıxmışlar. Oğurluğa üç nəfər getmiş, başqa kömək edən olmamışdır. Evin həyətinə hasardan keçmiş, oradan da evə girmişlər. Evin pəncərəsinin dəmir barmaqlığını açaraq pəncərədən evə girmişlər. Pəncərəni Nail açmışdır. Evin işığını yandırmamış, telefonun işığından istifadə etmişlər. Evdən ancaq ev əşyaları götürmüş, dəqiq adları yadında qalmamışdır. Kombi, qazan dəsti, musiqi mərkəzi, fotoaparat, elektrik artırıcı aparat, fen və başqa əşyalar olmuşdur. Oğurladıqları əşyaları daşıyıb darvazanın arxasına yığmışlar. Maşını çöldən darvazanın qarşısında saxlamış, oğurladıqları əşyaları darvazanın qarşısından götürüb maşının yük yerinə yığmışlar. Gülşən adlı yaxın münasibətdə olduğu tanışı olmuş, Gülşən Bərdə şəhərində kirayədə yaşamışdır. Onda evin açarı olmuş, oğurladıqları əşyaları gətirib Gülşənin yaşadığı evə yığmışlar. Gülşənə əşyaların özünün olduğunu, satacağını demişdir. Sonuncunun oğurluqdan məlumatı olmamışdır. Məqsədləri həmin əşyaları metal qəbulu məntəqəsinə satmaq olmuşdur. Oğurluqdan təxminən 1 həftə sonra saxlanılmışlar. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə cərimə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı əvvəlcə oğurluğu tək etdiyini bildirmiş, ancaq əslində belə olmamışdır. Oğurluq edərkən sərxoş olmamış, spirtli içki qəbul etməmişdir. Oğurladıqları əşyaların yerini polis əməkdaşlarına tutulandan sonra demişdir. Taksi fəaliyyəti ilə məşğul olur, ailəlidir, 13 yaşında 1 uşağı var. Ata evində anası, arvadı və uşağı ilə birlikdə yaşayır. Oğurladıqları əşyaların hamısını qaytarmış, zərərçəkmiş şəxslə barışıq əldə etmişlər, əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 dedikləri ilə razıdır. Sonuncunun dediklərinə heç bir əlavəsi, düzəlişi yoxdur. Zərərçəkmiş şəxsin evindən ev əşyalarını üçü bir yerdə oğurlamışdır. Hadisə barədə başqa heç nə demək istəmir. Əvvəllər də oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. Əməlindən peşmandır, etdiyi əmələ görə zərərçəkmiş şəxsdən üzr istəyir. Usta yanında fəhlə işləyir, ailəlidir, 14 və 16 yaşlarında iki uşağı var. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında geniş ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonu Şatırlı kəndində yaşayır. Evlidir, rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixində o, Surət və İzzət ilə birlikdə Bərdə rayonu Şatırlı kəndi ərazisində Surətə məxsus “Opel” markalı, 99- KM-512 dövlət qeydiyyat nişanlı avtomobil ilə kənd ərazisində gəzmişdir. Onlar həmin kənd sakini Zərərçəkmiş şəxs evinin qarşısından keçmişdir. Onlar Əlişin uzun müddətdir Bərdə ərazisində olmadığı və evində yaşayış olmadığını bilmişlər. Bu səbəbdən onlar həmin evdən oğurluq elmək qərarına gəlmişlər. Həmin evin qapısı qıfıllı olmuşdur. Surət avtomobili evin yaxınlığında saxlamış və onlar avtomobildən düşmüşdür. Əlişin evinin hasarı bir o qədər hündür deyil və sökülmüş yerləri vardır. Bu səbəbdən hər üçü hasardan evin həyətinə daxil olmuşlar. Ev iki mərtəbəli ev olmuşdur. O, evin otaqlarından birinin çərçivəsini çıxarmışdır. Onlar pəncərədən evin qonaq otağına daxil olmuşdur. Onlar həmin evdən 1 ədəd “karaoke” dəstini, 1 ədəd “Turz” markalı tikiş maşınını, 4 ədəd qazan dəstini, 2 ədəd səsgücləndiricini, 3 ədəd elektrik artırıcı aparatı, 1 ədəd açar dəstini, 2 ədəd poloroid markalı fotoaparatı, 1 ədəd JVC markalı musiqi dəstini, 1 ədəd kiçik ölçülü tikiş maşınını, 1 ədəd feni, 1 ədəd Black decker markalı ət maşınını, 1 ədəd Tefal markalı ütünü, 1 ədəd markasını bilmədiyi ütünü, 1 ədəd “Meidi” markalı qızdırıcı aparatı və 4 ədəd xəncəri gizli yolla götürərək evin həyətinə daxil olmuşlar. Daha sonra evin əl damının şüşəsini sındıraraq oradan kombi aparatını götürmüşlər. Daha sonra Surət həyətdən çıxaraq avtomobili həyətin hasarına yaxınlaşdırmışdır. Onlar oğurladığı əşyaları avtomobilə yığmışlar. O, həmin yerdən uzaqlaşıb evə getmişdir. Növbəti gün Surət oğurlanan əşyaları şəhərdə bir qadının evinə qoyduğunu bildirmişdir. O, sadəcə ehtiyac ucbatından oğurluq əməlini törətmişdir. Həmin əşyaları satmamış və ya kiməsə verməmişdir. O, başqa hər hansı bir yerdən oğurluq etməmişdir. Hadisə barədə hər hansı bir şəxsə məlumat verməmişdir. Onu həmin oğurluğu etməyə heç kim məcbur etməmişdir. Ona Bərdə RPŞ-də təzyiq edilməmişdir. O, öz əməlini könüllü şəkildə etiraf etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 1 uşağı var, ata evində anası ilə birlikdə yaşayır. Atası 5 ay əvvəl vəfat etmişdir. Fəhləliklə məşğul olur. Oğurluqda o da iştirak etmiş, zərərçəkmiş şəxsə məxsus evdən ev əşyaları - elektrik artırıcı aparat, kombi, musiqi mərkəzi və s. oğurlamışlar. Qalan oğurluq əşyaların adı yadından çıxmışdır. Oğurluğa getməyi maşında üçü bir yerdə qərara gəlmişlər. Əvvəllər oğurluq etdikləri evin içində olmamış, evdə nə olduğunu bilməmişlər. Pəncərənin dəmir barmaqlığı şrupla bağlandığından vint açarı ilə açmışlar. Kombini evin zirzəmisindən götürmüşlər, zirzəmiyə zirzəminin pəncərəsindən girmişlər. Zirzəminin də pəncərəsi dəmir barmaqlıqlı olmuş, açaraq içəri girmişlər. Oğurluq etdikləri evə gecə getmiş, səs-küyə qonşulardan heç kim çıxmamışdır. Əvvəlcədən razılaşdıqları kimi oğurladıqları əşyaları Surətin tanışı Gülşən adlı xanımın evinə yığmışlar. Oğurladıqları əşyaları metal qəbulu məntəqəsinə satmağa razılaşmışlar. Oğurladıqları əşyaların hamısını zərərçəkmiş şəxsə qaytarmışlar. Hər biri eyni qaydada dəymiş ziyanı ödəmişlər. Etdiyi əmələ görə zərərçəkmiş şəxsdən üzr istəyir, əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət əməli törətməsinin, himayəsində bir nəfər azyaşlı uşağının olmasının, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsləri tanımamış, sonuncuların atalarını tanımışdır. Oğurluq olan ev onların ata evidir. 1994-cü ildən kənddən çıxıb getmiş, həmin evdə yaşamır. Hərdən kəndə gələndə həmin evdə qalır. Ata evlərinə xalası oğlu Şahid2 nəzarət etmişdir. Xalası oğlu İlkin ona zəng edərək sahəyə gedəndə darvazanın açıq olduğunu gördüyünü bildirmişdir. Həmin darvaza əsas darvaza deyil, həyətin aşağı tərəfində olan bağın darvazasıdır. Darvazaya çöldən kilid vurulmasa da içəridən bağlı olur. İlkin ona evin pəncərəsinin dəmir barmaqlığının çıxarıldığını, pəncərənin şüşəsinin birinin sındırıldığını və evə kənar şəxslərin girdiklərini bildirmişdir. İlkin bu barədə ona video çəkib göndərmişdir. İlkinə əlini heç nəyə vurmamasını, polisə zəng etməsini demişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və araşdırma aparmışlar. Oğurlanan əşyalar ona qaytarılmışdır. Su nasosu və suqaldırıcı (gidrafor) qaytarılmamış, onları tələb etmir. Oğurlanan əşyalar hamısı natura formasında, olduğu kimi qaytarılmışdır. Oğurlanan əşyaları təqsirləndirilən şəxslər özləri könüllü verməmiş, polis əməkdaşları aşkar edərək ona qaytarmışlar. Təqsirləndirilən şəxslər evin pəncərəsinin 1 şüşəsini və zirzəminin pəncərəsinin 1 şüşəsini sındırmışlar. Kombi aparatı təzə olmuş, işlədilməmişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə heç bir ədavəti, düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təqsirləndirilən şəxslərin hər üçü həmkəndliləridir. Onlarla ədavəti, düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun xalası oğludur. Zərərçəkmiş şəxs həmin evdə yaşamadığından evə o nəzarət etmişdir. Səhər saat 10-11 radələrində sahəyə gedərkən Zərərçəkmiş şəxs evinin arxa darvazasının yanından keçərkən darvazanın açıq olduğunu görmüşdür. Fikirləşmişdir ki, yəqin darvazanı külək açmışdır. Girib içəri baxarkən evin pəncərəsinin açıq olduğunu, dəmir barmaqlığının və pəncərənin şüşəsinin sındırıldığını görmüşdür. Evin birinci mərtəbəsinin də, ikinci mərtəbəsinin də şüşəsi sındırılmışdır. Dərhal xalası oğlu Zərərçəkmiş şəxs zəng edib hadisə barədə məlumat vermiş, xalası oğlu ona 102 xidmətinə məlumat verməsini bildirmişdir. O da 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əvvəlcə evdən nələrin oğurlandığını bilməmiş, polis əməkdaşlarının yanında zərərçəkmiş şəxslə telefon əlaqəsi saxlamış, zərərçəkmiş şəxs baxdıqdan sonra nələrin oğurlandığını demişdir. Polis araşdıraraq müəyyən etmişdir ki, oğurluq edənlər təqsirləndirilən şəxslərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1la yaxın münasibəti var. Əri ilə boşanmışdır, 7 yaşında uşağı var, marketdə işləyir, kirayədə yaşayır. Kirayə yaşadığı evin açarının birini Surətə vermişdir. Ev əşyaları kirayədə yaşadığı evə gecə vaxtı yığılmış, saat neçədə gətirdiklərini bilməmiş, səs-küy eşitməmişdir. Əşyaları səhər duranda görmüş, Surətdən soruşmuş, sonuncu əşyaları metal qəbulu məntəqəsindən gətirdiyini, satacağını bildirmişdir. O da başqa sual verməmişdir. Əşyaların oğurluq olması ağlına gəlməmişdir. Əgər əşyaların oğurluq olduğunu əvvəldən bilsəydi evə qoymazdı.Polislər kirayədə yaşadığı evə gəlmiş və evə baxış keçirəcəklərini bildirmişlər. O da evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirdikdən sonra ona əşyaların oğurluq olduğunu bildirmişlər. Əşyalar qapıdan içəriyə, həyətə yığılmışdır. Əşyalar qapıya gecə yığılmış, bir neçə gün sonra polislər gəlmişlər. Əşyaların içində kolonka, qazan dəsti və s. olmuşdur. Digər təqsirləndirilən şəxsləri görməmiş, tanımamışdır. Əşyalar köhnə əşyalar olmamışdır. Təqsirləndirilən şəxs1la qeyri-rəsmi münasibəti var, hazırda da həmin münasibətləri davam edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: "xxxx" MMC-nin ƏQ 0030/2025 saylı mütəxəssis rəyindən görünür ki, 1 dəst işlənmiş “Karaoke” dəsti (musiqi aparatı) 70 manat dəyərində, 1 ədəd “Turz” markalı işlənmiş tikiş maşını 150 manat dəyərində, 4 dəst təzə alüminium qazan dəsti 220 manat dəyərində, 2 ədəd işlənmiş səsgücləndirici 60 manat dəyərində, 3 ədəd işlənmiş elektrik artırıcı aparat 300 manat dəyərində, 1 dəst işlənmiş açar dəsti 20 manat dəyərində, 2 ədəd işlənmiş “Poloroid” markalı fotoaparat 100 manat dəyərində, 1 dəst işlənmiş “JVC” markalı musiqi dəsti 50 manat dəyərində, 1 ədəd işlənmiş tikiş maşını (kiçik ölçülü) 200 manat dəyərində, 1 ədəd işlənmiş fen 25 manat dəyərində, 1 ədəd işlənmiş “Black Decker” markalı ət maşını 140 manat dəyərində, 2 ədəd işlənmiş “Tefal” markalı ütü 150 manat dəyərində, 1 ədəd işlənmiş “Meidi” markalı qızdırıcı 40 manat dəyərində, 4 ədəd xəncər 120 manat dəyərində qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Kürdborakı kəndində yerləşən evdən oğurlanan əşyaların real bazar dəyəri ümumilikdə 1645 (bir min altı yüz qırx beş) manat təşkil edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixində saat 22 radələrində Bərdə rayonu Şatırlı kəndinə gəlib, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla əvvəlcə evin həyətyanı sahəsinə, sonra isə evin pəncərəsinin çərçivəsini çıxarmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 70 manat dəyərində 01 ədəd “karaoke” dəstini, 150 manat dəyərində 01 ədəd “Turz” markalı tikiş maşınını, hər birinin dəyəri 55 manat olan 04 dəst alüminium qazan dəstini, hər birinin dəyəri 30 manat olan 02 ədəd səsgücləndiricini, hər birinin dəyəri 100 manat olan 03 ədəd elektrik artırıcı aparatı, 20 manat dəyərində 01 ədəd açar dəstini, hər birinin dəyəri 50 manat olan 02 ədəd “Poloroid” markalı fotoaparatı, 50 manat dəyərində 01 ədəd “JVC” markalı musiqi dəstini, 200 manat dəyərində 01 ədəd kiçik ölçülü tikiş maşınını, 140 manat dəyərində 01 ədəd “Black Decker” markalı ət maşınını, 25 manat dəyərində 01 ədəd saç qurutma fenini, hər birinin dəyəri 75 manat olan 02 ədəd “Tefal” markalı ütünü, 40 manat dəyərində 01 ədəd “Meidi” markalı qızdırıcı aparatı, hər birinin dəyəri 30 manat olan 04 ədəd xəncəri, daha sonra isə həmin mənzilin zirzəmisinin çərçivəsini sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 400 manat dərərində 01 ədəd kombi aparatını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2045 (iki min qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Zərərçəkmiş şəxs 15 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyul 2025-ci il tarixli 148 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. Ailə üzvləri: anası X5, arvadı X2 və oğlu X6 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X13 xx.xx.2013-cü ildə anadan olmuşdur. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 himayəsində 1 nəfər azyaşlı uşağının olması, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı şikayətinin və tələbinin olmaması CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur, o, ailənin yeganə qazanc gətirənidir. Məhkəmənin qənaətinə görə onun əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması və ailənin yeganə qazanc gətirəni olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyul 2025-ci il tarixli 149 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Şatırlı kənd İƏD-nin Şatırlı kəndində yaşayır. Ailə üzvləri: atası-X7, arvadı-X1, oğlu-X10 və qızı-X11 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE seriyalı 11426894 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X15 xx.xx.2010-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. AZE seriyalı 11426864 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X17 xx.xx.2012-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayəsində 1 nəfər azyaşlı uşağının olması, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı şikayətinin və tələbinin olmaması CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur, o, ailənin yeganə qazanc gətirənidir. Məhkəmənin qənaətinə görə onun əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması və ailənin yeganə qazanc gətirəni olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 iyul 2025-ci il tarixli 150 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu Şatırlı kənd İƏD-nin Kürdborakı kəndində yaşayır. Ailə üzvləri: anası X3, qardaşı X8, arvadı X4 və oğlu X9 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli AZ-İV 976605 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2024-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs3 himayəsində 1 nəfər azyaşlı uşağının olması, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı şikayətinin və tələbinin olmaması CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs3 əməlindən peşmandır, ilk dəfədir ki, cinayət hadisəsi törədir, yaşayış yerindən müsbət xarakterizə olunur, o, ailənin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə onun əməlindən peşman olması, ilk dəfə cinayət törətməsi, yaşayış yerindən müsbət xarakterizə olunması və ailənin yeganə qazanc gətirəni olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarında olan xasiyyətnamələr ilə təqsirləndirilən şəxslər müsbət xarakterizə olunmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd verərək onlara rəhm edilməsini xahiş etdilər. Bu isə onların cinayət törətməyə meyilli olmamalarını və cəmiyyət üçün tam yararsız olmamalarını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını və bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd vermələri onların cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olmaları kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənildiyinə görə hazırda məhkumluğu olmasa da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.4-cü maddəsinə tövsif edilərək CM-nin 60.1-ci maddəsinə əsasən cəzası 03 il 09 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə təyin edilməsi cəzanın islah edici təsiri baxımından həm qanuna, həm də məqsədə uyğundur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsi tutma haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 05 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. “Şübhəli şəxsin tutulması barədə” 03 aprel 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 05 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. “Şübhəli şəxsin tutulması barədə” 03 aprel 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 05 aprel 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd “karaoke” dəsti, 01 ədəd “Turz" markalı tikiş maşını, 01 ədəd kiçik ölçülü tikiş maşını, 04 ədəd alüminium qazan dəsti, 02 ədəd səsgücləndirici, 03 ədəd elektrik artırıcı aparat, 01 ədəd açar dəsti, 02 ədəd “Poloroid” markalı fotoaparat, 01 ədəd “JVC” markalı musiqi dəsti, 01 ədəd fen, 01 ədəd “Black Decker” markalı ət maşını, 2 ədəd “Tefal” markalı ütü, 1 ədəd “Meidi” markalı qızdırıcı aparat, 4 ədəd xəncər və 01 ədəd kombi aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “karaoke” dəsti, 01 ədəd “Turz" markalı tikiş maşını, 01 ədəd kiçik ölçülü tikiş maşını, 04 ədəd aliminium qazan dəsti, 02 ədəd səsgücləndirici, 03 ədəd elektrik artırıcı aparat, 01 ədəd açar dəsti, 02 ədəd “Poloroid” markalı fotoaparat, 01 ədəd “JVC” markalı musiqi dəsti, 01 ədəd fen, 01 ədəd “Black Decker” markalı ət maşını, 2 ədəd “Tefal” markalı ütü, 1 ədəd “Meidi” markalı qızdırıcı aparat, 4 ədəd xəncər və 01 ədəd kombi aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar