Məhkəmə qərarları › İş №1(021)-108/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-108/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-108/2021 09.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi X9 iştirakı ilə xx xxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq təmiz çəkisi 1,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və təmiz çəkisi 0,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamış, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mart 2021-ci il tarixdə saat 2100 radələrində Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,370 qram, 0,367 qram, 0,373 qram ümumi təmiz çəkisi 1,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3 (üç) ədəd qara rəngli və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,067 qram, 0,072 qram, 0,073 qram ümumi təmiz çəkisi 0,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. 23 mart 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsində üzərindən aşkar olunmuş kütlələr narkotik vasitə olan metamfetamin və heroindir. Həmin kütlələri hadisədən təxminən 3-4 gün əvvəl Bakı şəhəri, Mehtabad qəsəbəsindən tapmışdır. 18 mart 2021-ci il tarixdə saat 1400 radələrində Mehtabad qəsəbəsində dəmir yığan zaman yerdə bir qutu siqaret qabının olduğunu görmüş, həmin siqaret qabını götürüb içərisinə baxarkən bir neçə ədəd bükülünün olduğunu bilmişdir. Həmin bükülülərə baxdıqda içərilərində narkotik vasitə hesab edilən heroinin və “şüşə” adlanan metanfetaminin olduğunu görmüşdür. Narkotik vasitələri istifadə edərək öz tələbatını ödəməsi üçün üzərində saxlamışdır. 19 mart 2021-ci il tarixdə yaşadığı Bərdə rayonuna gəlmişdir. Narkotik vasitələr 8 bükümdə olmuş, üzərindən götürərək bir qismini istifadə etmişdir. Qalan narkotik vasitələri isə istifadə etmək üçün üzərində saxlamışdır. 23 mart 2021-ci il tarixdə saat 2100 radələrində Bərdə şəhəri, Bakı küçəsindən yaşadığı Ə.Ədilov küçəsinə gəlmək istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamış və Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, baxış zamanı narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə əynində olan şalvarın sağ yan cibindən aşkar olunmuşdur. Narkotik vasitələri axtarış zamanı könüllü olaraq təqdim etmişdir. Narkotik vasitə və psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq möhürlənərək götürülmüş, ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə edib saxlamış, narkotik vasitədən və psixotrop maddədən heç kimə verməmişdir. Üzərində narkotik vasitə saxladığına və istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin X3 əməliyyat müvəkkili işləyir. 23 mart 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və sonuncu Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq saat 2100 radələrində Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon Polis şöbəsinə gətirildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarışda Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və olduğu halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən polietilen kəsiyində və siqaret kağızında olan 8 ədəd bükülü şəklindəki kütlələri çıxarmış, masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ancaq şəxsin üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhəri, Mehtabad qəsəbəsindən tapdığını demişdir. Bükümləri açarkən 4 ədəd qara və “gümüşü” rəngli siqaret kağızlarının bükülülərində şəffaf rəngli toz halında olan metamfetminə bənzər kütlə, 4 ədəd polietilen bükülülərdə isə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra şəxsin təqdim etdiyi metamfetaminə bənzər kütlə olan 4 ədəd bükülü elektron tərəzidə çəkilmiş, həmin bükümlərin ayrı-ayrlıqda çəkisi 0,10 qram, 0,11 qram, 0,11 qram, 0,09 qram olmuşdur. Bundan sonra 4 ədəd heroinə bənzər kütləni çəkən zaman ayrı-ayrılıqda çəkiləri 0,45 qram, 0,43 qram, 0,45 qram, 0,42 qram olmuşdur. Götürülmüş, içərisində narkotik vasitə hesab edilən heroinə bənzər və metamfetaminə bənzər kütlə olan 8 ədəd bükülü zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələri satmaq niyyətinin olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı dedikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin 2 növünü, yəni 4 bükümdə heroini, 4 bükümdə metamfetamini özündə saxlaması ona əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik maddələrin 2 növünün bükümlərdə təxminən hər biri bir dəfə istifadə üçün hesablanmaqla qablaşdırılaraq saxlanılması həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X13 Bölməsinin 16/279 saylı 24 mart 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,370 qram, 0,367 qram, 0,373 qram ümumi təmiz çəkisi 1,450 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -3 (üç) ədəd qara rəngli və 1 (bir) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,067 qram, 0,072 qram, 0,073 qram ümumi təmiz çəkisi 0,290 qram maddələr, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar”ın siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 1,450 qram, tədqiqata sərf edildi 0,2 qram (hər obyektə 0,05 qram), qalıq 1,250 qramdır. -Metamfetaminin ümumi təmiz çəkisi 0,290 qram, tədqiqata sərf edildi 0,08 qram (hər obyektə 0,02 qram), qalıq 0,210 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 497 saylı 04 may 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq təmiz çəkisi 1,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və təmiz çəkisi 0,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamış, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mart 2021-ci il tarixdə saat 2100 radələrində Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,370 qram, 0,367 qram, 0,373 qram ümumi təmiz çəkisi 1,450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3 (üç) ədəd qara rəngli və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,067 qram, 0,072 qram, 0,073 qram ümumi təmiz çəkisi 0,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 2040 nömrəli 29 mart 2021-ci il tarixli yaşayış yerindən arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 94-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ə.Ədilov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmamış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE 11425421 seriyalı, AZE 11425429 seriyalı, AZE 11425432 seriyalı və AZE 11093819 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, 02 iyul 2011-ci ildə anadan olmuş X4, 06 sentyabr 2012-ci ildə anadan olmuş X1, 21 mart 2016-cı ildə anadan olmuş X7 və 17 fevral 2017-ci ildə anadan olmuş X5 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 23 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-25/2021 saylı 25 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu andan 23 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 24 mart 2021-ci il tarixli 16/279 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis şöbəsində saxlanılan 1,250 qram çəkidə narkotik vasitə heroin və 0,210 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan 1,250 qram çəkidə narkotik vasitə heroin və 0,210 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar