Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-110/2025 11.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və həmin hökmə düzəliş edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplanmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, barəsində 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən edilən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Divanlı kəndində qeydiyyatda olmaqla, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 4 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,56 qram olmaqla, 6 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0,56 qram olmaqla və 01 ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 18,40 qram olmaqla ümumi təmiz çəkisi 23,93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin həyətində yerləşən sanitar qovşağında qanunsuz olaraq əldə edib saxlamış, 29 aprel 2025-ci il tarixdə saat 21:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Divanlı kəndi ərazisində saxlanılaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman yaşadığı evin həyətində yerləşən sanitar qovşağında satış məqsədilə saxladığı 4 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,56 qram olmaqla, 6 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0,56 qram olmaqla və 01 ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi 18,40 qram olmaqla ümumi təmiz çəkisi 23,93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, Bərdə şəhərində qeydiyyatındadır, hazırda Bərdə rayonu Divanlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, buna görədə qurudulmuş marixuananı tanıyır, əvvəllər oğurluq etdiyi üçün Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasını CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə 01 il 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. O, 29 aprel 2025-ci il tarixdə günorta saatlarında yaşadığı Bərdə rayonu Divanlı kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olarkən qırmızı rəngli sellofan bükülü tapmış və həmin sellofanın içərisinə baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüş və daha sonra həmin selofanın içərisində əlavə 10 ədəd siqaret kağızına bükülmüş bükülü olduğunu görmüş və buna görə də həmin bükülüləri açaraq içərisinə baxmış və həmin bükülüləri açdıqda içərisində marixuana olduğunu görmüşdür. Bundan sonra o, həmin sellofanı içərisində olan marixuana və kağız bükülülər ilə birlikdə əynində olan gödəkçənin cibinə qoymuş və sonradan öz yaşadığı evə getdikdə özü ilə birlikdə evə aparmış və yaşadığı evin həyətində olan sanitar qovşağında öz şəxsi istifadəsi üçün gizlətmişdir. Sonradan 29 aprel 2025-ci il tarixdə saat 21 radələrində o, yaşadığı evdə olarkən həyətin giriş qapısının döyüldüyünü eşitmiş və bu zaman o, evin qarşısına çıxaraq qapını açmış və küçədə bir nəfər polis formasında olan şəxsin və üç nəfər mülki geyimli şəxslərin olduğunu görmüş və həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirmişdilər. Həmin şəxslər ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxladığı barədə məlumat əldə etdiklərini bildirmişdilər. Həmin vaxt o, polis əməkdaşlarına həqiqətən də yaşadığı evdə narkotik vasitə hesab edilən marixuana olduğunu bildirmiş və həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətində olan sanitar qovşağında saxladığını qeyd etmişdir. Həmin vaxt polis əməkdaşları ona şəxsi istifadəsi üçün saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etməyini təklif etmişdilər və o, da razılıq vermiş və daha sonra polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil olmuşdular və o, həyətdə olan sanitar qovşağına getmiş və içəri daxil olduqda sağ yan tərəfdən gizlətdiyi bir bir ədəd qırmızı rəngli sellofan bükülünün içərisində olan marixuananı və 10 ədəd siqaret kağızına bükülmüş qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin kağız bükülülərə baxış keçirilmiş və ümumi sayı 10 ədəd olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin bükülülərə bir-bir baxış keçirilmiş və içərisində marixuana olduğu müəyyən olunmuşdur. Daha sonra həmin 10 ədəd kağız bükülülər içərisində olan kütlə hər biri onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 0,70 qram, 0,82 qram, 0,69 qram, 0,71 qram, 0,75 qram, 0,65 qram, 0,70 qram, 0,77 qram, 0,73 qram, 0,76 qram olması müəyyən olunmuşdur. Daha sonra bir ədəd qırmızı rəngli sellofan bükülüdə olan marixuana elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 21,28 qram olduğu müəyyən olunmuşdur. Sonra isə həmin kağız bükülülər və bir ədəd qırmızı rəngli sellofan bükülü içərisində olan kütlələrlə birlikdə ağ rəngli zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan evdə başqa hər hansı bir qanunsuz əşya və predmet olub olmadığını soruşmuşdular və o, qanunsuz əşya və predmet olmadığını bildirmiş və daha sonra evinə baxış keçirilərkən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamış, daha sonra pollis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişdilər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkili Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. O, masaya doğru yaxınlaşmış, üzərində ona məxsus 01 ədəd Redmi Note markalı mobil telefonu masanın üzərinə qoymuş, bundan sonra onun üzərinə polis əməkdaşı baxış keçirmiş, üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş Redmi Note markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. O, yaşadığı fərdi yaşayış evinin həyətində olan sanitar qovşağından aşkar olunaraq götürülmüş 10 ədəd kağız parçasına bükülmüş və 01 ədəd sellofan torbada olan içərisində marixuana olan bükülülərin ona məxsus olduğunu, həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün saxladığını, tutduğu əməldən peşman olduğunu, narkotik vasitədən heç kimə satmamışdır. Verilən suallara cavab olaraq dəqiqləşdirərək bildirmişdir ki, tapmış olduğu narkotik vasitə əlcəyin içərisində olmuşdur. O, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Onun tərəfindən nə indi, nə əvvəllər narkotik vasitələrinin qanunsuz dövriyyəsi həyata keçirilməmişdir. Hesab edir ki, ona qarşı qərəzli mövqe formalaşmışdır. Bu səbəbdən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin NQMQ-nun əməliyyat müvəkklili vəzifəsində xidmət edir, polis mayorudur. Mahiyyəti üzrə bildirir ki, Bərdə rayonu Divanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, onun dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də 29 aprel 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Divanlı kəndində yaşadığı evdə olan zaman saxlanılmışdır. Saxlanılan zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olduğu bildirilmiş və yaşadığı evə video çəlilişlə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və yaşadığı evdə narkotik vasitə saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə yazılı ərizə alınmış və onun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı evdə qanunsuz predmet varsa təqdim edilməsi bildirilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları, polis kapitanı Şahid2, polis mayoru Orxan Məmmədovun və polis serjantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən sanitar qovşağını göstərərək sanitar qovğaşında yerdə olan murixuanaya bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələri açan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 10 ədəd müxtəlif rəngli siqaret kağızının içərisində ümumi çəkiləri 0,70 qram, 0,82 qram, 0,69 qram, 0,71 qram, 0,75 qram, 0,65 qram, 0,70 qram, 0,77 qram, 073 qram, 0,76 qram və 01 ədəd qırmızı rəngli sellofan bükümdə ümumi çəkisi 21,28 qram olan müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirilmiş, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmiş və Müdafiəçi onun müdafiəçisi təyin edilərək polis şöbəsinə dəvət edilməklə hüquq və vəzifələri izah edilmiş Təqsirləndirilən şəxs X3 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun, Bərdə RPŞnin digər əməkdaşları kapitanı Şahid2, polis mayoru Orxan Məmmədovun, polis serjantı Şahid3 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs cibindən 01 ədəd Redmi markalı mobil telefon çıxardaraq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. 01 ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrini Şahid1 ifadəsinə uyğun ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları təstiq etmişlər. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 30 aprel 2025-ci il tarixli 16/393 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan sanitar qovşağından aşkar olunmuş 10 ədəd siqaret kağızına bükülmüş marixuanaya bənzər kütlə və 01 ədəd qırmızı rəngli sellofan bükülüdə olan marixuanaya kütlə..” yazılar və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd göy rəngli kağız bükümlərdə, 6 (altı) ədəd gümüşü kağız bükümlərdə, 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 23,93 qr, tədqiqata sərf edildi-0,44 qr (hər birindən 0,04 qr) qalıq-23,49 qr. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2025-ci il tarixdə Bərdə rayonu Divanlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən sanitar qovşağına videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən sanitar qovşağında satış məqsədilə saxladığı 10 ədəd müxtəlif rəngli siqaret kağızının içərisində ilkin çəkiləri 0,70 qram, 0,82 qram, 0,69 qram, 0,71 qram, 0,75 qram, 0,65 qram, 0,70 qram, 0,77 qram, 073 qram, 0,76 qram və 01 ədəd qırmızı rəngli sellofan bükümdə ilkin çəkisi 21,28 qram narkotik maddə qurudulmuş marixuana aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 29 aprel 2025-ci il tarixdə Bərdə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən Redmi markalı mobil telefon aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 19 dəqiqə 04 saniyə müddətində davam edən videogörüntülərdə 29 aprel 2025-ci il tarixdə Bərdə rayonu Divanlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 10 dəqiqə 57 saniyə müddətində davam edən videogörüntülərdə 29 aprel 2025-ci il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsi zamanı yaşadığı evin həyətində yerləşən sanitar qovşağından ümumi təmiz çəkisi 23,93 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması müəyyən edlimiş, lakin narkotik vasitəni aldığı şəxsləri müəyyən edərək istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 05 may 2025-ci il tarixli 18-1-28/2-1013/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 14 may 2025-ci il tarixli Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Divanlı kəndində yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 08 may 2025-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4,66.2, 65.5, 70-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə. 01 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 10 iyun 2025-ci il tarixli 924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən sanitar qovşağından aşkar edilərək götürülmüş – 4 (dörd) ədəd göy rəngli kağız bükümlərdə, 6 (altı) ədəd gümüşü kağız bükümlərdə, 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan ayrı-ayrılıqda təmiz çəkiləri 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserin 10 iyun 2025-ci il tarixli 924 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ayrı-ayrılıqda təmiz çəkiləri 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuananın satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahısına əsasən narkotik vasitə hesab edilən marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 05 qramdan başlayır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ayrıayrılıqda təmiz çəkiləri 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkillər. Məhkəmə qeyd edir ki, məhkum residiv yaranan cinayətə münasibətdə azadlıqdan məhrum etmə növündə cəza çəkməmişdir. Belə ki, ona təyin edilmiş cəza sınaq müddəti təyin edilməklə şərti hesab olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Video görüntülərin əks olunduğu 02 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 0.051 qram, 0.54 qram, 0,059 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0, 56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram, ekspertiza tədqiqatından sonra qalıq 23,49 qram olan bitki mənşəli qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 60,80 (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməyərək, onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-2/2024 saylı hökmü və həmin hökmə düzəliş edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla 01 il 06 altı ay müddətinə təyin edilmiş sınaq müddəti ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 29 aprel 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş materiallarına əlavə edilmiş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən sanitar qovşaqdan aşkar edilmiş 4 ədəd göy rəngli kağız bükümlərdə, 06 ədəd gümüşü kağız bükümlərdə, 01 ədəd qırmızı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51, qram, 0,54 qram, 0,59 qram, 0,56 qram, 0,53 qram, 0,62 qram, 0,46 qram, 0,56 qram, 0,60 qram, 0,56 qram, 18,40 qram, ümumi təmiz çəkisi 23,93 qram ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 23.49 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-110/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-110/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver