Məhkəmə qərarları › İş №1(021)-112/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-112/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-112/2023 14.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-cı ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Susuzluq kəndində qeydiyyatda olan, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,344 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,147 qram, 1,244 qram, ümumi təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 1(bir) ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 fevral 2023-cü il tarixdə saat təxminən 1930 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Mirzalıbəyli kəndində idarə etdiyi VAZ-2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilində şübhəli şəxs qismində saxlanılaraq avtomobil ilə birlikdə Bərdə şəhəri Babək küçəsi 26 ünvanda yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,344 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,147 qram, 1,244 qram, ümumi təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayon Mirzalıbəyli kəndi ərazisində olmuş, həmin vaxt 2 nəfər şəxs ona yaxınlaşaraq Bərdə RPŞ-nin əməkdaşları olduqlarını deyərək üzərində, avtomobilində narkotik vasitə və psixotrop maddə olmasında şübhəli olduğu üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobil ilə Bərdə RPŞ-nə gəlmiş, polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və bundan sonra ərizəsi əsasında dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisinin iştirakı ilə üzərinə və idarə etdiyi avtomobilinə baxış keçirilmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən "winchester" markalı siqarət qutusunun içərisində olan bükümlərdə "patı", "kokos" və nəşə" adlandırılan metamfetamin, heroin və marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitələrə və psixotrop maddələrə baxış keçirilmiş, bundan sonra aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək məqsədi ilə 17 fevral 2023-cü il tarixdə Mingəçevir şəhərindən Ruhin adlı şəxsdən 80 manata almış, həmin narkotik vasitəni və psixotrop maddəni heç kimə verməmiş və satmamışdır. Narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, ümumiyyətlə narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Narkotik vasitədən istifadə etdiyinə görə əməlindən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Kəlbəcər rayonundan məcburi köçkündür. Ailəlidir və himayəsində heç yerdə işləməyən arvadı və iki nəfər uşağı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsi yeganə qazanc gətirəndən məhrum olunmaqla onlar üçün məhrumiyyətlər yaranar. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023-ci il tarixdə saat təxminən 1930 radələrində idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonu Mirzalıbəyli kəndində olarkən saxlanılmış və Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Onun, Bərdə RPŞ-nin digər əməkdaşları Şahid3 və Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, sonuncu əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “vinchester” markalı siqaret qutusu, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən avtomobil açarı və 09 manat pul, əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən 01 ədəd “Redmi” markalı telefonu və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən üzərində “Etibarsizdır” yazılan 06 ədəd 100 manatlıq pul əskinasına bənzər kağız parçalarını masanın üzərinə qoymuşdur. 1 ədəd “vinchester” markalı siqaret qutusunun içərisində sellofan bükümlərdə içərisində narkotik vasitə olan “heroin” “marixuana” və “metamfetamin”i təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddələrin narkotik vasitə olan “kokos”, “nəşə” və “patı” olduğunu, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr elektron tərəzi vasitəsilə çəkilmiş, aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr təhqiqatçı tərəfindən 2 ədəd kağız zərfdə qablaşdırılmışdır. Daha sonra DİN-in 94 saylı möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı yalnız üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasına dair olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması haqqında hər hansı əməliyyat məlumatı onlarda olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 18 yanvar 2023-cü il tarixli 16/237 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ‘‘Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr...” sözləri və imzalar olan kağız paketdəki: -3(üç) ədəd şəffaf polietlen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,344 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,985 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -3(üç) ədəd şəffaf polietlen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,147 qram, 1,244 qram, ümumi təmiz çəkisi 1,558 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,56 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Heroinin ümumi təmiş çəkisi 0,985 qram, tədqiqata sərf edildi 0,15 qram (hər obyektə 0,05 qram), qalıq 0,835 qramdır. -Metamfetaminin ümumi təmiz çəkisi 1,558 qram, tədqiqata cəmi sərf edildi 0,15 qram (hər obyektə 0,05 qram), qalıq 1,408 qramdır. -Marixuananın təmiz çəkisi 0,56 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,54 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 03 aprel 2023-cü il tarixli 585 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Şəhər Poliklinikası” publik hüquqi şəxs tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 3335 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Şəhər Poliklinikası” publik hüquqi şəxs tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 3336 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması işin gerçək halları ilə təsdiq olunsa da, həmin narkotik vasitələrini üzərində məhz satış məqsədi ilə saxlaması öz təsdiqini tapmamışdır. Bu, aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaradır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisinin, o cümlədən bükümlərin sayının nisbətən çox olması isə həmin narkotik vasitənin mütləq mənada satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. Qeyd edilməli haldır ki, təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunan vaxt ondan narkotiklərin satışı üçün istifadə edilən elektron tərəzi aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 03 aprel 2023-cü il tarixli 585 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinə əsasən qurudulmuş marixuana (kannabis) 5 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdarda olmadığından həmin epizod ittihamdan çıxarılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,344 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 3(üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,147 qram, 1,244 qram, ümumi təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması, 17 fevral 2023-cü il tarixdə saat təxminən 1930 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Mirzalıbəyli kəndində idarə etdiyi VAZ-2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilində şübhəli şəxs qismində saxlanılaraq avtomobil ilə birlikdə Bərdə şəhəri Babək küçəsi 26 ünvanda yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilməsi, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,329 qram, 0,344 qram, 0,312 qram, ümumi təmiz çəkisi 0,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3(üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,167 qram, 0,147 qram, 1,244 qram, ümumi təmiz çəkisi 1,558 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprell 2023-cü il tarixli 465 nömrəli arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Təqsirləndirilən şəxs öz işgüzarlığı və əməksevərliyi ilə fərqlənmiş, ərazidə yaşadığı müddətdə kəndin ictimai işlərində fəal iştirak etmiş, həmyaşıdları arasında hər zaman seçilmişdir. Ərazidə yaşadığı müddət ərzində özünü daim nizam-intizamlı və tərbiyəli biri kimi tanınmış, qeyri normal hərəkətlərə yol verməmişdir. Təqsirləndirilən şəxs Qaradəmirçi kənd İcra nümayəndəliyi tərəfindən verilmiş tapşırıqları layiqincə yerinə yetirməyə çalışmışdır və onun barəsində bu günə qədər icra nümayəndəliyinə heç bir mənfi məlumat daxil olmamışdır. Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 1999-cu il tarixli Vİ-ЖГ 496755 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 04 fevral 1999-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20 aprel 2000-ci il tarixli İ-AZ 169683 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 02 noyabr 1999-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X3 qeyd edilmişdir. Kəlbəcər rayon VVADQ şöbəsi tərəfindən verilmiş 19 iyul 2001-ci il tarixli AZ-İ 106001 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 18 iyul 2001-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs, “ana” qrafasında anası kimi X3 qeyd edilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda səhvini başa düşür və əməlindən peşimandır, yaşayış yerindən müsbət xarakterizə olunur. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı və iki nəfər uşağı vardır və ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 02 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, əməlində cəzasını ağırlaşdırıcı halların olmamasını, habelə Kəlbəcər rayonundan məcburi köçkün olmasını, ilk dəfə qəsdən cinayət törətməsini, əməlindən son dərəcə peşman olmasını, məhkəmə iclsında bir daha hər hansı qanunsuz əməl törətməyəcəyinə vəd verməsini nəzərə alır, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı aşağı həddə təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 fevral 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 17 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 18 yanvar 2023-cü il tarixli 16/237 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat 80 qəpik) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 64,80 (altmış dörd manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,835 qram çəkidə narkotik vasitə heroin və 1,408 qram çəkidə psixotrop maddə metamfetamin və 0,54 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,835 qram çəkidə narkotik vasitə heroin və 1,408 qram çəkidə psixotrop maddə metamfetamin və 0,54 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar