Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-113/2025 11.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-ci ildə Bərdə rayonu Kələntərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Meşəçilik qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, yaşadığı Bərdə rayonu, Meşəçilik qəsəbəsi ərazisində yerləşən qonşusu və tanışı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin hasarına bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində özünə məxsus iribuynuzlu heyvanlarını otardığına görə Zərərçəkmiş şəxs və sonuncunun bacısı Şahid1 ilə aralarında əvvəlcədən ədavət olduğu halda xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində yenə həmin yerdə iribuynuzlu heyvanlarını otararkən qeyd edilən tarixdə, vaxtda və yerdə Şahid1 ilə, ardınca isə Zərərçəkmiş şəxsla arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zəminində istintaqla müəyyən edilməsi mümkün olmamış ağac parçası ilə Zərərçəkmiş şəxs sifət, sol və sağ qol nahiyələrinə qəsdən zərbələr vurub, Zərərçəkmiş şəxs dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid edilən sol almacıq sümüyünün alın şaxəsinin orta 1/3-də yerini dəyişməmiş sınığı, sol göz almasının bayır yarısında geniş ölçülü qansızma, sol alıngicgah nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3-nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Meşəçilik qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır və fərdi əmək kimi ev təmir işləri ilə məşğul olur. Eyni zamanda, evinin həyətyanı sahəsində tövlədə iribuynuzlu ev heyvanları saxlayır. Zərərçəkmiş şəxs uzun illərdir ki, qonşu kimi tanıyır. Əvvəllər Azər və Azərin bacısı Nazilə ilə aralarında onun iribuynuzlu ev heyvanlarını Azərin yaşadığı evin həyətyanı sahəsinin hasarına bitişik ərazidə olan otlaq sahəsində otarmasına görə bir neçə dəfə mübahisələri olmuşdur. Hadisə baş verən gün o, azyaşlı övladı Sənanla birlikdə özünə məxsus iribuynuzlu ev heyvanlarını yenə həmin otlaq sahəsində otararkən Azər və bacısı Nazilə onun yanından keçib gedirmişlər. Həmin vaxt Nazilə onun ünvanına nalayiq sözlər işlədərək onun heyvanları orada otarmasına irad bildirmişdir. O isə Azərə bacısının etdiyi hərəkətin yaxşı hərəkət olmadığını bildirib Azərə tapşırmışdır ki, bacısını evə aparsın. Azər bacısını evə aparmamaqla yanaşı, bacısı Nazilə yenə ona nalayiq sözlər işlətməyə davam etmişdir. Azər və Nazilə ona yaxınlaşanda o, Azərə iradını bildirmişdir. Həmin vaxt Azər qəfildən yerdə olan ağac parçasını götürüb ağac parçası ilə onun sol bazu nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin vaxt oğlu Sənan onu müdafiə etmək üçün Azərin üstünə gedəndə Azər həmin ağac parçası ilə Sənanın kürək və sol qol nahiyələrinə zərbələr vurmuşdur. O, oğlunu müdafiə etmək üçün qolunu irəli verəndə Azərin atdığı ağac zərbələrindən biri onun sol dirsək sümüyünə dəymişdir. Həmin vaxt onun sol dirsək sümüyü orta hissədən qırılmışdır. Ancaq, hadisənin təsiri ilə ağrı hiss etməmişdir. O, cavab olaraq əlindəki ağac parçası ilə Azərin qollarına zərbələr vurmuşdur. Azər onun əlindən ağac parçasını aldığına görə o, məcbur qalıb dava əsnasında yumruq zərbəsi ilə Azərin sifətinə zərbə vurmuşdur. Həmin vaxt Azərin bacısı Nazilə onları aralaşdırmağa çalışırmış. Dava başa çatdıqdan sonra onun arvadı Nisə Abbasova oraya gəlib oğlu Sənanı götürüb getmişdir. O da evinə gedib DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra xəstəxanaya getmiş, daha sonra isə Bərdə RPŞ-yə ərizə ilə şikayətini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Meşəçilik qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır və fərdi əmək kimi fəhləlik edir. Təqsirləndirilən şəxs uzun illərdir ki, həmkəndlisi və qonşusu kimi tanıyır. Hadisə günü Vaqif iribuynuzlu ev heyvanlarını onun yaşadığı evin həyətyanı sahəsinə bitişik olan otlaq sahədə otararkən hasardan onun evinə boylandığına görə bir neçə dəfə o və onunla eyni həyətdə, lakin ayrı evdə yaşayan bacısı Şahid1 Vaqifə irad bildirmişlər və bununla bağlı mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində o və bacısı Nazilə qonşuluqdan evlərinə qayıdarkən evlərinin hasarına bitişik otlaq sahəsində Vaqifin yenə iribuynuzlu ev heyvanlarını otardığını görmüşlər. Həmin vaxt Nazilə Vaqifə heyvanlarını otararkən hasardan onların evinə boylanmasını irad bildirmişdir. Belə ki, Vaqif yenə onların hasarından evlərinə boylanırmış. Nazilə irad bildirəndə Vaqif Naziləyə kobudcasına “bura sizin yeriniz deyil, xarabanız alınıb, köçün gedin Şuşaya” deyə cavab verdiyinə görə Nazilə Vaqifi nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxt Vaqifin əlində heyvanları otararkən istifadə etdiyi ağac parçası var imiş. Vaqif həmin ağac parçası ilə Naziləyə hücum edib vurmaq istədikdə o, irəli durmuş və buna imkan verməmişdir. Həmin vaxt Vaqif əlindəki ağac parçası ilə onun sifətinin sol gözaltı nahiyəsinə möhkəm zərbə vurmuşdur. Zərbə ona dəyəndən sonra o da həmin vaxt yerdə təsadüfən qarşısına çıxan ağac parçasını götürüb Vaqifin sol qol nahiyəsinə həmin ağac parçası ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Vaqif daha da hiddətlənərək əlindəki ağac parçası ilə onun sifətinin müxtəlif yerlərinə, hər iki qolarına ardıcıl şəkildə zərbələr vurmuşdur. Dava əsnasında o da Vaqifi vurmaq istəyəndə Vaqif həmin vaxt yanında olan oğlu Sənanı irəli verdiyinə görə ağac zərbələri Sənana dəymidir. Təxminən 2-3 dəqiqə davam edən dava kənar müdaxilə olmadan başa çatmış və Vaqif getmidir. O və bacısı da evlərinə getmişlər. Daha sonra Nazilə DİN-in 102 xidmətinə müraciət edərək şikayətçi olmuşdur. Sonra isə o, bacısı ilə birlikdə Bərdə RPŞ-yə gəlib Vaqifdən şikayətini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir, hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Meşəçilik qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onu qardaşıdır. Təqsirləndirilən şəxs uzun illərdir ki, həmkəndlisi və qonşusu kimi tanıyır. Hadisə günü Vaqif iribuynuzlu ev heyvanlarını onun yaşadığı evin həyətyanı sahəsinə bitişik olan otlaq sahədə otararkən hasardan onun evinə boylandığına görə bir neçə dəfə Vaqifə irad bildirmiş və bununla bağlı mübahisələri olmuşdur. Hadisə günü saat 17 radələrində o və qardaşı Azər evlərinə qayıdarkən evlərinin hasarına bitişik otlaq sahəsində Vaqifin yenə iribuynuzlu ev heyvanlarını otardığını görmüşlər. Həmin vaxt o Vaqifə heyvanlarını otararkən hasardan onların evinə boylanmasını irad bildirmişdir. Belə ki, Vaqif yenə onların hasarından evlərinə boylanırmış. O irad bildirəndə Vaqif kobudcasına “bura sizin yeriniz deyil, xarabanız alınıb, köçün gedin Şuşaya” deyə cavab verdiyinə görə Vaqifə irad bildirmişdir. Həmin vaxt Vaqifin əlində heyvanları otararkən istifadə etdiyi ağac parçası var imiş. Vaqif həmin ağac parçası ilə ona hücum edib vurmaq istədikdə qardaşı Azər, irəli durmuş və buna imkan verməmişdir. Həmin vaxt Vaqif Azərin sifətinin sol gözaltı nahiyəsinə möhkəm zərbə vurmuşdur. Zərbə ona dəyəndən sonra o da həmin vaxt yerdə təsadüfən qarşısına çıxan ağac parçasını götürüb Vaqifin sol qol nahiyəsinə həmin ağac parçası ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Vaqif daha da hiddətlənərək əlindəki ağac parçası ilə onun sifətinin müxtəlif yerlərinə, hər iki qolarına ardıcıl şəkildə zərbələr vurmuşdur. Təxminən 2-3 dəqiqə davam edən dava kənar müdaxilə olmadan başa çatmış və Vaqif getmidir. O və qardaşı da evlərinə getmişlər. Daha sonra Nazilə DİN-in 102 xidmətinə müraciət edərək şikayətçi olmuşdur. Sonra isə o, bacısı ilə birlikdə Bərdə RPŞ-yə gəlib Vaqifdən şikayətini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X3 ifadəsində bildirmişdir ki, o hadisə baş verən gün axşamüstü atası Vaqiflə birlikdə özlərinə məxsus olan iribuynuzlu ev heyvanlarını bağladıqları yerdən tövləyə aparmaq istəyərkən qonşu Azər və sonuncunun bacısı Nazilə oradan keçirlərmiş. Həmin vaxt Azərin bacısı Nazilə onlara söyüşlər söyməyə başlamışdır. Atası Vaqif isə qonşu Azərə bacısını evə aparmasını tapşırmışdır. Atası Vaqif elə deyəndən sonra Azər bacısının yanından gəlib paya ilə atası Vaqifin sol qolunun dirsəyindən zərbə vurmuşdur. Həmin vaxt atasının dirsəyi qanamışdır. Azər onun atasını vurarkən o da irəli durub Azərə “sən mənim atamı niyə vurursan” deyə acıqlanmışdır. İş materiallarına istinadlar: “Hadisə yerinə baxış haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən, həmçinin Bərdə rayon İcra Hakimiyyətinin Bərdə şəhəri üzrə İcra Nümayəndəliyinin arayışından görünür ki, hadisə yeri Bərdə rayonu, Meşəçilik qəsəbəsində yerləşən dövlət təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evlərinin həyətyanı sahələrinə bitişik boş torpaq sahəsidir və adətən otlaq sahəsi kimi istifadə edilir. Qeyd edilən yerdə videomüşahidə kamerası mövcud deyil. Yaxınlıqda seyrək şəkildə ayrı-ayrı şəxslərə məxsus fərdi yaşayış evləri var. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı iz və ya əşya aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 252 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol almacıq sümüyünün alın şaxəsinin orta 1/3-də yerini dəyişməmiş sınığı, sol göz almasının bayır yarısında geniş ölçülü qansızma, sol alın-gicgah nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol saidin yuxarı 1/3nin bayır səthinin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırları xəsarətləridir ki, həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 253 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində sol çiyin qurşağının arxa səthinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin qançırları xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 254 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət sol dirsək sümüyünün orta 1/3-nin yerini az dəyişmiş qəlpəli sınığı xəsarətidir ki, həmin xəsarət xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə Rayon İcra hakimiyyəti Başçısı yanında Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs evlidir, dörd övladı var, fərdi əməklə məşğul olur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıb bu səbəbdən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 252 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2025-ci il tarixdə törənməyə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 55 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №1(021)-113/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-113/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver