Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-119/2023 25.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1976-ci ildə Laçın rayonu Sadınlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Sadınlar kəndində qeydiyyatda olan və Bərdə rayonu Körpüsındıran kəndində yerləşən daş-qum karxanası ərazisində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Bərdə rayonu Körpüsındıran kəndində yerləşən Daş-qum Karxanası ərazisində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ və sol üz, habelə baş nahiyələrinə yumruqla qəsdən bir necə dəfə zərbə vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayiət olunan, alın, sağ almacıq, sol gözün bayır bucağının qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. Sonuncu ilə 23 iyun 2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları vardır. Təxminən 4 ildir beynində bəd xassəli şiş əmələ gəlmiş, bu səbəbdən uzun müddət müalicə almış, müalicələrin təsirindən əsəbi və həssas olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu Körpüsındıran kəndi ərazisində daş-qum karxanasında yerləşən evində olarkən, Zərərçəkmiş şəxs onların Bərdə rayonu Muğanlı kəndində müvəqqəti yaşadıqları evdə olduğundan sonuncunu öz olduğu evə gətirmək üçün Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng etmişdir. Sonuncunun mobil nömrəsinə zəng etsə də, sonuncu zəngə cavab verməmişdir. Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs özü ona zəng etmiş, bağda işlədiyini, mobil telefonun isə evdə qaldığı üçün zəngə cavab verə bilmədiyini demişdir. Zərərçəkmiş şəxs telefona cavab vermədiyinə görə əsəbləşmiş, qışqıraraq hazırlaşmasını gəlib onu evlərinə aparacağını demişdir. Saat 14 radələrində Bərdə rayonu Muğanlı kəndinə müvəqqəti yaşadıqları evə getmiş, avtomobildən düşmədən Zərərçəkmiş şəxs səsləmiş, sonuncu avtomobilə əyləşmiş, onlar daş-qum karxanasında olan evlərinə yola düşmüşlər. Avtomobildə dəfələrlə Zərərçəkmiş şəxs onun zənginə cavab vermədiyi üçün əsəbləşmişdir. Evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs qolundan tutub sonuncunu yataq otağında olan stulda əyləşdirmiş, sonra isə sonuncunun qarşısına keçib nə üçün telefon zənginə cavab verməyib onu əsəbləşdirdiyini soruşmuşdur. Daha sonra Zərərçəkmiş şəxs sol üz nahiyəsinə sağ əlinin arxa hissəsi ilə sillə zərbəsi vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Sonuncunun qolundan tutub bir daha stulda əyləşdirmiş, bu dəfə də sonuncunun sağ üz nahiyəsinə sol əlinin arxa hissəsi ilə sillə vurmuş, sacının arxa nahiyəsindən tutub baş nahiyəsinə bir neçə dəfə sağ əlinin arxa hissəsi ilə sillə vurmuşdur. Zərərçəkmiş şəxs ağladığından mətbəxə keçib sakitləşdirici dərman qəbul etmiş, sonra isə yataq otağında uzanmışdır. Təxminən iki saat sonra yuxudan oyanmış, Zərərçəkmiş şəxs evdə olmadığını görmüş, həyətə çıxıb sonuncunu axtarsa da tapa bilməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsdən üzr istəyərək barışdığını bildirdi və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Sonuncu ilə 23 iyun 2005-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları doğulmuşdur. Təqsirləndirilən şəxs beynində bəd xassəli şiş əmələ gəlmiş, ona görə də uzun müddət müalicə olunmuşdur. Sonuncu müalicə olunduğu müddətdə müxtəlif dərmanlar qəbul etdiyi üçün əsəbi olmuş, heç bir səbəb olmadan onunla bir neçə dəfə mübahisə edib onu təhqir etmiş, döymüşdür. Şahlar Orucov xəstə olduğuna görə ondan şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu Muğanlı kəndində müvəqqəti yaşadığı evdə həyətyanı sahəsində işlə məşğul olduğu üçün mobil telefonu evdə qoyub bağa getmiş, geri qayıtdıqda Təqsirləndirilən şəxs dəfələrlə onun mobil nömrəsinə zəng etdiyini görmüşdür. Sonuncuya zəng etmiş, Təqsirləndirilən şəxs telefona cavab verib ona əsəbləşmiş, nə üçün zənginə cavab verməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs gəlib onu Bərdə rayonu Körpüsındıran kəndində daş-qum karxanası ərazisində olan evlərinə aparacağını demişdir. Sonuncu saat 14 radələrində Muğanlı kəndində yerləşən yaşadıqları evə gəlmiş, avtomobildən düşmədən onun üstünə qışqırıb avtomobilə əyləşməyini demişdir. Avtomobilə əyləşmiş, yol boyu dəfələrlə Təqsirləndirilən şəxs sonuncunun telefon zənginə gec cavab verdiyi üçün üzr istəmişdir. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs onun qolundan tutub yataq otağında olan stulda əyləşdirmiş, sonra isə qışqıra-qışqıra ona suallar verib nə üçün bağa getdiyini soruşmuş, sonra isə qəfildən onun sağ üz nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Zərbənin təsirindən gözləri qaraldığından əyləşdiyi stuldan yerə yıxılmışdır. Təqsirləndirilən şəxs həyətə çıxmış, bir dəqiqə sonra yenidən evə gəlib ona yaxınlaşıb stulda oturmasını demişdir. sonuncunun onu yenidən vuracağından qorxduğundan yerdən ayağa qalxıb stulda əyləşmişdir. Sonuncu bu dəfə də onun sol üz və baş nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən yenə də yerə yıxılmışdır. Təqsirləndirilən şəxs onun qollarından tutub yenidən stulda əyləşdirmiş, əlləri ilə hər iki cənə nahiyəsindən sıxıb nə üçün telefon zənginə gec cavab verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ondan uzaqlaşıb yataq otağında olan çarpayıda uzanmış, qorxuduğu üçün oturduğu stuldan durmamış, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yuxuya getdiyini görüb evdən çıxmış, arxa yolla sahəliklə qaçmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə eiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 28 aprel 2023-cü il tarixli 306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayət olunan alın, sağ almacıq, sol gözün bayır bucağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 29 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 may 2023-cü il tarixli 995 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Laçın rayonu Sadınlar kəndindən məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kənd İƏD üzrə icra nümayəndəliyinin Körpüsındıran kəndində yaşayır. Ailə üzvləri: arvadı-1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı-2007-ci il təvəllüdlü X1, oğlu-2010-cu il təvəllüdlü X2 və qızı-2012-ci il təvəllüdlü X4 ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü nizamlı aparmış, qonşular və kənd ağsaqqallarının dərin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmətlə yanaşmışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-119/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-119/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver