Məhkəmə qərarları › İş №1(021)-119/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-119/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-119/2024 13.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 17 mart 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin hakimi X13 tərəfindən barəsində “Ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 32,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 10:25-də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Dəymədağıldı kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 12:10 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins pencəyin sağ iç cibindən 1(bir) ədəd qırmızı rəngli polietilen torba kəsiyində təmiz çəkisi 32,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Dəymədağıldı kəndində yaşamış, evli, 3 övladı olmuş və övladlarından ən kiçiyi azyaşlıdır. Birinci qrup gözdən əlildir, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1, 234.2-ci maddələri ilə təqsirli bilinib 01 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. O, uzun illərdir, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, 14 mart 2024-cü il tarixdə axşam saatlarında dəqiq saatını xatırlamadığı zamanda yaşadığı Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən qəbirstanlığın yanı ilə piyada evinə gedərkən yol kənarında qırmızı rəngli polietilen torba görmüş, maraq üçün həmin torbanı açmış, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllər də həmin narkotik vasitədən istifadə etdiyi üçün dərhal onu tanımış, həmin narkotik vasitədən gələcəkdə istifadə etmək üçün sellofan torbanı götürüb əynində olan göy rəngli pencəyin sağ iç cibinə qoyub saxlamış, həmin narkotik vasitədən 1 (bir) dəfə istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndi ərazisində piyada şəkildə gəzərkən tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş, polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmiş və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. Şübhəli şəxs qismində tutulmuş, bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan göy rəngli pencəyinin sağ iç cibində saxladığı 1(bir) ədəd qırmızı rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, həmin torba içərisində olan narkotik maddə ilə birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 35 (otuz beş) qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş narkotik maddə ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, daha sonra üzərindən aşkar olunmuş "Samsung” markalı mobil telefon və 35(otuz beş) manat pul qablaşdırılaraq götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əvvəlki izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün Etibar adlı şəxsdən aldığını göstərməsinə münasibətdə saxlanılan zaman Etibarın onu polisə satdığını düşündüyü üçün sonuncudan acıq çıxmaq məqsədilə yalandan narkotik vasitəni ondan 60 manat müqabilində aldığını demiş, əslində isə belə bir şey olmamış, bunu Etibar ilə üzləşdirmə zamanı da qeyd etmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etdiyi üçün üzərində saxlamış, həmin narkotik vasitədən hər hansı bir şəxsə satmamış və satmaq məqsədi olmamış, həmçinin narkotik vasitə istifadə etməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Tutduğu əməldən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bərdə RPŞ-nın CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 30 sentyabr 1979-cu il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş və Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, istifadəsi və satışı barədə məlumat daxil olmuş, həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Ondan, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Nazim oğlu və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, onlar birlikdə 15 mart 2024-cü il tarixdə saat 10 radələrində Bərdə rayonu, Dəymədağıldı kəndinə getmiş, Təqsirləndirilən şəxs piyada kənd yolu ilə hərəkət edərkən görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlanmasında şübhəli olduğunu deyib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, onlar birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmiş, polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmiş, bundan sonra polis şöbəsinin inzibati binasında Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Nazim oğlu və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 və müdafiəçi X2 iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış prosesini Şahid3 video qeydə almış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilən əşyalar varsa, çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins pencəyin sağ iç cibindən 01 ədəd qırmızı rəngli sellofanı masanın üzərinə qoymuş və sellofanın içərisində marixuana olduğunu bildirmişdir. X7 tərəfindən həmin sellofana baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulduqda sonuncu həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Uğurbəyli kəndində tanışı Etibar adlı şəxsdən 60 manata almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 35 qram olması müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasiitə olan qurudulmuş marixuanaya bənzər kütlə ağ rəngli kağız zərfə qoyulmuş, DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. O və digər iştirakçılar zərfin üzərinə imza etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqsda sonuncu üzərində başqa hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd alışqan, 01 ədəd "Palmalİ” markalı siqaret qutusu, 01 ədəd “Samsung” markalı mobil telefon, 35 manat pul aşkar etmişdir. "Samsung” markalı mobil telefon və 35 manat pul maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılıb ağ rəngli kağız zərfə qoyulmuş, DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. 01 ədəd “Palmalİ” markalı siqaret qutusu və alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılmış, bundan sonra şəxsi axtarış X7 tərəfindən yekunlaşdırılmış, protokol tərtib olunmuş, protokola o və digər iştirakçılar imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 Nazim oğlu və Şahid3 da eyni məzmunlu ifadə verərək polis əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş “şəxs axtarış keçirilməsi haqqında” 15 mart 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd qırmızı rəngli polietilen kəsiyində ümumi təmiz çəkisi 32,66 qram narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 bölməsinin 16 mart 2024-cü il tarixli 16/354 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzəyən qurudulmuş marixuanaya bənzər kütlə..’’ yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qırmızı rəngli polietilen torba kəsiyində təmiz çəkisi 32,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024 -cü il tarixli, 714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 28 saniyə müddətində davam edən “20240315_132054” adlı video görüntüdə Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən üzərindən 1 (bir) ədəd qırmızı rəngli polietilen kəsiyində ümumi təmiz çəkisi 32,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 28 mart 2024- cü il tarixli, 341 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş 26 mart 2024-cü il tarixli 18-1-28/2-578/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin X3 kabinetində xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixlərdə “Kannobinoid” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatına götürülsə də, Ruhi-Əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 16 gün azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd qırımızı rəngli polietilen kəsiyində qalıq təmiz çəkisi 32,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, üzərinə axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk 21 may 2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında qərar" ilə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müafiəsi üçün AZ-İİİ seriyalı 374088 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 atası Təqsirləndirilən şəxsdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 463448 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup gözdən əlildir. Əlillik müddətsiz müəyyən edilmişdir. Bundan başqa, AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə məhdud yararlıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 27 fevral 2001-ci il tarixli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs tor qişasının piqmentli deqenrasiyası aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə şəhər İcra hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə şəhər İcra hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1979-cu il təvəlüdlü Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimayyət arasında nümunəvi aparmışdır. İş materiallarından görünür ki, 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifayət qədər sübutlar olduğu üçün həmin maddə ilə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və elə həmin tarixdə Bərdə Rayon Məhkəməsinin hakimi X10 qərarı ilə barəsində 03 (üç) ay müddətində “Ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında" Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 32,66 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 10:25-də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Dəymədağıldı kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 12:10 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins pencəyin sağ iç cibindən 1(bir) ədəd qırmızı rəngli polietilen torba kəsiyində təmiz çəkisi 32,66 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, əvvəl törətmiş olduğu cinayətə görə ödənilməmiş və götürülməmiş məhkumluğunun olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini mühüm faktla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağın olması və gözdən 2 qrup əlil olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd qırmızı rənqli polietilən kəsiyində qalıq təmiz çəkisi 32,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustr üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 32,61 qram bitkisində kustr üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 04 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının müddəti 04 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza hazırki təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 01 (bir) il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətiimkan tədibiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınısın. Hökm qanuni qüvvəsini alanadək həbs qətiimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən, 01 ədəd qırmızı rəngli polietilen kəsiyində qalıq təmiz çəkisi 32,61 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar