Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-120/2025 24.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Zeynalov Ceyhun Mübariz oğlunun iştirakları ilə Zeynalov Ceyhun Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə Bərdə rayonu Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı şikayətin məhkəmə icraatına qəbul edilərək, 26 iyun 1996-cı ildə ünvan 1 ünvanda yaşayan, Zeynalov Ceyhun Mübariz oğlunun sosial internet şəbəkələrində onun barəsində cəmiyyət arasında təşəkkül tapmış etik davranış qaydalarına zidd olaraq ədəbsiz, onun şəxsiyyətini alçaldan və nalayiq ifadələr yaydığına görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq qərar qəbul edməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o 44 günlük Vətən müharibəsi qazisidir. Canla başla Vətəni üçün xidmət edib. Bərdə rayon Qaradəmirçi kənd ünvanında yaşayan iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs Ceyhun Zeynalov sosial şəbəkələrdə özünü "qazi" kimi təqdim edərək onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Konkret olaraq, Tik-tok sosial şəbəkəsində Qazi_ceyhun_09 " adlı səhifəsində onun şəkilini qoyaraq şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən əsassız ittihamlar irəli sürmüşdür. Şikayətə əlavə olunmuş video görüntülər (sosial şəbəkələrdəki paylaşımlar) təhlil edildikdə müəyyən edilir ki, şikayət edilən şəxs ona qarşı sosial internet platformalarında cəmiyyət tərəfindən qəbul olunmuş etik davranış qaydalarına zidd hərəkətlərə yol vermişdir. Belə ki, həmin şəxs onun şərəf və ləyaqətini alçaldan, qeyri-etik, nalayiq və təhqiramiz ifadələr işlədərək onu mənəvi baxımdan nüfuzdan salmağa yönəlmiş ifadələrlə hədəfə almışdır. Tiktok sosial şəbəkəsində “Qazi_ceyhun_09” səhfəsinə onun şəkillərini qoyaraq onun barəsində xoşa gəlməz sözlər işlədir. Ona namussuz, şərəfsiz və sair açıq təhqirlər edir. Hətta elə ifadələrdə işlədirki, ərizəyə yazmaq, hətta dilə gətirməkdə çətindir. Ceyhun Zeynalovun işlətdiyi bütün ifadələrin hər biri təqdim etdiyi diskdə vardır. Yuxarıda qeyd edilən işin hallarından müəyyən edilir ki, barəsində şikayət verilən şəxs " Tik- tok" sosial internet şəbəkəsində onun şəklimi paylaşmış, əsassız olaraq ona ağır cinayətin törədilməsində, yəni Polis şöbəsinin adına açılmış sosial şəbəkədə bir çox şəxsləri təhqir etdiyini ittiham edərək böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. Bu cür ifadələr onun şəxsi və ictimai nüfuzuna xələl gətirməklə yanaşı, həm də ictimai qaydalara və etik normalara ciddi ziddiyyət təşkil edir. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Zeynalov Ceyhun Mübariz oğlu barəsində nalayiq ifadələr işlədərək təhqir etdiyi şərəf və ləyaqətini nüfuzunu ləkələdiyindən və onu təhqir etdiyindən AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalanmalıdır. Məhkəmə iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs bildirdi ki, o və ailə üzvlərini dəfələrlə təhqir olunmuşdur. Təhqirə davam etdiyini bildirərək, şəxsin barəsində amnistiya aktının tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zeynalov Ceyhun Mübariz oğlu barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1997-ci ildə anadan olmuşdur. xx.xx.2022-ci il tarixli travma haqqında arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə “kontuziya göz almasının buynuz qişanın partlayış travması nəticəsində zədələnməsi buynuz qişada eroziya” diaqnozu ilə xəsarət almışdır. xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs travmatoloji xəstəxanada müalicə almışdır. Sorğu nəticəsində əldə olunmuş məlumatlardan görünür ki, Zeynalov Ceyhun Mübariz oğlu xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarına DVD disk mövcuddur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5-ci bəndinə əsasən məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər hazırki işdə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Zeynalov Ceyhun Mübariz oğlu Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsində göstərilmişdir ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Zeynalov Ceyhun Mübariz oğlunun təqsirləndirildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən edilmədiyindən, müdafiə tərəfinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, Zeynalov Ceyhun Mübariz oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 148-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci maddəsinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Zeynalov Ceyhun Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-120/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-120/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver