Məhkəmə qərarları › İş №1(021)-121/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-121/2025

22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-121/2025 22.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 17:15 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum edilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2025ci ilin mart ayının sonlarında dəqiq tarixi və vaxtı istintaq məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Qaradağlı kəndinə gəlib, Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab edilən yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla əvvəlcə evin həyətyanı sahəsinə, sonra isə evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 80 manat dəyərində 01 ədəd tikiş maşınını, hər birinin dəyəri 24 manat olan 05 ədəd aliminium qazan dəstini, hər birinin dəyəri 14 manat olan 05 ədəd tefal dəstini, 15 manat dəyərində 01 ədəd qaşıq dəstini, 60 manat dəyərində 01 ədəd 15 litr həcmdə qazanı, hər birinin dəyəri 65 manat olan 02 ədəd 15 litr həcmdə aliminium qazanı, hər birinin dəyəri 60 manat olan 04 ədəd məclis üçün nəzərdə tutulmuş tiyanı, hər birinin dəyəri 30 manat olan 03 ədəd aliminium aşsüzəni, hər birinin dəyəri 150 manat olan 02 ədəd mis aşsüzəni, 150 manat dəyərində 01 ədəd 7 litr həcmdə samovarı, 60 manat dəyərində 01 ədəd elektrik samovarını, 40 manat dəyərində 01 ədəd 40 litr həcmdə su bidonunu, 30 manat dəyərində 01 ədəd 25 litr həcmdə su bidonunu, 20 manat dəyərində 01 ədəd 10 litr həcmdə su bidonunu, 70 manat dəyərində 01 ədəd 4 metr uzunluğunda aliminium nərdivanı, 10 manat dəyərində 01 ədəd kiçik həcmli elektron tərəzini, 30 manat dəyərində 01 ədəd qaz sobasını, daha sonra isə həmin evin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən əl damının giriş qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 230 manat dəyərində 01 ədəd 3x6 metr ölçüdə xalçanı, hər birinin dəyəri 60 manat olan 02 ədəd 3,5x2,5 metr ölçüdə xalçanı, 90 manat dəyərində 01 ədəd 2x3 metr ölçüdə xalçanı, hər birinin dəyəri 50 manat olan 02 ədəd 3x1,5 metr ölçüdə gəbəni, hər birinin dəyəri 75 manat olan 02 ədəd 3x1,6 metr ölçüdə kilimi, 150 manat dəyərində 7 litr həcmdə samovarı, hər birinin dəyəri 20 manat olan 02 ədəd termosu, 120 manat dəyərində dəsmal-pastel dəstini, 60 manat dəyərində 01 ədəd “Eurolux" markalı tozsoranı, 40 manat dəyərində 01 ədəd ət maşınını, 30 manat dəyərində 01 ədəd mixeri, hər birinin dəyəri 5 manat olan 02 ədəd fincanı, 60 manat dəyərində boşqab dəstlərini, 50 manat dəyərində 01 ədəd nərdtaxtanı gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2765 (iki min yeddi yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 0,314 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 30 aprel 2025-ci il tarixdə saat 07:21 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bərdə şəhəri, Fizuli küçəsində saxlanılaraq saxlanıldığı yerdə üzəri yoxlanılan zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,314 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, xx.xx.2025-ci il tarixində Yevlax şəhərinə getmiş, Yevlaxda olarkən tanımadığı ərazidə yerdən psixotrop maddə olan metamfetamin tapmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında, saat təxminən 7 radələrində Bərdə şəhəri, Füzuli küçəsi ərazisində tanımadığı polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişdirlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Ona üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan 01 ədəd "Keno" markalı siqaret qutusunun içərisində olan sellofanda psixotrop maddə olan metamfetamini əynində olan şalvarın sağ yan cibindən çıxararaq təqdim etmişdir. Həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin sellofan ilə birlikdə 0,41 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Həmçinin uzun müddət işsiz olduğundan pula ehtiyacı olmuşdur. Təxminən 2025-ci ilin mart ayının sonlarında Bərdə şəhəri, Qaradağlı kəndi ərazisində gəzmişdir. Bu zaman orada yerləşən evlərdən birinin sahibsiz olduğunu görmüşdür. Belə ki, həmin evin darvazasının qarşısında kol-kos olduğundan o evin sahibsiz olduğunu qətiləşdirmişdi. Eyni zamanda həmin evin köhnə tipli darvazası olmuşdur. O, hasarı aşaraq həyətə daxil olmuşdur. Həyətə girdikdən sonra mənzilə daxil olmuşdur. O, mənzilə evin pəncərəsindən girmişdir. O, həmin vaxtı psixotrop maddənin təsiri altında olmuşdur. Həmin evdən dəqiq olaraq nə götürdüyünü xatırlamamışdır. Amma yadında qaldığı qədəri ilə qab-qaşıq dəstlərini, qazanları, tefal dəstini, aşsüzən, tiyanı, ləyəni, samovarı, su bidonlarını evdən çıxarıb həyətə yerləşdirmişdir. Bundan əlavə evdə olan bir neçə xalçanı, pastel dəstini, dəsmalları da çıxararaq çölə qoymuşdur. Dəqiq xatırlamasa da oğurladığı əşyaların içərisində ət maşını və mikser də olmuşdur. O, həmin əşyaları torbalara yığaraq kədir vasitəsilə həyətdən də çölə çıxarmış və yoldan taksi keçməyini gözləmişdir. Aliminium, mis, metal materiallardan olan əşyaları ayağı ilə əzərək torpalara yığmışdır. O, yol ilə keçən tanımadığı taksiyə əyləşərək əşyaları da oraya yerləşdirmişdir. Taksi sürücüsünə həmin əşyaların özünə məxsus olduğunu söyləmişdir. O, həmin əşyaları Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən "Qaraçı bazarı" adlanan yerdə tanımadığı şəxslərə dəyər-dəyməzinə satmışdır. Həmin əşyaları hansı qiymətə satdığını xatırlamamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, sadəcə ehtiyac ucbatından oğurluq əməlini törətmişdir. O, əşyaları "Qaraçı bazarı"nda tanımadığı şəxslərə satmışdır. O, başqa hər hansı bir yerdən oğurluq etməmişdir. O, həmin əməli tək törətmişdir. Hadisə barədə hər hansı bir şəxsə məlumat verməmişdir. O, həmin psixotrop maddədən hər hansı bir şəxsə verməmiş və satmamışdır. O, saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, zərərçəkmiş şəxsin evinə girərkən ona heç kim kömək etməyib. Bütün işi özü tək görmüşdür. Zərərçəkmiş şəxsin məhkəmə iclasında qeyd etdiyi həcmdə mal aparmamışdır. Götürdüyü əşyalar ümumilikdə metal qab-qacaqlardan ibarət olmuşdur. Zərərçəkmiş şəxsin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə rayonu, Qaradağlı kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, dörd övladı var, təqaüdçüdür. O, uzun müddətdir ki, Bərdə rayonu, Qaradağlı kəndində yaşamışdır. Təxminən 1 ildən artıqdır ki, o, ailə vəziyyəti ilə əlaqədar olaraq, Bərdə rayonu, Cəyirli kəndində oğlunun yanında yaşamağa getmişdir. Oğlu Bəhruz arada bir həmin evə gəlib nəzarət edib-qayıtmışdır. Oğlu Bəhruz 2025-ci ilin mart ayının əvvəlində səhhəti ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bu səbəbdən həmin ərəfədə Bəhruz evə nəzarət edə bilməmişdir. O, mart ayının 24-də evi təmizlətmək üçün həmin evə getmişdir. O, evin darvazasını açaraq evə daxil olmuşdur. O, həyətə girdikdə heç bir şey hiss eləməmişdir. O, ilk öncə həyətin girişində mətbəx kimi itifadə etdiyi tikiliyə daxil olmuşdur. Tikilinin qapısını açıb içəri daxil olmuşdur. İçəri daxil olan kimi hər tərəfin dağıdıldığını görmüşdür. O, dərhal oğluna məlumat vermişdir. Yardımçı tikiliyə daxil olduqda əşyaların oğurlandığını müəyyən etmişdir. Ona ümumilikdə 10000 manatdan artıq məbləğdə zərər vurulduğunu, ailə üzvləri üçün illərdir yığıb saxladığı cehizlik əşyalar ın hamısının oğurlandığını, istintaq orqanı tərəfindən oğurlanmış əmlakın yalnız bir hissəsinin qeyd edildiyini, digər əmlakı ilə bağlı araşdırılma aparılmadığını, istintaq orqanının fəaliyyətindən narazı olduğunu bildirdi. Oğurlanmış əmlakının müxtəlif dövrlərdə müxtəlif mağazalardan aldığını, həmin əmlakların alqısatqısına dair müvafiq təsdiqedici sənədlərinin olmadığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, oğurlanmış əmlakını tam həcmdə ələb etdiyini bildirdi. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 30 aprel 2025-ci il tarixdə Bərdə şəhəri, ünvan 3 ünvanda yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən 30 aprel 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin Təminat hissəsinin polis nəfərisürücüsü, polis sıravisi Şahid3 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 07:21-də Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq saxlanmasında şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd alışqan və 1(bir) ədəd "Keno" markalı siqaret qutusunu təqdim etmişdir, təqdim edilən "Keno" markalı siqaret qutusunun içərisindən 1(bir) ədəd sellofon büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükümün "patı" olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi sellefon kəsiyi bükümü elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 0.41 qram olmuşdur. Sonra həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütləni Yevlax rayonundan tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Bərdə RPŞ-nin inzibati binasına daxil olmuş və inzibati binada Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin qablaşdırıldığı üzəri iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş 1(bir) ədəd zərf və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 1(bir) ədəd "DVD" disk təhqiqatçı Pərvin Səfərliyə təqdim edilmişdir. Bərdə RPŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı Pərvin Səfərli ondan aşkar olunmuş kütləni nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olubolmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığını, heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa Bərdə rayonu, Cəyirli kəndində yaşayan Zərərçəkmiş şəxs 24 mart 2025-ci il tarixində Bərdə rayon polis şöbəsinə müraciət edərək ona məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən yaşayış olmayan evdən qab-qacaq və geyim əşyalarının oğurlanması barədə məlumat vermişdir. Həmin müraciət əsasında icraatına əməliyyat tapşırığı daxil olmuş və keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Füzuli küçəsi, ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin oğurluğu törətməkdə şübhəli olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmin oğurluğu törədərkən hər hansı bir şəxslə əlbir olub-olmaması, həmçinin oğurladığı əşyaları satdığı şəxslər barədə araşdırma araşdırılmış, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 oxşar məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına istinadlar: 30 aprel 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin gün saat 07:21 dəqiqədən saat 07:29 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə şəhəri Füzuli küçəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, KMQ-nin sabiq baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin Təminat hissəsinin polis nəfəri-sürücüsü, polis sıravisi Şahid3 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 tərəfindən saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd alışqan və 1(bir) ədəd "Keno" markalı siqaret qutusunu təqdim etmişdir, təqdim edilən "Keno" markalı siqaret qutusunun içərisindən 1(bir) ədəd sellofon büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükümün "patı" olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi sellefon kəsiyi bükümü elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 0.41 qram olmuşdur. Sonra həmin kütlə bir ədəd ağ zərfdə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üstünün yoxlanılmasına başlanılmış, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 13-15) 30 aprel 2025-ci il tarixli «Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, həmin gün saat 08:15 dəqiqədən saat 08:23 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-nin MMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanılmışdır. İlk əvvəl Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr təhqiqatçı Pərvin Səfərliyə təqdim edilmişdir. Daha sonra şəxsin üstünün yoxlanılmasını əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ondan aşkar olunmuş kütlələrin ona məxsus olub-olmamasını, nə məqsədlə üzərində saxladığını və haradan əldə etdiyini, satışı ilə məşğul olub-olmaması, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlələri öz istifadəsi üçün saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmadığını, heç bir zor tətbiq edilmədiyini, keçirilmiş istintaq hərəkəti keçirilən zaman hər hansı bir qanunsuzluğa məruz qalmadığını, şikayətinə səbəb ola biləcək hər hansı bir halın olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 32-35) “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradağlı kəndinin girişində yerləşən Zərərçəkmiş şəxs məxsus evin əvvəlcə giriş darvazasını əli göstərmişdirdi. Daha sonra evin həyətyanı sahəsinə girərək evin əvvəlcə giriş qapısını, sonra isə ayrı-ayrı otaqları göstərərək, oğurladığı əşyaların yerini göstərmişdir. Daha sonra isə evin həyətyanı sahəsindən yardımçı tikiliyə keçmişdir. O, yardımçı tikiliyə daxil olma və oğurluq mexanizmini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilmədi. (cild 1, iş vərəqə 104-109) 24 mart 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” protokolundan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs naməlum şəxslərin evə daxil olma yerini, hansı otaqlardan oğurluq olduğunu, evin pəncərəsinin çərçivəsinin sındırılma yerini göstərmişdir. Həmçinin baxış zamanı Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Sənan Əhmədov tərəfindən əl-barmaq izləri götürülmüşdür. (cild 1, iş vərəqə 65-75) 30 aprel 2025-ci il tarixli 16/392 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, "....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,41 qram metamfetaminə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,314 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,314 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,264 qramdır. (cild 1, iş vərəqə 44-47) 01 may 2025-ci il tarixli 332 nömrəli Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərindən aşkar edilmiş xəsarətlər- sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin, sol saidin aşağı 1/3-nin sol yan səthinin, sağ saidin orta 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətlərinə görə sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin arxa səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqları müayinədən 5-6 gün əvvələ, sol saidin aşağı 1/3-nin sol yan səthinin, sağ saidin orta 1/3-nin ön səthinin sıyrıqları isə müayinədən 1 gün əvvələ uyğun gəlir və ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 160-161) ƏQ 0034/2025 nömrəli “Price Consulting MMC"-nin qiymətləndirməyə dair mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evdən oğurlanan əşyaların təqdim edilən siyahı əsasında real bazar dəyəri 2765 (iki min yeddi yüz altmış beş) manat təşkil edir. (cild 1, iş vərəqləri 162-166) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-3911/2025 nömrəli məktubundan görünür ki, hadisə yerindən götürülmüş əl izləri İdarənin ADİS məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli təqdiqat nəticəsində izlərdən bir ədədinin xx.xx.1994-cü ildə Bərdə rayonunda doğulmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri, Füzuli küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən oğurladığı əşyaları satdığı şəxsin və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edən zaman heç kimlə əlbir olmadığı, həmin cinayəti təkbaşına törətdiyi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. (cild 1, iş vərəqə 146) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 1, iş vərəqə 159) 28 iyun 2025-ci il tarixli 1026 saylı Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 169) “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 18-1- 28/2-1552/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2020-ci il tarixindən "Çətənə” diaqnozu ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (cild 1, iş vərəqə 176) Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Törədilmiş əməllər Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə cinayət əməlləri sübuta yetirilmişdir.

3. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət tərkibini ehtiva edir. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, həmin əməl 100 manatdan çox məbləğdə törədildikdə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 19-22-ci bəndlərinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur.

4. İşin hallarından məlum olur ki, Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayında, dəqiq müəyyən edilməyən tarixdə Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə, daha sonra isə evin pəncərəsini sındırmaqla yaşayış sahəsinə mülkiyyətçinin və digər şəxslər orada olmadığı və görmədiyi vaxt daxil olmuş, yaşayış sahəsindən ümumi dəyəri 2765 manat olaraq qiymətləndirilmiş əşyaları gizli olaraq talamışdır. Əmlakı talamaqdan sonra təqsirləndirilən şəxs ona sərəncam vermək imkanını əldə etmiş (hətta həmin əmlakı satmış), bununla da cinayət əməli başa çatmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerində aşkar edilmiş təqsirləndirilən şəxsə məxsus barmaq izi, əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyi ilə təsdiq olunur.

5. Əlavə olaraq, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.

6. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər nəzərdə tutulur. Həmin Qanunun 1.0.10cu maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

7. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda psixotrop maddə metamfetamin İİ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin xeyli miqdarını 0,15 qramdan 2 qramadək çəkisi təşkil edir.

8. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, cinayət işinin materiallarını tədqiq edib, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, əməliyyat müvəkkilləri tərəfindən üstünün yoxlanılması zamanı üzərindən təmiz çəkisi 0.314 qram, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş psixotron maddə olan metamfetamin aşkar edilmişdir.

9. Məhkəmə cinayət işinin materiallarında olan 01 may 2025-ci il tarixli 332 nömrəli Məhkəmə-tibbi ekspertizasının rəyi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə onda aşkar edilən xəsarətlərlə əlaqədar suallar verilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətlərin onda əvvəlcədən yarandığını, həmçinin tutulduğu zaman polis əməkdaşları tərəfindən ona hər hansı xəsarətlərin yetirilmədiyini bildirmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət əməlini təsdiq edən dəlillər mümkünlük meyarına cavab verir və Təqsirləndirilən şəxs təqsirli bilinməsi məsələsində sübut kimi qəbul edilməlidir.

10. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir.

11. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.

12. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.

13. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.

14. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci və 177.2.3-cü maddələrinə görə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmalı və təqsirləndirilən şəxsə yekun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

15. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçildiyi gündən, yəni 30 aprel 2025-ci il tarixdən hesablanmalıdır.

16. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

17. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

18. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2025-ci il tarixli, 1026 nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir.

19. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar 1 (bir) ədəd sellofan bükümdə qalıq təmiz çəkisi 0,264 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İçində Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan 1 (bir) ədəd zərf cinayət işinin materiallarına saxlanılmalıdır.

20. İş üzrə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, lakin zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki iddia irəli sürülməmişdir. Odur ki, Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

21. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30,4 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

22. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 14 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 154 manat məbləğində pul köçürülməlidir.

23. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

4. Həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2025-ci il tarixdən hesablansın.

5. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

6. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.

8. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar 1 (bir) ədəd sellofan bükümdə qalıq təmiz çəkisi 0,264 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, içində Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan 1 (bir) ədəd zərf cinayət işinin materiallarına saxlanılsın.

9. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

10. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin.

11. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 154 (yüz əlli dörd) manat məbləğində pul köçürülsün.

12. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

13. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar