Məhkəmə qərarları › İş №1(021)-122/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-122/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-122/2021 22.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə Bərdə rayonunda doğulmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Qayalı kəndində qeydiyyatda olan və yaşayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 21 radələrində Bərdə rayon Cicimli kəndində Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumuruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən vurduğu üçün sonuncuya sol göz yuvası ətrafı nahiyənin qançırı, sol əng cibinin ön divarının sınığı, sol haymor cibinin hematoması ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Qayalı kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. 25 may 2021-ci il tarixdə Elnur adlı şəxs ona zəng edərək onu yaşadığı Bərdə rayon Cicimli kəndinə aparmağını demişdir. Həmin vaxtı o, dostu Allahverdi adlı şəxs ilə birlikdə olmuşdur. Elnur ilə görüşdükdən sonra Allahverdi Elnura “məni tanıyırsan” demiş, lakin Elnur Allahverdini tanımadığını, ona “get işinlə məşğul ol” deyərək kobud cavab vermişdir. Həmin vaxt Allahverdi və Elnurun arasında mübahisə yaranmamışdır. 26 may 2021-ci il tarixdə saat 18 radələrində Elnur ona məxsus mobil telefon nömrəsinə zəng edərək “Allahverdi kimdi ki, onu tanıyıb-tanımamağımı məndən soruşur” deyərək onunla kobud danışmış və ünvanına kobud ifadələr işlətmişdir. Həmin günü saat 21 radələrində Bərdə rayon Cicimli kəndində olan zaman Elnur adlı şəxsi görmüş və sonuncudan onunla kobud danışmağının səbəbini soruşduqda Elnur ”yaxşı edirəm” deyərək onunla mübahisə etmişdir. Mübahisə zamanı, əsəbləşdiyi üçün yumuruqla bir dəfə Elnurun sol göz nahiyəsinə vurmuş və sonuncu həmin vaxt yerə yıxılmışdır. Daha sonra o, davadalaşı davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Hadisə, 26 may 2021-ci il tarixdə saat 21 radələrində Bərdə rayon Cicimli kəndində baş vermiş, hadisə zamanı əsəbləşdiyi üçün yumuruqla bir dəfə Zərərçəkmiş şəxs sol göz nahiyəsinə vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayon Cicimli kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır sonuncu Bərdə rayon Qayalı kəndində yaşayır. 26 may 2021-ci il tarixdə özünə məxsus “Opel” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Bərdə rayon Cicimli kənd ərazisində olan zaman əvvəllər tanıdığı Fariz adlı şəxs onu görərək avtomobilinin yanına gəlmişdir. Fariz 03 gün əvvəl dostu Allahverdi adlı şəxs ilə kobud danışdığını bildirərək onunla mübahisə etmiş, lakin o, sonuncu ilə mübahisəni davam etdirmək istəmədiyi üçün həmin yerdən uzaqlaşmaq istəmişdir. Həmin vaxt Fariz yaxınlaşaraq qəflətən yumuruqla onun sol göz nahiyəsindən vurduğu üçün yerə yıxılmışdır. Yerdə olan zaman isə Fariz təpik və yumuruqla bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Fariz adlı şəxs həmin yerdən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Bərdə rayon 866 saylı qəsəbə, bina 2, mənzil 5-də yaşayır və rəsmi olaraq heç yerdə işləmir. 25 may 2021-ci il tarixdə Bərdə rayon Cicimli kənd ərazisində dostu Fariz adlı şəxslə birlikdə olan zaman sonradan onların yanına Elnur adlı şəxs gəlmişdir. Elnurdan onu tanıyıb tanımamağını soruşmuş və sonuncu ona “get işinlə məşğul ol” deyərək kobud cavab vermişdir. Lakin, həmin vaxt Elnur ilə aralarında mübahisə baş verməmişdir. 27 may 2021-ci il tarixdə Fariz ona yaxınlaşaraq 26 may 2021-ci il tarixdə Bərdə rayon Cicimli kənd ərazisində Elnur adlı şəxslə aralarında dava-dalaş olduğunu və dava-dalaş zamanı əsəbləşdiyi üçün yumuruqla sonuncunun göz nahiyəsinə vurduğunu ona demişdir. Lakin, hadisə zamanı həmin şəxslərin yanında olmadığı üçün bu barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 27 may 2021-ci il tarixli 423 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözyuvasıətrafı nahiyənin qançırı, sol əng cibinin ön divarının sınığı, sol haymor cibinin hematoması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 26 may 2021-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mehdixanlı kənd inzibati inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bərdə rayon Qayalı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mehdixanlı kənd inzibati inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə saat 21 radələrində Bərdə rayon Cicimli kəndində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumuruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən vurduğu üçün sonuncuya sol gözyuvasıətrafı nahiyənin qançırı, sol əng cibinin ön divarının sınığı, sol haymor cibinin hematoması ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar