Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-122/2022 13.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Xanərəb kəndində Röyal adlı şəxsə məxsus avtomobil təmiri sexinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə dava-dalaşa çevrilmiş və dava-dalaş zamanı Zərərçəkmiş şəxs üz və alın nahiyəsinə yumruqla iki dəfə qəsdən vuraraq onun burun nahiyəsinin şişkinliyi, sıyrığı, əzilmiş yarası, burun sümüyünün açıq yerinidəyişməyən sınığı, sağ və sol gözyuvasıətrafı nahiyələrin qançırları, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, kənd sakinlərindən həmkəndlisi Fəxrinin evini satdığını eşitmişdir. Sonuncuya zəng edərək evinə getmiş, Fəxrinin həyat yoldaşı və qızıda evdə olmuşdur. Fəxri evi 20000 manata satmaq istədiyini demişdir. Ailəsi isə Fəxriyə əvvəlcə 15000 manat təklif etmiş sonrda isə 17000 manata evi almağa razılaşmışdır. Fəxri xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə gəlmiş, Bərdə şəhərindən ev tapdığını, təcili ona pul verməsini bildirmiş, özü də Fəxriyə 1500 manat beh vermişdir. Pulu olmadığından ailəsinin qızıllarını Bərdə şəhərində olan lanbarda qoyub orada kreditə 2600 manat pul götürmüşdür. Həmin pulun 1500 manatını Bərdə şəhərində Fəxriyə vermişdir. Təxminən iki gün sonra Fəxri onun ünvanın gəlib ondan 500 manat əlavə pul almış, həmçinin Fəxrinin özünün xahişi ilə onun kənd sakini Ülvin adlı şəxsə 200 manat borcunu vermişdir. Bundan sonra Fəxrinin ailəsi onun ailəsinə söz göndərmişdir ki, evi alsalar evi yandıracaq. Ardınca Fəxrinin qaynatası Fizuli və qaynanası Atlas onların evinə gəlib evin satılmasına etirazlarını bildirmişlər. Sonradan bilmişdir ki, ev Fəxrinin yox, kənd sakini Nübar adlı yaşlı qadının mülkiyyətindədir. Ailəsi ilə birlikdə Fəxrinin evinə getmiş, orada Fəxrinin ailəsi evin satılmasına qəti etiraz etmişdir. Fəxri pulunu 1 aya qaytaracağına söz versə də qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində Bərdə rayonu Xanərəb kəndində yolla gedərkən təsadüfən Fəxri ilə raslaşmış, sonuncuya niyə onun pulunu vermədiyini soruşmuşdur. Fəxri ona kobud cavab vermiş, aralarında mübahisə yaranmışdır. Əsəbləşib əsəbi vəziyyətdə Fəxrinin üz və alın nahiyəsinə iki yumruq vurmuş və nəticədə Fəxrinin burnundan qan axmağa başlamışdır. Yaxınlıqda olan həmkəndliləri Röyal və Nadir ona yaxınlaşıb onları sakitləşdirmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl özünə məxsus fərdi yaşayış evini satıb Bərdə şəhərindən ev almaq istəmiş, həmkəndlisi Şaban onun evinə gəlib baxmış daha sonra evin qiymətini 17000 manata razılaşmışlar. Bərdə Rayon Məhkəməsinin yanında Şaban onunla görüşüb ona 1500 manat beh vermişdir. Təxminən 2022-ci ilin aprel ayının 20-də Şabandan 500 manatda pul almışdır. Həmçinin onun xahişi ilə Şaban onun Ülvin adlı şəxsə olan 200 manat pul borcunu ödəmişdir. Bundan sonra onun evi satmağı ilə əlaqədar olaraq ailə üzvləri arasında narazılıq olmuş, həmçinin onun evi həmkəndlisi Nübar adlı qadının mülkiyyətində olmuşdur. Bu səbəbdəndə Şabanla onun ev alveri baş tutmamışdır. Şabana pulu bir aya kimi qaytaracağına söz versə də qaytara bilməmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Şaban və qardaşı onun yaşadığı ünvanına gəlib ondan pul tələb etmişlər və çıxıb getmişlər. Təxminən bir neçə saat sonra Şaban ona zəng edib olduğu yeri soruşmuş, kəndin mərkəzində olduğunu bildirmişdir. Bir qədər sonra Şaban onun yanına gəlmişdir. Şabanla Röyal adlı şəxsin avtomobil sexinə doğru gedərkən Şaban qəfildən yumruqla onun alın və üz nahiyəsinə qəsdən iki dəfə güclü yumruq vurmuş, burnundan qan axmağa başlamışdır. Həmin vaxt Şaban onun da Şabanı vuracağından qorxub qaçmağa başlamışdır. Bundan sonra həmkəndliləri Röyal və Nadır onları sakitləşdirmişdir. Şaban isə oradan qacıb getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 23 may 2022-ci il tarixli 330 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun nahiyəsinin şişkinliyi, sıyrığı, əzilmiş yarası, burun sümüyünün açıq yerdəyişməyən sınığı, sağ və sol gözyuvasıətrafı nahiyələrin qançırları, sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 23 may 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 233 saylı 24 may 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Xanərəb kəndində yaşayır. Təqsirləndirilən şəxs gənc olmasına baxmayaraq kənddə təşkil olunan bütün tədbirlərin həm təşkilatçısı, həmdə iştirakçısı olmaqla ərazidə fəal vətəndaş kimi tanınır. Təqsirləndirilən şəxs kənd ağsaqqallarının və nümayəndənin verdikləri bütün tapşırıqları vaxtında və layiqincə yerinə yetirdiyinə görə həmişə öz həmyaşıdlarına ağsaqqallar tərəfindən nümunə göstərilir. Təqsirləndirilən şəxs həmdə yaxşı idmançıdır. O, kəndi müxtəlif rayon səviyyəli futbol yarışlarında layiqincə təmsil edir. O, ailədə təmiz, vicdanlı olmaqla gözəl ailə başçısıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-122/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-122/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver