Məhkəmə qərarları › İş №1(021)-124/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-124/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-124/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X5 iştirakı ilə xx xxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 01 il 04 ay 27 gün çəkilməmiş cəzası qalmış, Bərdə şəhəri, Vaqif küçəsi döngə 7, ev 1-də qeydiyyatda olan, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən təmiz çəkisi 325 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış, 05 aprel 2022-ci il tarixdə saat 2250 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkcənin içərisində saxladığı 01 ədəd politlen torbada təmiz çəkisi 325 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 17 ildir narkotik vasitə istifadəçisidir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuşdur. Təxminən 2022-ci ilin mart ayının ortalarında yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evdən çıxaraq Bərdə şəhərinə gəlmişdir. Şəhərə getməzdən əvvəl siqaret çəkmək üçün sahələrin yanı ilə gəlmişdir. Bərdə rayonu Qaradəmirçi kəndində sahibsiz sahələrin yanı ilə gəzərkən yerdə sellofan görmüşdür. Sellofana yaxınlaşıb sellofanın içərisinə baxdıqda selofanın içərisində marixuana olduğunu görmüşdür. Narkotik vasitələrin aludəçisi olduğundan dərhal sellofanı özü ilə gələcəkdə istifadə etməsi üçün götürmüşdür. Sellofanın kəndin kənarında sahibsiz yerdə kolluqda gizlətmişdir. 05 aprel 2022- ci il tarixdə saat 2250 radələrində marixuana istifadə etmək üçün yaşadığı evdən çıxaraq sellofanı gizlətdiyi yerə getmişdir. İçərisində marixuana olan sellofanı götürüb, əynində olan gödəkcənin içərisinə qoymuşdur. Onun məqsədi marixuananı hissə-hissə istifadə etmək olmuşdur. Yaşadığı evə çatmamış, kəndin içərisində polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmiş, o, buna etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı könüllü olaraq içərisində qurudulmuş marixuana olan sellofanı təqdim etmişdir. Narkotik vasitədən istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2007-ci il tarixdən daxili işlər orqanında xidmət edir. 05 aprel 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığını bildirmişdir. Sonuncu Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1, Bərdə rayon Polis şöbəsinin CAB-m əməliyyat müvəkkili Şahid2, Bərdə rayon Polis şöbəsinin KTQ-nın baş inspektor kriminalisti Şahid3 və Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu bildirmiş və könüllü olaraq əynində olan gödəkcənin içərisində saxladığı bir ədəd ağ rəngli sellofanı təqdim edərək həmin sellofanda narkotik vasitə “nəyşə”, yəni marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisinə baxış keçirildikdə ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vastinin özünə məxsus olmasını və narkotik vasitəni istifadə etməsini etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 050 897-29-09 saylı mobil nömrə ona məxsusdur. Təqsirləndirilən şəxs 15 ildir tanıyır. "xxxx" MMC-dən daxil olmuş DVD diskdə olan 051 320-00-89 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus mobil nömrələr ilə aparılan telefon danışıqları ilə tanış olmuşdur. Danışıqlar zamanı 050 897-29-09 saylı mobil nömrə onda olmuş və 051 320- 00-89 saylı mobil nömrə ilə aparılan danışıqları o, aparmışdır. Xəyala məxsus VAZ-2106 markalı avtomobili almaq istəmiş, avtomobilin cəriməsinin olmasını öyrənmiş, lakin avtomobilə ehtiyyat hissələri almışdır. 05 aprel 2022-ci il tarixdə axşam saatlarında Xəyal ilə danışmış, yemək yeməyi razılaşmışlar. Bundan sonra Xəyalın qayını ona zəng edərək Xəyalın narkotik vasitələri saxlamasına görə polis tərəfindən tutulmasını bildirmişdir. Onun Xəyalın narkotik vasitələri saxlamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin satışı və ya saxlaması barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, sonuncunun atası Namiqlə münasibəti olmuşdur. 050 622-73-10 saylı mobil nömrə özünə məxsus olmuşdur. 2022-ci ilin əvvəllərində Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamamışdır. Qəssab olduğundan Xəyalın atası Namiqə ət satmışdır. Sonradan Xəyalın atasından öyrənmişdir ki, Xəyal narkotik vasitədən istifadə etdiyinə görə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 16/384 saylı 06 aprel 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd polietlen torbada təmiz çəkisi 325 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Marixuananın təmiş çəkisi 325 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 324,4 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 685 saylı 17 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən təmiz çəkisi 325 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən təmiz çəkisi 325 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlaması, 05 aprel 2022-ci il tarixdə saat 2250 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkcənin içərisində saxladığı 01 ədəd politlen torbada təmiz çəkisi 325 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2807 saylı 23 may 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Vaqif küçəsi 7/1-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan AZE 11733393, AZE 11286293 və AZE 11733391 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, xx.xx.2011-ci ildə anadan olmuş X3, xx.xx.2012-ci ildə anadan olmuş X4 və xx.xx.2015-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs oğlunun atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 02 mart 2020-ci ildən hesablanması hökm edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 04 ay 27 gün hissəsi Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 05 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbs etmənin əvvəlinin 05 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 06 aprel 2022-ci il tarixli 16/384 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut – 324,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 04 ay 27 gün hissəsi Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 324,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar