Məhkəmə qərarları › İş №1(021)-125/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-125/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-125/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri X3, X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 2000-ci ildə Bərdə rayonu, Xəsili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 2002-ci ildə Bərdə rayonu Xəsili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 fevral 2022-ci il tarixdə saat 19 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinə fiziki təsir göstərmək yolu ilə açıb, həmin mənzilə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən paltar şkafından 720 manat dəyərində 585 əyarlı ümumi çəkisi 9 qram olan rus istehsallı 1 cüt qızıl sırğa və üzük, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15 qram olan rus istehsallı qızıl kişi nişan üzüyü və 960 manat dəyərində 1 ədəd 585 əyarlı ümumi çəkisi 12 qram olan rus istehsallı qadın üçün qızıl üzüyü gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi, 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 23 fevral 2022-ci il tarixdə saat 0350 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən köşkün qabaq hissəsində olan pəncərənin şüşəsini yerdən götürdüyü daşla sındıraraq, qanunsuz olaraq köşkə daxil olmaqla köşkün içərisindən kassadan 221 manat nəğd pul və 38 manat məbləğində 50 qəpiklik, satış komputerinin yanındakı plastik stəkanın içərisindən 400 manat nəğd pul, bundan başqa ümumi dəyəri 460 manat olan 1 qutusunun qiyməti 4 (dörd) manat olan 10 qutu göy rəngli (nazik) “sobraniye” markalı, 1 qutusunun qiyməti 4 (dörd) manat olan 20 qutu (ağ kompakt - ballı) “sobraniye” markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 40 (qırx) qəpik olan 10 qutu (nazik) “Vinston” markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 80 (səksən) qəpik olan 20 qutu (nazik) “LD” markalı, 1 qutusunun qiyməti 2(iki) manat 30 (otuz) qəpik olan 8 qutu (nazik) “Vant” markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 50 (əlli) qəpik olan 20 qutu (nazik) “Vincester” markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yetmiş) qəpik olan 7 qutu “Kent-1” (nazik) markalı, 1 qutusunun qiyməti 2(iki) manat 60 (altmış) qəpik olan 4 qutu “Palmall” (nazik) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yetmiş) qəpik olan 10 qutu “Kent-4” (nazik) markalı, 1 qutusunun qiyməti 2(iki) manat 60 (altmış) qəpik olan 10 qutu “Rothmans” (kompakt) markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 60 (altmış) qəpik olan 9 qutu “Vincester” (kompakt) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 5 qutu “Kent” (kompakt) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 8 qutu “Kent” (mentol) markalı və 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 3 qutu “Kent 8” markalı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1119,30 (bir min yüz on doqquz manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən paltar şkafından 720 manat dəyərində 585 əyarlı ümumi çəkisi 9 qram olan rus istehsallı 1 cüt qızıl sırğa və üzük, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15 qram olan rus istehsallı qızıl kişi nişan üzüyü və 960 manat dəyərində 1 ədəd 585 əyarlı ümumi çəkisi 12 qram olan rus istehsallı qadın üçün qızıl üzüyü gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi, 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından dayısı oğlu Zərərçəkmiş şəxs2 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən evdən oğurluq etmək qərarına gəlmişdir. Dayısı oğlu İsmayılın mənzilində qızıl zinət əşyalarını qoyduğu yeri bilirmiş. 20 fevral 2022-ci il tarixdə saat 18-19 radələrində Bərdə rayonu Xəsili kəndinin mərkəzində yerləşən mağazanın qarışısında Təqsirləndirilən şəxs2 ilə durmuş, oğurluq edəcəyi barədə sonuncuya məlumat vermiş və onunla birlikdə oğurluğa gedib-getmək istəmədiyini soruşmuşdur. Elşən onunla razılaşmışdır. Saat 19 radələrində qaranlıq düşdükdən sonra Elşən ilə birlikdə piyada Bərdə rayonu Xəsili kəndindən Qazaxlar kəndinə getmişdir. Elşəni dayı oğlu İsmayılın yaşadığı evin giriş darvazası tərəfdə qoymuşdur ki, gəlib gedənə nəzarət etsin. Həmin an hava yağışlı və küləkli olmuşdur. Dayısı oğlu İsmayılgilin həyətinə açıq qapından daxil olmuşdur. Dayısı oğlu İsmayıl ilə dayısı Salehin yaşadığı evlər bitişik olmuş, binanın sol hissəsində İsmayıl, sağ hissəsində isə Saleh qalmışdır. Evin ən solda kənarda yerləşən pəncərəsini əlilə itələmiş, pəncərənin açıq olmasını görmüşdür. Həmin pənəcərədən evin qonaq otağına daxil olmuş, birinci pilləkənə yaxın otağa daxil olmuş, həmin otaqda olan paltar şkafının güzgülü süyürtməli qapısını soldan sağa açmışdır. Şkafın yuxarı hissəsində kassanın üzərində qırmızı rəngli qabın içərisində olan 1 cüt uşaq üçün qızıl sırğa və üzüyü, İsmayıla məxsus 1 ədəd qızılı rəngli nişan üzüyü və arvadı Şəfəqəyə məxsus 1 ədəd qızıl üzüyü oğurlamışdır. Qızıl zinət əşyalarını qırmızı qabda cibinə qoyub mənzilə daxil olduğu pəncərədən həyətə düşmüşdür. Həyətdə bir qədər gözləmiş, İsmayılın evinə ev sahiblərindən kimsə daxil olmasını görmüş, dərhal qaça-qaça həyəti tərk etmişdir. Qapının ağzında onu gözləməli olan Elşənin çöldə olmadığını görmüşdür. Piyada yaşadığı ünvana Xəsili kəndinə getmiş, gecəni evdə gecələyib səhərisi gün kənd avtobusu ilə Bərdə şəhərinə yola düşmüşdür. Bərdə rayonu Güloğlular kəndində yerləşən Təzə bazar adlanan ticarət mərkəzinə gedərək, oğurladığı qızılları zərgərlərə satmaq istəmiş, lakin sata bilməmişdir. “Çinqoz”un dairəsi adlanan dairəvi yolayırıcıya gəlmişdir. Orada olarkən Elşən ona zəng edərək, “dünən oğurladığın qızıldan mənim payımı vermirsən?”-demişdir. Elşənə “Çinqozun dairəsi” adlanan yerə gəlməsini demişdir. Elşən dediyi ünvana gəldikdən sonra Elşənə cibində olan puldan 64 manat pul vermişdir. Dayısı oğlu İsmayıla məxsus mənzildən oğurladığı qızılları sata bilmədiyi üçün yenidən oğurluq etmək qərarına gəlmiş, 23 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində “ayaq körpüsü” adlanan yerin yaxınlığında olan köşkdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yerdən götürdüyü daşla köşkün nəfəsliyinin şüşəsini daşla sındırmışdır. Sonra nəfəsliyi içəridən açıb, həmin nəfəslikdən köşkə daxil olmuşdur. Köşkün içərisində olan kassadan 221 manat nəğd pul və 38 manat məbləğində 50 qəpiklik pulu, satış komputerinin yanında olan plastik stəkanın içərisindən 400 manat nəğd pulu götürüb cibinə qoymuş, daha sonra sellofan torba götürüb, siqaret vitrinində olan 10 qutu göy rəngli (nazik) “sobraniye” markalı, 20 qutu (ağ kompakt - ballı) “sobraniye” markalı,10 qutu (nazik) “Vinston” markalı, 20 qutu (nazik) “LD” markalı, 8 qutu (nazik) “Vant” markalı, 20 qutu (nazik) “Vincester” markalı, 7 qutu “Kent-1” (nazik) markalı, 4 qutu “Palmall” (nazik) markalı, 10 qutu “Kent-4” (nazik) markalı, 10 qutu “Rothmans” (kompakt) markalı, 9 qutu “Vincester” (kompakt) markalı, 5 qutu “Kent” (kompakt) markalı, 8 qutu “Kent” (mentol) markalı və 3 qutu “Kent 8” markalı siqaretləri torbaya yığmışdır. Köşkə girdiyi nəfəslikdən də köşkdən çıxıb oradan uzaqlaşmışdır. Köşkün nəfəslik pəncərəsini sındırdıqdan sonra şüşəni sındırdığı daşı körpüdən aşağı tullamışdır. Həmin günü evdə gecələmiş, yaşadığı evdə anası Nuriyyə ilə birlikdə qalmışdır. Sellofan torbadakı siqaret qutularını həyətlərindəki tövlədə gizlətmişdir ki, anası oğurluq etdiyini bilməsin. Səhərisi gün tövlədən siqaret qutularını götürüb Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Avtovağzal ərazisində avtomobildən düşmüş, yaxınlıqda olan köşkə yaxınlaşıb siqaret qutularını satdığını bildirmiş, lakin köşkdəki satıcı siqaret qutularını firmadan aldıqlarını bildirmiş, köşkdən 150 metr piyada hərəkət etmişdir ki, bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq əlindəki sellofan torbada olan siqaret qutularını satıb-satmadığını soruşmuşdur. Həmin şəxsə maddi cəhətdən ehtiyacı olduğu üçün siqaret qutularını satdığını bildirmişdir. Həmin şəxs siqaret qutularını sayıb, ona 105 manat 60 qəpik pul vermişdir. Taksiyə əyləşib Bakı şəhərinin mərkəzinə doğru getmiş, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 28 may metrostansiyasının yaxınlığında taksidən düşüb piyada oraları gəzməyə başlamışdır. Yolda əvvəllər tanımadığı şəxsə yaxınlaşıb, yaxınlıqda qızıl satılan mağaza olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona nə səbəbə qızıl mağazası axtardığını soruşmuş, həmin şəxsə xəstəsi olduğu üçün qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs özünün zərgər olduğunu qızıl zinət əşyaları ala biləcəyini demişdir. Dayısı oğlu İsmayılın evindən oğurladığı qırmızı rəngli qabın içərisində olan 1 cüt uşaq üçün qızıl sırğa və üzüyü, İsmayıla məxsus 1 ədəd qızılı rəngli nişan üzüyü və İsmayılın arvadı Şəfəqəyə məxsus 1 ədəd qızıl üzüyü həmin şəxsə göstərmiş, həmin şəxs qızılları incələdikdən sonra 450 manat pul verə biləcəyini ona demişdir. Bir qədər fikirləşdikdən sonra həmin şəxslə razılaşmış, oğurluq nəticəsində əldə etdiyi pullarla Bakı şəhərində bahalı restoranlarda oturub, yemək yemiş içki içmişdir. 26 fevral 2022-ci il tarixdə pulu qurtardığı üçün Bərdə şəhərinə gəlmiş, könüllü olaraq polis şöbəsinə gələrək öz əməlini etiraf etmişdir. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımış, sonuncu ilə normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1la bir-birlərinə borc pul alıb qaytarmışlar. Müalicəsi üçün pul lazım olduğundan Təqsirləndirilən şəxs1 borca 100 manat pul istəmiş, sonuncu da ona 64 manat borca pul vermişdir. Təqsirləndirilən şəxs1la oğurluğa getməmiş, oğurluq etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmiş, sonuncu həmin ifadəsində göstərmişdir ki, Bərdə rayonu Xəsili kəndində anadan olmuş, hazırda həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Usta köməkçisi kimi ev təmiri ilə məşğul olaraq dolanır. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla münaqişə və nifaqı yoxdur. Təqsirləndirilən şəxs1 5-6 ildən çox müddətdir tanıyır. Ayxan onunla və atası Fəxrəddin ilə birlikdə ev təmiri ilə məşğul olur. Ayxan ilə münaqişəsi və nifaqı yoxdur. 2022-ci ilin fevral ayının 20-i tarixində saat 19 radələrində Ayxan ilə birlikdə Bərdə rayonu Xəsili kəndinin mərkəzində yerləşən mağazanın qarşısında dayanmışlar. Ayxan ona dayısı oğlu İsmayılın yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən ünvandan qızıl zinət əşyası oğurlayacağını deyib, Ayxanla getməyi təklif etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından Ayxanla razılaşmışdır. Ayxan ilə birlikdə piyada Bərdə rayonu Qazaxlar kəndinə getmiş, Ayxanın dayısı oğlunun yaşadığı küçəyə çatmışlar. Ayxan ona “sən giriş qapısında dayan, gələn olsa mənə xəbər ver”-demişdir. Ayxan həyətə daxil olduqdan sonra o giriş qapısında dayanıb kənar şəxslərin gəlib gəlməməsini güdməyə başlamış, 5 dəqiqə gözləmişdir ki, atası Fəxrəddin ona məxsus 051 ***-**-** mobil nömrəsinə zəng edərək, qonşuları rəhmətə getdiyi üçün evə çağırmışdır. Təcili oradan uzaqlaşıb piyada yaşadığı ünvana getmişdir. Səhəri gün Ayxan ona zəng edərək, harda olduğunu soruşmuş, Ayxana yolda olduğunu “Çinqozun dairə”sinə gəldiyini demişdir. Bir müddət sonra o, Ayxanın yanına çatmış, Ayxandan oğurladığı qızılların neçə manat elədiyini soruşmuş, Ayxan 400 manatdan çox elədiyini demişdir. O, Ayxana “bəs mənim payımı vermirsən”-demiş, Ayxan cibindən çıxarıb 64 manat pulu ona uzatmış, əvvəl pul az olduğu üçün götürmək istəməmiş, lakin sonradan həmin pulu götürüb cibinə qoymuş, Ayxanın yanından uzaqlaşdıqdan sonra pulu götürdüyünə görə peşman olmuş, ona görə də pulu aparıb atası Fəxrəddinə vermişdir ki, Ayxana qaytarsın. 2022-ci ilin mart ayının əvvəlində Ayxan dayısı Müseyib ilə birlikdə yaşadıqları ünvana gəlmişlər. Atası Fəxrəddin pulu Ayxana vermişdir. O, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bibisi oğludur, sonuncu ilə əvvəllər münaqişə və ədavəti olmamışdır. Ailə qurduqdan sonra atası Saleh ilə bir həyətdə qalır. Atası Saleh yaşayan fərdi mənzil ilə onun yaşadığı mənzil bitişik yerləşir. Aailəsilə birlikdə gecə yatmağa gedənə kimi atasının yaşadığı evdə olur. 20 fevral 2022-ci il tarixdə saat 20 radələrində işdən gəlib, qapını açıb evin içinə daxil olarkən evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa qonaq otağının pəncərəsi və evdəki paltar şkaflarının qapıları açıq vəziyyətdə olmuşdur. Evə nəzər yetirdikdən sonra evin ikinci mərtəbəsində, pilləkənin yaxınlığında olan paltar şkafında qızıl mücrünün üzərinə qoyduqları üzük qabından 1 cüt uşaq üçün sırğa və üzük, ona məxsus 1 ədəd nişan üzüyü və arvadı Şəfəqəyə məxsus 1 ədəd qızıl üzüyün oğurlanmasını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları yaşadıqları evə gələrək baxış keçirmişlər. Oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra bilmişdir ki, onun evindən oğurluq edənlər bibisi oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dir. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Ayaq körpüsü” adlanan köşkdə satıcı işləmişdir. Hər gün saat 0830-da satıcı işlədiyi köşkü açıb, gecə saat 2330-da isə köşkün qapı və pəncərəsini bağlayıb evə getmişdir. 23 fevral 2022-ci il tarixdə saat 0830-da köşkün qapısını açıb içəri daxil olmuş, yerdə qara rəngli “Samsung” markalı mobil telefon və şüşə qırıntılarının olduğunu görmüşdür. Dərhal köşkün içərisini axtarmağa başlamış, köşkün qabaq hissəsində olan açılıb bağlanan pəncərənin şüşəsi sındırılmış və açıq vəziyyətdə olduğunu görmüşdür. Köşkə nəzər yetirdikdə içəridən kassadan 221 manat nəğd pul və 38 manat məbləğində 50 qəpiklik, satış komputerinin yanındakı plastik stəkanın içərisindən 400 manat nəğd pul, bundan başqa ümumi dəyəri 500 manat olan 10 qutu göy rəngli (nazik) “sobraniye” markalı, 20 qutu (ağ kompakt - ballı) “sobraniye” markalı,10 qutu (nazik) “Vinston” markalı, 20 qutu (nazik) “LD” markalı, 8 qutu (nazik) “Vant” markalı, 20 qutu (nazik) “Vincester” markalı, 7 qutu “Kent-1” (nazik) markalı, 4 qutu “Palmall” (nazik) markalı, 10 qutu “Kent-4” (nazik) markalı, 10 qutu “Rothmans” (kompakt) markalı, 9 qutu “Vincester” (kompakt) markalı, 5 qutu “Kent” (kompakt) markalı, 8 qutu “Kent” (mentol) markalı və 3 qutu “Kent 8” markalı siqaretlərin oğurlanmasını aşkar etmişdir. Dərhal Bərdə rayon Polis şöbəsinə gedərək bu barədə müraciət etmişdir. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğludur. Oğlu İsmayıl ilə birlikdə eyni həyətdə qalır, evləri bitişikdir. Təqsirləndirilən şəxs1 baldızı oğludur. Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. 20 fevral 2022-ci il tarixdə saat 20 radələrində oğlu İsmayıl işdən evə gələrək, yaşadığı evə qalxanda evin dağınıq olduğunu görmüş, dərhal onlara məlumat vermişdir. Daha sonra o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bir müddət sonra polis əməkdaşları yaşadığı ünvana gələrək, hadisə yerinə baxış keçirtmişlər və barmaq izi götürmüşlər. Polis əməkdaşları gəldikdən sonra müəyyən olunmuşdur ki, oğlu İsmayılın evindən 1 cüt uşaq üçün sırğa və üzüyü, İsmayıla məxsus 1 ədəd nişan üzüyü və arvadı Şəfəqəyə məxsus 1 ədəd qızıl üzük oğurlanmışdır. 26 fevral 2022-ci il tarixdə Bərdə rayon Polis şöbəsindən müstəntiq zəng edərək, oğlu İsmayılın evinə daxil olan şəxsin baldızı oğlu Təqsirləndirilən şəxs1 olmasını demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2928 saylı 05 may 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3340,30 (2880+460,30) manat müəyyən olunmuşdur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidir:- 585 əyarlı ümumi çəkisi 9 qram olan rus istehsallı 1 cüt qızıl sırğa və üzük 720 manat dəyərində, 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15 qram olan rus istehsallı qızıl kişi nişan üzüyü 1200 manat dəyərində, 1 ədəd 585 əyarlı ümumi çəkisi 12 qram olan rus istehsallı qadın üçün qızıl üzüyü 960 manat dəyərində, 10 qutu 40 manat dəyərində göy rəngli (nazik) “sobraniye” markalı siqaret, 20 qutu 80 manat dəyərində ağ kompakt - ballı “sobraniye” markalı siqaret, 10 qutu 34 manat dəyərində nazik “Vinston” markalı siqaret, 20 qutu 56 manat dəyərində nazik “LD” markalı siqaret, 8 qutu 18,4 manat dəyərində nazik “Vant” markalı siqaret, 20 qutu 50 manat dəyərində nazik “Vincester” markalı siqaret, 7 qutu 25,90 manat dəyərində “Kent-1” (nazik) markalı siqaret, 4 qutu 10,40 manat dəyərində “Palmall” (nazik) markalı siqaret, 10 qutu 37 manat dəyərində “Kent-4” (nazik) markalı siqaret, 10 qutu 26 manat dəyərində “Rothmans” (kompakt) markalı siqaret, 9 qutu 23,40 manat dəyərində “Vincester” (kompakt) markalı siqaret, 5 qutu 18,50 manat dəyərində “Kent” (kompakt) markalı siqaret, 8 qutu 29,60 manat dəyərində “Kent” (mentol) markalı siqaret, 3 qutu 11,10 manat dəyərində “Kent 8” markalı siqaret. Təqsirləndirilən şəxs2 ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutların məcmusu, özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 fevral 2022-ci il tarixdə saat 19 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinə fiziki təsir göstərmək yolu ilə açıb, həmin mənzilə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən paltar şkafından 720 manat dəyərində 585 əyarlı ümumi çəkisi 9 qram olan rus istehsallı 1 cüt qızıl sırğa və üzük, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15 qram olan rus istehsallı qızıl kişi nişan üzüyü və 960 manat dəyərində 1 ədəd 585 əyarlı ümumi çəkisi 12 qram olan rus istehsallı qadın üçün qızıl üzüyü gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi, 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla oğurlaması; -bundan başqa onun, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 23 fevral 2022-ci il tarixdə saat 0350 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən köşkün qabaq hissəsində olan pəncərənin şüşəsini yerdən götürdüyü daşla sındıraraq, qanunsuz olaraq köşkə daxil olmaqla köşkün içərisindən kassadan 221 manat nəğd pul və 38 manat məbləğində 50 qəpiklik, satış komputerinin yanındakı plastik stəkanın içərisindən 400 manat nəğd pul, bundan başqa ümumi dəyəri 460 manat olan 1 qutusunun qiyməti 4 (dörd) manat olan 10 qutu göy rəngli (nazik) “sobraniye” markalı, 1 qutusunun qiyməti 4 (dörd) manat olan 20 qutu (ağ kompakt - ballı) “sobraniye” markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 40 (qırx) qəpik olan 10 qutu (nazik) “Vinston” markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 80 (səksən) qəpik olan 20 qutu (nazik) “LD” markalı, 1 qutusunun qiyməti 2(iki) manat 30 (otuz) qəpik olan 8 qutu (nazik) “Vant” markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 50 (əlli) qəpik olan 20 qutu (nazik) “Vincester” markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yetmiş) qəpik olan 7 qutu “Kent-1” (nazik) markalı, 1 qutusunun qiyməti 2(iki) manat 60 (altmış) qəpik olan 4 qutu “Palmall” (nazik) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yetmiş) qəpik olan 10 qutu “Kent-4” (nazik) markalı, 1 qutusunun qiyməti 2(iki) manat 60 (altmış) qəpik olan 10 qutu “Rothmans” (kompakt) markalı, 1 qutusunun qiyməti 2 (iki) manat 60 (altmış) qəpik olan 9 qutu “Vincester” (kompakt) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 5 qutu “Kent” (kompakt) markalı, 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 8 qutu “Kent” (mentol) markalı və 1 qutusunun qiyməti 3 (üç) manat 70 (yeltmiş) qəpik olan 3 qutu “Kent 8” markalı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 1119,30 (bir min yüz on doqquz manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurlaması; Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 fevral 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bərdə rayonu, Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq mənzilin ikinci mərtəbəsində yerləşən paltar şkafından 720 manat dəyərində 585 əyarlı ümumi çəkisi 9 qram olan rus istehsallı 1 cüt qızıl sırğa və üzük, 1200 manat dəyərində 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15 qram olan rus istehsallı qızıl kişi nişan üzüyü və 960 manat dəyərində 1 ədəd 585 əyarlı ümumi çəkisi 12 qram olan rus istehsallı qadın üçün qızıl üzüyü gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi, 2880 (iki min səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla oğurlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 134 saylı 18 mart 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Xəsili kəndində yaşayır. Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Xəsili kəndində yaşadığı müddətdə özünü nümunəvi aparmışdır. Təqsirləndirilən şəxs1 ərazinin ictimayi işlərində müxtəlif yığıncaqlarda yaxından iştirak edir, onun qocalara, uşaqlara qarşı böyük hörməti və qayğısı vardır. Təqsirləndirilən şəxs1 ailəcanlıdır. Xüsusi nüfuzu vardır. O, zəhmətkeşdir, bacarıqlıdır. Təqsirləndirilən şəxs1 ictimai işlərdə yaxından iştirak edir və müsbət nəticələr çıxarmağı bacarır. O, nəzakətlidir, hörmətcildir, xüsusi ilə diqqətcildir. Vətənə, torpağa və millətinə bağlı bir insandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 335.1-ci madəsi ilə təqsirli bilinib 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70.1-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti hesab edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03 may 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Xəsili kəndində yaşayır. Təqsirləndirilən şəxs2 2020-ci ildən atası X1 yanında usta fəhləsi kimi işləyir. İşlədiyi müddətdə özünü yaxşı usta-mütəxəssis kimi göstərmişdir. Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq Bakı şəhərində öz peşəsini davam etdirmişdir. Təqsirləndirilən şəxs2 kollektivin ictimai həyatında fəal iştirak edir. Kollektivdə hörmət qazanmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini, habelə onların məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 26 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 28 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə rayon Polis şöbəsinin MSY-dən dərhal azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Şəki şəhər-rayon Polis şöbəsinin 18 iyun 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Şəki şəhər-rayon Polis şöbəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi açılmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 4(075)-68/2022 saylı 13 iyun 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə, yəni 11 iyun 2022-ci il tarixdən hesablanmaqla 11 sentyabr 2022-ci il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Şəki Rayon Məhkəməsinin 4(075)-68/2022 saylı 13 iyun 2022-ci il tarixli qərarı ilə “həbs” qismində qətimkan tədbiri seçildiyindən onun barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 05 may 2022-ci il tarixli 9/2928 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 01(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Barəsində Şəki Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə “həbs” qismində qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar