Məhkəmə qərarları › İş №1(021)-126/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-126/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-126/2022 04.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1983-cü ildə Bərdə rayonu Mollagüllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Bərdə rayonu, Mollagüllər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 1230 radələrində Bərdə rayonu Mollagüllər kəndində yerləşən, atası Şahid4 məxsus həyətyani torpaq sahəsində, sahənin kənarına çəkdiyi dəmir torlu çəpəri və dirəkləri Zərərçəkmiş şəxs basıb aşırdığına, çəpər çəkməyə imkan vermədiyinə və həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyinə görə Zərərçəkmiş şəxsla aralarında yaramış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan bellə Zərərçəkmiş şəxs sol qoluna iki dəfə qəsdən vuraraq sonuncuya sol mil-bilək oynağı nahiyəsinin əzilmiş yarası, sol mil sümüyünün aşağı 1/3-də natamam sınıq, sol əl nahiyəsinin arxa səthində qançır ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 fevral 2022-ci il tarixdə saat təxminən 1230 radələrində Şahid1 və Şahid2 ona məxsus olan həyətyani sahədə Zakirin yarasız hala saldığı çəpəri yenidən dəmir torlu çəpər çəkəndə Şahid1 və Şahid2 fəhlə kimi işləmişlər. Çəpəri çəkib qurturmağa az qalmış Zakir əlində yaba gəlmiş və çəkdikləri setka çəpərin dirəklərini basıb aşırmışdır. Zakir söyüşlə fəhlələrə çıxıb getməklərini və həmin yerin onun olduğunu bildirmiş, sonuncuları oradan qovmuşdur. Zakir ona yaxınlaşmış, əlində olan yabanı boğazına dirəmiş «səni öldürərəm» demişdir. Zakirə «ağsaqqal kişisən, çıx get» deyib əlindəki lapatkanı yerə söykəyib dayanmış, Rəşad həmin vaxt onları aralışdırmışdır. Zakir Rəşadın üzünə sillə ilə vurmuş və yenidən onun üstünə gəlmişdir. Lapatkanı əlində tutub, «hünərin çatırsa gəl» demiş, sonra Zakirin oğlu Zahir gəlmiş, Zahir ondan atasının qolunu qanatmasını soruşmuş, Zahirə «mən eləməmişəm, atanı da götür get» demişdir. Həmin vaxt Zakir sol tərəfdən ona yaxınlaşaraq yumruqla sol tərəf çənəsinə bir dəfə vurmuş və aralaşmışdır. 102 xidmətinə zəng edib polisə məlumat vermiş, hadisə yerinə polislər gəlmiş və araşdırma aparılması üçün polis şöbəsinə getmişlər. Hadisəni fəhlələr Şahid2, Şahid1, Rəşad Mahmudov və Rəşadın qardaşı oğlu Rufan görmüşlər. Zakiri vurmadığını, sonuncunun çəkdikləri setka çəpərin dirəyini basıb uçuranda özü yerə yıxıldığını, Zakirin yanına gedəndə Rəşad Mahmudovun qabağına durduğunu, Zakiri vurmadığını, ola bilsin ki, yerə yıxılanda məftilin qolunu kəsdiyini, Zakirə xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qayını Arifin oğludur, əvvəllər aralarında ədavət olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında torpaq mübahisəsi olmuşdur. 2022ci ilin yanvar ayında Azər gəlib ona məxsus olan 30 sot torpaq sahəsinin yarısı, yəni 15 sotu ona məxsus olduğunu bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, həmin vaxt Azər DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bərdə rayon Polis şöbəsində araşdırma aparılmış, kənd icra nümayəndəsi və kənd bələdiyyəsinin sədri mübahisəli torpaq sahəsini ölçmüş və bildirmişlər ki, bu iş mübahisəlidir. Lakin Azər yenə həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etmişdir. 05 fevral 2022-ci il tarixdə saat 1230 radələrində evdən çölə çıxanda Azər, Rəşad, Rəşadın qardaşı oğlu Rufan, Şahid1 və digər fəhlə kimi gələn Seymur ona məxsus olan torpaq səhsini setka ilə çəpərlədiklərini görmüş, həmin yerə gedib onların çəkdiyi çəpərin dirəyini itələyib dəmir tor qarışıq aşırmış, Azər sahənin o biri başından əlinə bel götürüb onun yanına gəlmiş və «sən kimsənki mənim çəpərimi uçurmusan» demiş və əlindəki bel ilə sol qolunun biləyinə bir dəfə vurmuşdur. Yerə yıxılmış, ayağa qalxanda Azər beli qarnına soxanda sol əlini qabağa vermiş, lapatkanın tini sol əlinin biləyini kəsmişdir. DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1230 radələrində Şahid2 və Azər ilə birlikdə Azərgilə məxsus həyətyani torpaq sahəsinin kənarına setkadan çəpər çəkmişlər. Özü və Şahid2 fəhlə kimi pulu ilə Azərə köməklik etmişlər. Həmin vaxt Zakir əlindlə yaba aralıdan söyüş söyə-söyə gəlib onlara «nə gəzirsiniz burda» demiş, Zakir çəkdikləri dəmir torlu çəpərin təxminən 4-5 ədəd dirəyəini setka çəpərlə birlikdə əli ilə basıb aşırmış, Zakir məftilin üstünə yerə yıxılmış, setka çəpəri dirəklə birlikdə basıb aşırdığına görə Azər Zakirə «niyə setkanı uçurdursan» deyib Zakirin üstünə getmiş, lakin Rəşad onları aralaşdırmış, Zakir Azərə «yaxşı eliyirəm, bura mənim yerimdir, çıxın burdan» deyib yumruqla Azərin çənəsinə vurmuşdur. Azər də lapatka ilə Zakirin qoluna bir dəfə vurmuşdur. Rəşad onları aralaşdırmış, Zakir onları oradan qovduğundan çıxıb getmişlər. Dava-dalaş Zakirin təşəbbüsü ilə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. Atası ilə bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs dayısı oğludur. xx.xx.2022ci il tarixdə saat 1230 radələrində qonşusu Şaiqin evində tikinti işlərinə köməklik etmiş, həmin vaxt evlərinin yanında səs eşitmişdir. Səs gələn tərəfə gedəndə görmüşdür ki, evlərinin yanında, onlara məxsus olan torpaq sahəsində atası Zakir oturmuş vəziyyətdədir, sol qolundan qan axır. Azər də atasının yaxınlığında əlində lapatka dayanıb. Atasından nə baş verməsini soruşmuş, sonuncu Azərin lapatka ilə qoluna vurduğunu demişdir. Azər ona «yaxşı edib vurmuşam, bu yer mənimdir, mən də satıram” demiş, atası Zakir ona «sənədini gətir əgər yer sənin olsa yer sizə qalsın» demişdir. Sonra atasını xəstəxanaya aparmış, atası bu barədə polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Abdurrəhman oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə qohumudur. Zərərçəkmiş şəxsla aralarında torpaq mübahisəsi olmuş, sonuncu onlara torpaqlarından istifadə etməyə imkan verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 1230 radələrində Azər ona məxsus olan torpaq sahəsinin kənarında setkadan çəpər çəkəndə Zakir gəlib oğlu Azəri fəhlələrlə birlikdə çəkdiyi setka çəpəri və dirəkləri uçurdub, işləməyə imkan verməmiş və oğlu Azərlə dalaşmışdır. Həmin hadisəni görməmişdir. Zakirin və oğlu Zahirin onun həyətində işləməyə imkan vermədiklərinə görə onların ona məxsus həyətyani torpaq sahəsindən çıxarılmasına və ona dəymiş 9000 (doqquz min) manat maddi zərərin vurlmasına görə məhkəmədə onlara qarşı iddia qaldırmış, hazırda həmin işə Bərdə Rayon Məhkəməsində baxılır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni görmədiyinə görə Azərin və yaxud Zakirin birbirlərini vurması barədə heç nə deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Abdurrəhman oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğlu, Zərərçəkmiş şəxs mərhum bacısı Südabənin əridir. Azərgillə Zakirin arasında torpaq sahəsi üstündə mübahisə var. xx.xx.2022-ci il tarixdə saat 1230 radələrində evdə olarkən Azərin azyaşlı uşaqları ona demişlər ki, Azər gedib torpaq sahəsinə. Həmin yerə gedəndə dava olub qurtardığını, Azərin aralıda dayandığını, Zakirin də ondan aralıda oturduğunu görmüşdür. Polis əməkdaşları da gəlmiş, onlar araşdırma aparılması üçün polis şöbəsinə getmişlər. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni görməmiş, Azərin və yaxud Zakirin bir-birlərini vurması barədə heç nə deyə bilmir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası mərkəzinin verdiyi 05 fevral 2022-ci il tarixli 100 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol mil-bilək oynağı nahiyəsinin əzilmiş yarası, sol mil sümüyünün aşağı 1/3-də natamam sınıq, sol əl nahiyəsinin arxa səthində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası mərkəzinin verdiyi 07 fevral 2022-ci il tarixli 98 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-alt çənənin sol yarısında-çənə bucağı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 29 may 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 1230 radələrində Bərdə rayonu Mollagüllər kəndində yerləşən, atası Şahid4 məxsus həyətyani torpaq sahəsində, sahənin kənarına çəkdiyi dəmir torlu çəpəri və dirəkləri Zərərçəkmiş şəxs basıb aşırdığına, çəpər çəkməyə imkan vermədiyinə və həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia etdiyinə görə Zərərçəkmiş şəxsla aralarında yaramış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan bellə Zərərçəkmiş şəxs sol qoluna iki dəfə qəsdən vuraraq sonuncuya sol mil-bilək oynağı nahiyəsinin əzilmiş yarası, sol mil sümüyünün aşağı 1/3də natamam sınıq, sol əl nahiyəsinin arxa səthində qançır ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 325 saylı 25 may 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mollagüllər kəndində yaşayır. O, kənddə yaşadığı müddətdə həmişə özünü nizamintizamlı aparmaqla gənclərə nümunə olmuşdur. Kəndin xeyir və şər işlərində həmişə yaxından kömək etmişdir. Hal-hazıra kimi ondan icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 04 may 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarənin əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin hadisənin zərərçəkmiş şəxsin qanuna zidd hərəkətləri nəticəsində baş verməsinin, hadisə nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarət almasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar