Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-127/2022 20.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, X1 kаtibliyi, xüsusi ittiham qadasında şikayət vermiş şəxs X6 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 və X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 və X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək şikayətin məhkəmə icraatına qəbul edilərək 05 sentyabr 1960-cı ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Bərdə rayonu Piyadalar kəndində yaşayan X2 məhkəmə məsuliyyətinə verilməsinə və onun Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. X7 və X10 şikayətlərini onunla əsaslandırılmışlar ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdikləri X8 “ARB” TV-də yayımlanan “Səni axtarıram” verilişində onların barələrində şər-böhtan dolu çıxışları ilə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar danışaraq göstərmişdir ki, guya “X3 həyat yoldaşının şəkli onun öldürülən övladının kompyüterində olduğu üçün onun oğlunu biz öldürmüşük”, “bu işdə Muradov Arifin oğlanlarının əli var, ancaq qətlin günahkarları gizlədilir” və s. bu kimi ifadələr işlədərək onları xüsuslilə ağır cinayətdə ittiham etmişdir. Bundan başqa, kənddə nə xeyrə, nə şərə gedə bilmirlər. Bütün kənddə onların barəsində böhtan dolu şaiyələr yayır ki, onun oğlunu öldürmüşlər. Hesab edirlər ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X8 barələrində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymaqla onları kənd sakinləri, qohum-əqraba və iş yoldaşları arasında nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətlərini, nüfuzlarını ləkələdiyindən, onları xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə onlara böhtan atdığından o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Qeyd etməyi zəruri hesab edirlər ki, X8 qeyd olunan ərizəsində göstərilənlərlə heç bir əsas olmadan onlara böhtan atmış, onları “qətl törətməkdə və qətli gizlətməkdə” və s. ağır cinayətlərdə ittiham etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək məhkəmədən işin icraata qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 məhkəməyə teleqram göndərərək işi olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 298.5-ci maddəsinə əsəsən, məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Bu Məcəllənin 299.6.1-ci maddəsinə əsasən, xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində olduqları xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmaması yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu məzmunun tələblərinə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6 və 302.1.8-ci maddələrində nəzərdə tutlmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının CPM-in 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, ilk növbədə şikayət ərizəsində şikayət vermiş şəxslər xüsusi ittihamçı olduqları halda şikayətdə özlərini zərərçəkmiş şəxs kimi qeyd etmişlər. Bundan başqa şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hadisə “ARB” TV-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermişdir. Şikayətçilər aidiyyat qaydaları pozaraq Bakı Şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduqları halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və aidiyyat qaydaları pozulmaqla verildiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-in 302.1.1 və 302.1.3-cü maddəsinə əsasən, şikayət həmin məhkəməyə aid olmadıqda; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bu Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 300.1.3, 302-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 və X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-127/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-127/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver