Məhkəmə qərarları › İş №1(021)-128/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-128/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-128/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X4 iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Ağdam rayonu Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Pambıq zavodunun inzibati binasında məskunlaşıb yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxması ilə bağlı analizin cavabının “pozitiv” nəticəsinə görə 7 gün müddətinə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı ünvanda ev şəraitində özünütəcrid qaydaları çərçivəsində epidemiyanın yayılmaması üçün heç kəslə təmasda olmamaq şərti ilə izolyasiya olunaraq müalicəsini davam etdirməli olduğu halda, buna əməl etməyərək epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozub, 12 fevral 2022-ci il tarixdən başlayaraq hər gün olmaqla, sonuncu dəfə isə 15 fevral 2022-ci il tarixdə saat 1130 radələrində yaşadığı və izolyasiya olunduğu evi xəstə olduğunu bilə-bilə öz iş fəaliyyətini davam etdirmək üçün tərk edərək Bərdə şəhəri, Sənaye küçəsində yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexinə gələrək öz iş fəaliyyətinə davam etmiş, qonşu avtomobil təmiri sexində işləyən Şahid5 və Şahid4 Mayis oğlu ilə təmasda və ünsiyyətdə olmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, avtomobil təmiri ustası, yəni dəmirçidir. Bərdə şəhəri, Sənaye küçəsində təmir sexini icarəyə götürüb orda işləyir. 2022-ci ilin fevral ayının əvvəllərində səhhətində narahatçılığı, ümumi halsızlığı olmuşdur. Həmin vaxt “COVİD-19” infeksiyasına yoluxmanın pik həddi olmuşdur. “Karona” virusunun əlamətləri haqqında məlumatlı olduğundan bu xəstəliyə yoluxmasından şübhələnmiş, ona görə də xəstəxanaya gedib analiz vermək qərarına gəlmişdir. 11 fevral 2022-ci il tarixdə Bərdə rayon mərkəzi xəstəxanasının TTYS-na getmiş, “COVİD-19” pandemiyası ilə bağlı PCRtest analizi götürülən otağa yaxınlaşaraq səhhətində narhatçılıq olduğunu, boğazı ağrıdığını, öskürək yarandığını və “COVİD-19” virusuna yoluxmasından şübhələndiyini bildirmiş, həkimlər ondan bu xəstəliklə bağlı yaxma götürəcəklərini bildirmişlər. Həkim onun burnundan yaxma testi götürmüşlər. Həkimlər test cavabı gələnədək karantin rejimi qaydalarına ciddi riayət etməyini və tibbi maskadan daimi istifadə etməyini bildirmişlər. Xəstəxanadan çıxdıqdan sonra evə getmiş, xx.xx.2022-ci il tarixdə onun ***-***-**-** saylı mobil nömrəsinə TƏBİB tərəfindən (İTS.GOV.AZ) mesaj gəlmişdir ki, verdiyi testin nəticəsi pozitiv olmuşdur. Mesajda qeyd edilmişdir ki, o, karantin müddətində yaşayış yerini tərk etməməlidir, tərk etdiyi halda isə barəsində qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmağı ilə bağlı tədbir görüləcəkdir. “Covid 19-PCR” infeksiyasına görə vermiş olduğu analizin nəticəsi pozitiv çıxmasına baxmayaraq yaşadığı evdə izolyasiya olunmamış və müalicə almamışdır. Onun karantin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmalı idi. Lakin, o, məcburiyyətdən maddi imkanı zəif olduğundan hər gün işlədiyi sexə gedib öz iş fəaliyyətini davam etdirmişdir. Sexdə olarkən yandakı sexdə işləyən Şahid5 və Şahid4 ilə hər gün bir yerdə olmuşlar. Sonunculara COVİD-19 virusuna yoluxduğunu bildirməmişdir. 15 fevral 2022-ci il tarixdə saat 09 radələrində avtomobili ilə iş yerinə gəlmiş, saat 11 radələrində Rəhman və Samir onun sexinə gəlmişlər. “Tefal”-ı qoşmuşdur ki, çay içsinlər. Özləri də qızışmaq üçün sobanın qırağında durub söhbət etmişlər. Bir qədər sonra sexin qarşısında polis əməkdaşlarını görmüş, onların ardınca isə Təcili tibbi yardım avtomobili gəlmişdir. Həmin avtomobildən xüsusi geyimli bir nəfər tanımadığı qadın düşmüş, onlar birlikdə sexə daxil olmuşlar. Həmin şəxslər Bərdə rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həkimin iştirakı ilə polis əməkdaşları ondan COVİD-19 virusuna yoluxduğu halda nə üçün izolyasiya olunduğu evi tərk edərək digər insanların həyatını təhlükəyə atdığını soruşmuşlar. Özü isə maddi vəziyyəti ağır olduğundan işə çıxdığını bildirmişdir. Polis əməkdaşları isə ona izah etmişlər ki, qeydiyyatda olduğu ünvanı “COVİD-19” infeksiyasına yoluxduğu üçün tərk etməməlidir, tərk etdiyi halda isə barəsində qanuna müvafiq tədbir görüləcəkdir. Polis əməkdaşları onunla olan söhbəti telefonla kameraya çəkmişlər. Polis əməkdaşlarının haqlı iradı ilə razılaşmışdır. Yaşadığı evə qayıtmış və izolyasiya müddəti başa çatana qədər yaşadığı evdə qalmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Digər polis əməkdaşları ilə birlikdə Bərdə rayonu ərazisində yayılmış “COVİD-19” virus infeksiyasına yoluxaraq evdə müalicə olunması qeyd edilən şəxslərin karantinə alındaqları 7 gün müddətində karantin qaydalarına riayət etmələri, yəni yaşadıqları yeri tərk edib-etməmələri barədə Bərdə rayonu ərazisində müvafiq yoxlamalar aparılması barədə göstərişə əsasən digər polis əməkdaşları ilə rayon ərazisində yoxlamalar aparmışlar. 15 fevral 2022-ci il tarixdə xidməti ərazidə olarkən Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk edərək Bərdə şəhərinə gəlməsi və hazırda Bərdə şəhəri, Sənaye küçəsində yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexində olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə etmiş, sonra isə istintaq-əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin ünvana getmişdir. Sənaye küçəsində sağ tərəfdə olan avtomobil təmiri sexinin içərisində aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs və digər şəxslərin dayandığını görmüşlər. Onlarla birlikdə Bərdə Mərkəzi Rayon Xəstəxanası X8 TTYS-nin həkimi Şahid7 ambulans avtomobil ilə həmin ünvana gəlmişdir. Onlar birlikdə qeyd olunan təmir sexinə daxil olduqdan sonra sonradan şəxsiyyətləri onlara məlum olan Şahid5 və Şahid4 də orda olduğunu görmüşlər. Həmin vaxt Şahid6 da sexə daxil olduğundan onu yanlarına dəvət etmişlər. Müstəntiq və digər qrup üzvləri, həmçinin həkimin iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmış, müstəntiq ona “COVİD-19” virusuna yoluxduğunu, ev şəraitində müalicə alaraq izolyasiya olmağını bildirərək, nə üçün COVİD-19 virusuna yoluxduğunu bilə-bilə yaşadığı evi tərk edərək digər insanların xəstəliyə yoluxması üçün real təhlükə yaratdığını soruşmuş, Təqsirləndirilən şəxs isə “COVİD-19 “ virusuna yoluxduğunu bildiyini, lakin ehtiyacları ucbatından məcbur qalıb işə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs “COVİD 19” virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunaraq müalicə olunmasına görə yaşadığı evi tərk etməməsini izah etmiş və digər insanların virusa yoluxması üçün real təhlükə yaratmamağını bildirmişlər. Eyni zamanda barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ilə söhbətləri kamera vasitəsi ilə görüntüyə alınmışdır. Sonda Təqsirləndirilən şəxs həkim nəzarəti ilə yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin fevral ayının əvvəllərində Bərdə şəhəri, Sənaye küçəsində yolun qırağında ustası Valehlə birlikdə İlham adlı şəxsə məxsus obyektin tikintisini həyata keçirmişlər. 15 fevral 2022-ci il tarixdə saat 1130 radələrində işləyərkən yaxınlıqlarında olan avtomobil təmiri sexinin qarşısında, polis əməkdaşları və təcili tibbi yardım avtomobili dayandığını və onların içəri keçdiyini görmüşdür. Nə baş verməsi ilə bağlı maraq yarandığı üçün həmin avtomobil təmiri sexinə getmişdir. Qapıdan içəri girdikdən sonra polis əməkdaşları onu görüb öz yanlarına dəvət etmiş və bildirmişlər ki, Təqsirləndirilən şəxs aktiv COVİD-19 xəstəsidir və yaşadığı evi tərk etmişdir. Həmin vaxt polis əməkdaşları Davuddan nə üçün aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı evi tərk etdiyini soruşmuşlar. Davud karonavirus xəstəsi olduğunu bildiyini, ancaq dolanışıq üçün məcburiyyətdən işləmək üçün sexə gəldiyini bildirmişdir. Polislər Davudla sual-cavab etdikdən sonra protokol tərtib etmişlər. Özü də iştirakçı kimi həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, Bərdə X1 Stansiyasının feldşer həkimi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin mart ayından etibarən “COVİD-19” pandemiyası yayılmağa başlamış, həmin virusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarları əsasında onlar da korona virusla mübarizə aparmağa başlamışlar. Korona virusuna yoluxmuş və evdə müalicə təyin edilmiş şəxslərin yaşadığı evi tərk etməməsi, tərk edəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə ictimaiyyətə məlumat verilmişdir. 15 fevral 2022-ci il tarixdə işdə olmuş, saat təxminən 11 radələrində ona bir nəfər koronavirus xəstəsinin yaşadığı evi tərk etməsi və Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat verilmiş və onun da baxış keçirilməsində iştirak etməyi və şəxsi evinə yola salmağı üçün həmin yerə dəvət edilmşdir. Ona görə də, ambulans avtomobili ilə Bərdə şəhəri, Sənaye küçəsinə gəlmiş, burada olarkən evi tərk edən şəxsin Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Təqsirləndirilən şəxs aşkar edildiyi avtomobil təmiri sexinə müstəntiq tərəfindən onun, digərlərinin iştirakı ilə daxil olmuşlar və onların iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs imkansızlığı, ehtiyacı olduğu üçün işə çıxdığını səbəb kimi göstərmişdir. Sonda protokol tərtib edilərək ucadan oxunmuş, imzalarla təsdiq edimişdir. Bundan sonra Təqsirləndirilən şəxs sosial məsafə qaydalarına riayət etməklə ambulans avtomobilinə əyləşdirirərək yaşadığı evə aparmışlar. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 21 fevral 2022-ci il tarixli 594 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xəstəxanada “COVİD-19” testi vermişdir. Götürülmüş testin nəticəsi xx.xx.2022-ci il tarixdə pozitiv çıxmışdır. Onun yaşadığı ünvanda özünütəcrid müddəti xx.xx.2022-ci il tarixdə bitir və həmin tarixdən etibarən yaşadığı ünvanı tərk edə bilər. Beləliklə, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxması ilə bağlı analizin cavabının “pozitiv” nəticəsinə görə 7 gün müddətinə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı ünvanda ev şəraitində özünütəcrid qaydaları çərçivəsində epidemiyanın yayılmaması üçün heç kəslə təmasda olmamaq şərti ilə izolyasiya olunaraq müalicəsini davam etdirməli olduğu halda, buna əməl etməyərək epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozub, 12 fevral 2022-ci il tarixdən başlayaraq hər gün olmaqla, sonuncu dəfə isə 15 fevral 2022-ci il tarixdə saat 1130 radələrində yaşadığı və izolyasiya olunduğu evi xəstə olduğunu bilə-bilə öz iş fəaliyyətini davam etdirmək üçün tərk edərək Bərdə şəhəri, Sənaye küçəsində yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexinə gələrək öz iş fəaliyyətinə davam etmiş, qonşu avtomobil təmiri sexində işləyən Şahid5 və Şahid4 Mayis oğlu ilə təmasda və ünsiyyətdə olmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti başçısının Boyəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 175 saylı 08 may 2022-ci il tarixli arayışından və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatdadır, hal-hazırda Bərdə rayonu, Pambıq zavodunun yarımçıq binasında müvəqqəti məskunlaşmışdır. Ağdam rayonu Boyəhmədli kənd inzibati dairəsi üzrə nümayəndəliyinə onun haqqında şikayət məzmunlu ərizə, cinayət məsuliyyətinə cəlb edilməsi və pis vərdişləri barədə nümayəndəliyə məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar