Məhkəmə qərarları › İş №1(021)-131/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-131/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-131/2024 05.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İİ dərəcəli hüquqşunas X2, Təqsirləndirilən şəxs, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə təyin edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağcabədi rayon məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək, Bərdə şəhər B.Hacıyev küçəsində fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarının siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 6,52 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 15 may 2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İbtidai araşdırma zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Koroğlu küçəsi ev 47-də qeydiyyatındadır, hazırda Bərdə şəhər B.Hacıyev küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, subaydır, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Buna görə də qurudulmuş marixuananı tanıyır. 14 may 2024-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Mirzalıbəyli kəndində su kanalının yanında olan zaman yerdən bir ədəd kibrit qutusu görərək götürüb içinə baxan zaman içərisində qurudulmuş marixuana olmasını görmüş, həmin vaxtı onu götürüb gələcəkdə istifadə etmək üçün cibinə qoymuş, bu zaman həmin kibrit qutusunu götürməyini heç kim görməmiş və bu barədə heç kimə heçnə deməmişdir. 15 may 2024-cü il tarixdə saat 13 radələrində Bərdə şəhər İ.Qayıbov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman müdafiəçi dəvət edilmiş, müdafiəçisi Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sol cibində olan kibrit qutusunu masanın üzərinə qoymuş, içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutusuna baxılan zaman içərisində qudurulmuş marixuana aşkar edilərək elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumi çəkisi 9,57 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Bundan əlavə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı istifadə və çəkdiyi üçün üzərində gəzdirdiyini, narkotik vasitəni heç kimdən almadığını, narkotik vasitəni heç kimə satmadığını, həmin narkotik vasitəni 14 may 2024-cü il tarixdə saat 17 radələrində Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində su kanalının kənarından tapdığını bildirmişdir. Bundan əlavə o, dəqiq vaxtı və tarixi xatırlamadığı vaxtda Ağcabədi rayon ərazisində tanışı Həsən adlı şəxslə oğurluq etmiş və barəsində Ağcabədi rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə araşdırılma aparılmış, həmin maddə ilə barəsində cinayət işi başlanılmış və müstəntiq tərəfindən həmin cinayət üzrə ittiham elan edilmişdir. Daha sonra həmin cinayət işinin materialları ilə tanış olmuş, cinayət işinin Ağcabədi rayon Məhkəməsinə göndəriləcəyi ona bildirilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Tutduğu əməldən səmimi peşman olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin narkotik vasitə ona məxsus olmamışdır. 15 may 2024-cü il tarixdə saat 13 radələrində Bərdə şəhər İ.Qayıbov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman həmin narkotik vasitənin özünəməxsusluğunu və üzərində gəzdirdiyini etiraf etməsini ondan təzyiqlə tələb etmişlər. Yalnız bu təqdirdə onun polis idarəsindən buraxılacağı və barəsində digər məsuliyyət tədbirlərinin görülməyəcəyi bildirilmişdir. Yalnız bundan sonra müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş həyata keçirilmiş və digər hal-hazırda adını xatırlamadığı hərəkətlər həyata keçirilmişdir. Hesab edir ki, tərəfindən hər hansı cinayət hadisəsi törədilməmişdir və barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri Koroğlu küçəsi ev 47-də qeydiyyatda olmaqla, Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də, tərəfindən 15 may 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə saat 13 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olan zaman saxlanılmış, Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmiş, Müdafiəçi onun müdafiəçisi olmasını bildirib Müdafiəçi polis şöbəsinə dəvət edilməklə X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşları, polis mayoru Yusif Əliyevin, polis baş leytenanı Şahid2, polis kapitanı Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X6 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sol cibindən 01 ədəd kibrit qutusunu çıxardaraq stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunu açan zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkən zaman 9,57 qram olması müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılaraq Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni 14 may 2024-cü il tarixdə Bərdə rayonu Mirzalıbəyli kənd ərazisindən keçən su kanalının kənarından tapdığını demişdir. O, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olması və hər hansı şəxsə narkotik vasitə satması barədə məlumatının olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 öz ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işi materiallarına əlavə edilmiş 15 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” protokolundan görünür ki, 15 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sol cibindən 01 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 16 may 2024-cü il tarixli 16/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 07 dəqiqə 51 saniyə müddətində davam edən video görüntülərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı üzərində qanunsuz saxladığı 01 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 may 2024-cü il tarixli, 18-1-28/2-965/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş 29 may 2024-cü il tarixli Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2340 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsi 47 nömrəli evdə qeydiyyatdadır və yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 04 iyun 2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 66.5, 69.3-cü maddələri ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmışdır. xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq 01 ay 29 gün vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmşdır. xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon PŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə Cinayət işi Məhkəməyə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş “MTE və PA” birliyinin Bərdə rayonlararası zona mərkəzinin 17 may 2024-cü il tarixli 383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 06 iyun 2024-cü il tarixli 1004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1(017)-108/2024 saylı Ağcabədi Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəsazı təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günn hesablanmaqla ona təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxmaqla onun üzərində qəti cəza olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanması, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin” ləğv edilməsi hökm edilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarının siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 6,52 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 15 may 2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni, əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadə özünümüdafiə xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarına əsasən onun təqsiri tam sübut olunur. Əlavə olaraq qeyd olunur ki, narkoloji rəyə əsasən məhz üzərində gəzdirdiyi narkotik vasitə hesab olunan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halın olmasını, əvvəl törətmiş olduğu cinayətə görə ödənilməmiş və götürülməmiş məhkumluğunun olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini mühüm faktla əsaslandırır. Məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini mühüm faktla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal qismində cinayətin residivi müəyyən edilmişdir. Cinayətlərin residivinə görə şəxsə təyin ediləcək cəza daha ciddi cəza növünün yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən ona məcburi müalicə təyin edilərək, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 6,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağcabədi rayon Məhkəməsinin 1(017)-108/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əvvəlki hökm üzrə şəxsin həbsdə saxlanıldığı iki gün günəgün hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 6,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar